Yaxud anti-Azərbaycan ritorikası və İrəvan üçün “pampers diplomatiyası”
Qəribə vəziyyət yaranıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan bir müddət əvvəlki çıxışında təxminən belə deyib: qondarma “Artsax” cəhənnəmə vasil olduğundan, Ermənistan parlamentinin separatçı rejimlə parlamentlərarası işçi qrupunun mövcudluğuna ehtiyac qalmayıb. Amma kollektiv Qərbin siyasi kluarlarında “Artsaxı diriltmək” cəhdləri baş qaldırır. Söhbət ABŞ-nin və Fransanın Qarabağ məsələsini canlandırmaq yönümlü hərəkətlərindən gedir. Nəzərə alaq ki, son zamanlar mövcud istiqamətdəki fəaliyyət, bir növ, rəngarənglik qazanmaqda, ciddi məzmun və xarakter almaqdadır. Bütün bunların Ermənistan üçün nə vəd edəcəyi barədə yazımızın sonunda söz açacağıq. Hələlik mövzuya keçid almaq üçün bəzi məqamları vurğulayaq.
Ümumən, Qərb uzun müddət Qarabağ məsələsinə Azərbaycanın başı üzərində asılmış “damokl qılıncı” kimi yanaşıb. Yəni, istəyib ki, problem vasitəsi ilə ölkəmizi daimi təzyiq altında saxlasın. Eyni zamanda, bu problem Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün də cəlbedici olub. Ancaq Qərb “erməni sevdasını” məqsədinə qurban vermək istəmir. Buna görə fərqli yol seçərək, Ermənistanda, faktiki olaraq, dövlət çevrilişi reallaşdırıb, törətdiyi əmələ erməni inqilabı donu geyindirib.
Bəli, baş nazir Nikol Paşinyanın hakimiyyətə gətirilməsi, prinsip etibarilə, Qərbin Rusiyanın bölgədəki təsirini minimallaşdırmağa və tamamilə heçə endirməyə yönəlmiş addımı idi. Qərb demokratiyanı bu məhfumun heç “d” hərfinin olmadığı Ermənistana Paşinyanın kirli saqqalının içərisinə soxmuşdu. Yəni, nəinki qapıdan və pəncərədən deyil, birbaşa bacadan. Öz aramızdı, Ermənistan, erməni qövmü, onun tayfa və qəbilə təfəkkürü hara, demokratiya hara?..
Deməli, Nikolun hakimiyyətdə möhkəmlənər-möhkəmlənməz “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsi adi məsələ deyildi. Axı o, iqtidara yiyələnməzdən əvvəl bildirmişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır və ölkənin bu daşı çiyinlərindən atması mütləqdir. Görəsən, niyə belə demişdi? Səbəb çox sadə idi. Nikol Qarabağ məsələsinin Rusiyanın egidası altında olduğunu bilirdi. Bilirdi ki, erməni xalqı Moskvanın dirijor çubuğu ilə oturub-duran Koçaryanlı – Sarkisyanlı “Qarabağ xuntası”na nifrət bəsləyir. Paşinyan “ağır yük” məntiqi ilə həmin nifrəti körükləyirdi.
Nikolun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı erməni xislətinin ifadə tərzi kimi meydana çıxmışdı. Qərb bu bəyanatın barıt çəlləyini vuran ildırım olduğunu gözəl anlayırdı. Anlayırdı və hesab edirdi ki, Ermənistanın qələbə qazanması şəraitində qərbpərəst Paşinyan ölkəsindəki rus təsirinə ağır zərbə vuracaq. Həmçinin, İrəvanın uğuru Azərbaycanın inkişafına əngəl yaradacaq, Bakı Qərbdən asılı vəziyyətə düşəcək və onu qeyri-bərabər sazişlərə sürükləmək imkanı yaranacaq. Lakin hesablamalar özünü doğrultmadı. Azərbaycanın 44 günlük müharibədəki Zəfəri nəinki Ermənistanı rüsvayçı və acınacaqlı duruma saldı, eyni zamanda, Cənubi Qafqazı rus təsirindən qurtarmaq niyyətlərini alt-üst etdi.
