Karapetyan amili: Ermənistanda yeni gərginlik ocağı

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın mayın son günlərində Erməni Apostol Kilsəsinə qarşı açıq çıxışlar etməsindən sonra ölkədə yüksələn siyasi hərarət “Taşir” şirkətlər qrupunun sahibi, rusiyalı iş adamı Samvel Karapetyana qarşı cinayət işinin açılmasından sonra daha da artıb. Bu, iş adamının evində axtarış aparıldıqdan bir gün sonra baş verib. Bundan əvvəl isə Karapetyan hakimiyyətin yüksək rütbəli din xadimlərinin ünvanına sərt bəyanatları fonunda kilsənin müdafiəsi istiqamətində çıxış edib.

Paşinyanla Karapetyan arasında münaqişənin necə başladığı və inkişaf etdiyi barədə onu demək olar ki, mayın 29-da Ermənistan baş naziri hökumətin iclasında kilsələrin vəziyyətini tənqid edib. Deyib ki, kilsələr anbarlara, köhnə əşyaların yığıldığı şkafların saxlanıldığı yerə çevriliblər. Ertəsi gün baş nazir sosial şəbəkələrdə kilsə xadimlərinə ünvanlanmış yazılar dərc edib. Bu zaman, o, xüsusilə yüksək səviyyəli ruhanilərin subaylıq andına sadiq olması məsələsinə baxmağı təklif edib. Onun fikrincə, bu vədini pozan din xadimi xidməti tərk etməlidir.

İyunun 9-da Paşinyan birbaşa bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda suçlayıb və onun övladının olduğunu bildirib. Baş nazir katolikosun vəzifəsini tərk etməli olduğuna işarə edib, həmçinin dindarları birləşməyə və patriarxal iqamətgahı azad etməyə çağırıb. İyunun 17-də Karapetyan kilsəni dəstəkləyən bəyanatla çıxış edib. O, bəyanatında deyib ki, kiçik bir qrup Ermənistanın və kilsənin min illik tarixini unudaraq, Erməni Apostol Kilsəsinə və erməni xalqına “hücum” edib. Buna cavab olaraq Paşinyan biznesmeni “yolunu azmış, azğınlaşmış xeyriyyəçi” adlandırıb. O, din xadimlərini və onların xeyir-dua verdiklərini cilovlayacağı ilə hədələyib. Həmin gün axşam saatlarında Ermənistan Daxili İşlər Nazirliyi Karapetyanın evində axtarış aparıb. İş adamının tərəfdarları binanın yaxınlığında toplaşıb. Biznesmenin qardaşı Karen Karapetyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 45 nəfəri saxlayıblar. Onun sözlərinə görə, həbs zamanı bəzilərinin qolları burulub, zədələr alıblar. “Sputnik Ermənistan” xəbər verir ki, Karapetyanın evinin qarşısına toplaşan şəxslər qanunsuz silah saxlamada ittiham olunurlar. Agentlik bildirir ki, respublikada bu maddə eks-siyasətçilərin və məmurların məsuliyyətə cəlb edilməsi üçün istifadə olunur.

İyunun 18-nə keçən gecə Karapetyan iki təhlükəsizlik əməkdaşının müşayiəti ilə İrəvandakı evindən çıxıb. O, qardaşı ilə birlikdə polis maşınına minib. Bundan əvvəl isə iş adamı mətbuata açıqlamasında kilsəni və erməni xalqını ləkələməyə çalışsalar da, onların yanında olacağını bildirib.

İş adamı ilə qalmaqal fonunda Ermənistan baş naziri Armen Abazyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Xidmətin direktor müavini Andranik Simonyan müvəqqəti olaraq MTX-nin direktoru vəzifəsini icra edəcək. Məlumata görə, Abazyan Paşinyanın Karapetyanı həbs etməklə bağlı göstərişini icra etmədiyi üçün işdən çıxarılıb.

***

Dünən “Sputnik Ermənistan” Karapetyanın bəyanatını dərc edib. İş adamı bəyanatda öz prinsiplərindən əl çəkməyəcəyini vurğulayaraq, çətin vəziyyətdən çıxmaq üçün birləşməyə çağırıb. Onun fikrincə, baş verənlər indiki hakimiyyətin tam iflasa uğradığını nümayiş etdirir. Karapetyan buna nümunə olaraq Erməni Apostol Kilsəsinə nifrəti, milli dəyərlərə sayğısızlığı, sağlam tənqidə dözümsüzlüyü və istənilən əks fikri vəhşicəsinə boğmaq istəyini göstərib.

