Yaxud ABŞ Dövlət Departamenti ermənipərəst “orkestrin dirijoru” rolunda
Bu qədərini gözləmirdik. Çox uzaqlara deyil, ötən bir ilə nəzər salanda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına hamıdan çox canfəşanlıq göstərən, bu məqsədlə Vaşinqtonda, Virciniyada, Brüsseldə üçtərəfli görüşlərin təşəbbüskarı olan, Bakıya xarici diplomatiya idarəsindən ən yüksək səviyyədə telefon zənglərinə ara verməyən, eyni zamanda, bu qurumun rəsmi nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən Vaşinqton indi birtərəfli yanaşma, ikiüzlü siyasət nümayiş etdirir.
Söhbət özünü dünyanın “super gücü” hesab edən ABŞ-nin Dövlət Departamentindən gedir.
Artıq əmin olmağa başlamışıq ki, sülh danışıqları pərdəsi altında Ağ ev Cənubi Qafqazda yeni müharibəyə təkan vermək siyasəti yürüdür. Əgər belə olmasaydı, qısa fasilədən sonra ABŞ Dövlət Departamenti Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasına bu qədər maraq göstərməz, sülh müqaviləsinin tez bir zamanda imzalanmasına təkid etməzdi.
Sentyabrın 16-da ABŞ-nin Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışarkən Vaşinqtonun Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylər göstərməyə hazır olduğunu bir daha bildirib: “Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regiona təhlükəsizlik və rifah gətirmək qabiliyyətinə inanır, davamlı və ədalətli sülh sazişinə nail olmaq üçün səyləri dəstəkləyir. Tərəflər sazişin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Birləşmiş Ştatlar bu razılaşmaya sadiq qalır”. Çox yaxşı. Necə deyərlər, avazı yaxşı gəlir, təki oxuduğu Quran olsun.
Bəs, ABŞ Konqresində Azərbaycanın “Qarabağa qarşı təcavüz” aktının müzakirəyə çıxarılması siyasəti nədən xəbər verir? Artıq gizlədilməsi mümkün olmayan fakt ondan ibarətdir ki, Vaşinqton Ermənistanın köməyi ilə Cənubi Qafqazda yenidən gərginlik ocağı yaratmağa hesablanmış Qərb ssenarisinin həmmüəllifi və icraçısı rolunda çıxış edir. Dövlət Departamentinin anti-Azərbaycan bəyanatlarının Ermənistanın fəal şəkildə silahlanması fonunda ikiüzlülükdən başqa adı yoxdur. Və bu ikiüzlülük “demokrat” qılafı altından edilir. Bəli, hansı cinahdan baxsaq görürük ki, Dövlət Departamenti anti-Azərbaycan çağırışlarının üfürüldüyü ermənipərəst orkestrin dirijoru rolunda çıxış edir. Vaşinqton bir yandan bəyan edir ki, “Birləşmiş Ştatlar Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirmək suveren hüququna hörmət edir”, digər yandan isə İrəvanın militarist siyasətini, Fransa, Avropa İttifaqı ilə birlikdə onun silahlanmasını dəstəkləməklə heç də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına “töhfə” vermir.
“Kollektiv Qərb”in Ermənistana maliyyə yardımını artırmasına gəlincə, bu zaman qeyd olunur ki, guya ABŞ-nin yardımları müstəsna olaraq bu ölkənin demokratikləşməsinə, iqtisadi inkişafına dəstək olmaq, onun regional iqtisadiyyata inteqrasiyasını gücləndirmək, ticarətini şaxələndirmək və mənfi təsirlərə qarşı dayanıqlığını artırmaq məqsədi daşıyır. Gəlişigözəl tezislərdir. Ümumi və mücərrəd siyasi məntiqlə formulə edilmiş bu izahların fonunda Ağ ev Azərbaycana qarşı qaraguruhun fəallaşdığı Konqresdə “Dağlıq Qarabağ” mövzusunu gündəmə gətirənlərə, dolayısı ilə, dəstək verməklə yenə ikiüzlülük edir. Üstündən bir qədər keçəndən sonra ABŞ xarici siyasət idarəsinin aşkar görünənləri təkzib etməyə, Bakı ilə öz günahından pozulacaq münasibətləri “malalamağa” çalışacağı da istisna edilmir. Yaxın keçmişdə bir neçə dəfə bunun şahidi olmuşuq,
Oxuculara onu da xatırladaq ki, üç ay bundan əvvəl, iyunun 21-də İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı zamanı ABŞ Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesini dəstəkləməyə davam etmək əzmini ifadə etmiş, tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa çağırmışdı. İntəhası, Vaşinqton bu çağırışı edərkən, Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlı Azərbaycanın haqlı tələbini kənara qoymağa çalışır. Doğrudan da, Dövlət Deparamenti sülh prosesi ilə bağlı özünün məlum açıqlamalarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını saxlayan Ermənistanın əsas qanununa yenidən baxılması zərurətini heç vaxt yada salmayıb. Bəlkə Vaşinqton Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistana konstitusiyaya dəyişiklik şərtini qəbul etmədən sülh müqaviləsinin imzalanmasında öz yardımını vəd edib?
Münaqişənin həllinə bu cür yanaşma, təbii ki, Bakının maraqlarına kökündən ziddir. Prezident İlham Əliyev amerikalı diplomatlara İrəvanla sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının məhz bizim ölkə olduğunu xatırlatmaqla yanaşı, onun imzalana biləcəyini də açıq şəkildə bildirib. Amma Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından imtina etməsi şərti ilə. Dövlət başçısı bu zaman ATƏT-in Minsk qrupunun ləğvinin vacibliyini də bəyan edib. Başqa sözlə, Azərbaycan lideri Ağ Evin nəzərinə açıq şəkildə çatdırıb ki, sülh müqaviləsinə nail olmaq yalnız o zaman mümkündür ki, Ermənistan Azərbaycanın bu iki tələbini yerinə yetirsin.
Amma biz son vaxtlar nəyi müşahidə edirik? Ermənistan hakimiyyəti Azərbaycanın tələblərinə əməl etməyə tələsmir, sülh sazişi ilə bağlı bir-birini təkzib edən, avantürist açıqlamalar verir. Ola bilsin ki, rəsmi İrəvan ABŞ-nin Bakıya təzyiq göstərəcəyi və sülh sazişinin özünün arzuladığı variantda imzalanmasını sürətləndirəcəyi ümidi ilə məlum tələbləri yerinə yetirməkdən yayınır. Başqa bir məqam Vaşinqtonun Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin məhz özünün iştirakı ilə imzalanmasında maraqlı olmasıdır. Burada artıq altməqsəd, sadəcə, iki ölkə arasında sülhə nail omaqla məhdudlaşmır, bölgədə özünün dominantlığını təmin etmək planları güdülür. İrəvanı Azərbaycanın ədalətli tələblərini yerinə yetirməyə inandırmaq əvəzinə, onu hərbiləşdirmək, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəni daha da qızışdırmaq həmin planın tərkib hissəsi sayıla bilər.
