İran Zəngəzur dəhlizinin açılmasına niyə mane olur?

post-img

Hər zaman Cənubi Qafqazda sülh və sabitliyin hökm sürməsində maraq­lı olduqlarını, regiondakı problemləri bölgə ölkələrinin özlərinin həll edəcə­yini bildirən İran İslam Respublikası­nın rəsmi şəxsləri, təəssüf ki, əməldə fərqli yanaşma nümayiş etdirirlər. Bu yanaşma Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyala­rının açılması məsələsinə münasibətdə də özünü əyani şəkildə göstərir.

Rəsmi Tehran İrəvanın 2020-ci il no­yabrın 10-da imzalanmış üçtərəfli Bəya­natın 9-cu bəndi ilə üzərinə götürdüyü və 4 ilə yaxındır icra etmədiyi öhdəliyi ye­rinə yetirməsinin əksinə gedərək, onu bu prosesdən uzaqlaşdırır. Halbuki, həmin bənddə bölgədəki bütün iqtisadi və nəq­liyyat əlaqələrinin bərpa ediləcəyi, Ermə­nistan tərəfinin vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamət­də maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verə­cəyi, nəqliyyat əlaqəsi üzrə nəzarəti Ru­siyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata ke­çirəcəyi açıq-aydın yazılıb. Eyni zamanda, qeyd edilib ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azər­baycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası tə­min olunacaq.

İran tərəfi çox yaxın münasibətdə oldu­ğu Ermənistanı təşviq edir ki, həmin bəndi yerinə yetirməsin. Daha doğrusu, öhdəli­yini icra etməsin. Hələ 44 günlük Vətən müharibəsinin başa çatmasının az sonra – 2020-ci ilin dekabrında Ermənistana səfər edən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, Ermənista­nın ərazi bütövlüyü onlar üçün “qırmızı xətt”dir. Ötən 4 ilə yaxın müddət ərzində Tehranın mövqeyi dəyişməz olaraq qalıb. Bəlkə də İranın bu yanaşması olmasaydı, İrəvan nəqliyyat dəhlizlərinin açılmasına çoxdan razılıq vermişdi. Bu da maraqlıdır ki, İranda mühafizəkarlar iyulun 28-də və iyulun 5-də keçirilən (müvafiq olaraq bi­rinci və ikinci tur–S.H.) növbədənkənar prezident seçkiləri nəticəsində öz yerləri­ni islahatçılara versələr də, Tehranın Zən­gəzur dəhlizinə yanaşması dəyişməyib. Gözlənildiyi kimi, xarici siyasətdə ciddi korrektələr edilməyib. Yəni, Tehran yenə Zəngəzur dəhlizinə özünün “qırmızı xətt”i kimi baxır.

İran nəinki özü Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermir, həmçinin üçtərəfli bəyanatı imzalayan ölkələrdən biri olan Rusiyanın da prosesdə müsbət rol oynamasının qarşısını almağa çalışır. Rusi­yanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Dedovun bugünlərdə İran Xarici İşlər Nazirliyinə çağrılması bunun göstəricisi hesab oluna bilər.

İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazirin köməkçisi Müctəba Dəmirçilu səfiri qəbul edib. Gö­rüş Moskvanın Zəngəzur dəhlizinə dəstək verən açıalqmalarına etiraz əlaməti olaraq keçirilib. Dəmirçilu bildirib ki, Tehran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə (?) qarşıdır. Bununla bağlı yayılan məlumatda qeyd edilib ki, baş idarə rəisi rusiyalı diplomata İran dövlətinin qəti mövqeyinə hörmətlə yanaşmağın vacibliyini və region ölkələri­nin potensialından problemlərin həlli, böl­gədə sülh və sabitliyin təşviqi, habelə bü­tün tərəflərin maraqlarını nəzərə almaqla iqtisadi planların həyata keçirilməsi üçün istifadə edilməsinin vacibliyini xatırladıb.

