Azərbaycan – “sabitlik adası”nın inkişaf vektoru və dünyaya nümunə

post-img

Prezidentin siyasi xətti, nüfuz və güc iyerarxiyasındakı mövqeyimiz

Dünya mürəkkəb geosiyasi mübarizə meydanıdır. Hərdən elə gəlir ki,  Üçüncü Dünya müharibəsi başlayıb. Bəlkə başlayıb da. Ola bilər, müharibənin tarixi hadisə kimi vətəndaşlıq hüququ qazanması üçün zamana ehtiyac var. Yəni, mümkündür ki, onilliklər sonra hazırkı dövrü araşdıranlar indi baş verənləri əsl savaş kimi qiymətləndirsinlər.

Dünya müharibəsi necə olmalıdır? Sual ritorikdir, çünki onu ayrıca hadisə kimi müəyyənləşdirən meyarlar sıradan çıxıb. İndi informasiya savaşı, media intervensiyası, hibrid təcavüzlər kimi yeni meyillər yaranıb. Görünür, əlahəzrət zaman keçdikcə həmin meyillər baxımından da ümumiləşdirilmiş adlar tapılacaq. Hələlik isə tam bir sistemsizlik var.  

Birinci və ikinci cahan savaşını doğuran səbəblər, hətta bəhanələr məlumdur. Onlar barədə söz açmaq niyyətindən uzağıq. Təkcə onu deyək ki, maraq və mənafe toqquşmaları dünyanı cənginə alan hər iki böyük fəlakətdəki başlıca halqadır. Nəzərə alaq ki, yetmiş, yüz iyirmi il əvvəl həmin maraq və mənafelər indiki qədər dərin deyildi, beynəlxalq siyasət də hazırkı dövrdən fərqli olaraq, çoxgedişli mahiyyət daşımırdı.

Hazırda yer üzündə yaşananları məhz dünya müharibəsi kimi qiymətləndirmək üçün ciddi, ancaq pərakəndə əsaslar var. Bu əsasların - yaxın coğrafiyamızda yaşananların, qeyri-sabitliyin, terror aktlarının və qanlı qarşıdurmaların fonunda, istər-istəməz, Azərbaycandakı vəziyyətə də diqqət yetirmək zərurəti yaranır. Qətiyyətli şəkildə, böyük əminliklə vurğulaya bilərik ki, ölkəmiz tam bir “sabitlik adası”dır. Elə bir ada ki, ümumilikdə dünya üçün nümunədir. Heç şübhəsiz, üzərindən illər keçdikdən sonra Azərbaycanın hazırkı əmin-amanlıq diyarı statusu barədəki fikirlər fundamental elmi araşdırmaların da başlıca mövzusuna çevriləcək.

Bəli, qlobal miqyasdakı mürəkkəb şəraitə rəğmən, Azərbaycanda dinclik hökm sürməkdədir. Ancaq ölkəmizdə, demək olar, hər kəs yaşadığımız Cənubi Qafqaz platformasının nə qədər çətin müstəvi olduğunun fərqindədir. Bu barədə müxtəlif fikir və düşüncələr irəli sürənlər var, hətta fantaziyalarını işə salanlar tapılır. Hər halda, dünyanı cənginə almış gərginlik ab-havasının hansısa təsirləri hiss olunmalıdır. Nə xoş ki, təsirlər özünü əsasən konsprioloji baxışlar şəklində göstərir. Bir çox baxış, mülahizə və ideyaların isə reallıqdan uzaqlığından söz açmır, hər birini təbii qarşılayırıq. Dedik axı təsirlər hiss olunmalıdır.