Paşinyan isə bildirib ki, iş adamı S.Karapetyanın bəyanatı kilsə haqqında deyil, Ermənistan haqqındadır. Parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə Nikol deyib: “Belə bir fikir formalaşdırmağa cəhd edilir ki, kimlərsə haradansa Ermənistana gəlib özlərinə görə nəsə edə bilərlər. Ermənistanın konkret cavab rıçaqları var və mən heç kimin belə sözlər deməsinə və hərəkətlər etməsinə dözməyəcəm. Ermənistan demokratik ölkədir və burada hər kəsin öz fikrini bildirmək, görüşlər keçirmək, siyasi həyatda iştirak etmək hüququ var. Amma heç kim Ermənistanı təhdid edə bilməz. Mən belə hallarda ən ciddi və ən sərt tədbirləri görəcəm”. Baş nazir “Samvel Karapetyanın bəyanatının kilsə və kilsənin maraqları ilə heç bir əlaqəsi yoxdur” – deyə bildirib.

Eyni zamanda, Paşinyan Karapetyana məxsus “Ermənistan elektrik şəbəkələri” QSC-nin milliləşdirilməsinin vaxtının çatdığını deyib: “Mən hökumət üzvlərinə bir ay vaxt verdim: ya Ermənistan elektrik şəbəkələri” şirkəti xalqa dəymiş ziyanı aradan qaldırmalıdır, ya da milliləşdiriləcək. Şirkət enerji böhranı yaradır ki, daxildə narazılıq baş qaldırsın. İndiki aktivləşmə də bu proseslərlə bağlıdır”. Nikol əlavə edib ki, yaxın vaxtlarda QSC-nin milliləşdirilməsi ilə bağlı qanun layihəsi Milli Assambleyaya təqdim olunacaq.

“Nyus.am” saytı Karapetyana qarşı cinayət işinin başlanması barədə məlumat yayıb. Sayt onun vəkillərindən biri Armen Feroyana istinadən yazır ki, iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur. Vəkilin sözlərinə görə, Ermənistan İstintaq Komitəsi Karapetyanın həbsi ilə bağlı iddia qaldırıb. İş adamı özünü təqsirkar bilmir.

İstintaq Komitəsindən “Aysor.am”a verilən məlumata görə, cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin ikinci bəndi (Konstitusiyada nəzərdə tutulmayan şəkildə hakimiyyəti ələ keçirmək üçün ictimai çağırış etmə) üzrə qaldırılıb.

Qeyd etdiyimiz kimi, S.Karapetyan “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, eyni zamanda, “Taşir” xeyriyyə fondunun prezidentidir. 2025-ci ilin fevralına olan məlumata görə, o, 3,2 milyard dollar sərvəti ilə dünyanın ən zəngin adamlarının reytinqində 1102-cidir. “Forbes”in versiyasına görə, o, rusiyalı milyarderlərin reytinqində 44-cü yerdədir.

***

Ermənistanda hakimiyyətlə kilsə arasındakı gərgin münasibətlər fonunda baş verən son hadisələr ölkədə ictimai-siyasi proseslərin daha da mürəkkəbləşdiyini göstərir. Paşinyanın kilsəyə qarşı səsləndirdiyi tənqidlər və konkret olaraq bütün ermənilərin katolikosu II Qaregini hədəfə alması cəmiyyətin fərqli təbəqələri tərəfindən müxtəlif reaksiyalarla qarşılanır. Bu kontekstdə S.Karapetyanın kilsəni dəstəkləyən bəyanatı və onun ardınca evində aparılan axtarışlar, eləcə də iş adamına qarşı cinayət işinin açılması siyasi həyatda yeni mərhələnin başlandığını göstərir. Hökumətin Karapetyanı hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham etməsi siyasi hakimiyyətin tənqidə qarşı həssas münasibətini nümayiş etdirir. Rəsmi İrəvan bu ittihamları dövlətin sabitliyini qorumaq cəhdi kimi əsaslandırsa da, müxalif kəsim bunu siyasi motivli təqib kimi dəyərləndirir.

