Strateji geosiyasi rəqabət və hərbi qarşıdurmalar

post-img

II məqalə

Strateji geosiyasi rəqabət

Bu mövzuda I məqalənin son hissəsində qoyduğumuz “XXI əsrdə real kim güclüdür?”, yəni “hansı dövlət əslində bəşəriyyətin mövcudluğu və təhlükəsizliyinin təmininin qarantı kimi güclü sayılmalıdır?” sualına cavab üçün öncə Böyük Britaniyanın Lankaster Universitetinin politologiya doktoru Olqa Alekseyeva-Karnevalinin bir izahına baxaq. O.A.Karnevali qlobal geosiyasi dinamikaya mürəkkəblik paradiqması və sinergetik yanaşır. Onun fikirləri bizim yanaşmamıza çox yaxındır. 

Politoloq xanım yazır ki, liberal düzənin böhran əlamətlərinin müşahidə edildiyi bir dönəmdə alternativin yaranması məsələsi əsas sualdır. Bunun fonunda “böhran sona çatacaqmı?” sualı ekzistensial (varoluş) xarakterliddir. Çünki böhranın indiki mərhələsinin dünya düzəninin dəyişməsinə aparıb çıxaracağı məsələsi aydın deyildir. İndi müşahidə edilənlər daha çox qarşılıqlı surətdə şəxsi maraqların təmini mahiyyətli kimi görünür. Burada təhlükəli olan iki geosiyasi məqam da özünü göstərməyə başlamışdır. 

Birincisi, mövcud geosiyasi düzənin sistem olaraq keyfiyyətcə yeni formaya keçməsinin əlamətləri görünmür. 

İkincisi, bunun əvəzində böyük və orta güclərin fərqli mövqedə olduqları duyulur.

Onların bir qismi hazırda olan dünya düzəni sistemindən “öz bonuslarını götürməyin” izindədirlər, digər qismi isə mövcud vəziyyətə yenidən baxılmasına çalışır. Nəticədə düşündürücü sual meydana gəlir: dünya indiki böhranda “həmişəlik qalmağa məhkumdurmu? Əlbəttə, məhkum deyildir və sualın əsas mənası hazırda rəqabət aparan böyük dövlətlərin strateji məqsədləri arasında kifayət qədər fərqlərin olmasına işarədir. Onda hazırda müşahidə edilən toqquşmalarda haqlı və haqsız tərəfləri hansı ciddi elmi kriteriyalarla müəyyən edə bilərik? Kimin real güclü olmasını istərdik? 

Öncə Azərbaycan!

Bir çoxumuz bəşəriyyətin xoş gələcəyi naminə cavab axtarmaq əvəzinə, şəxsi simpatiyamızı dünyanın geosiyasi düzəninin məntiqinə daxil etməyə cəhd edirik. O cümlədən, münaqişədə iştirak edən hansısa ölkəni ya alqışlayır, ya da ittiham edirik. Müəyyən qruplar var ki, “hər şeyi Amerika həll edir”, deyə düşünür. Çinə və ya Avropaya güvənənlər də az deyildir. Lakin bizim üçün əsas olanı bunların heç biri deyildir. 

Azərbaycanın müstəqilliyi məsələsi önəmlidir və vacibdir. Azərbaycan artıq dünya səviyyəsində gedən proseslər kontekstində düşünülməlidir. Milli maraqların təmini bizim üçün ön sırada olmalıdır. Dövlətin başçısının fəaliyyətində başlıca məqam bundan ibarətdir. Məhz Azərbaycanın müstəqilliyi və milli maraqları baxımından XXI əsrdə real güclü dövlət obrazının dərki olduqca vacibdir. Çünki bu kontekstdə Vətənimiz enerji resurslarına, tarixi dövlətçilik ənənəsinə, insan resurslarına (Azərbaycan etnosu dünya üzrə 50 milyondan artıq insanı birləşdirir), liderlik potensialına görə XXI əsrin şərtləri daxilində kifayət qədər güclü olmaq imkanlarına malikdir. 

Eyni zamanda, Azərbaycan dövlət kimi özünün strateji müttəfiqlərini çoxdan düşünülmüş formada müəyyən etmişdir. Azərbaycan TDT-nin üzvü kimi geosiyasi mövqeyini bəyan etmişdir, yəni yeni tarixi mərhələdə Türk Dünyası önəmlidir. Türkiyə və Rusiya Bakının strateji müttəfiqləridir. İstənilən situasiyada Türkiyə Azərbaycanın birinci yaxını, dostu, etibarlı müttəfiqidir (müttəfiqlikdə etibarlılıq qarşılıqlı olur). Bunlarla yanaşı, Pakistan siyasi anlamda qardaş kimi etibarlı dövlətdir. 

İranla yaxın qonşuluq münasibətlərinə Bakı həmişə böyük önəm vermişdir və indi də eyni mövqedədir. 

Azərbaycanın İsraillə heç zaman problemi olmamışdır, olmamalıdır və indi də əlaqələri gücləndirmək lazımdır. İsrail Azərbaycana dost olmalıdır, çünki Azərbaycan İsrailə dost kimi münasibət göstərir. Bu məqamı Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qoymaq və ya qarışdırmaq əsassızdır. 

Nə rəsmi Bakının, nə də rəsmi Ankaranın belə bir məsələsi yoxdur. Ortalıqda su bulandıran “analitiklər” və “ekpsertlər” isə hər zaman olmuşlar və olacaqlar da! Kimsə Azərbaycan-Türkiyə münasibətlərini bir başqa dövlətlə münasibətlərimizlə müqayisə etməyə cəhd göstərməsin, çünki özünə qarşı psixoloji terror etmiş olur! 

Azərbaycan məsələsini yeni geosiyasi düzənin formalaşması kontekstində təhlilin mərkəzində görməklə strateji geosiyasi rəqabətin XXI əsrdə əsas əlamətlərinə baxa bilərik. Ümumi səviyyədə strateji geosiyasi rəqabət dövlətlər arasında dünya miqyasında hakimiyyət, nüfuz, resurslar və təhlükəsizlik uğrunda mübarizə aparmağı ifadə edir. Bu anlamda o, hərbi ilə yanaşı, iqtisadi, diplomatik, informasiya və mədəniyyət aspektlərini ehtiva edir. 

Deməli, strateji geosiyasi rəqabət dövlətlərin daim öz maraqlarını dünya sistemində maksimallaşdırmağı və möhkəmləndirməyi tələb edir. Bu, əksər hallarda başqa dövlətlərin maraqları hesabına olur. Nəticədə strateji geosiyasi rəqabətdə müxtəlif sferalar üzrə toqquşmalar meydana gəlir. 

Bütün bunlar müasir mərhələdə strateji geosiyasi rəqabətin əsas sferalarını müəyyən etməyə imkan verir. Politoloqlar onları aşağıdakı kimi təsnif edirlər: resurslar uğrunda mübarizə (neft, qaz, əlvan metallar, su və s.), ticarət müharibələri (tariflər, sanksiyalar və s.) və iqtisadi dominantlıq, beynəlxalq institutlara təsirlər (məsələn, BMT-yə nəzarət uğrunda mübarizə), kibertəhlükəsizlik (məsələn, internetə nəzarət), nüfuzetmə layihələri (məsələn, kreditlərin verilməsi, inkşafa yardım proqramlarının irəli sürülməsi təsiri genişləndirmək və asılılıq yaratmaq üçün ola bilir). Hərbi güc və təhlükəsizlik (dövlət müxtəlif formalarda öz maraqlarını qoruya bilər, müttəfiqlik münasibətləri yaradar, özünün hərbi potensialını inkişaf etdirər). 

Azərbaycanın yeni orta güc maraqları

Strateji geosiyasi rəqabətin əsas əlamətlərinin qısa vurğulanması Azərbaycanın geniş bir coğrafiyada yeni orta güc kimi maraqları üzərində düşünməyə əsas verir. Hər şeydən öncə istər-istəməz Azərbaycan dövlət olaraq dünya miqyasında aparılan strateji geosiyasi rəqabətin feili iştirakçılarından biridir. Bu, hər bir müstəqil dövlətə aid edilə bilməz. Yalnız qlobal miqyasda strateji rəqabətin mübarizə istiqamətlərinə aid olan potensiala malik olanlar bu böyük yarışın iştirakçılarıdırlar. Müqayisə üçün deyək ki, Ermənistan ranqında olan dövlətlər rəqabətin passiv obyektləridirlər (yəni qurbanları). Onların proseslərə heç bir real təsiri yoxdur, çünki bunun üçün nüfuz rıçaqları mövcud deyildir. Gürcüstan da təqribən eyni statusdadır. 

Azərbaycan isə bir sıra faktorlara görə tamamilə fərqli yerə və rola malikdir. Onları aşağıdakı kimi xarakterizə edə bilərik.

Enerji resursu və milli təhlükəsizlik 

Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq Azərbaycanın yeni enerji strategiyasını müəyyən etmişdir və onu birbaşa regional və qlobal miqyaslarda enerji xəritələrinin yeniləşməsi kontekstinə daxil etmişdir. Uzun illər Azərbaycan liderinin bu əsaslı iddiasını Qərbdə və Rusiyada qəbul etmək istəmədilər. Müsəlman İran da onlarla eyni mövqedə oldu. 

