Vətən müharibəsinin fəlsəfəsi

post-img

X MƏQALƏ

Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu iş­ğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Milli birlik

“Milli birlik” anlayışı bir tərəfdən ay­dın məzmuna malikdir, digər tərəfdən isə fəlsəfi qavramaq istəsək, izah edilməli məqamları çoxdur. Ümumi mənada milli birlik cəmiyyətin bütün kəsimlərinin har­monik münasibətlərdə və tam həmrəylikdə olmasını ifadə edir. Onun kökü fərdi səviy­yədə milli duyğular və milli psixologiya, birgəyaşamın xüsusiyyətləri ilə bağlıdır. Bu faktorların nisbətinə görə, milli birlik cəmiyyətdən-cəmiyyətə fərqlənə bilər. Bundan başqa, milli birlik daxili və xarici sosio-mədəni, siyasi, iqtisadi, ideoloji və s.faktorlarla şərtlənir. Deməli, burada üç sə­viyyədə birliyi anlama qarşılıqlı əlaqədə özünü göstərir – fərdi anlam, kollektiv an­lam və hüquqi normalara uyğunluq.

Milli birlik, xüsusilə, mürəkkəb situasi­yalarda sınaqdan keçir və yeni məna çalar­ları ala bilir. Yəni, o, dinamik, açıq proses kimi mövcud durumlara millətin kollektiv formada verdiyi reaksiyadır. Burada ic­timai institutların əməkdaşlığı xüsusi rol oynayır. İctimai münasibətlər kontekstində baxdıqda isə onun müəyyən mərhələləri­ni ayırmaq olar. Bura konstitusiya, siyasi sistemin özünü daimi yaratması, siyasi və idarəetmə qərarlarının qəbulu və reallaşdı­rılması, siyasi sistemə nəzarət daxildir. 

Belə alınır ki, milli birlik cəmiyyətin istənilən situasiyada baş verən proseslərə elə kollektiv münasibətdir ki, toplumun bütövlüyü, əməkdaşlığı, harmoniyası və həmrəyliyi təmin edilir. Aydın görünür ki, vurğulanan anlamda milli birlik cəmiyyət, vətən və dövlət faktorun nisbətini əhatə edir. Bu üç əsas faktorların vəhdəti konk­ret tarixi dövrdə milli birliyin məzmunu­nu təşkil edir. Eyni zamanda, cəmiyyət –vətən – dövlət harmoniyasını yaradan mexanizmin mövcudluğu mütləqdir. 

Vətən müharibəsi və milli birlik 

Mürəkkəb situasiyalarda milli birlik cəmiyyət – vətən – dövlət münasibətlə­rində konkret təzahürünü tapır. Bu zaman birlik “sifarişi” cəmiyyətdən gəlməlidir. Yəni toplum özünün monolit surətdə bir­ləşib, təhdid və təhlükələrə qarşı durmasını bir tələbat olaraq qəbul etməlidir. Vətəni müdafiə məsələsində məhz bu toplumsal daxili canatma mütləq mövcud olmalıdır. Əks halda, ən səmərəli birlik modeli belə real nəticə vermir. 

Cəmiyyətin bu daxili “tələbatı və sifa­rişi”nin reallaşması üçün motivəedici və istiqamətverici ideologiya, mənəvi sistem gərəkdir. Azərbaycanda Vətən müharibəsi başlananda cəmiyyət həm bu tələbatı nü­mayiş etdirdi, həm də onun reallaşmasının ideoloji və bütövlükdə, mənəvi aspektini, sözün həqiqi mənasında, ortaya qoydu. Bu, Vətən sevgisi, azadlıq, müstəqil dövlətçi­lik və milli ləyaqət duyğularına asaslanan azərbaycançılıq idi! 

Azərbaycan vətəndaşları bu canatma­nı öz davranışlarında nümayiş etdirdilər. Onun bir neçə təzahür forması özünü göstərdi. Azərbacyan həm vətəndaş, top­lum və xalq olaraq dövlət başçısının Vətə­ni müdafiə etməyə yönəlmiş səslənişlərini cani-dildən qəbul etdi. Canlı şahidiyik ki, bütün cəmiyyət coşqu içində idi. Bu, cə­miyyətin liderinə, vətəndaşın dövlət başçı­sına və əsgərin Ali Baş Komandanına tam etibar və etimadının göstəricisi idi. Demə­li, Vətən müharibəsi bütün dünyaya sübut etdi ki, II Qarabağ savaşı onun milli, təbii, qanuni, mədəni və mənəvi-əxlaqi kimliyi­nin yaranmış mürəkkəb vəziyyətdə kon-kret təsdiqidir. 

Vətən müharibəsində, bu, olduqca mühüm məqamdır. Müqayisəyə ehtiyac vardır. Ermənistanda da müəyyən həvəs özünü göstərirdi. Müharibənin ilk 3 gü­nündə Azərbaycan Orudsunda (səbəbini bilmirəm) itki bir qədər çox olmuşdu. Qar­şı tərəfin hərbi rəhbərliyi bundan daha da ruhlanmışdı. Hətta, xaricdəki şovinist xis­lətli ermənilər bir qədər coşmuşdular. 