Təsirlər həm də ona görə olmalıdır ki, xalqımız hazırda Ermənistanla sülh prosesindən, habelə ölkənin barış mühitinə zidd hərəkət və davranışlarından xəbərdardır. Rəsmi İrəvanın və havadarlarının anti-Azərbaycan “fəaliyyəti” xüsusunda dünyadakı mürəkkəb siyasi situasiyanın Cənubi Qafqaz seqmentinin aktiv olduğunu söyləyə bilərik. Başlıca məqam ondadır ki, Azərbaycan dövləti bu seqmentin mövcudluğu şəraitində belə, öz kursundakı dinamikanı, rasionallığı, institusionallığı qoruyur, ətraf aləmin təzyiqləri qarşısında duruş gətirərək, həm iqtisadi inkişafa nail olur, həm hərbi qüdrətini, həm beynəlxalq nüfuzunu artırır, həm də daxili sabitliyi təmin edir.

Tam əminliklə deyə bilərik ki, qlobal miqyasda hökm sürən mürəkkəb təbəddülatlar durumunda ölkəmizdə ictimai-siyasi sabitliyin saxlanılması, bilavasitə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Nəzərə alaq ki, ölkəmizdə Prezident və Parlament seçkiləri keçirildi. Onu da nəzərə alaq ki, seçki heç də adi proses deyil. Dünyanın müxtəlif məmləkətlərində mövcud müstəvidə hansı gərgin situasiyaların yaşandığını hamımız çox yaxşı bilir və görürük. Belə qənaətə gəlirik ki, Azərbaycanın “sabitlik adası” formulu kənar təsirlərə qarşı ciddi müqavimət təbiətinə malikdir. Yazımızın bu yerində Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında 2024-cü ilə qiymət xüsusunda səsləndirdiyi fikirlərin üzərində dayanmaq istərdik: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.

Bu gün onu da tam qətiyyətlə demək mümkündür ki, Azərbaycandakı mövcud sabitliyin əsasında duran başlıca amil dövlətimizin siyasi kursunun milli maraqlara tam cavab verməsidir. Milli maraq və mənafelərin rəhbər tutulması xalq-iqtidar vəhdətini formalaşdırır. Elə bir vəhdəti ki, dünyanın bir çox yerlərində ona nəinki rast gəlinmir, heç oxşar durum da yoxdur. Daha bir qənaətə gəlirik ki, Azərbaycanın hazırkı dinamik inkişafı da məhz Xalq-Hakimiyyət vəhdətindən qaynaqlanır. Nəticə etibarilə haqqında söz açdığımız qlobal təbəddülatlar ölkəmizdən yan ötür. Daha böyük nəticələr isə bunlardır: infrastruktur layihələri geniş miqyas alır, avtomobil yolları, tunellər, körpülər, dəmir yolları inşa olunur, beynəlxalq hava limanları istifadəyə verilir, enerji potensialımız gücləndirilir, su elektrik stansiyaları qurulur, məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır, bir sözlə, bərpa-quruculuq tədbirləri görülür, üstəlik Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş bölgələrimizin məskunlaşdırılması həyata keçirilir. Prezident İlham Əliyev çox doğru vurğulayır: “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, - həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə”.

Beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin təmin olunduğu ölkə kimi tanınan Azərbaycanın inkişafında, əldə etdiyi nailiyyətlərdə həm də müasir çağırışlara əsaslanma faktorunun müstəsna payı var. Bu əsaslanmada mühüm yeri müasir çağırışların milli inkişaf modelinə uğurlu şəkildə tətbiqi tutur.Ümumən, Azərbaycanın “sabitlik adası” formulunu xarakterizə edən cəhətlər isə həddən artıq çoxdur. Həmin cəhətlərin hər biri barədə söz açmaq, konkret rəqəmləri sadalamaq mümkündür. Əminik ki, xalqın rifahı naminə hədəflənən nəticələrin, parlaq göstəricilərin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq reallaşdırılması ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasındakı mövqeyini daha da möhkəmləndirəcək, həmçinin bundan sonrakı sürətlə irəliləyişimizi şərtləndirəcək.

XQ-nin analitik qrupu

 



Siyasət