Ancaq Heydər Əliyevin dünya miqyasında gedən prosesləri dəqiq və obyektiv qiymətləndirməsi, Azərbaycanın etibarlı müttəfiqlərini müəyyən etməsi, dünyanın böyük enerji şirkətlərini strateji enerji siyasətinə daxil etməsi, qarşılıqlı fayda götürmək əsasında mehriban qonşuluq siyasəti formalaşdırması, müstəqilliyə zərər verə bilən hər hansı cəhdlərə qarşı böyük dirəniş göstərməsi ilə situasiyanı dəyişdi. İndi Azərbaycan dünya miqyasında Avrasiyanın yeni enerji xəritəsini formalaşdıran əsas dövlətlərdən biri kimi qəbul edilir. Bu kontekstdə Azərbaycanın uğurlarını və real geosiyasi statusunu dünyanın bütün böyük gücləri etiraf edirlər. Bura ABŞ, Avropanın böyük dövlətləri və Çin daxildir. 

Bundan başqa, enerji resurslarına nəzarət və ondan istifadə məsələsində Azərbaycan Avrasiya miqyasında yeganə dövlətdir ki, çoxlu sayda ölkənin enerji təhlükəsizliyi ilə milli təhlükəsizliklərini qarşılıqlı əlaqədə uyğunlaşdıra bilmişdir. Bu sıraya Çin, Pakistan, Mərkəzi Asiya dövlətləri, Cənubi Qafqaz ölkələri, Türkiyə, Yaxın Şərqin inkişaf etmiş dövlətləri (o cümlədən, Misir, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qətər, İsrail və indi Suriya), Balkanlar, Avropa İttifaqının üzvləri daxildirlər. 

Geosiyasi strateji rəqabət kontekstində enerji resurslarına nəzarət və ondan milli təhlükəsizliyin təmini üçün faydalı yararlanma rəsmi Bakının başqa bir vacib addımı ilə Avrasiyada mühüm faktora çevrilmişdir. Bu, Azərbaycanın enerjinin ixracı üçün geniş infrastruktur şəbəkəsi yaratması ilə bağlıdır. 

İxrac marşrutları və logistika

Azərbaycan malik olduğu enerji resurslarına milli maraqlara uyğun şəkildə nəzarət etmək üçün faydalı nəql və logistika şəbəkəsi yaratmışdır. Məsələnin vurğulanan aspektdə iki tərəfi vardır. 

Birincisi, Azərbaycan fərq qoymadan qarşılıqlı faydalılıq prinsipinə sadiq olan hər bir dövlətlə əməkdaşlığa açıq olmuşdur. Buna görədir ki, hazırkı mərhələdə strateji geosiyasi rəqabətin kəskin məqamlarında belə dövlətlər Azərbaycanla enerji əməkdaşlığına çəkinmədən can atırlar. Artıq 10-larla ölkə həmin imkandan yararlanırlar. Əminliklə deyə bilərik ki, Azərbaycanın bu geosiyasi özəlliyi bütövlükdə dünya miqyasında enerji resurslarına nəzarət məsələsində yeni ab-hava yaratmışdır və bu prosesin inkişafını gözləyirik. 

İkincisi, Azərbaycanın enerji strategiyasında ixrac marşrutları və logistika elə məntiqlə təşkil edilmişdir ki, istənilən halda mərkəzdə Azərbaycanın milli maraqları, enerji və milli təhlükəsizliyi dayanır. Bunun ətrafında layihələrdə iştirak edən hər bir ölkə üçün enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin uyğunluğu təmin edilir. İxrac marşrutları və logistik özəlliklər ona imkan verir. 

Bunlar strateji geosiyasi rəqabət kontekstində Azərbaycan faktorunun yeri və rolunun müəyyən edilməsində enerji resurslarına nəzarətlə onlardan istifadənin fəlsəfəsi arasında sıx qarşılıqlı əlaqə yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Həmin özəllik real olaraq Azərbaycanı qlobal səviyyədə sayılan aktorlardan birinə çevirmişdir. Bununla müstəqil dövlət olaraq ölkəmiz geosiyasi mənası olan vacib addım atmışdır. Tədqiqatçılar onu belə ifadə edirlər: əsas məsələ dövlətin beynəlxalq fəaliyyətinin parametrləri ilə bağlıdır. Elə parametrlər ki, onların müxtəlif fövqəldövlətin fərqli geosiyasi kombinasiylarının formalaşmasında ciddi təsirləri ola bilir. Bu da bütövlükdə dünya düzəninin müəyyən edilməsində iştirakçı olmaq, yeni əməkdaşlıq və təhlükəsizlik arxitekturasının memarlarından biri olmaq deməkdir. 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət