“Sülh müqaviləsinin imzalanması münaqişəni həll etmək üçündür.Məqsəd regionda sülhün və sabitliyin, gələcəkdə isə Azərbaycanla qonşuluq münasibətlərinin tənzimlənməsidir”.
Bu cür nikbin açıqlama ilə Ermənistan parlamentinin komitə sədri Sərkis Xandanyan çıxış edib. O, ilk baxışda praqmatik təsir bağışlayan bu fikirləri parlamentdə düzənlədiyi mətbuat konfransında erməni jurnalistin “Qarabağ məsələsi”nin sülh müqaviləsinə salınıb-salınmayacağı barədə təxribatçı sualı cavablandırarkən deyib. Xandanyan rəsmi İrəvanın “Qarabağ məsələsi”nə münasibətini konkret bu cür formulə edib: “Nə iddiamız var, nə də deyəcək sözümüz”.
Komitə sədri media vasitəsilə erməni ictimaiyyətinin nəzərinə onu da çatdırıb ki, Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur: “Sülh müqaviləsinin mətnində ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi təsbit olunub”.
Ardınca baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmədiyi barədə bəyanatına toxunan Xandanyan bunları bildirib: “Mən də hesab edirəm ki, bu şərtlər daxilində Qarabağ ermənilərinin geri qayıtmaları real deyil. Düşünmürəm ki, bu məsələni indiki məqamda, həm də ictimaiyyətlə müzakirə edə bilərik”.
* * *
Mətbuat konfransında yaddaqalan epizodlardan biri də Sərkis Xandanyanın jurnalistin Ermənistan hakimiyyətinin ləğv edilmiş separatçı rejimi “33-cü ildönümü” ilə bağlı niyə “təbrik” etməməsi barədə avantürist sualına verdiyi qısa cavabı olub: “Bu məsələ ilə bağlı deyiləcək bir söz olsaydı, deyilərdi”.
Razılaşın ki, olduqca dəqiq və məntiqi cavabdır. Doğrudan da, istər Qarabağ, istərsə də onun sərhədimizin o tayında separatçı rejimlə bağlı məsələlər özünün hüquqi həllini tapıb və buradan sözün qurtardığı məqam başlayır. Bəli, gec-tez, konkret əməl əsassız sözün meydanını bağlayır. İndi hayların Azərbaycanla sülhə gələrək qarşıdakı daha ağır aqibətdən qurtarmaq üçün ciddi düşünməli olduqları mərhələdir.
“Avropa İttifaqının ərazimizdəki mülki missiyası məsələsi Ermənistan və Aİ arasında müzakirə mövzusudur. Amma sülh müqaviləsi imzalandıqdan sonra mülki monitorinqin aparılmasına ehtiyac qalmaya bilər”. Xandanyan bu fikirləri rəsmi Bakının iki ölkə arasında sərhədlərinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin imzalamasının Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyətinin dayandırılması üçün əsas olması barədə bəyanatına münasibət bildirərkən söyləyib.
“Aİ müşahidəçiləri Ermənistan ərazisində yerləşdirilib və onlar sərhədin Ermənistan tərəfinə nəzarət edirlər. Buna görə Ermənistan və Aİ müşahidəçilərin fəaliyyətinin nə vaxta qədər və hansı heyətlə davam etməsinə qərar verməlidirlər” – deyən Xandanyan növbəti praqmatik açıqlaması ilə erməni jurnalistləri təəccübləndirib. O deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan, sərhədlərin delimitasiyası prosesi başa çatandan və bölgəyə möhkəm sülh gələndən sonra bəlkə də Aİ-nin mülki monitorinq missiyasına ehtiyac qalmayacaq.
* * *
Nəhayət, sülh sazişinin hansı platformada və kimin himayəsi ilə imzalana biləcəyi məsələsinə toxunan Ermənistan parlamentinin komitə sədri bu sualın açıq qaldığını nəzərə çatdırıb: “Ola bilər ki, saziş ikitərəfli formatda imzalansın, ola bilsin ki, üçüncü tərəfdaş ölkədə imzalansın. Bizim üçün bu variantların heç biri istisna edilmir. Sazişin imzalanması bizim üçün prioritetdir, dəyər verdiyimiz prinsipdir”.
Telekameralara az-az tuş gələn Sərkis Xandanyanın maraqlı açıqlamaları Ermənistan mediasında müzakirələrə səbəb olan əsas mövzulardandır. Onun rəsmi İrəvanın Qarabağla bağlı “idialarının və sözlərinin” qurtardığını bildirməsi isə sosial şəbəkədə hirsli reaksiyalara səbəb olub. Bu, o deməkdir ki, erməni cəmiyyəti reallığın gətirdiyi və deputatlarının dilindən səslənən həqiqəti hələ də həzm etməkdə çətinlik çəkir. Amma alternativ yoxdur. Söz haqqını itirənlərin aqibəti belə olur...
İ.HƏSƏNQALA
XQ