İrəvanda “Bakıdan hücum” xofu

post-img

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada avropalılara yenə deyib ki, “Azərbaycanın Ermənistana qarşı yeni hərbi planlar həyata keçirməyə çalışacağı ilə bağlı qorxular var”. Baş nazir Nikol Paşinyan da işçisinin sayaqlamasını təkrarlayıb. O da deyib ki, Azərbaycanın Ermənistana yeni hücumu ilə bağlı təhdidlər var. Əcəba, İrəvan yenə niyə “qoca qitə”dəkilərə belə sayaqlamalarla narahat edir? Məqsəd aydındır, erməni hökuməti belə “təhdidləri” səsləndirməklə Azərbaycanın sülh gündəliyinə sadiq olmadığını göstərməyə çalışır. Eyni zamanda, İrəvan mümkün “hücumun qarşısını almaq” niyyətilə Qərbdəki sponsorlardan daha çox hərbi-maliyyə yardımı almaq istəyir.

“Azərbaycanın Ermənistana və Ermənistan ərazilərinə qarşı yeni hərbi planlar həyata keçirməyə çalışacağı ilə bağlı həqiqətən də ciddi narahatlıqlar var.” Bunu Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “İndi Azərbaycan tərəfi, bildiyiniz kimi, əsasən Ermənistanın demək olar ki, bütün ərazisi ilə üst-üstə düşən “Qərbi Azərbaycan” narritivindən istifadə edir. Bunun ərazi iddiası olmadığını iddia edirlər, amma təəssüf ki, təəssürat tamamilə fərqlidir. Xarici işlər naziri və ya hökumətim olaraq etimadı necə inkişaf etdirə biləcəyimi soruşursunuz? Təəssüf ki, mən etimaddan danışa bilmirəm, Çünki Azərbaycanın sülh planlarından əmin deyiləm”, - deyə o bildirib. 

Mirzoyan daha sonra Brüsselə minnətdarlığını açıqlayıb: “Avropa İttifaqı müşahidə missiyası göndərib və maraqlısı odur ki, Azərbaycan eyni missiyanı öz sərhədində keçirməyə razı olmayıb. Missiya sərhədin yalnız Ermənistan tərəfində vəziyyətə nəzarət edir. Qeyd etməliyik ki, missiyanın yerləşdirilməsindən sonra heç bir ciddi eskalasiya baş verməyib. Bu, həqiqətən işləyir və biz Avropa İttifaqının bu səylərini yüksək qiymətləndiririk”.

Maraqlıdır ki, Mirzoyanın açıqlamasından sonra erməni hökumətinin üzvləri İrəvanın yeni-köhnə narrativini təkrarlamağa başlayıblar. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan əmin deyil ki, Azərbaycan sülh müqaviləsini imzaladıqdan sonra Ermənistana hücuma cəhd etməyəcək. Oktyabrın 3-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə jurnalistlərə müraciət edən Ovannisyan deyib: “Siz düşünürdünüzmü ki, Rusiya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaqla bir gün ona hücum edəcək?”

Onun sözlərinə görə, jurnalistlər, sadəcə, cavabı olmayan suallar verirlər. “Biz dəyişən dünyada yaşayırıq və heç kim sabah nə olacağını bilmir. Biz hər şeyi edirik ki, Ermənistan vətəndaşları öz regionlarında dinc yaşasınlar. Nə olub-olmayacağı ilə bağlı proqnozlar verə bilmərik. Biz real siyasətlə məşğul oluruq və hər hansı eskalasiya riskinin qarşısını almaq üçün hər şeyi edirik”, - deyə deputat izah edib. 

Baş nazir Nikol Paşinyan da məsələyə münasibətini açıqlayıb. Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın Ermənistana qarşı əlavə hərbi planlarının olması barədə bəyanatına toxunaraq qeyd edib ki, belə analitik nəticələr var, lakin Ermənistanın qəbul etdiyi strategiyadan kənara çıxmağa ehtiyac yoxdur: “Biz strategiya qəbul etmişik və bu strategiyaya ardıcıl şəkildə əməl etməliyik. Mən demirəm ki, biz Azərbaycanın dediklərinə və demədiklərinə məhəl qoyaq, amma digər tərəfdən bu o demək deyil ki, Azərbaycanın hər bəyanatından sonra strategiyamızı dəyişməliyik. Xeyr, bizim strategiyamız dəyişməməlidir və biz sülh gündəmini ardıcıl olaraq irəli sürməli və sülh sazişinin imzalanması üçün əlimizdən gələni etməliyik”.