Saxta erməni vətənpərvərliyi

Lakin bu coşqunun möhkəm mənəvi, ideoloji və əxlaqi təməli yox idi. Çünki, o, nifrətə, qonşunu aşağılamağa, onun tarixini, dövlətçiliyini və mədəniyyətini qabalıqla oğurlamağa söykənirdi. Erməni əsgəri üçün elə bir ciddi və qalıcı moti­vasiya yoxdur ki, son damla qanına qədər torpaq uğrunda vuruşsun. Çünki qəlbinin dərinlərində bilir ki, bu torpaq onun deyil. Babaları onu kişi kimi savaşıb almamış­dılar. Bu torpaqları onlara ingilis, fransız və rus havadarları hədiyyə etmişlər. Buna görə də erməni bir əsgər olaraq haqlı ol­madığını təhtəlşüurunda bilirdi. Ona görə də Azərbaycan Ordusunun tezliklə özünə yeni çəki-düzən verməsi və qarşı tərəfə Vətəni qorumağın əsl mənasını anlatmağa başlayan andan erməni əsgərinin qorxaqlı­ğı özünü göstərdi. 

Nümunə kimi, savaşın gedişində er­məni tərəfin özünün və onun Avropa və Rusiyada olan ağalarının çəkdikləri savaş səhnələrini göstərə bilərik. Onlardan birin­də aydın görünür ki, 20 nəfərə yaxın “qəh­rəman erməni əsgəri” uzaqdan gördükləri 5-6 nəfərlik Azərbaycan komandosundan qorxaraq dovşan kimi qaçırlar. Sonradan Fransada yaşayan bir erməni şovinist bu kimi səhnələri şərh edərkən demişdi: “türk­lər (yəni azərbaycanlılar) elə gəlirdilər ki, görünüşləri qorxuya salırdı”.

“Məni də Vətənin müdafiəsinə aparın!”

Azərbaycan cəmiyyəti bu gerçəkliyi yaratdı və sona qədər inkişaf etdirdi. Sa­vaşın elə bir anı olmadı ki, Azərbaycan cəmiyyət kimi coşmasın, gənclərimiz hər­bi komissarlıqların qarşısında yaxşı məna­da “üsyan etməsin”. Tələb bir idi: “məni Vətəni qorumağa göndərin!” Şahidi oldu­ğum bir hadisəni dəyərli oxucularla bölüş­məkdən qürur duyuram. 

Binəqədi Hərbi Komissarlığına oğ­lumu əsgərliyə yola salmağa getmişdik. Orada iki gənc öz ataları ilə “savaşırdı”. Yaşda bir qədər böyük olan oğlan özünün minaatan olduğunu və müharibəyə aparıl­masını tələb edirdi. Ata da onunla razıla­şırdı. Lakin hərbin öz qanunları var – ordu buna hələlik ehtiyac görmürdü. Və bu gənc küsdü! Təsəvvür edin, azərbaycanlı gənc inciyir ki, niyə onu Vətəni qorumağa aparmırlar. Və bu epizodun fonunda əsgər gedən qardaşı özünü çox rahat hiss edir, çiyninə saldığı bayrağı yellədərək gülüm­səyirdi – yəni mən o şərəfə nail oluram! Maraqlı idi ki, yaşlı ata da böyük öğlu ilə həmfikir kimi özünün də yararlı ola biləcə­yini deyirdi! 

Bu epizodun canlı psixoloji təsiri­ni, yaratdığı duyğusal qüruru heç zaman unutmyacağam! Çünki belə faktlar sözdə deyil, əməldə Vətən savaşının daxili məz­mununu, məntiqini və psixologiyasını dərk etməyin ən gözəl faktıdır. Bura dünyanın hər tərəfindən azərbaycanlıların Prezident İlham Əliyevə, hakimiyyət orqanlarımıza, ordu rəhbərliyinə “biz də gəlirik, bizi də aparın!” hayqırtılarını əlavə etmək gərək­dir. Bu hayqırtılar, qanuni və milli tələb­lər Təbrizdən, Dərəbənddən, Borçalıdan və dünyanın ən uzaq ölkələrində yaşayan azərbaycanlılardan da gəlirdi. Əgər on­lardan ordu düzəltsən milyonlar alınardı! Bəlkə də sayı Ermənistan əhalisinin sayını ötüb keçərdi. Bu coşqunun mənbəyi har­dandır?

Şübhə yoxdur ki, dərinlikdə azərbay­canlı kimliyinin tarixi formalaşması, döv­lətçiliyin qanımıza hopması, ailə tərbiyəsi və əsrlərin sınağından çıxmış birlik fəl­səfəsi dayanır. O da maraqlı və əhəmiy­yətlidir ki, bütün bu faktorların fonunda müasir mərhələdə Azərbaycan cəmiyyəti­nin toparlanmasına şərait yaradan dövlət siyasəti çox əhəmiyyətli görünür. Onun bir neçə əlamətini vurğulaya bilərik. 

Azərbaycan lideri və Azərbaycan əsgəri

Birincisi, qarşı tərəf Azərbaycan insanı­na, cəmiyyətinə, mədəniyyətinə, kimliyinə və günahsız insanlarına qarşı çox yaramaz, qəbuledilməz, vəhşi hərəkətlər etmişdi. Bu barədə faktlar kifayət qədər deyilmişdir və təkrara ehtiyac yoxdur. Yəni azərbaycanlı­lar erməni təcavüzkarlarının mərdanə dö­yüşüb, torpaq alan tərəf kimi deyil, xalqa, insanlara, qocalara, qadınlara və uşaqlara qarşı vəhşilik edən çaqqallar kimi baxırdı­lar və tam haqlı idilər. 

İkincisi, azərbaycançılıq məfkurəsi 1993-cü ildən başlayan təcrübənin göstər­diyi kimi, real olaraq cəmiyyəti birləşdir­mişdi, onu mürəkkəb vəziyyətlərdə Vətən və dövlətçilik naminə mübarizəyə psixolo­ji olaraq hazırlamışdı. 

Üçüncüsü, Azərbaycanın liderinə inam tamdır. İlham Əliyev Prezident, Lider və Ali Baş Komandan kimi aparıcılıq qüdrəti­ni bütün incəliyi ilə sübut edirdi. Dövlətin başçısı davranışları, məqsədləri və atdığı gerçək addımları ilə həm Azərbaycan cə­miyyətinə, həm də bütün dünyaya qələbə əzmini qətiyyətlə nümayiş etdirdi. Hərb meydanında verdiyi qərarlar, informasiya savaşında apardığı qətiyyətli və ədalətli mübarizə, xalqına, dövlətə və milli tarixə olan dərin sədaqətini nümayiş etdirməklə Vətən savaşının mahiyyətini formalaşdır­dı! 

Dördüncüsü, Azərbaycan əsgəri! Sava­şın qəhrəmanı, hərb meydanında göstərdiyi Vətən sevgisi, ölümə meydan oxuması, şü­caəti, döyüş qabiliyyəti, intizamı və sonsuz qələbə əzmi ilə tarix yazdı! Azərbaycan əs­gəri müasir mərhələdə Vətən savaşının nə demək olduğunu bütün dünyaya göstərdi! 

Xalq dəstəyi

Azərbaycan xalqının liderinə və or­dusuna verdiyi inanılmaz dəstək ayrıca araşdırılmalıdır! Fəlsəfi araşdırma üçün unikal bir vəziyyət yaranmışdı. Dünyanın çox ölkələrində sosial və milli həmrəyliyin təmin edilməsinin yollarını axtarırlar, lakin Azərbaycan xalqı keçən əsrin 90-cı illəri­nin saysız-hesabsız psixoloji travmaları­na rəğmən böyük birlik nümayiş etdirdi. Vətəndaş şəhid və qazi olmağı özünə na­mus borcu və şərəf bildi! Vətən torpaqları­nın hər qarışının azad ediməsi böyük coşqu yaradırdı. Hər kəs sevincdən ağlamağa hazır idi. Hər kəs özünün Vətəni müdafiə etməyə necə kömək edə biləcəyinin üsulla­rını axtarırdı. Bütövlükdə xalq Vətəni mü­dafiə etməyə köklənmişdi. Və qarşısında kimsə dayana bilməzdi! 

Burada fəlsəfi kontekstdə xalq dəstəyi ilə milli birliyin məzmunu arasında ma­raqlı bağlantıları tədqiq etmək aktualdır. Məsələ onunla bağlıdır ki, xalq dəstəyi, eyni zamanda, bir toplum kimi, birlikdən qaynaqlanır. Milli birliklə xalq birliyi bu məqamda bir-biri ilə qovuşur. Onları vahid birlik modelinə gətirən isə azərbaycançılıq fonunda vahid Vətən və vahid müstəqil dövlət anlamlarıdır. Azərbaycançılıq Vətən və müstəqil dövlət anlayışlarının daxili məzmun birliyini təmin etdi! 

Azərbaycançılığın dörd ideya vahi­dinin qısa fəlsəfi təhlili göstərir ki, Vətən müharibəsi zəngin mənəvi, əxlaqi, mədəni, ideya və dövlətçilik kimi məna çalarlarına malikdir. Onun tədqiq edilməsi çox aktu­aldır. Eyni zamanda, II Qarabağ savaşının Vətən müharibəsi kimi regional və qlobal miqyasa təsiri xüsusi mövzudur. Bunun fonunda II Qarabağ savaşının regional ge­osiyasi mənzərəni dəyişməsi və regionlar-arası miqyasda Azərbaycanın dövlət kimi iştirakının fəlsəfi özəlliklərini təhlil etmək də ayrıca aktual məsələdir. Bu məqamların üzərində dayanaq.

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət