Ermənistanın siyasi oyunbazlığı Moskvanı hiddətləndirir

post-img

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 2-də keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib. O, Qərb ölkələrini həm Ermənistanda, həm də, bütövlükdə, Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edib. Deyib ki, Qərbin fəaliyyəti məhz bölgədə sabitliyi pozmağa yönəlib.

Ermənistanda kibertəhlükəsizlik, enerji və sərhəd təhlükəsizliyinə nəzarəti gücləndirməyi planlaşdıran ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) planlarından narazılığını bildirən Zaxarova azərbaycanlı jurnalistin sualına cavab olaraq, Amerika təşkilatının İrəvana maliyyəni artırmaq niyyətindən də məmnun qalmadığını qeyd edib: “Bu, sadəcə olaraq, Qərb ölkələrinin Ermənistanda və bütövlükdə, Cənubi Qafqazda sabitliyi pozmaq istədiklərini təsdiqləyir. Bəs bunun hansı nəticələri var? Bu rəqəmləri siz də bilirsiniz. Onlar gəlişigözəl ifadələrlə danışırlar. Biz bununla bağlı bir neçə dəfə qiymətləndirmə vermişik. Bu faktları, bu tendensiyaları görməmək, artıq oxşar eksperimentlərin aparıldığı qonşu dövlətlərin və dünyanın digər ölkələrinin təcrübəsini nəzərə almamaq mümkün deyil”.

Onun sözlərinə görə, bunun nəticələrindən yalnız milli yönümlü siyasət aparan, tarixi bilən, milli maraqlardan çıxış edən, müvəqqəti rəhbər olmayan, sadəcə, siyasi piar (özünü reklam etmək–S.H.) adamı olmayan, ancaq öz ölkəsi və xalqı haqqında düşünən həqiqi dövlət xadimləri yayına bilərlər: “Yalnız bu halda uğur qazanmaq olar. Amma bütün bunlarla oynasanız, Qərbin vədləri ilə oynasanız... Budur, Qərb, Amerika İrana söz verdi ki, İsrailin törətdiyi siyasi qətllərə cavab verilməzsə, o zaman Vaşinqton gərginliyin azaldılmasına zəmanət verəcək. Ümumiyyətlə, düşünürəm ki, siz və mən Yaxın Şərqdə baş verənlərə və orada gərginliyin necə “azaldıldığını” birlikdə izləmişik. Hamı başa düşür ki, çox şey vəd edə bilərlər, amma konkret kimin nə vəd etdiyini nəzərə almaq lazımdır”.

M.Zaxarova Ermənistan–Rusiya münasibətlərində yaranmış soyuqluq, xüsusilə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması barədə də danışıb. Bəyan edib ki, ümumiyyətlə, KTMT hərbi blok deyil. Deyib ki, KTMT öz təhlükəsizliyi ilə bağlı məsələlərdən narahat olan ölkələri birləşdirən təşkilatdır: “Nə nizamnamə sənədlərində, nə də fəaliyyət tarixində bu strukturun kiməsə qarşı yönəldiyini təsdiq edən və ya göstərən bir sübut, bir söz belə yoxdur. Olduqca konkret çağırışlar və bu strukturun məşğul olduğu konkret problemlər, məqsədlər, vəzifələr var. KTMT heç kimə qarşı yönəlməyib. O, NATO deyil. KTMT NATO çətiri, brendi və ya françayzinq (kommersiya münasibətlərinin bir növü–S.H.) altında hər hansı yeni birləşmə deyil. Ona görə də bu kimi fikirlərin heç bir halda KTMT-yə aidiyyəti yoxdur”.

Diplomat Ermənistan media nümayəndəsinin təxribatçı sualına cavab olaraq bildirib ki, Avropa İttifaqı militarizasiya kursu götürüb: “Söhbət təkcə aqressiv planlarını gizlətməyən NATO-dan yox, həm də hərbiləşdirmə kursu götürmüş Avropa İttifaqından gedir. Çünki o, doğrudan da, NATO-nun bir növ əlavəsinə çevrilib. Yeri gəlmişkən, həmin Avropa İttifaqı Azərbaycanın dəfələrlə ifadə etdiyi narazılıqlara baxmayaraq, Ermənistanda qondarma mülki müşahidə missiyasını yerləşdirib. Bu isə bərabərhüquqlu olmayan, qarşılıqlı hörmətə əsaslanmayan tərəfdaşlıq və ya əməkdaşlıqdır. Görürsünüz ki, bu, Avropa İttifaqının öz maraqlarını regionda ­aqressivcəsinə yeritməsidir. Halbuki bu regionun Avropa İttifaqına aidiyyəti yoxdur. Avropa İttifaqı nümayəndələri xoş niyyət pərdəsi altında gizlənərək, Azərbaycana, İrana, Türkiyəyə və əlbəttə ki, Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Bəlkə də ilk növbədə Rusiyaya qarşı...”

M.Zaxarova daha sonra deyib: “Ümid etmək istəyirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında münasibətlərdə üçüncü tərəfin iştirakı artıq olacaq”.

Rusiya rəsmisinin fikirlərinə Ermənistanda reaksiya özünü çox gözlətməyib. Rəsmi şəxslər bununla bağlı hansısa açıqlamalar verməsələr də, Paşinyan iqtidarına yaxınlığı ilə seçilən media resursları dərhal hərəkətə gəliblər. Onlardan Zaxarova mətbuat konfransını bitirər-bitirməz “Armenian Report” saytında yerləşdirilmiş “Müqavilələrə sadiq olmayanlar haqqında. Tarixə ekskursiya” sərlövhəli analitik məqalə diqqəti cəlb edir. Məqalədə bildirilib ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə onu tənqid edənlərin çoxu görüşün yeri və vaxtının gizli simvolikasına diqqət çəkiblər. Xatırladaq ki, görüş Nyu-Yorkdakı “Türk evi”ndə keçirilib: “Bəli, bəzən bu və ya digər hadisələrin baş verdiyi yerlər, zaman, hətta dövlət adamlarının dedikləri çox önəmli olur. Oktyabrın 2-də Varşavada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanı tənqid atəşinə tutaraq, Moskvanı 2020-2023-cü illərdə Ermənistana kömək göstərməməkdə ittiham edib. Düz 80 il əvvəl Varşavada nə baş verdiyini bilirsinizmi? 1944-cü il oktyabrın 2-də anti-Hitler üsyanı, nəhayət, o zaman Polşanı işğal edən alman nasistləri tərəfindən yatırılmışdı. Həmin vaxt sovet ordusu artıq Polşaya daxil olmuşdu və Varşavanın kənarında idi. Onlar üsyançı polyaklara dəstək verə bilərdilər. Amma yox – İosif Stalinin başqa planları var idi: Polşanı SSRİ-nin nəzarətində olan sosialist dövlətə çevirmək. Kreml bu məsələdə liberal, həm anti-faşist, həm də anti-sovet baxışlara malik daxili orduya deyil, kommunist Polşa ordusuna arxalanırdı. Nəticədə üsyan qan içində boğuldu, 18 minə yaxın üsyançı və 180 min dinc sakin həlak oldu. Onilliklər boyu kommunistlər tərəfindən Polşa xalqının “beyninin yuyulması”, hər cür “dostluq bayramları” polyaklara şərqdən olan slavyan “qardaşları”nın ən böyük xəyanətini unutdura bilmədi”.

Yazıda qeyd edilib ki, bu mənada A.Mirzoyan polyaklara yaxşı başa düşəcəkləri sözləri deyib: “Onilliklər ərzində erməni xalqı inanırdı ki, nəsə olarsa, Rusiya Federasiyası bizə kömək edəcək, bizi qoruyacaq. Amma ermənilər gördü ki, belə deyil, biz bu yardımı görmədik. Üstəlik, 2020-ci il müharibəsindən sonra Rusiya sülhməramlıları Dağlıq Qarabağa göndərildi, lakin biz gördük ki, məcburi köçkünlük (?) zamanı sülhməramlı missiya işləmədi və özünü doğrultmadı”.

Bildirilib ki, 2021-2022-ci illərdə sərhəddəki silahlı toqquşmalar zamanı İrəvanın KTMT-dəki müttəfiqləri heç bir reaksiya verməyiblər: “Doğrudan da, ermənilərin və xüsusən də “Artsax xalqı”nın başına gələnlər 80 il əvvəl Varşava üsyançılarının başına gələnlərlə eyni idi. Xalqımız Azərbaycan–Türkiyə müttəfiqliyinin qoşunlarına (?) qarşı II Qarabağ savaşında KTMT və Rusiyanın köməyə gələcəyinə ümid edərək “mərdliklə” döyüşdü. Amma bu, 2020-ci ildə baş vermədi. Dedilər ki, bu, KTMT-nin məsuliyyət zonasında deyil. 2021-2022-cü illərdəki sərhəd insidentləri zamanı bildirdilər ki, sərhədləriniz müəyyən edilməyib. 2023-cü ilin sentyabrında  isə “sizin Paşinyan özü Qarabağı Praqada təslim etdi” deyərək yaxalarını kənara çəkdilər. Yeri gəlmişkən, oktyabrın 2-də Mariya Zaxarovadan mirvari muncuğu kimi yeni sözlər eşitdik: “Ümumiyyətlə, KTMT hərbi blok deyil... KTMT öz təhlükəsizliyindən narahat olan ölkələri birləşdirən təşkilatdır”, “o, heç kimə qarşı yönəlməyib” və sair. Halbuki, 2013-cü ilin sentyabrında bizə hər şeyi başqa cür vəd etmişdilər. Deyirdilər ki, KTMT-nin arxasında, daş divarın arxasında dayandığı kimi dayanacağıq!”

Yazıda qeyd edilib ki, yüz il əvvəl Ermənistanın ilk ədliyyə naziri olmuş Artaşes Çilingaryan yazırdı: “Nə qədər ki, biz qul idik və təslim olmağa hazır idik, rus bizim “dostumuz” idi. Amma biz azad və suveren olduğumuz, azad olmaq və suveren qalmaq istədiyimiz gündən Rusiya bizim düşmənimiz oldu və o, bizim ən təhlükəli düşmənimizdir”. Həmin vaxtdan bir əsr keçib, amma soyuq şimal ölkəsinin siyasətində heç nə dəyişməyib. Baxmayaraq ki, nəsə dəyişib – Rusiyanın təsiri zəifləməyə başlayıb – bu şübhəsizdir. MDB isə əslində, ölü qurumdur. Biz çox gözəl başa düşürük ki, Rusiyada müqavilələr və qanunlar həmişə öz mülahizələri əsasında şərh olunub. Məgər biz bilmirik ki, məhsullarımız müxtəlif bəhanələrlə Rusiyaya buraxılmır?! Dünən politoloq Alen Gevondyan belə bir fikir səsləndirib: “Ola bilər ki, bu, diqqətdən kənarda qaldı, lakin Rusiya ilk bəyan etdiyi məqsədinə çatdı – dünya çoxqütblü oldu”. Dünyanı deyə bilmərəm, amma postsovet məkanı mütləq çoxqütblü olub, hətta deyərdim ki, tamamilə dağılır. Nəhayətsiz və dönməz şəkildə. Rusiyanın başa düşmək vaxtıdır ki, onun kimi imzaladığı müqavilələrə əməl etməyən tərəfdaşa heç vaxt dəyər verməyəcəklər”.

Göründüyü kimi, Rusiya–Ermənistan münasibətlərində xeyli vaxtdır əsməyə başlayan soyuq küləklər indi daha da güclənib. Rusiya ilə iqtisadi əməkdaşlıqdan faydalanan, ancaq siyasi əlaqələrin inkişafından yayınan Nikol Paşinyanın hakimiyyəti dövründə bu tendensiyanın daha da şiddətlənəcəyi gözləniləndir.

Politoloq Aydın Quliyev XQ-yə bildirdi ki, ümumiyyətlə, Rusiya–Ermənistan münasibətləri uçuruma doğru böyük sürət götürüb. Onun sözlərinə görə, hətta, bu münasibətlərin geridönməz şəkil aldığı iddia edilir: “Rusiya–Ermənistan münasibətlərinin hazırkı səviyyəsi strateji müttəfiqlikdən çox uzaqdır. Açıq şəkil almış mövqe döyüşləri gedir. Hər iki ölkənin məmurlarının, dövlət xadimlərinin verdikləri açıqlamalar, ritorikaları düşmənçilik xarakterindədir. Sirr deyil ki, Ermənistan Rusiyanın orbitindən uzaqlaşmaqla bağlı artıq qəti qərar qəbul edib. Rusiyanın atacağı addımların nədən ibarət olacağı hamı tərəfindən izlənilsə də, hələlik yumşaq ritorikadan uzağa getmir. Güman etmək olar ki, Rusiya Paşinyanın ya 2026-cı ildə, ümumiyyətlə, hakimiyyətdən gedəcəyinə, ya da həmin tarixədək devriləcəyinə ümid edir”.

Onun sözlərinə görə, Rusiya hər şeyi Paşinyanın adı ilə bağlayır. Belə bir illüziya var ki, Nikol iqtidardan getdikdən sonra Rusiya–Ermənistan münasibətlərini əvvəlki məcraya qaytarmaq mümkün olacaq: “Amma düşünürəm ki, bu, Moskvanın növbəti yanlış narrativlərindən biridir. Ona görə ki, Ermənistanda artıq xalq da anti-Rusiya ovqatına köklənib. Siyasi elitanın böyük bir hissəsi Rusiyaya etimad bəsləmir. Belə olan təqdirdə proqnozlaşdırmaq olar ki, Paşinyan, hətta, yaxın müddətdə digər bir şəxslə əvəz olunsa belə, İrəvanın Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq siyasəti indiki kimi davam edəcək. Bu siyasi kursun sürəti bəlkə bir qədər də artacaq”.

Müsahibimiz qeyd etdi ki, bu baxımdan Rusiyanın indiki şəraitdə Ermənistanı qərbyönümlü siyasətdən döndərmək üçün daha təsirli və aktiv addımlar atmasına ehtiyac var. Ancaq Rusiya hələlik buna getmək istəmir. Təbii ki, Rusiya Ermənistanı qıcıqlandırmaqdan və Qərblə inteqrasiya istiqamətində daha fəal addımlara sövq etməkdən də çəkinir. Real vəziyyət isə göstərir ki, Rusiya ehtiyatlı mövqe tutduqca Paşinyan Qərbə inteqrasiya istiqamətində intensiv addımlar atır. Eyni zamanda, Paşinyan ölkədə ictimai rəyi də sürətlə Rusiyanın əleyhinə kökləməkdə davam edir. Yəni, təkcə Paşinyan özü Qərbə doğru getmir, bütün Errmənistanı, cəmiyyəti və dövləti o istiqamətə yönəldir. Bu isə bölgədə Rusiyanın mənafeləri, sülh və təhlükəsizlik baxımından olduqca təhlükəlidir.

Politoloq onu da dedi ki, Rusiya Ermənistanla münasibətlərdə əvvəlki səhvləri təkrarlamaqda davam edir. Əgər Moskva daha sərt və konkret addımlar atsa, bunun nəticələrindən danışmaq olar. İndiki şəraitdə isə Rusiyanın apardığı siyasətin Ermənistanı Qərbə inteqrasiyadan döndərmək gücündə olduğunu demək çətindir.

Səxavət HƏMİD 
XQ

 



Siyasət