Paşinyan daha sonra fantaziyalarını inkişa etdirərək deyib ki, Azərbaycanın getdikcə daha çox yeni mövzular qaldırması o deməkdir ki, “Azərbaycan sülh müqaviləsi imzalamağa o qədər də meyilli deyil”. Baş nazirin sözlərinə görə, Azərbaycanın bəyanatlarında məqsəd Ermənistanın öz strategiyasından kənara çıxmasını təmin etməkdir. “Bu bəyanatların daxildə və ya xaricdəki qüvvələr tərəfindən verilməsindən asılı olmayaraq, strategiyamızdan kənara çıxmayacağıq. Sülh gündəliyinin kənara çıxmadan ardıcıl, yorulmaz, prinsipial şəkildə həyata keçirilməsi yolu ilə sülhə zəmanət verirəm”, - deyə Paşinyan fikrini yekunlaşdırıb. 

Əlbəttə, 44 günlük müharibədə məğlubiyyətin ağır yükünü Ermənistanda hələ də çiyinlərdə daşıyırlar. Amma ermənilər məğlubiyyət yükünü çiyinlərindən reallıqlarla barışmaqla, qonşularla barışmaqla və keçmişdə Azərbaycan vətəndaşlarına qarşı törətdikləri vəhşiliklərə görə üzr istəməklə atmaq əvəzinə, siyasi janqlyorluqla, riyakarlıqla, yalançı məsum obrazına girməklə məşğuldurlar. İndi İrəvan hökumətinin üzvləri birağızdan olmayan Azərbaycan təhdidlərindən danışmağa başlayıblar. Halbuki Azərbaycan təhdid etmir, sadə reallıqları diqqətə çatdırır. Bakı sülh prosesinin ciddi olduğunu və İrəvanın yarımçıq sülh müqaviləsinin arxasınca qaçmamağa çağırır.

Azərbaycanın təklifləri aydındır, İrəvan möhkəm sülh istəyirsə, həmin təklifləri qəbul etməlidir. Amma biz nəyi müşahidə edirik? İrəvan bu və ya başqa bahənələrlə sülh gündəliyi ətrafında siyasi spekulyasiyalarla məşğuldur. Ermənistan bir tərəfdən sülh prosesinə sadiq olduğunu iddia edir, digər tərəfdən əyri yollarla qazandığı pullarla müxtəlif silahlar alır. Bu riyakarlıqlarını da “Azərbaycan təhdidi” ilə pərdələmək istəyirlər. Özünü müdafiə olunan tərəf kimi qələmə verməyə can atan Ermənistan hökuməti regionda təhlükəsizliyə ciddi təhdid yaradan destruktiv addımlar atır. Təbii ki, bir sıra amillər onu göstərir ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamağa qətiyyən meyili yoxdur. ABŞ, Fransa və Hindistanla açıq və sıx hərbi-texniki əməkdaşlıq məqsədi Cənubi Qafqazda gərginliyi artırmaqdır. 

İrəvanın məramı və niyyəti aydındır – ermənilər vaxt qazanmaq istəyirlər. Düşünürlər ki, sülh gündəliyinə “sadiqliyini” deməklə destruktiv addımlarına bəraət qazandıracaqlar. Amma İrəvan yanılır ki, regionda yeni reallığı yaradan Azərbaycan otuz il işğalçılıq siyasəti yürüdən Ermənistanı yaxşı tanıyır və Paşinyanın məkrli planından xəbərdardır. Bakı Paşinyanın yarımçıq sülh imzalamağa tələsməsini də çox yaxşı bilir. Regionda möhkəm sülhün bərqərar olmasında maraqlı olan Azərbaycan gözəl bilir ki, yarımçıq sülh müqaviləsi yeni müharibəyə səbəb ola bilər. Görünən odur ki, Paşinyan Bakı ilə tez bir zamanda imzalanmış yarımçıq sülh müqaviləsinə görə ona fayda vəd edən yeni tərəfdaşlarının vədləri ilə yaşayır. Lakin bütün bunlar kiçik Ermənistanı böyük oyunda piyadaya çevirir. Şahmat oyununda da piyadanın aqibəti çox hallarda yaxşı nəticə ilə yekunlaşmır.

S.ELAY 
XQ

 

Siyasət