Prezident İlham Əliyevin 2 məktubu kontekstində
Prezident İlham Əliyev oktyabrın 2-də ölkəmizdə keçirilən iki mötəbər toplantının iştirakçılarına məktub ünvanladı. Onları salamladı, tədbirlərin işinə uğurlar arzuladı. Toplantılardan biri “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumu, digəri isə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfrans idi. Dövlətimizin başçısının hər iki məktubundakı məqamların üzərində dayanacağıq.
“Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən boyun qaçırır. Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir”. Hesab edirik ki, Prezident İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanlanmış məktubundakı bu fikirlərlə onun “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubdakı aşağıdakı fikirlər bir-birini tamamlamaqdadır: “Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan, həqiqətən də, Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.
Prezident İlham Əliyevin ayrıca son dərəcə vacib olan bir məqama da diqqət yetirdiyi görünür. Söhbət bilavasitə Azərbaycanla Ermənistan arasında etimad mühitinin formalaşmasından gedir. Daha doğrusu, Ermənistanın Azərbaycanın etimadını qazanmasından. Bunun yolu isə rəsmi şəkildə üzr istəməkdən keçir. Dövlətimizin başçısı hər iki məktubunun müxtəlif hissələrində sadaladığı faktlarla Ermənistanın Azərbaycandan nəyə görə üzr istəməli olduğunu diqqətə çatdırır. Məsələn, Prezident artıq bir ildir ölkəmizin öz suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini, ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırıldığını, separatizmə son qoyulduğunu vurğulayır.
Azərbaycanın suverenliyini pozan, konstitusiya quruluşunu şübhə altına alan, ərazilərimizdə separatizm ocağı yaradan Ermənistan otuz ilə yaxın müddətdə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymamış, torpaqlarımızda etnik təmizləmə həyata keçirərək, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır.
Bəli, münaqişə bitsə də, onun fəsadları aradan qalxmayıb. Dövlətimizin başçısının da bildirdiyi kimi, “Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”.
Əlbəttə, Prezident İlham Əliyevin diqqətə çatdırdığı məqamların hər birinin arxasında insan taleyi dayanır. O tale ki, onda doğma yurd yerlərindən didərgin düşmək kimi acı aqibət var. Bu aqibət isə həm də ədalətsizlikdir. Elə bir ədalətsizlik ki, baş verməsi, böyük ölçüdə, bəşəri cinayət kontekstində dəyərləndirirlməlidir.
Cinayət cəzasız qalmamalıdır. Bu səbəbdən dövlətimizin başçısı yada salır və vurğulayır ki, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa yaraşmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur: “Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır”.
Bəli, insanlıq əleyhinə cinayətlərə ciddi və həssaslıqla yanaşılmalıdır. Çünki mövcud xüsusdakı cəzasızlıq mühiti belə hallara qarşı müqaviməti azaldır, qeyri-insani davranışları və rəftarı normaya, etalona çevirir ki, mövcud tendensiyanın bütövlükdə dünyanı təhdid təbiəti var. Ona görə də dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi yox, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem qismində yanaşır: “Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir”.
Onu da vurğulayaq ki, Ermənistan hazırda, faktiki olaraq, terror dövlətidir. Beynəlxalq ictimaiyyətin ölkə ilə bağlı qərar verməsi mütləqdir. Ermənistanda indinin özündə də canilər qəhrəman obrazında təqdim olunursa, nəzərə alınmalıdır ki, belə təqdimatlar erməni varlığının tarix kimi qələmə verdiyi keçmişdən qaynaqlanır. Keçmiş ağır yük kimi bu varlığın boynundan asılıb. Nəinki asılıb, habelə, pataloji xəstəliyə çevrilib. Hazırkı Ermənistan iqtidarı isə eynilə sələfləritək xəstəlikdən qurtula bilmir. Çox təəssüf ki, dünyada aktual olan ikili standartlar siyasəti fonunda buna diqqət yetirən yoxdur. Nəticədə Ermənistanda müharibə caniləri bir yandan qəhrəmanlaşdırılırsa, digər tərəfdən onlar rahat şəkildə gəzib-dolaşırlar. Sanki heç nə etməyiblər. Bu azmış kimi, onlar hakimiyyətə də iddialarını ortaya qoyur, ölkənin siyasi industriyasında söz sahibinə çevrilirlər. Həyasızlıq ondadır ki, belələrinin əksəriyyəti özlərinin ictimai çıxışlarında dinc azərbaycanlılara münasibətdə həyata keçirdikləri vəhşilikləri dilə gətirib, əməlləri ilə öyünüblər. Ancaq Ermənistan hakimiyyəti və dünya susur. Susqunluq varsa, heç şübhəsiz, səmimiyyət yoxdur. Müvafiq olaraq, rəsmi İrəvan səmimiyyətdən uzaqdırsa, onun Bakı ilə sülh gündəliyinə sadiqliyindən söz açmağa dəyməz.
Sonda Prezident İlham Əliyevin hər iki məktubunda vurğuladığı fikirlər kontekstində ümumiləşdirmə apararaq deyə bilərik ki, dövlətimizin başçısının bildirdikləri, faktiki olaraq, Cənubi Qafqazda gerçək barış mühitinin yaranması üçün Ermənistanın Azərbaycan qarşısında yerinə yetirməli olduğu mənəvi, siyasi və hüquqi öhdəliklərin məcmusudur. Deməli, dövlətimizin başçısının haqqında söz açdığı etimad mühitini formalaşdıracaq iki komponent var: Ermənistanın Azərbaycandan üzr istəməsi və ölkənin müharibə canilərini cəzalandırması. Çox təəssüf ki, rəsmi İrəvan kimi, erməni toplumu və ictimai rəyi bunun dərkindən uzaqdır, özü də fərqinə varmayacaq qədər rəzil və iflic durumdadır. Hazırda yaşanan proseslər onu da bir daha təsdiqləyir ki, Ermənistanın anladığı bir dil var - gücün və zorun dili.
Ə.CAHANGİROĞLU
XQ