Amma ona “gözün üstə qaşın var” deyən yoxdur
Ermənistanda iqtidarlar dəyişsə də, ölkənin ikibaşlı siyasət yürütməsi, necə deyərlər, eyni vaxtda iki stulda əyləşmək ənənəsi dəyişməz olaraq qalır. Yeni gələnlər sələflərini əksər məsələdə tənqid etsələr də, burada əvvəlki dəst-xəttə sadiqdirlər. Söhbət Ermənistanın həm nüvəsində Rusiyanın dayandığı Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarda təmsil olunmasından, həm də ABŞ, Fransa və Avropa İttifaqı başda olmaqla Qərb ölkələri və təsisatları ilə sıx əməkdaşlıq etməsindən gedir.
Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinə, eləcə də 3 il sonrakı lokal xarakterli antiterror tədbirlərinə Rusiyanın beynəlxalq hüquqa uyğun münasibətindən narazı qalan rəsmi İrəvan bir müddət adları yuxarıda qeyd olunan qurumların yüksək səviyyəli tədbirlərində iştirak etməkdən yayındı. Ancaq bu təşkilatları da tərk etmədi. Nikol Paşinyan ölkəsinin iqtisadiyyatının Rusiyadan asılılığını nəzərə alaraq, nəticələri fəlakətli ola biləcək addımlar atmaqdan çəkindi. Son iki ildə isə Ermənistanın iqtisadi göstəricilərində, ələlxüsus Rusiya ilə xarici ticarət dövriyyəsində nəzərəçarpan artım müşahidə olunur.
Ölkələr arasında ticarət dövriyyəsinin həcmində ciddi artımın qeydə alınmasını rəsmi şəxslər də təsdiqləyirlər. 2024-cü il sentyabrın 14-də İrəvanda keçirilən Rusiya–Ermənistan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında çıxış edən Rusiya baş nazirinin müavini, komissiyanın həmsədri Aleksey Overçuk bildirmişdi ki, cari ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14-16 milyard dollara çata bilər. Yəni iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2022-ci ildəki 2,6 milyard dolları müqayisədə 6 dəfə artacaq. İxrac əməliyyatları isə 2023-cü ildə 841 milyon dollardan 3,4 milyard dollara yüksəlib. Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və bütün sahələri əhatə edir: “2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb. 2024-cü ilin ilk altı ayında bu rəqəm artıq 8,4 milyard dolları keçib. Müqayisə üçün qeyd etmək istərdim ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib. Hazırkı rəqəmlər qarşılıqlı ticarətin sürətli artımını göstərir”.
Qeyd edək ki, Ermənistanın relyefi əsasən dağlıqdır. Ölkə ərazisinin 90 faizdən çoxu dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir. Ərazisində müxtəlif əlvan metal yataqları olsa da, Ermənistan neft-qaz, dəmir filizi, daş kömür kimi faydalı qazıntı yataqlarından məhrumdur. Bu mənada Rusiyanın real iqtisadiyyatdan məhrum bir ölkə ilə ticarət dövriyyəsinin həcminin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycanla ticarət dövriyyəsinin həcmindən az qala üç dəfə çox olması təəccüb doğurur. Burada da kələfin ucu yenə gedib İrəvanın həm Qərblə, həm də Rusiya ilə oyun oynamasının üstünə çıxır. Rusiya ilə qarşılıqlı ticarətdə qeydə alınan sıçrayış Ermənistanın Ukrayna müharibəsi ilə əlaqədar şimal qonşumuza tətbiq edilən beynəlxalq sanksiyalardan yayınaraq Moskva ilə təkrar ixrac (reeksport) əməliyyatlarını davam etdirdiyini əyani şəkildə göstərir. Amma İrəvan üzərində nəzarəti Kremldən alaraq öz əlində cəmləşdirmək istəyən Qərb onun qadağalarına qətiyyən əhəmiyyət verməyən əlaltısının bu cür iqtisadi “zarafatlarına” israrla göz yumur.
Sözdə Cənubi Qafqazda sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bildirən həmin Qərb Ermənistana anti-Rusiya sanksiyalarından yan keçməyə və müvafiq olaraq böyük gəlirlər əldə etməyə imkan yaradır. Bundan əlavə, ABŞ və Fransadan Ermənistana böyük iqtisadi yardımlar edilir. Bu da məqsədyönlü siyasətdir. Məqsəd Qarabağ problemini yenidən, necə deyərlər, canlandırmaq və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Bütün bunlar onsuz da revanşist əhval-ruhiyyədə olan Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan “Dağlıq Qarabağ”dan daha çox danışmağa başlayıb. Ölkənin xarici işlər nazirliyinin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinin birinci ildönümünə dair yaydığı bəyanatda hamının gözü qarşısında baş vermiş hadisələr “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilmişdi. Həmçinin ölkənin baş naziri də “etnik təmizləmə”dən danışır. Görünən odur ki, Ermənistan ötən il antiterror tədbirləri ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulduğu və Ermənistanla sülh danışıqlarının aparıldığı bir vaxtda Qərb bu proseslərə dəstək vermək əvəzinə, yenidən prosesləri tam fərqli səmtə yönəltməyə çalışır. Onun sözlərinə görə, bu, əslində gözlənilməz deyil. Çünki Cənubi Qafqazda erməni dövlətinin yaradılması hazırda BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 5 dövlətdən dördünün bu və ya digər şəkildə iştirakı ilə baş verib: “1918-ci ildə bölgədə ermənilər üçün dövlət quran, sonra isə Zəngəzuru iki yerə bölərək onun qərb hissəsini Ermənistana verən, Qarabağda ermənilər üçün muxtar vilayət yaradan həmin beynəlxalq subyektlər indi də anti-Azərbaycan siyasəti yürütməyə, bölgədə özlərini çirkin maraqlarını təmin etməyə davam edirlər. Azərbaycanın Ermənistana sülh təklif etdiyi bir zamanda məğlub və işğalçı ölkəyə silah satmaq, onunla hərbi-texniki əməkdaşlığı gücləndirmək təbii ki, sülhə yox, yeni müharibəyə xidmət edən əlamət kimi qəbul olunmalıdır. XXI əsrdə işğalçı siyasət yürüdən ölkənin bəzi Qərb dairələri tərəfindən mükafatlandırılması, bütövlükdə, dünyadakı proseslər üçün çox pis örnəkdir”.
Z.Məmmədov qeyd etdi ki, bu az imiş kimi ölkəmiz Qarabağın dağlıq hissəsində “etnik təmizləmədə” suçlanır, kimlərsə öz müqəddəratını təyinetmə məsələsini yenidən gündəmə gətirir. Ermənistana nəinki müdafiə, hücüm xarakterli silahlar və hərbi texnika verilir. Avropa Sülh Fondu kimi fondlar vasitəsilə Ermənistan dövlətinə maliyyə yardımları da davam edir.
Bəs belə olan təqdirdə Azərbaycan nə etməlidir? Bu sualı da cavablandıran politoloq bildirdi ki, əsas prioritet ordu quruculuğuna böyük diqqət ayrılması, müdafiə qüdrətimizin daha da artırılması olmalıdır: “Biz bu gün görürük ki, Ermənistan nəinki silahlandırılır və böyük maliyyə vəsaitləri əldə edir, eləcə də ayrı-ayrı ölkələrin qanunverici və icraedici orqanlarında anti-Azərbaycan ritorikası geniş vüsət alır. Bütün bunların səbəbi Bakıya təzyiq etmək, suveren hüquqlarımızı məhdudlaşdırmaq və sözsüz ki, bölgədə öz maraqlarını həyata keçirməkdir. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi də bu aylar ərzində özünü adekvat aparmaq əvəzinə danışıqlar prosesini uzatmaqla məşğul oldu. Aydın görünür ki, İrəvan bu il sülh müqaviləsinin imzalanmasında maraqlı deyil”.
Müsahibimiz qeyd etdi ki, Ermənistanda “Dağlıq Qarabağ” haqda daha çox danışılmağa başlanılması, ölkənin xarici işlər və baş naziri tərəfindən “etnik təmizləmə” ifadələrinin işlədilməsi, əsas qanunun dəyişdirilməməsi, ATƏT-in Minsk qrupu ilə bağlı tələbin yerinə yetirilməməsi bölgədə yeni müharibə potensialının və riskinin kifayət qədər artdığını göstərir: “Gələn ildən başlayaraq şərti sərhəddə vəziyyətin daha da gərginləşməsi müşahidə oluna bilər. Əvvəlcə Zəngəzur bölgəsinə mülki missiya adı altında kəşfiyyatçıları gətirən Avropa İttifaqı və ABŞ bölgə uğrunda Cənubi Qafqaza qonşu olan dövlətlərlə mübarizədə vahid ssenari üzrə hərəkət etdiklərini ortaya qoydular. Bu, əlbəttə, Fransa və ABŞ-nin Ermənistanla ortaq planıdır. Rəsmi İrəvanın apardığı siyasət Cənubi Qafqazda yeni gərginlik ocağının yaranması ehtimalını yüksəldir. Amma hər kəs, xüsusilə Ermənistanın arxasında dayananlar bilməlidirlər ki, Azərbaycanı heç bir qüvvə öz yolundan döndərə bilməz”.
Onu da qeyd edək ki, bir neçə gün öncə Azərbaycan qeyri-hökumət təşkilatları ABŞ və Aİ-də Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıblar. Məktubda deyilir: “Biz – Azərbaycanın qeyri-hökumət təşkilatları Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahatlığımızı ifadə etmək üçün sizə müraciət edirik. Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qarşısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir”.
Bildirilib ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Aİ və ABŞ tərəfindən Rusiyaya tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanmaqdadır.
Ermənistanın özü kimi ikiüzlü və riyakar siyasət yürüdən bəzi Qərb ölkələrinin Bakıdan ucalan etiraz sədasına, rəsmi İrəvanın sanksiya siyasətinə məhəl qoymamasına necə reaksiya verəcəyi maraq doğurur. Onlar, nəhayət, maskalarını çıxarıb atmalı, gerçək simalarını ortaya qoymalı və ikibaşlı oyun oynamağı dayandırmalıdırlar. Çünki su çanağı suda sındığı kimi onların oyunu da bir gün himayə etdikləri dövlətin başında çatlayacaq. Ən azı yaxın keçmişin təcrübəsi bundan xəbər verir.
Səxavət HƏMİD
XQ