Ermənistan parlamentinin Azərbaycana qarşı ərazi iddiası

post-img

Yaxud “Artsaxı diriltmək” avantürasında növbəti sərsəmlik

Son günlər Ermənistan və havadarlarının “Artsax” avantürasını yenidən gündəmə gətirdikləri hiss olunmaqdadır. Bununla bağlı müxtəlif məqamlar var. Yazımız bunlardan ən sonuncusu barədədir. Ancaq əvvəlcə bir məsələni qeyd edək.

Məlumdur ki, Ermənistan hakimiyyəti qətiyyətli və prinsipial deyil və istənilən təzyiq qarşısında geri çəkilməyə meyillidir. Hətta, bu, azmış kimi, rəsmi İrəvan həmin təzyiqlərin fonunda səslənmiş sərsəm fikirləri öz siyasətinə də əlavə edir. Axı erməni iqtidarının ölkəmizlə sülh müqaviləsi bağlamaq məsələsində daxildəki revanşist və şovinist dairələrə məxsus tələbləri səsləndirdiyinin dəfələrlə şahidi olmuşuq. Məsələn, ötən həftə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, hazırda “Artsax”, yəni Qarabağdakı sabiq qondarma rejim mövcud olmadığından, rəhbərlik etdiyi qurumda həmin rejimlə parlamentlərarası işçi qrupunun fəaliyyət göstərməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, A.Simonyanın fikri sərt reaksiyalar doğurmuşdu. Əlbəttə, tam demək olmaz ki, iki gün əvvəl Ermənistan parlamentinin tərkibində “Artsaxlıların işləri üzrə istintaq komissiyası” adlandırılan qurumun formalaşdırılması haqqında söz açdığımız işçi qrupunun ləğvinə görə meydana çıxmış əks reaksiyaları yumşaltmaq məqsədi daşıyır. Burada başqa mətləblər də var. Ancaq, ilk baxışdan, təzad yaranır: İşçi qrupunun ləğvi hara, yeni komissiyanın yaradılması hara?

Ermənistan Milli Assambleyasında əvvəldən mövcud olmuş qondarma təsisatın ləğvi və məsələnin ictimailəşməsi normaldırsa, ölkə parlamentində Azərbaycana qarşı ərazi iddiasına köklənmiş yeni qurumun peyda olması tam yolverilməzdir. Heç şübhəsiz, onun yaradılması həm daxildəki revanşist və şovinistlərin, necə deyərlər, gözlərinə kül üfürmək cəhdidir, həm də məsələnin digər tərəfləri var. Hər bir halda, durum Ermənistan iqtidarının anti-sülh mahiyyətinin bariz təzahürüdür.

Bəli, birmənalı şəkildə deyə bilərik ki, Ermənistan parlamentində “Artsaxlıların işləri üzrə istintaq komissiyası”nın təsis edilməsi Azərbaycana qarşı ərazi iddiası məntiqini gündəmə gətirən hadisədir və məsələnin yalnız rəsmi İrəvanın özfəaliyyətinin nəticəsi olmadığını bildirmək üçün, kifayət qədər, ciddi əsaslar var. Nəzərə alaq ki, kollektiv Qərbin siyasi kluarlarında “Artsaxı diriltmək” cəhdləri baş qaldırıb. Söhbət ABŞ-nin və Fransanın Qarabağ məsələsini canlandırmaq yönümlü hərəkətlərindən gedir. Onlar özlərini elə aparırlar ki, sanki Qarabağdakı qondarma rejim “sağdır”. Məsələn, separatçıların tör-töküntüləri ABŞ Konqresinə dəvət olunur, orada “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirlər təşkil edilir. Üstəlik, ABŞ və Fransanın hökumət qurumlarının, parlament instansiyalarının və vətəndaş cəmiyyəti institutlarının Qarabağ ermənilərinə dəstək ritorikasına hesablanmış təşəbbüsləri nəzərə çarpır. Ən əsası isə Birləşmiş Ştatların stajlı ermənipərəstlərinə çevrilmiş bəzi konqresmenlər “Artsax Gəlirlərinin Bərpası Aktı”nı gündəmə gətirirlər. Habelə, ABŞ-nin aparıcı piar şirkətlərinin Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilmələri də həyata keçirilir.

Ermənistan parlamentində “Artsaxlıların işləri üzrə istintaq komissiya”nın yaradılması ilə ABŞ Konqresində qaldırılmış “Artsax Gəlirlərinin Bərpası Aktı”na dair “qanunvericilik təşəbbüsü” bir-biri ilə bağlı məsələlərdir. Sözügedən “təşəbbüs” Azərbaycanın suveren aktivlərinə sahib olan Birləşmiş Ştatların bütün maliyyə institutlarının, bu aktivlərlə əlaqədar ölkənin Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermək məsuliyyətini müəyyənləşdirir. “Layihədə” göstərilir ki, 60 gün ərzində Prezident həmin aktivlərlə əməliyyatları bloklamalı, bundan sonra 90 gün ərzində onlara həbs qoyulmalıdır. Üzərinə həbs qoyulmuş vəsait isə “Artsax Gəlirlərinin Bərpası Fondu” deyilən qondarma quruma yönləndirilməlidir. “Plana” görə, bu fond ölkəmizin müsadirə edilmiş aktivlərini alacaq və daha sonra həmin vəsaitlər əsasında Azərbaycanın “hərbi hücumu nəticəsində” əmlakını, biznesini və iş yerlərini itirmiş, “Artsaxdan” didərgin düşmüş ermənilərə təzminat veriləcək.

Göründüyü kimi, ABŞ başda olmaqla, kollektiv Qərb “Artsax”ı iyrənc və namərd “ssenari” əsasında bərpa etməyi düşünür. Şübhəsiz, başlıca məqsəd Ermənistanın silahlandırılmasını Azərbaycanın hesabına gerçəkləşdirməkdir. Hələ “Artsaxa” hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqinə dair gülünc iddia da var. Bu azmış kimi, “Freedom House” insan hüquqları təşkilatının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qarabağ “fəallığı” hiss edilməkdədir.

“Freedom House” Qarabağ ermənilərinin hüquq və azadlıqları xüsusunda “hesabatlar” hazırlayır, USAID-ə gəldikdə, qurum “USAID araşdırması, ermənilərin Qarabağdan kütləvi köçü” adlı bəyanat səsləndirir. Avropanın stajlı ermənipərəstlərindən olan fransız parlamentari Natali Luazo isə “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi günü”nün Avropa Parlamentində qeyd edilməsinə dair təşəbbüsü qaldırır. Bu mənzərəyə ABŞ və Fransanın Ermənistanı silahlandırmasını, habelə fransız lisenziyalı Hindistan silahlarının İrəvana verilməsini də əlavə etsək, birmənalı şəkildə söyləyə bilərik ki, kollektiv Qərb Ermənistanın Qarabağ iddiasına, yəni Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təhdidinə dəstək verir.

“Artsaxlıların işləri üzrə istintaq komissiyası” adlandırılan qurumun formalaşdırılması təhdid ritorikasının, bilavasitə, Ermənistan seqmentini aktivləşdirmək niyyətidir. Nəzərə alaq ki, baş nazir Nikol Paşinyanın komandasında yer alan şəxslər də dillərinə “Dağlıq Qarabağ” ifadəsini almağa, “etnik təmizləmədən” danışmağa başlayıblar. Elə Ermənistan parlamentində yaradılmış komissiya barədə məlumatda da vurğu “etnik təmizləmə”nin üzərinə qoyulub.

Məlumatda bilavasitə “Artsax respublikası” ifadəsi işlədilib ki, bu məqamın özü də ciddi düşünməyə əsas verməkdədir. Diqqət yetirək: “Ermənistan Respublikasının Konstitusiya qanununun 20-ci maddəsinin birinci hissəsinə əsasən, Ermənistan Milli Assambleyasının reqlamentinə uyğun olaraq, deputatların (dörddəbirindən azı olmamaq şərtilə - red.) tələbi ilə Ermənistan Respublikasına zorakılıqla köçürülmüş Artsax respublikası sakinlərinin həyat və fəaliyyətinin təşkili şərtlərini öyrənmək məqsədi ilə komissiya yaradılır”.

Kiçik arayış verək ki, Ermənistanın konstitusiya qanunu deyilən sənəddə “müdafiəçi” anlayışı yer alır. Qanuna görə, müdafiəçi dövlət və yerli özünüidarəetmə orqanları və onların vəzifəli şəxsləri, bu qanunla müəyyən edilmiş hallarda isə təşkilatlar tərəfindən insan hüquq və azadlıqlarına riayət olunmasına nəzarət edən, pozulmuş hüquq və azadlıqların bərpasına, rifahın yaxşılaşdırılmasına kömək edən müstəqil vəzifəli şəxsdir. Sənədin barəsində söz açılan 20-ci maddəsinə gəlincə, bu maddə “Şikayətin baxılmaq üçün qəbul edilməsi” adlanır. Həmin maddənin Ermənistan parlamentindəki “Artsax komissiyasının” yaradılması üçün istinad edilmiş birinci hissəsində isə bildirilir ki, şikayət məlumatlarında insan hüquq və azadlıqlarının pozulduğu göstərildikdə və şikayətə Konstitusiya qanunu ilə müdafiəçi tərəfindən baxılmalı olan şərtlər yarandıqda, müdafiəçi şikayətin baxılması haqqında qərar qəbul edir.

Bəli, haqqında söz açdığımız belə bir komissiyanın yaradılması, habelə qurumun formalaşdırılması üçün gətirilmiş qondarma əsas Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının mövcudluğunun növbəti təsdiqidir. Başqa sözlə desək, İrəvanın ərazi iddiası daha bir dövlət sənədində əksini tapmağa başlayıb. Halbuki, Azərbaycan sülhün şərti kimi Ermənistanın bütün qanunvericilik sənədlərindəki, o cümlədən, ölkə konstitusiyasındakı iddialardan əl çəkilməsi tələbini irəli sürüb. Görünür, hazırda bu tələb nəinki baş nazir N.Paşinyan, eləcə də xaricdəki ermənipərəstlər tərəfindən nəzərə alınmır.

Belə nəticəyə gəlirik ki, Ermənistan Üçüncü Qarabağ müharibəsinə hazırlaşır. Kollektiv Qərb isə “erməni kartını” onun avantürist mahiyyəti ilə birgə bərpa etmək, müvafiq olaraq, Qarabağla bağlı erməni iddialarını aktiv saxlamaq məqsədinə hesablanmış “fəaliyyət” gerçəkləşdirir. Şübhəsiz, bu oyunda Ermənistan alətdir. Baş nazir Nikol Paşinyan son dövrlərdəki çıxışlarında erməni dövlətçiliyindən, onun qorunub saxlanılmasından və sair bu sayaq məsələlərdən dəm vurur. Deməli, Nikol və komandası müasir erməni varlığı üçün dövlət anlayışının Qarabağ iddiası üzərində qurulduğu reallığına söykənir və həmin reallığın ölkəyə hansı dəhşətləri yaşatdığını unudur. Görünür, Ermənistan rəhbərliyi keçmişin dərslərindən nəticə çıxarmır. Bu isə yeni fəlakətə doğru addımlamaqdan başqa bir şey deyil.

Ə.RÜSTƏMOV
XQ

Siyasət