əvvəli https://xalqqazeti.az/az/siyaset/194400-ermeni-kilsesinin-deyismez-xisleti
Yaxud xristianlıqda “armenizm” xəstəliyi
Hörmətli oxucular, gəlin 1956-cı ilə, bütün ermənilərin katolikosu, Rumıniya ermənisi I Vazgenin Moskvaya, keçmiş SSRİ-nin Nazirlər Şurasının sədri Nikolay Bulqaninə yazdığı iki məktuba qayıdaq. Hər iki “namə” həmin il mayın 12-də imzalanıb. Bu məktubların məzmunu bir-birindən az fərqlənir.
Bütün ermənilərin katolikosu I Vazgendən N.A.Bulqaninə
2-ci məktub:
12 may 1956-cı il
Hörmətli Nikolay Aleksandroviç!
Biz, Bütün Ermənilərin Katolikosu Vazgen I, erməni kilsəsinin yenidən seçilmiş rəhbəri kimi, Sovet hökumətinin xoş münasibəti sayəsində xaricdəki yeparxiyalarımıza və kilsələrimizə pastor səfəri etmək, onların, xaricdə yaşayan ermənilərin həyatı ilə yaxından tanış olmaq imkanı əldə etdik. Üç ay ərzində biz Livan, Misir, İtaliya, Fransa və İngiltərədəki erməni koloniyalarında olduq. Xalqımız hər yerdə bizi müqəddəs Eçmiədzin taxtının başçısı, Vətəndən səfər edən şəxs kimi müstəsna hərarətlə və böyük ruh yüksəkliyi ilə qarşıladı.
3 aylıq xaricə səfərimizdən qayıtdıqdan sonra aşağıdakıları diqqətinizə çatdırmağı özümüzə borc bilirik:
a) Hazırda xaricdə yaşayan bir milyondan çox erməninin gözü Eçmiədzinə, ana Vətənə - Sovet Ermənistanına dikilmişdir. Onlar səbirsizliklə erməni məsələsinin ədalətli həllini gözləyirlər ki, Vətən həsrəti çəkmiş bu insanlar onilliklər boyu arzuladıqları vətənlərinə qayıda bilsinlər.
Harada olduqsa, bütün ölkələrdə, xüsusən də ümumilikdə 400 minə yaxın erməninin yaşadığı Livanda, Suriyada, Misirdə, Fransada on minlərlə insan bizə üz tutaraq yalvarırdı: “Bizi tərk etməyin, bizi özünüzlə ana Vətənə aparın”. Beyrutdan Misirə, Fransaya qədər bütün yolumuz vətən həsrəti ilə yaşayan erməni xalqının göz yaşları ilə yuyulurdu.
b) Bu ölkələrin hər yerində alovlu vətənpərvərlər - xalqımızın rəhbərləri - yepiskoplarımız və milli kilsə orqanlarının nümayəndələri qeyd edirdilər ki, erməni xalqının bir hissəsi olan yarım milyon insan böyük rus xalqının və Sovet İttifaqının xilaskar qardaşlıq köməyi sayəsində öz doğma torpağında - Sovet Ermənistanı ərazisində dinc və xoşbəxt həyat tapdı. Lakin bu, erməni məsələsinin yalnız üçdə birinin həllini əks etdirir. Qonşu Zaqafqaziya respublikalarında - Gürcüstan və Azərbaycanda bir milyondan çox erməni yaşayır. Təxminən eyni sayda erməni xaricdə yaşayır. Bunlar Birinci dünya müharibəsi illərində Türkiyə hakimiyyətinin tarixdə görünməmiş zülmü və qırğınları nəticəsində “Türkiyə Ermənistanı”nda öz yurdlarından didərgin salınmışların qalıqlarıdır. Bütün bu insanlar sədaqətlə ümidlərini rus xalqına və sovet hökumətinə bağlayıblar.
c) Xaricdə çoxları bizdən soruşurdular ki, əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan MSSR və Axalkalaki vilayəti ilə bağlı məsələnin ədalətli həllinin vaxtı çatmayıbmı? Axı onlar hələ də Sovet Ermənistanının hüdudlarından kənarda qalırlar. Buna görə də əcnəbi ermənilər ümid edirlər ki, Sovet hökuməti öz doğma torpaqlarında qardaşlarına qovuşmaq onların vətənlərinə qayıtmaları üçün əlverişli torpaq (ərazi), iqtisadi və yaşayış baxımından lazımi şərait yaradacaq.
d) Bizim əcnəbi ermənilərin rəhbərləri sovet hökumətinin diqqətinə çatdırmağı xahiş etdilər ki, ermənilərin Sovet Ermənistanına repatriasiyası məqsədilə növbəti 5-7 il üçün elə bir proqram hazırlansın ki, hər il 30-40 min erməni Ermənistana qaytarıla bilsin. Məlumdur ki, onların müvafiq ərazi və işlə təmin olunması - belə bir proqramın həyata keçirilməsi, təbii ki, mənzil və digər tikintilər üçün xeyli vəsait tələb olunacaq, bunun üçün əvvəlcədən müvafiq tədbirləri qeyd etmək lazımdır.
e) Əcnəbi ermənilərin bir çoxu Gürcüstanın müəyyən rayon və şəhərlərində, Azərbaycanın və kompakt erməni əhalisi olan digər ərazilərdə bir çox erməni məktəblərinin tamamilə bağlanması və mövcud olduğu yerlərdə onların daha davamlı fəaliyyət göstərməsi üçün yetərli olmamasından müəyyən narazılıqlarını bildirdilər. Ana dilinizi öyrənmək istəyən erməni uşaqlarının məsələsi həll edilməmiş qalır. Məsələn, Rostov-Don, Krasnodar, Armavir, Pyatiqorsk, Batumi, Suxumi, Transxəzər respublikalarında və 1937-ci ilə qədər olan digər yerlərdə də belədir. Orda erməni məktəbləri var idi, indi onlar tamamilə yox olub.
Sizi, hörmətli Nikolay Aleksandroviç Bulqanin, əmin etmək istəyirik ki, məktubumuzda qaldırılan məsələlər bütün erməni xalqının ən səmimi hisslərini və arzularını ifadə edir. Bir həqiqəti əlavə etməyə cəsarət edim ki, Zaqafqaziyada erməni xalqı və Ermənistan nə qədər güclüdürsə, bir o qədər də böyük Vətənimizin cənub sərhədlərinin təhlükəsizliyi təmin olunacaq. Son 200 il ərzində erməni xalqı öz tarixi ilə böyük və humanist rus xalqına sonsuz sədaqətini və qeyd-şərtsiz dostluğunu sübut etmişdir. Həmişə olduğu kimi, xüsusən də bu gün xalqımızın taleyi və bütün həyatı onun böyük şimallı dostu, xilaskar xalqının taleyi ilə bağlıdır.
Məktubun sonunda bütün ermənilərin katolikosu I Vazgen imzası var.
* * *
Göründüyü kimi, I Vazgen bütün mövcud yerli və beynəlxalq qanunları ayaqlar altına ataraq “əsasən ermənilərdən ibarət olan” Dağlıq Qarabağ Muxtar Vilayəti, Naxçıvan MSSR və Gürcüstanın Axalkalaki vilayətinin məsələlərinin “həll edilib”, bu torpaqların Ermənistana birləşdirilməsini tələb edir. Bunu da xaricdə yaşayan ermənilərin “xahişi” kimi səsləndirir. Utanmadan deyir ki, “məsələnin ədalətli həllinin vaxtı çatmayıbmı?”. O, həyasızcasına “onlar hələ də Sovet Ermənistanının hüdudlarından kənarda qalırlar” deyərkən, xaricdə yaşayan ermənilərin Ermənistana gətiirilməsi və öz dədə-baba yurdunda yaşayan azərbaycanlı əhalinin buradan köçürülməsini təklif edir. Onların vətənlərinə qayıtmaları üçün sovet hökumətinin üzərinə ermənilər üçün “əlverişli torpaq (ərazi), iqtisadi və yaşayış baxımından lazımi şərait yaradacağı” ilə bağlı öhdəlik də qoymağa cəhd edir.
Bu və digər bu qəbildən olan faktlar bir daha sübut edir ki, Azərbaycana qarşı 1988-ci ildə başladılan “Miatsum” hərəkatının əsası əslində məhz 1950-ci illərin ortalarında, bu məktubların yazıldığı illərdə qoyulmuşdu. Katolikos göstərilən əraziləri sovet Ermənistanına birləşdirmək təklifini guya doğma yurdlarından zorla qovulmuş diaspor ermənilərinin tələbi kimi səsləndirir. Nə qədər əsassız və yersiz bir xülyadır?!
44 günlük Vətən müharibəsindəki böyük qələbəmizdən, 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından və erməni əhalinin Qarabağı könüllü tərk etməsindən sonra kilsə yenə meydandadır. Separatçı-revanşist din xadimləri erməni cəmiyyətində Azərbaycana və Türkiyəyə qarşı nifrət siyasətini davam etdirirlər. II Qareginin bu il sentyabrın 2-də verdiyi bəyanatı qriqorian kilsəsinin Azərbaycana qarşı ərazi iddialarının təzələnməsidir. Bu, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarına birbaşa mane olmaq cəhdi kimi qiymətləndirilir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri