Fransa yeni casus şəbəkəsinin ifşasındanmı qorxur?

post-img

Rəsmi Parisin Azərbaycana “səyahət xəbərdarlığı” diplomatik bumeranqdır

Belə bir lətifə var. Günlərin birində keçmiş SSRİ-nin rəhbər şəxsləri ölkəni necə idarə etdikləri barədə fikir öyrənmək üçün Vladimir İliç Leninin ruhunu çağırmaq qərarına gəlirlər. Bunun üçün sehrbaz tapıb, “proletariatın liderinə” suallarını verirlər. Lenin cavab vermək üçün iki gün vaxt istəyir. Bir həftədən çox vaxt keçir, ancaq Vladimir İliçdən səs-soraq çıxmır.

Nəhayət, Lenini zirzəmilərdən birində qucağında pişiyi sığallayan yerdə tapırlar. SSRİ rəhbərləri suallarını təkrarlayanda bu cavabı alırlar: Siz ölkəni elə günə qoymu­sunuz ki, gərək, mən “podvallardan” baş­layım.

İndi Prezident Emmanuel Makronun Fransanı saldığı acınacaqlı durumu aradan qaldırmaq üçün gərək zirzəmilərdən başla­nılsın. Təsəvvür edin ki, dünyada demok­ratiyanın, mütərəqqi fikir və ənənələrinin beşiyi sayılan məmləkət özünün böyüklü­yünü unudaraq rəzil duruma düşüb. Onu da təsəvvür edin ki, Didro, Volter, Monteskyö, Taleyran, Şarl de Qoll və başqaları Fransa rəsmilərinin miskinliyini seyr edirlər. Heç şübhəsiz, hər birinin ruhu sızlayar. Onların Makrona hansı “ürək sözlərini” deyəcəklə­rini təxmin etmək elə də çətin deyil. 

Bəli, Fransa Azərbaycana qarşı qərəz kampaniyasından əl çəkmir. Əslində, buna qərəz də demək olmur. Çünki bir çox hallarda qərəzdə həyasızlıq element­lərinə rast gəlinmir. Rəsmi Parisin etdiyi isə tam həyasızlıqdır. Söhbət Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azər­baycana səyahətdən uzaq durmağa çağıran xəbərdarlığından gedir. Guya, ölkəmizdə Fransa vətəndaşları saxlanılırmış, hədəf götürülmüşdür. 

Diqqət yetirək, görək Azərbaycanda hansı fransız vətəndaşları saxlanılıb. Mə­lumdur ki, indiyədək yalnız Martin Rian adlı şəxs barədə bu ölçü tədbiri götürülüb. Fransa səfirliyinin iki əməkdaşı isə deport edilib. Səbəb bəllidir. Məsələ elə həmin M.Rianla bağlıdır. O Rianla ki, ötən ilin dekabrında Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. 

Bundan əlavə, digər Fransa vətənda­şı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi əmələ görə saxlanıldığı da mə­lumdur. Göründüyü kimi, ortada casusluq və terror əməli var. Yəni yaxın keçmişdə yaşananlar ölkəmizdə Fransa vətəndaşla­rının saxlanılması məsələsində başqa mo­tivin olmadığını göstərir. O zaman ölkə­mizin yenə bu sayaq xoşagəlməz durumla üzləşəcəyini ehtimal etmək mümkündür. Fikrimizi əsaslandırmaq üçün bir məqamın da üzərində dayanaq. 

Ötən ilin dekabrında M.Rianın saxla­nılması ilə yanaşı, daha bir fakt da diqqə­timizi çəkmişdi. Qərbin media orqanları uzun illər Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunduğu­nu yazmışdılar. Onlar hadisəni belə təs­vir etmişdilər: Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş bir fransız könüllü olaraq Azərbaycan hüquq-müha­fizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər ölkəmizdə xid­mət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarca Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, xüsusi xidmət orqanlarımıza Fransa rezidenturasının Cə­nubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Mol­dovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. İstintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata ke­çirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Qeyd edək ki, Qərb mediası Azərbay­can Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatını Fransa xüsusi xidmət orqan­larının son 50 ildəki ən böyük iflası və biabırçılığı adlandırmışdı. Yəni, sözümüz ondadır ki, Parisin ölkəmiz haqqında dest­ruktiv fəaliyyətinin mənzərəsi budur və məsələ barədə yazan bizim yox, Fransanın özünün də təmsil olunduğu Qərb mediası­dır. Bildirdiklərimiz barədə ölkənin hansı tip vətəndaşlarını Azərbaycanda rahat hə­yatın gözləmədiyini müəyyənləşdirmək o qədər də çətinlik törətmir. 

Deməli, belə qənaətə gəlirik ki, rəsmi Paris məhz özünün agentura şəbəkəsinə Azərbaycana getməmək çağırışı edir. O da mümkündür ki, Yelisey sarayında ölkənin növbəti agentura şəbəkəsinin ifşa olunaca­ğını bildiklərindən, bu cür sərsəm açıqla­ma yayırlar. Yayırlar ki, tutulacaq şəxslər rəsmi Bakının “avtoritar yanaşma tərzi” kimi qiymətləndirilsin. Necə deyərlər, qara məni basınca, mən qaranı basım. Yoxsa, sı­ravi fransız ölkəmizdə niyə saxlanılsın ki? 