Əlbəttə, Rusiya 44 günlük müharibəyə son qoyan tərəfdir. Amma ona görə yox ki, burada əsas məsələ Bakının Moskvanın sözünü eşitməsidir. 44 günlük müharibədən sonra bir çox məsələləri zamanın axarına buraxan Azərbaycan dövləti özünün məqsədyönlü siyasət xətti ilə topu ötürdüyü Rusiyanın o topla rəftarına diqqət yetirdi. Hər halda, ölkəmiz Qərbin Ermənistanı dirçəltmək məramının mümkünlüyünü bilməmiş deyildi və mövcud platformada Rusiyaya yerin onsuz da olmadığını görürdü. Həm də ona görə görürdü ki, qərbpərəst Paşinyan hakimiyyətdə qalırdı. Kreml Ermənistandakı daxili qüvvələri Nikola qarşı səfərbər etməyi bacarmadı. Müharibədə dəhşətli məğlubiyyətə uğramış ölkənin rəhbəri – baş naziri yenə hakimiyyətdə qaldı. Belə bir durumda Qarabağdakı Rusiya sülhməramlıları çox kiçik və mənasız mövcudiyyət faktoruna çevrildilər. Onlar yerli ermənilər üçün pampers daşımaqdan başqa bir işə yaramadılar.
Əlbəttə, pampers daşımaq Rusiya sülh-məramlı kontingentinin Qarabağın erməni varlığı üçün yardımının, belə demək mümkünsə, ümumiləşdirilmiş görüntüsüdür. Mövcud məsələdə başqa sentimental məsələlər də yer alırdı. Tezliklə pampersin minalarla əvəzləndiyini, silah-sursata çevrildiyini də gördük. Amma ilkin forma məzmununu itirmədi. Ölkəmizin 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı separatçı rejimin təmsilçiləri üçün ən çox elə pampers lazım oldu, nəinki silah-sursat.
Bəli, Azərbaycanın Qarabağda mütləq hakimiyyətini qurması həm Qərbə, həm də Rusiyaya ağır zərbə idi. İkinci bölgəni öz egidası altında saxlaya bilmədi, yəni ənənəvi təzyiq rıçaqını itirdi, birinci isə Rusiyasızlıq mühitində heç bir üstünlük qazanmağı bacarmadı. Qarabağdakı Rusiya sülhməramlıları necə lazımsız bir qruplaşmaya çevrildilərsə, eyni aqibəti Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində dayanmış mülki müşahidə missiyası da yaşadı. Mis-ssiyanın üzvləri də ermənilər üçün pampers daşımaqdan başqa heç nə gerçəkləşdirə bilmədilər.
Hazırda qətiyyətlə demək olar ki, Qərbin və Rusiyanın bir-birindən ayrı şəkildə “erməni sevdası” naminə həyata keçirdiyi “pampers diplomatiyası” iflasa uğrayıb. Lakin Cənubi Qafqaz uğrunda mübarizə səngiməyib. Azərbaycan öz prinsiplərinə sadiqdir. Yəni ölkəmiz Naxçıvana maneəsiz – heç bir gömrük və sərhəd nəzarəti olmayan yol məsələsində israrlıdır. Bu, məğlub dövlət kimi Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Öhdəliyin icrası məsələsində Moskvanın mənafeyi baxımından bir məqam var ki, o da Naxçıvana yolda təhlükəsizlik nəzarətinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsidir. Hazırda məhz bu, Kremli Cənubi Qafqazda tutacaq, kifayət qədər, ciddi amildir. Ancaq Ermənistan və havadarları yolun açılmasına imkan vermirlər, “Dünyanın kəsişməsi” ideyasını ortaya atırlar, erməni avantürizmi üçün mənəvi, iqtisadi və siyasi dividend qazandırmaq istəyirlər. Nəticə etibarilə, tranzit ölkəyə çevriləcək Ermənistanın Rusiyadan asılılığını heçə endirmək yolu tuturlar. Əlbəttə ki, güclü Ermənistan Azərbaycana təzyiq alətlərinin əldə saxlanılması baxımından da vacibdir. Bakının belə bir gedişata razılıq verməyəcəyi isə gün kimi aydındır.
***
İndi isə bilavasitə mövzuya keçək. Bəli, vurğuladıqlarımız fonunda onu deyə bilərik ki, Azərbaycan dövləti prinsiplərində sadiq olduğuna görə kollektiv Qərb, daha doğrusu, onun başlıca aktorları olan ABŞ və Fransa “Artsaxı” diriltmək” oyununa baş vururlar. Yəni “ənənəvi” yolla gedirlər. Özlərini elə aparırlar ki, sanki Qarabağdakı qondarma rejim “sağdır”. Separatçıların tör-töküntülərinin ABŞ Konqresinə dəvət olunmaları, orada “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirlərin təşkilindən məqsəd, obrazlı desək, ölünü diriltməkdir. Zəncirin daha bir halqası kimi ABŞ-nin və Fransanın hökumət qurumlarının, parlament instansiyalarının və vətəndaş cəmiyyəti institutlarının Qarabağ ermənilərinə dəstək ritorikasına hesablanmış çoxsaylı təşəbbüsləri də vurğulanmalıdır. Təsəvvür edin ki, Birləşmiş Ştatların stajlı ermənipərəstləri olan konqresmenlər - Frank Pallone, Anna Eshoo, Gabe Amo, Joyce Beatty, Cim Costa, Josh Gottheimer, Doug LaMalfa, Seth Magaziner, James McGovern, Grace Meng, Kevin Mullin, Qreys Napolitano, Eleanor Holms Norton, Jan Schakovski, Linda Sanchez, Brad Sherman, Dina Titus və Lori Trahan tərəfindən “Artsax Gəlirlərinin Bərpası Aktı”nı gündəmə gətirilir. Əlbəttə, yağışdan sonra çıxmış göbələkləri xatırladan bu şəxslər öz başlarına hərəkət etmirlər. Onlar Prezident Co Bayden administrasiyasının təlimatları əsasında ortaya atılırlar. ABŞ-nin aparıcı piar şirkətlərinin Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilmələri də planın tərkib hissəsidir.
Ayrıca vurğulayaq ki, yuxarıda adları çəkilən şəxslərin Azərbaycana qarşı mübarizə tədbirləri Bayden administrasiyasının ölkəmizə şantajıdır. Çünki pallonelərin barəsində söz açdığımız “qanunvericilik təşəbbüsü” Azərbaycanın suveren aktivlərinə sahib olan Birləşmiş Ştatların bütün maliyyə institutlarının, bu aktivlərlə əlaqədar ölkənin Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermək məsuliyyətini müəyyənləşdirir. “Plana” görə, 60 gün ərzində Prezident həmin aktivlərlə əməliyyatları bloklamalı, bundan sonra isə 90 gün ərzində onlara həbs qoyulmalıdır. Müvafiq olaraq, “Artsax Gəlirlərinin Bərpası Fondu” deyilən qondarma qurum formalaşdırılır. Bu fond ölkəmizin müsadirə edilmiş aktivlərini alır və daha sonra həmin vəsaitlər əsasında Azərbaycanın “hərbi hücumu nəticəsində” əmlakını, biznesini və iş yerlərini itirmiş, “Artsaxdan” didərgin düşmüş ermənilərə təzminat verilir.
Göründüyü kimi, ortada son dərəcə iyrənc və namərd plan var. ABŞ başda olmaqla, kollektiv Qərb “Artsax”ı belə bərpa etməyi düşünür. Heç şübhəsiz ki, söhbət bilavasitə əmlakını, biznesini və iş yerlərini itirmiş Qarabağ ermənilərinə yardımdan getmir. Məqsəd Ermənistanı silahlandırmaqdır və bunu Azərbaycanın hesabına gerçəkləşdirmək kimi məkrli oyuna baş vurulur. Mövcud “trayektoriyada” “Artsax”a hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi də nəzərdə tutulur, “köçkün ermənilərin” haqqında söz açdığımız fonddan təzminat almaq üçün müraciətinə imkan yaradan sadələşdirilmiş mexanizmin tətbiqindən də. Üstəlik, “Fredoom House” və digər özünü “sülh qaranquşu”na oxşadan qurumların Qarabağ ermənilərinin hüquq və azadlıqları məsələsində hazırladıqları “hesabatlar”, həmçinin Avropanın stajlı ermənipərəstlərindən olan fransız parlamentari Natali Luazonun “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi günü”nün Avropa Parlamentində qeyd edilməsinə dair təşəbbüsü də var. Siyahını daha bir ermənipərəst ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) şefi Samanta Pauerin “USAID araşdırması, ermənilərin Qarabağdan kütləvi köçü” bəyanatı, ümumən onun başçılıq etdiyi qurumun Ermənistana dəstəyi ilə də davam etdirə bilərik. Bunlar Qərbin son zamanlardakı aktiv anti-Azərbaycan fəaliyyətinin mühüm tərkib hissəsiləridir.