Qeyd edək ki, Rusiya rəsmiləri bu yaxınlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlamalar veriblər. Ölkənin Xarici işlər naziri Sergey Lavrov avqustun 19-da Rusiyanın “Birinci kanal”ına açıqlamasın­da deyib ki, Rusiya Federasiyası üçün İrə­vanın Zəngəzur bölgəsi vasitəsilə kommu­nikasiyaların açılmasına dair razılaşmanı niyə sabotaj etdiyini anlamaq çətindir. O qeyd edib ki, Moskva Ermənistanla Azər­baycan arasında sülhün tezliklə bağlanma­sının tərəfdarıdır: “Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiya­ların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sazişi sabotaj edən Ermənistan rəhbərliyidir. Belə bir mövqeyin mənasını anlamaq çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə ak­tual olaraq qalır”.

O vurğulayıb ki, bu gün əsas məsələ Rusiya, Azərbaycan və Ermənistan li­derləri rasında 2020-2022-ci illərdə əldə olunmuş bir sıra üçtərəfli sazişlərin ruhuna əməl etməkdir.

Bundan bir neçə gün sonra isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayən­dəsi Mariya Zaxarova bildirib ki, Zəngəzur dəhlizi Ermənistandan keçməklə Azərbay­canın əsas ərazisini Naxçıvanla birləşdirə biləcək marşrutdur. Onun sözlərinə görə, dəhlizin açılması Ermənistanla üçtərəfli sülh danışıqları çərçivəsində mütləq müza­kirə olunacaq və Moskvanın İrəvanla Bakı arasındakı nəqliyyat kommunikasiyaları­nın açılması ilə bağlı mövqeyi yaxşı mə­lumdur: “Rusiya Federasiyası ondan çıxış edir ki, müvafiq anlaşmalar qarşılıqlı ra­zılaşma əsasında və həm Ermənistanın və Azərbaycanın, həm də regiondakı qonşu dövlətlərin – Rusiyanın, İranın və Türkiyə­nin maraqlarına cavab verməklə həyata ke­çirilməlidir”.

Ancaq bütün bu yüksək səviyyəli açıq­lamalara baxmayaraq, İran tərslikdən əl çəkmək istəmir. Tehranın dəhlizin açılma­sına qarşı niyə belə ciddi-cəhdlə çıxdığı anlaşılan deyil. İran hakimiyyəti özü də çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açıl­ması Ermənistanın ərazi bütövlüyünün po­zulması demək deyil. Rəsmi Bakı dəfələrlə Ermənistan ərazisindən eksterritorial qay­dada (eksterritorial yurisdiksiya hökumə­tin öz hakimiyyətini sərhədlərindən kənar­da həyata keçirmək imkanıdır–S.H.) dəhliz açmaq niyyətində olmadığını bəyan edib. Azərbaycana lazım olan Naxçıvan MR ilə sərbəst, yüklərin və insanların yoxlamaya məruz qalmadan gediş-gəlişin təmin olun­masıdır.

İndi bəlkə də Ermənistanla Zəngəzur dəhlizi məsələsində razılığa gəlmək, Ni­kol Paşinyanı özünün imzasına hörmət etməyin vacibliyinə inandırmaq olar. Pa­şinyan da dərk edir ki, dəhlizin açılma­sından faydalanan həm də onun başında dayandığı ölkə və onun vətəndaşları ola­caq. Ancaq İran Ermənistanın razılığa gəlməsinə heç cür imkan vermir. İran bu mövqeyini sonuncu dəfə ən yüksək səviy­yədə 2024-cü il iyulun 30-da təkrarlayıb. Ölkənin Ali Rəhbəri Əli Xameneyi həmin gün Tehranda N.Paşinyanı qəbul edərkən deyib: “İran hələ də hesab edir ki, Zəngə­zur dəhlizi ideyası Ermənistanın maraqla­rına ziddir”. Bu yerdə cənab Xameneyiyə sual ünvanlamaq yerinə düşər. Birincisi, necə ziddir? İkincisi, tutaq ki, ziddir, İran Ermənistanın vəkilidirmi? Bu məsələdə qərar verən Ermənistandırsa, Tehranı na­rahat edən nədir?

