“Savaş” anlayışı və döyüş düşüncəsi
I MƏQALƏ
Müharibə Vətəni qoruyanlar üçün aydınlığa çıxmış borcdur.
Gi de MOPASSAN
Müharibəyə fəlsəfi yanaşmalar
Müasir dövrdə hər bir insan üçün “müharibə” sözü aydın, mənası konkret olan və silahlı toqquşma ilə əlaqəli hadisədir. İnsanların böyük əksəriyyəti müharibə haqqında bundan o tərəfi düşünmürlər və əslində, düşünməyə də ehtiyacları yoxdur. Bundan başqa, sadə insanlar üçün hər bir müharibə dağıntıdır, ayrılıqdır, şikəstlikdir və ölümdür. Bunlar adi insan şüurunda müharibə haqqında təcrübədən gələn ümumi təsəvvürlərdir.
Lakin tarixin elə bir dönəmi yoxdur ki, müharibələr olmasın. Bu anlamda müharibə, ümumiyyətlə, bəşəriyyətin mövcudluğunun universal faktorlarından biri kimi görünür. Əlbəttə, tam humanist və sırf etik, xeyirxah insan şüuru bu fikrə dərhal etiraz edir və müharibəsiz həyatın daha gözəl, təbii və faydalı olduğu tezisini müdafiə edir. Tam razılaşırıq! Lakin bəşəriyyətin mövcud olduğu müddətdə bu cür düşüncənin xoş arzular və istəklərdən, humanist niyyətlərdən o tərəfə keçdiyini təsdiq edən faktlar da yoxdur.
Buna görə də, müharibənin fəlsəfəsinin yaranması tamamilə təbii və zəruri hadisədir. Müharibə fəlsəfəsi fəlsəfənin bir sahəsidir. Burada müharibənin səbəbləri, müharibə ilə insan təbiəti arasında qarşılıqlı əlaqələr və müharibənin etikası öyrənilir.
Bəli, müharibəni filosoflar və alimlərin öyrənməsi zərurətdir. Əlbəttə, müdrik, ağıllı, humansit insanlar bir çox müharibənin qarşısını almaqla böyük fayda vermişlər, dağıntıların, ölümlərin önünü kəsmişlər.
Misal üçün, Makedoniyalı İsgəndərin Bərdə hökmdarı Nüşabənin müdrik, ağıllı və humanist arqumentləri qarşısında geri çəkilərək müharibə etmədən Azərbaycandan uzaqlaşması şanlı və ibrətverici tarixdir.
Ancaq tarixdə elə eybəcər, insanlığın qəbul etmədiyi, şərçil, böhtançı, təcavüzkar, iblisanə hərəkət edən fərdlər, qruplar, cəmiyyətlər və hətta ölkələr olur ki, bunun qarşısını kəsmək ciddi zərurətə çevrilir. Çünki, bütövlükdə, bəşəriyyəti, insanlığı və həyatı o cür parazitlərdən təmizləməklə insanlığı yaşatmağa davam etmək imkanı yaranır. Bu yolu göstərən dəyərlərdən biri də fəlsəfə və elmdir.
Nümunə. Keçən əsrdə Avropa iki dəfə Dünya müharibəsinə sürükləndi. Hər ikisinin motivi başqasının ərazilərini zəbt etmək, onu boyun əyməyə məcbur etmək, öz hegemonluğuna hüquqi əsas yaratmaq olmuşdur. Bu xislətin on milyonlarla insanın məhv olmasına aparıb çıxardığını indi kiçik yaşlı uşaqlar da dərsliklərdən bilirlər. Ancaq bəziləri üçün bu fəlakət yenə də ibrət dərsi olmamışdır. Bununla yanaşı, Avropadakı həmin böyük müharibələri fəlsəfi əsərlərdən öyrənmişlər və bu proses davam edir. Bundan baqşa, fransızlar Fransa inqilablarını fəlsəfi, tarixi, filoloji, sosioloji, kulturoloji və s. aspektlərdə hələ də öyrənməkdə davam edirlər. Yəni müharibə elə bir fenomendir ki, eyni zamanda, həm tarixdir, həm də müasirlik!
Müharibə və yaddaş
Azərbaycanlıların da dövlətçilik tarixi və ənənəsi kontekstində aparmağa məcbur olduğu müharibələri, xüsusən 44 günlük Vətən müharibəsini fəlsəfi araşdırması çox aktualdır. Bu, həm özümüzü tarixi rakursda adekvat dərk etmək, həm də II Qarabağ savaşının həqiqi fəlsəfi dərkinə nali olmaq üçün zəruridir.
Məsələn, Vətən müharibəsinin tarixi yaddaşımızda yerini və rolunu fəlsəfəsiz müəyyən etmək imkansızdır. Tarixi yaddaş kontekstində Vətən müharibəsinin anlamı isə zəngindir. Hətta onun kökünün keçən əsrin əvvəllərinə gedib çıxdığını deyə bilərik. Bu məqamı bir qədər də konkretləşdirək.
XX əsrin əvvəllərində ermənilərin səbəbsiz olaraq türk-müsəlman qövmünə qarşı törətdikləri saysız-hesabsız terrorlar unudulmur. Həmin terrorlarda həyatını itiriən milyonlarla insanın tapdalanmış haqqını kimlər və necə bərpa edə bilərlər? Bütövlükdə, bu məsələnin qoyuluşu üçün onun fəlsəfi-elmi-hüquqi təqdimatı gərəkdir. Yəni, öncə biz problemi lazımi səviyyədə araşdırıb, təqdim etməli və bu əsasda dünya miqyasında ona uyğun fəaliyyət göstərməliyik. Deməli, dünyanın qəbul edəcəyi, faydalı və universal ola biləcək üsul tapmaq gərəkdir.
Bunun fonunda XX əsrin ikinci onilliyində yaradılmış Azərbaycan Demokratik Respublikasının ona qarşı aparılan işğalçı müharibələr kontekstində fəlsəfi dərki dərinləşməli və genişlənməlidir. O cümlədən, həmin dövrdə ADR uğurlu özünümüdafiə, ərazini bərpaedici, hüquqlarını qoruyucu uğurlu Vətən müharibəsi apara bilsəydi, bəlkə də II Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Bu acı təcrübəmizin Zəfər savaşımızın fəlsəfi kontekstində dərki də aktualdır.
Böyük Qurtuluş və Qayıdış yolu
Sonra. XX əsrin 90-cı illərində Cənubi Qafqazda azərbaycanlılara qarşı törədilən terror aktlarını bir anlığa xatırlayaq. O cümlədən, Bakıda bu sətirlərin müəllifi də məlum metro hadisəsində həyatını itirmək təhlükəsi ilə üz-üzə gəlmişdi. O anda metroda olan və heç bir şeydən xəbəri olmayan Bakı sakinləri dəhşətli terrorun qurbanı oldular. Hər birimiz partlayış və yanğının qurbanına çevrildik. Bir çoxumuzun (onların sırasında uşaq, qadın, gənc, qoca ... da vardı) həyatı orda terror qurbanı kimi sonlandı! Ədalət naminə deyin, bunu görən və yaşayan insanın terroru törədənlər haqqında adi və fəlsəfi düşüncələri necə ola bilər?
Bunları mühaşidə edib humanizm dərsi vermək istəyənlərlə terrorun, müharibənin amansız reallığını yaşamıış iştirakçı insanın müharibəyə baxışları arasında fərq də buradan qaynaqlanır.
Bu anlamda həm də, həmin insanlar üçün (terror qurbanları üçün) Vətən müharibəsi real təcrübənin verdiyi dərslərdən çıxarılan nəticədir. Yəni Vətən savaşı, sözün həqiqi mənasında, terrordan, ölümdən, itkidən, ləyaqətsizlikdən, anaların və bacıların qınayıcı baxışlarından, oğulların qarşısında boynubüküklükdən, erməni sırtıqlığı, həyasızlığı, dayanmayan təhqirləri və sataşmalarından, qardaş və dost xalqların ittihamedici baxışlarından qurtuluş meydanı idi! Vətən müharibəsi bizim müasir tarixi yaddaşımızın ləyaqət və uğur meydanı, Zəfər bayrağının sancıldığı mənəvi, psixoloji məkandır!
Vətən müharibəsi Qurtuluş olduğu qədər də, Qayıdışdır! İşğaldan Qurtuluşdur! Böyük Azərbaycan dövlətçiliyi ənənəsinə, azadlıq aşiqliyinə, müstəqillik canatmasına və konkret tarixi torpaqlara Böyük Qayıdışın ilk müjdəsi, sədası, nəfəsi və ruhudur!
Tarixi torpaqların Qurtuluşu ilə onlara Qayıdışın fəlsəfəsi arasında bağlantını, tarixi keçidi məhz Vətən müharibəsi bərpa etdi.
Vətən müharibəsi müasir dövlətçiliyimizin əsas prinsiplərinin döyüş meydanında sınağı nümunəsi oldu. 44 gündə Azərbaycan rəhbərliyinin hansı tarixi-siyasi və hərbi-mənəvi zəfər qazandığının fəlsəfi anlamı əvəzedilməzdir. Bunlar aydınlaşmalı və milyonlara çatdırılmalıdır!
Bir neçə sual
Hər bir xalqın nümayəndələrinin oxşar faktları və təcrübələri mövcuddur. Buna görə də “müharibə nədi?”, “müharibəsiz olmazmı?”, “ümumiyyətlə, müharibəni fəlsəfi necə izah və təsnif etmək olar?” kimi fundamental suallar meydana gəlir. Onlara cavablarda hələ də yekdil mövqe yoxdur. Lakin bundan müharibənin fəlsəfəsini yaratmaq problemi zərrə qədər də aktuallığını itirmir. Xüsusilə, haqsızlıq görmüş xalqlar üçün bu məsələ elmi, nəzəri, psixoloji və real həyatı yaşamaq baxımından daha da aktualdır. Cəmiyyət apardığı savaşın əsl mənasını anlamalı, məqsəd və məramı haqqında düzgün təsəvvürə malik olmalıdır ki, özünə inamını saxlasın, real sülhsevərliklə saxta mərhəmət, real barışla qondarma və hiyləgər tələ qurmaq arasında fərqi vaxtında görə bilsin ki, bir də o oyunlara toplum olaraq düşməsin.
Bütün bunlar bəşəriyyət üçün müharibənin adi təcrübə kimi təsəvvürü ilə yanaşı, onun fəlsəfi və elmi dərkini də əbədi olaraq aktual etmişdir. Müharibəni ensiklopediyalarda ümumi olaraq belə tərif edirlər: Müharibə dövlətlər və dövlət qrupları arasında silahlı qüvvələrin geniş tətbiq edildiyi toqquşma prosesidir. Bizim üçün bu tərif yetərlidir, çünki müharibənin həm iştirakçılarını, həm məzmun və məqsədini və həm də bəşər həyatında tutduğu yeri lakonik ifadə edir. Müharibənin fəlsəfi anlamı da müharibənin özü qədər qədimdir.
Filosoflar müharibə haqqında
Qədim yunan filosofları (burada biz Şərqə müraciət etmirik) müharibəni ədalətli və ədalətsiz kateqoriyalarına bölmüşlər. Aristotel ədalətli müharibəni (“Politika”da yazır) iki qrupa ayrırdı. Birinci qrupa öz dövlətini qorumaq uğrunda aparılan müharibəni aid edirdi. İkinci qrupa inkişaf etməmiş dövlət üzərində nəzarət məqsədi daşıyan müharibəni aid edirdi (ikinci qrup müasir mərhələdə ciddi şübhələr oyadır). Ancaq burada Aristotel özünü idarə edə bilməyən dövlətlərin mövcudluğunun faydası olmadığı şərtini qoyur.
XX əsrin sonu XXI əsrin əvvəllərində Frensis Fukuyama sanki Aristotelin bu mövqeyini müdafiə edir və beynəlxalq aləmdə zəif dövlətlərin qeyri-müəyyənlik, terror, təhdid, cinayət mənbəyi olduğu fikrini irəli sürür. Məsələn, Ermənistan zəif dövlət kimi sadalanan həmin keyfiyyətsiziliklərin hamısına malikdir. Onun mövcud olmasının dünyaya hansı faydası ola bilər?
Siseron isə Aristotel kimi məsələni geniş götürmür. O hesab edirdi ki, təcavüzkarın dəf edilməsi və cəzalandırılması naminə aparılan müharibə ədalətlidir. Siseron başqa varinatı qəbul etmirdi.
E.Kesariyski zalımın (“tiran”) cilovlanmasına xidmət edən savaşları ədalətli müharibə hesab edirdi.
Müqəddəs Avqustin isə hər bir insan və dövlətin günahsızları zalımdan qorumaq borcunun olduğu tezisinə əsaslanaraq, “ədalətli müharibə” (bella iusta) hesab edirdi. Bu anlamda özünümüdafiə və vurulan ziyanları neytrallaşdırmaq üçün aparılan qisas müharibəsini ədalətli müharibə adlandırırdı. O yazırdı ki, zalımdan günahsızları qorumaq üçün silahdan istifadə etmək ilahi ədaləti pozmur. Çünki Yaradan hər bir insana yaşamaq haqqı vermişdir. Bununla yanaşı, Avqustinə görə, ədalətli müharibəni qanuni dövlət başçısı ədalətli nəticələr naminə apara bilər. Yalnız bu zaman ədalətli müharibənin səbəbləri də ədalətli olur.
Deməli, Avqustinə görə, ədalətli müharibə üç komponentin vəhdətidir: ədalətli səbəb (özünümüdafiə, günahsızların qorunması, vurulan zərəri neytrallaşdırmaq üçün qisas almaq) – qanuni başçı (müasir anlamda, legitim lider) – ədalətli məqsəd (burada ədalətlilik mənəvi dəyər keyfiyyəti ilə hüquqiliyin sintezi kimi başa düşülməlidir). Sonuncu tezisdə məqsədin ədalətli olmasında mənəvi-əxlaqi dəyər aspekti ilə yanaşı, hüququn ödənməsi şərtini qoymağımız çox vacibdir, çünki dövlətlərarası münasibətdə əsas tənzimləmə faktoru hüquqdur və buna görə də liderin məqsədi beynəlxalq hüquqa uyğun gəlirsə, tam mənada ədalətlidir.
Azərbaycanın Vətən müharibəsindəki təcrübəsi bunu tam təsdiq etmişdir. Prezidenti İlham Əliyev II Qarabağ savaşının nəticələrini ümumiləşdirərkən tarixi ədalət (sosial, tarixi, siyasi və mənəvi ədalətlilik) ilə yanaşı, beynəlxalq hüquq normalarının bərpasını (liderin məqsədinin ədalətli olmasını) vurğulamışdır. Deməli, Avqustin Azərbaycanın Vətən müharibəsini dərhal “böyük ədalətli müharibə” kimi qiymətləndirərdi. Lakin onun Qərbdəki xələfləri bu fəlsəfi həqiqəti dərk edə və ya dərk etdiklərini dillərinə gətirmək vicdanına və cəsarətinə malik ola bilmədilər!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