Digər tərəfdən, Fransa vətəndaşla­rını Azərbaycanda təhlükə gözləyirsə, o zaman bu ölkənin nüfuzlu şirkətlərinin təmsilçiləri Bakıda nə gəzirlər? Yeri gəl­mişkən, Azərbaycanda 61 Fransa şirkəti var. Onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmət­lər və kənd təsərrüfatıdır. Ölkənin “Total” şirkəti isə Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsi layihəsində ( SOCAR –50 faiz və “Total” –50 faiz) və Şahdəniz layihəsində (10 faiz) iştirak edir. İndi necə olacaq, bu şirkətlərin çoxsaylı işçiləri ölkəmizi tərk edəcəklər? 

Bəlkə rəsmi Paris onların təhlükəsiz­liyi baxımından Azərbaycan Milli Məc­lisinin Beynəlxalq münasibətlər və parla­mentlərarası əlaqələr komitəsinin bu ilin yanvarındakı çağırışına həssas yanaşsın? Yeri gəlmişkən, həmin çağırış Fransanın davamlı anti-Azərbaycan fəaliyyətinə görə ölkəmizin hökumətinə edilmiş və sənəddə Fransaya qarşı sanksiyaların tətbiqi, fran­sız rəsmilərin Azərbaycandakı hər hansı aktivləri aşkar edildikdə, dərhal dondu­rulması, iqtisadi əlaqələrin dayandırılma­sı, “Total” da daxil olmaqla, bütün Fran­sa şirkətlərinin ölkəmizdən çıxarılması, həmçinin Fransa şirkətlərinin dövlətimizin sifarişi ilə həyata keçirilən layihələrdə işti­rakına yol verilməməsi kimi istəklər əksini tapmışdı. Bəlkə, bu istəkləri Azərbaycan hökuməti yerinə yetirsin? 

Bəli, Fransa Azərbaycanla bütün kör­püləri yandırır. Halbuki rəsmi Parisin ölkə­mizi birtərəfli hərəkətlərdə təqsirləndirmə­sinə baxmayaraq, ona qarşı addımlarımız və verdiyimiz rəsmi bəyanatlar yalnız cavab xarakteri daşıyıb. Yelisey sarayının davamlı qarayaxma kampaniyasına rəğ­mən, tərəfimizdən hər zaman dialoq qapı­ları açıq saxlanılıb. Görünür, başqa yol və yöntəm seçməyin zamanı gəlib. 

Ona görə ki, Fransanın ermənipərəst­liyi ənənəvi “qətnamə məntiqi”ndən çıxa­raq, daha fərqli məcraya qədəm qoyub. Artıq rəsmi Paris tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şen­gen zonasına səyahətləri zamanı süni ma­neələr, əngəllər törədilir. Eyni zamanda, Fransa ərazisində mövcud azərbaycano­fob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və ali diplomatik missiyamızın binasına zərər yetirilməsi, XIX əsr görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktları, bunun qarşısının alın­ması üçün tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə kampaniyasının tərkib hissələridir. Bütün bunlar həm də insan hüquq və azadlıqlarının pozulması təmayülüdür ki, mövcud məqamın Makron administrasiyasını qətiyyən düşündürmə­diyi gün kimi aydındır.

Fransanın Avropa və Xarici İşlər Na­zirliyinin xəbərdarlığındakı bir motivi vur­ğuladıq. Rəsmi Parisin ölkəmizdə daha bir casus şəbəkəsinin ifşası ehtimalı ilə yana­şı, qeyd edək ki, Makron administrasiyası Bakı–İrəvan sülh gündəminə də kölgə sal­mağı düşünür. Nazirliyin çağırışı Azərbay­canı beynəlxalq aləmin gözündən salmağa hesablanmış son dərəcə cılız hərəkətdir. Azərbaycan Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadənin bildirdiyi kimi, Ermənistanın geniş şəkildə silahlan­masını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımları sülhə xid­mət etmir.

Ən başlıca məqamlardan biri isə ölkə­mizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konf­ransının 29-cu sessiyasına (COP29) səd­rliyi və evsahibliyidir. Şübhə yoxdur ki, Fransanın həyasızlıq dolu qərəzi məhz bu mötəbər tədbirə də hesablanıb. Ermənistan hakimiyyəti, xaricdəki ermənipərəstlər, erməni lobbi və diaspor təşkilatları kimi, rəsmi Paris də çalışır ki, COP29 Bakıya dividend qazandırmasın, əksinə mənfi ça­larlarla yadda qalsın. Ancaq bütün bunların heç bir xeyri olmayacaq. 

Yazımızı A.Hacızadənin Fransanın əsas xarici siyasət idarəsinin açıqlamasına cavab kontekstindəki bir fikri ilə tamamla­yaq: “Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”.

Ə.RÜSTƏMOV
XQ

Siyasət