İranın bu mövqeyi üzündən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla münasibətlər pisləşib. İndi isə aydın görü­nür ki, İranla Rusiya arasında da soyuq­luq yaranıb. Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsindən narahatdır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qır­mızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə qarşı çəkilib.

Əslində, Tehran da yaxşı bilir ki, dəh­lizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyə­cək. Üçtərəfli Bəyanatda da hansısa il­haqdan deyil, maneəsiz hərəkətdən bəhs olunur. İranın bu dirənişi, Ermənistanı dəhlizi açmağa imkan verməməsi isə heç də İrəvanın maraqlarını düşündüyü üçün deyil. Tehran Zəngəzur dəhlizinin işə düş­məsi ilə hansısa qazancdan məhrum ola­cağını düşünür, bu səbəbdən layihəni ilk növbədə özünə qarşı görür. İranın mötədil gündəlik qəzeti “Ettelaat”da Rusiyanın Ermənistan və bütövlükdə regionla bağlı siyasəti haqqında məqalədə əksini tapan fikirlər İslam respublikasının layihəyə qar­şı çıxmasının əsl səbəblərini ortaya qoyur. Məqalədə “Rusiya Zəngəzurla bağlı öz mövqeyində niyə bu qədər inad göstərir və bu israrın nəticələri nə ola bilər?” sualı qoyulur. Suala cavab verən xarici siyasət üzrə baş ekspert və beynəlxalq əlaqələr üzrə analitik Əli Biqdeli deyib: “Zəngəzu­ra gəlincə, bu region son dərəcə həssasdır. Bu, yük maşınlarının və onların qoşqula­rının Ermənistana və Azərbaycana, oradan Qarabağa (?), Gürcüstana və nəhayət, Av­ropaya keçməsi üçün mühüm marşrutdur. Uzun illər mallar Türkiyə və Ermənistan­dan İrana gəlir, sonra isə müvafiq olaraq Azərbaycana və Avropaya göndərilirdi. Beləliklə, İran tranzit haqqı alırdı. Amma Ermənistanın Qarabağı itirməsindən sonra (?) vəziyyət dəyişdi. O zaman Ermənistanla çox yaxın münasibətlərə baxmayaraq, İran müəyyən qədər Azərbaycanı dəstəkləyir­di. Hətta türkdilli iranlılar (?) da daha çox Azərbaycan tərəfdarı idilər. İranın məqsədi daxili gərginliyi azaltmaq idi. İndi bu şə­raitdə Zəngəzur problemlə üzləşsə, Avropa ilə əlaqəmiz kəsiləcək. Yeni marşrut açılsa, bu, mütləq bizim ixtiyarımızda olmayacaq. Qədim zamanlardan bizim üçün son dərəcə vacib olan bu marşrut indi bizi tərk edir”.

Yazıda bildirilib ki, Türkiyə Zəngəzur vasitəsilə mallarını Azərbaycana göndərə və Xəzər dənizindən keçməklə Mərkəzi Asiya və Pakistana çıxa biləcək. Həmçi­nin, qeyd edilib ki, Yaxın Şərqdə vəziyyət sürətlə mürəkkəbləşir və Rusiya İranın ma­raqlarına əhəmiyyət verməyərək, ilk növ­bədə öz maraqlarını düşünür. İranlı eksper­tin fikrincə, Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı öz qərarından çətin ki, əl çəksin. Çünki Türkiyə ilə Rusiya arasın­da da xüsusi münasibətlər formalaşıb. İki ölkənin bir-birini dəstəkləyərək özlərinə yeni bazar yaratması və bazarlarını Çinə genişləndirməyə çalışacaqları gözlənilir.

Göründüyü kimi, İran Zəngəzur dəhli­zinə qarşı çıxmaqla, əslində, özünün ma­raqlarını düşünür. Ermənistanı isə öz mə­nafeyinə açıq-aşkar qurban verir. Rəsmi İrəvanın bu gerçəkliyi anlaması və dəhli­zin açılması məsələsində yersiz inaddan əl çəkməsi, fitnə-fəsada uymaması gərəkdir...

Səxavət HƏMİD
XQ

Siyasət