* * *
Hər şeydən göründüyü kimi, ABŞ Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq məqsədindən xeyli uzaqdır. Elə son vaxtlar Ağ ev və Dövlət Departamenti rəsmilərinin səs-küylü çağırışları və bəyanatlarının bəzi hallarda ziddiyyət təşkil etməsini də ictimai rəyi əsas məqsəddən yaynıdırmaq taktikası kimi qəbul edə bilərik. Bununla bağlı Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bu yaxınlarda keçirdiyi brifinqi xatırlatmaq yerinə düşər. “Biz həmişə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü keçirmək üçün imkanlar axtarırıq. Biz hər iki ölkənin davamlı və ləyaqətli sülh razılaşmasına nail olmaq səylərini dəstəkləməyə davam edirik” – deyən Miller “sülh sazişinə doğru əhəmiyyətli irəliləyişin” olduğunu vurğulamağı unutmayıb. Bu irəliləyişin nədən ibarət olduğunu açıqlamayan amerikalı diplomatın pafoslu nikbinliyi real vəziyyətlə uyğun gəlmir. Əlahəzrət fakt isə inadkar şeydir. O deyir ki, Vaşinqton birbaşa və müttəfiqləri vasitəsilə Ermənistanı nəinki intensiv şəkildə silahlandırır, həm də öz hərbi kontingentini Zəngəzurda yerləşdirmək istiqamətində konkret addımlar atır. Bu, ayrı yazımızın mövzusu olacaq. Bir sözlə, əgər Bayden administrasiyasına Cənubi Qafqazda real sülh lazım olsaydı, İrəvanı Bakı ilə sülhə gəlməyə çoxdan məcbur etmişdi. Vaşinqtonun bundan ötrü kifayət qədər təsir və təzyiq rıçaqları var. Ermənistana gəldikdə isə, onu “maşaya” çevirən müvəqqəti himayədarlarının sifarişilə gözübağlı hərəkət etmək əvəzinə, Azərbaycanla münasibətləri yoluna qoymalı, bununla da dövlətçiliyini real təhlükədən xilas etmək barədə düşünməlidir. Paşinyan komandası regionda gərginliyin artmasının İrəvana yaxşı heç nə vəd etmədiyinin də fərqində olmalıdır.
Nə ABŞ-ni, nə də Fransanı Ermənistanın taleyi maraqlandırır. Vaşinqtona Bakının deyəcəyi budur ki, ABŞ-nin Əfqanıstanda apardığı əməliyyatlar zamanı olduğu kimi, yenə də, o, Azərbaycanın köməyinə ehtiyac duyacaq. Bax, onda Bakı həmin müraciətə cavabı üzərində düşünməli olacaq...
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
Açığını deyim ki, hazırda tam anti-amerikan mövqedən çıxış etməyin tərəfdarı deyiləm. Birincisi, əgər seçkiləri respublikaçılar qazansalar, Ağ evin siyasətində müəyyən dəyişiklik baş verəcək. Bu yeni hökumətlə işləməli olacağıq. Ortada tarixi reallıq da var. Misal üçün, ötən əsrin 90-cı illərinin əvvəllərində biz ABŞ-nin dəstəyi sayəsində transmilli neft və qaz layihələrini həyata keçirdik. Azərbaycanın iqtisadiyyatının, o cümlədən ordusunun inkişafı və güclənməsi məhz enerji daşıyıcılarının satışından əldə edilən gəlirlərə əsaslanır.
Söhbət Demokrat Partiyası ilə Azərbaycana qarşı işləyən, erməni lobbisinin təsiri altında olan qüvvələrdən gedir. Bunları da ümumiləşdirmək olmaz. ABŞ-də bizi dəstəkləyən qüvvələr də var. Tənqidimizin hədəfi həmin demokratların içində kök salmış anti-Azərbaycan, ermənipərəst qüvvələr, xüsusilə, USAID və Konqres olmalıdır. Doğrudur, respublikaçıların içində də bədxahlarımız mövcuddur.
Bəlkə də erməni lobbisi Azərbaycanın ABŞ-lə münasibətlərinin tamamilə pozulmasına çalışır. Bizə qarşı hansısa sanksiyaların müzakirəsinə başlanması da buna xidmət edir. Deyə bilərik ki, “907-ci əlavə” yenidən qüvvəyə minib. O fikirlə razıyam ki, bütün bunlar rəsmi Vaşinqtonun bölgəyə ikili standartla yanaşmasının göstəricisidir. Bəli, buna xüsusi diqqət yetirməliyik. Amma, eyni zamanda, ABŞ ilə əməkdaşlığı davam etdirmək lazımdır. Geosiyasi baxımdan, hələ ki, dünyanın supergücü Amerikadır. Elə Türkiyədə baş verən hadisələrə diqqət yetirsək, qardaş ölkənin iqtisadiyyatının düşdüyü duruma baxsaq, səbəbin məhz ABŞ–Türkiyə münasibətlərinin pozulması olduğuna şübhə etmərik. Əlbəttə, Ankaranın buraxdığı bəzi səhvləri də qeyd etmək şərtilə...
İmran BƏDİRXANLI
XQ