Ərdoğanın kitab mesajı və BMT-də Fransanın ermənipərəstliyi

post-img

Yaxud Paşinyan üçün “Dünya beşdən böyükdür” mesajındakı anlam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ona özünün müəllifi olduğu “Daha adil bir dünya mümkün” kitabını bağışlayıb. Məlumdur ki, sözügedən sessiya Ermənistan rəhbərliyinin, o cümlədən, onun xaricdəki havadarlarının, xüsusən, Fransanın növbəti anti-Azərbaycan fəaliyyət platformasına çevrilib. Yazımız bu barədədir. Ancaq bu fonda cənab Ərdoğanın, belə demək mümkünsə, kitab jesti, yaxud kitab mesajı üzərində də dayanacağıq.

Əvvəlcə qeyd edək ki, Fransanın 2008-ci ildə BMT Baş Assambleyası tərəfindən Qarabağ münaqişənin həlli ilə bağlı müvafiq qətnamənin qəbuluna maneə törətmək cəhdləri olub. Yəni, mövcud müstəvi fransız məkri üçün yeni düzən deyil. Fransa Prezidenti Emmanuel Makron isə sələflərinin ədalətsiz yolunu davam etdirir. Təbii ki, olduqca azğın formada.

Fransa lideri BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın, guya, Ermənistana təzyiq göstərdiyini bildirib. Makronun sözlərindən belə qənaət hasil olub ki, Bakı İrəvana qarşı ərazi iddiası irəli sürməkdədir. Fransa Prezidenti BMT tribunasından Ermənistanı qorumaq üçün çağırış da səsləndirib. “Dünya ictimaiyyəti sülh danışıqlarında uğurun əldə edilməsi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı üçün Ermənistanı dəstəkləməlidir”, – deyən Makron, həmçinin ölkəsinin Azərbaycanın təzyiqləri fonunda Ermənistanın yanında möhkəm dayandığını vurğulayıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 79-cu sessiyası əsnasında Makronun mövqenə oxşar fikri Fransanın Xarici işlər naziri Jan-Noel Barro da ifadə edib. O, özünün “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, İrəvana iki həftə əvvəlki səfərindən sonra erməni həmkarı Ararat Mirzoyanla danışıqları davam etdirir: “Biz Ermənistan demokratiyasını, suverenliyini və möhkəmliyini, Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhü dəstəkləyirik”.

Ümumən, son günlər erməni təəssübkeşliyinin aktiv fazaya daxil olduğu diqqətdən yayınmır. Bu təəssübkeşliyin Qarabağ avantürası xətti də həmçinin. Üzdə olan fransız ermənipərəstlər mövcud istiqamətdə, sanki, özlərinə əl qatıblar. Bu baxımdan Fransa parlamentinin üzvü Natali Luazonun “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi günü”nün Avropa Parlamentində qeyd edilməsinə dair “təşəbbüsü” xüsusi vurğulanmalıdır. Parisin İrəvanı silahlandırmaq işinə qol çırmadığı isə ayrıca mövzudur. Bir sözlə, Fransanın Ermənistana dəstək məntiqinin həm siyasi-diplomatik, həm də hərbi seqmenti “aktuallığını” qorumaqdadır.

Bəli, Fransa və Ermənistan birlikdə BMT-ni ölkəmizə qarşı hədyan tribunasına çevirir. Belə yanaşma sülh və beynəlxalq hüquqla manipulyasiyaya hesablanmış ikiüzlülükdən başqa bir şey deyil. Elə BMT-nin özü də mütərəqqi missiyasını çoxdan itirmiş, siyasi spekulyasiyaların cövlan etdiyi təşkilata çevrilmişdir. Yada salaq ki, qurum otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumub. Bunu özünün Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnaməyə rəğmən edib. O qətnamələrə ki, onların hər birində ərazilərimizə qəsbin dərhal dayandırılması əksini tapmışdı.

Qətiyyətlə demək mümkündür ki, Azərbaycanın 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, həm də BMT-nin üzərindəki qara ləkənin təmizlənməsi idi. Amma müəyyən qədər. Çünki qurumun haqq-ədalət tribunası olduğunu söyləyə bilmirik və müasir dövrdə yaşanan bir sıra proseslər onu göstərir ki, BMT mahiyyətcə boş-boş danışıqlar platforması imicinə malikdir. Əslində, Makronun hədyanlarına da bu prizmadan yanaşmaq lazımdır. Amma vurğulanmalı bir sıra digər məqamlar da var.

BMT-ni siyasi manipulyasiyalar tribunası kimi qiymətləndirsək, mövcud müstəvidə səslənən hədyanlara cavab verilməsi mütləqdir. Çünki bir qayda olaraq, ədalətsiz yanaşmalara münasibətdə müqavimətin ortaya qoyulmaması haqsızlığın dərinləşməsi, yaxud haqsız durumun saxlanılması reallığını ortaya qoyur. Haqsızlığın saxlanılmasından söz düşmüşkən, Fransa 2020-ci ilin 44 günlük müharibəsi günlərində BMT-dən Azərbaycanı işğalçı kimi qiymətləndirmək, ölkəmizin Zəfər yürüşünü dayandırmaq üçün istifadəyə baş vurmuş, lakin istəyinə nail ola bilməmişdi. İndi də demək olmaz ki, Parisin sözügedən qurum çərçivəsindəki anti-Azərbaycan ritorikası hansısa effekt verəcək...

Söhbətimizin bu yerində Türkiyə Prezidenti Ərdoğanın baş nazir N.Paşinyana bağışladığı kitabdan söz açaq. “Daha adil bir dünya mümkün” adlı nəşr qardaş ölkə liderinin BMT-yə nəzərən işlətdiyi “Dünya beşdən böyükdür” ifadəsindən qaynaqlanır. Türkiyə lideri BMT Baş Assambleyasının 2013-cü ildə keçirilmiş 74-cü sessiyasında “Dünya beşdən böyükdür” deyərkən, qurumun Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkənin dünya ilə bağlı qərarvermə səlahiyyətinə etiraz etmişdi.

Əminliklə demək olar ki, cənab Ərdoğan Paşinyana bağışladığı kitabla son dərəcə incə mesaj verir. Qardaş ölkə Prezidenti Ermənistanın öz avantürasının gerçəkləşdirilməsi baxımından BMT müstəvisində heç nəyə nail ola bilməyəcəyini vurğulaması fonunda, rəsmi İrəvanı hadisə və proseslərə haqsız münasibətdən çəkinməyə, habelə xaricdə kimlərəsə, hansı qüvvələrəsə arxayın düşüb qeyri-konstruktiv mövqe tutmamağa çağırır. Onu da qətiyyətlə vurğulaya bilərik ki, bu çağırışdan mesaj payı BMT-ni özünün Cənubi Qafqaz ambisiyaları naminə alətə çevirməyə cəhd göstərən Fransaya da düşür. Əlbəttə, demək olmaz ki, Fransa və Ermənistan tandemi mesajdan nəticə çıxaracaq. Çünki düşmənin anladığı bir dil var ki, o da gücün dilidir. Azərbaycan isə daha ədalətli dünyanın mümkünlüyünü gücünü, qətiyyətini və iradəsini ortaya qoymaqla sübuta yetirib və zərurət yaranarsa, yenə sübuta yetirəcək. Buna heç kəsin şübhəsi olmasın!

Ə.CAHANGİROĞLU
XQ

Siyasət