Bəli, Cənubi Qafqazdakı erməni avantürizmini saxlamaq naminə bütün imkanlardan məhrum duruma düşmüş kollektiv Qərb hazırda yuxarıda sadaladığımız məkrli oyunlara baş vurur. Bununla yanaşı, ABŞ və Fransanın Ermənistanı silahlandırmasından, habelə fransız lisenziyalı Hindistan silahlarının İrəvana verilməsindən də xəbərdarıq. Hələ Ermənistanı ayaqda saxlamaq naminə daha bir məkr və riyakarlıq var. Söhbət İrəvana anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq, böyük gəlirlər əldə etmək üçün imkanın yaradılmasından, ona Vaşinqtondan və Parisdən irimiqyaslı iqtisadi yardımların edilməsindən gedir. Görünür, Qərb Ermənistanı Üçüncü Qarabağ müharibəsinə hazırlamaq məqsədi güdür. Bu, ölkənin düşdüyü illüziya bataqlığındakı yerini xeyli möhkəmləndirir. Diqqət yetirək, son günlər baş nazir Nikol Paşinyanın komandasında yer alan şəxslər dillərinə “Dağlıq Qarabağ” ifadəsini almağa, “etnik təmizləmədən” danışmağa başlayıblar.
Sonda bir daha əvvəldə gəldiyimiz nəticəni təkrarlayaq – kollektiv Qərb Cənubi Qafqazda anti-Rusiya dalğasını genişləndirmək, Moskvanı bölgədən tamamilə sıxışdırmaq, ən əsası isə Azərbaycana təzyiq üçün otuz ilə yaxın müddətdə istifadə etdiyi “erməni kartını” onun avantürist mahiyyəti ilə birgə bərpa etmək, müvafiq olaraq, Qarabağla bağlı erməni iddialarını aktiv saxlamaq məqsədinə hesablanmış “fəaliyyət” gerçəkləşdirir. Ermənistan bu oyunda həmişəki kimi alətdir. Baş nazir Nikol Paşinyan son dövrlərdəki çıxışlarında erməni dövlətçiliyindən, onun qorunub saxlanılmasından və sair bu sayaq məsələlərdən dəm vurur. Müasir erməni varlığı üçün dövlət anlayışının Qarabağ iddiası üzərində qurulduğu reallığını və həmin reallığın ölkəyə hansı dəhşətləri yaşatdığını yada salaq. Görünür, Ermənistan keçmişin dərslərindən nəticə çıxarmır, yeni fiaskoya doğru addımlayır. Ancaq baş nazir Paşinyan administrasiyasının üzvləri böyük oyunlarda alətə çevrilməklə, odla oynadıqlarının fərqinə varmayacaq qədər iflic və rəzil durumdadırlar. Onlar 44 günlük müharibənin, bir ili tamam olmuş lokal xarakterli antiterror tədbirlərinin erməni qövmü üçün yaşatdığı fəlakətin miqyasının daha böyük olacağını düşünmürlər. Necə də düşünsünlər? Axı ermənilər üçün dövləti başqaları yaradıb. Məsələyə mövcud prizmadan yanaşsaq, başqalarının həmin dövləti məhv etmələrində məntiq və qanunauyğunluq var. Bu məntiq və qanunauyğunluq fonunda Qərbin, Rusiyanın, hətta İranın öz oyununun olması reallığını düşünsək, tam əminliklə deyə bilərik ki, hazırda Paşinyan və komandası ölkəni tamamilə məhv aqibətinə doğru daşıyır. Özü də olduqca inamlı tərzdə.
Ə.CAHANGİROĞLU
XQ