S.Karapetyan hazırkı mərhələdə birbaşa siyasi lider kimi çıxış etməsə də, 2026-cı il parlament seçkilərində Ermənistan hakimiyyəti üçün potensial təhlükə yarada biləcək fiqurlardan biridir. Bunu əsaslandıran başlıca nüanslar Karapetyanın maliyyə və media resurslarına malik olması, eləcə də erməni cəmiyyətində özünə möhkəm yer etmiş milli və dini simvolizmdən istifadə etməsidir. Karapetyan Ermənistan mənşəli, lakin Rusiyada fəaliyyət göstərən milyarder kimi həm iqtisadi gücə, həm də media təsirinə malikdir. Onun “Taşir” şirkətlər qrupu və eyniadlı xeyriyyə fondu vasitəsilə erməni cəmiyyətində sosial layihələrə dəstəyi ictimai imicini gücləndirir. Əgər siyasi ambisiya göstərsə, bu resurslar ona ciddi təşkilatlanma və kampaniya qurmaq imkanı verir. Karapetyan hələ ki, birbaşa siyasi iddia irəli sürməyib. Son bəyanatında “hakimiyyətin iflasa uğradığını”, “birlik vaxtının çatdığını” deməsi siyasi ritorikaya yaxınlaşma kimi qiymətləndirilə bilər. Bu cür çıxışlar gələcəkdə siyasi blokların, o cümlədən müxalifət çevrələrinin onun ətrafında birləşməsi ehtimalını artırır. Beləliklə, Karapetyan siyasi lider kimi ortalığa çıxarsa və uyğun təşkilati dəstəyə malik olsa, 2026-cı ildə Paşinyanın real rəqiblərindən birinə çevrilə bilər. Görünür, Paşinyan bunu dərk etdiyi üçün əsas rəqiblərindən birini seçkiyə bir il qalmış “ofsayda” salmağa çalışır.

İlyas HÜSEYNOV, 
politoloq

– Nikol Paşinyanın seçkiqabağı dövrdə bütün siyasi rəqiblərini neytrallaşdırmağa, onları həbs etməyə, müxtəlif inzibati resurslardan yararlanmağa çalışacağı əvvəldən ehtimal edilirdi. Artıq bu proses başlayıb. Eyni zamanda, Paşinyanın kilsəyə qarşı mübarizəsi elə bir prosesə yol açıb ki, hansısa iş adamının, böyük şirkətlərə malik biznesmenin, yaxud siyasətçinin kilsəni müdafiə edən bəyanat səsləndirməsi avtomatik olaraq Paşinyanın qatı düşməninə çevrilmək deməkdir. Nikol həmin şəxsə və ya şəxslərə qarşı kompromatlar toplamağa, arqumentlər formalaşdırmağa və həbsinin icrası üçün əsaslar yaratmağa çalışır.

Samvel Karapetyan böyük iş adamıdır. Ermənistanda, eləcə də Rusiyada geniş əlaqələrə malikdir. Xüsusilə, erməni əsilli iş adamlarının Rusiyada uğur qazanmaları bir çox hallarda şəxsi əlaqələr vasitəsilə təmin olunur. ­Şübhəsiz ki, Karapetyanın da Rusiyanın siyasi elitasına, oliqarxiyasına çıxışı var. Bu imkanları onun siyasi karyera qurmasına imkan yaradır. Bu baxımdan Paşinyan bunu dərk edərək, Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxan Karapetyanın evində axtarış aparılmasına göstəriş verib və onun həbs olunması ilə bağlı addımlar atılıb. Bu da onu deməyə əsas verir ki, Paşinyan bir növ siyasi avtokratiya formalaşdırır və bütün rəqiblərinə qarşı sərt tədbirlər görür. 

Özünü dünyaya demokrat kimi sırıyan, məxməri inqilab zəminində yumşaq formada keçid edərək hakimiyyətə gəldiyini ifadə edən Paşinyan belə addımlar atırsa, deməli, seçkiqabağı mərhələdə bu cür həbslər artacaq. Çünki Paşinyan başa düşür ki, Erməni Apostol Kilsəsi onun bugünədək olan rəqiblərindən daha təhlükəlidir. Daha geniş şəbəkəyə, xarici əlaqələrə, maliyyə resurslarına, inanclı insanların timsalında tərəfdarlara, geniş dəstəyə malikdir. Erməni toplumunun milli ideyasının, dünya erməniliyinin identikliyinin formalaşmasında müstəsna rolu var. Bir çoxlarının qeyd etdikləri kimi, kilsə Ermənistan üçün “dövlət içində dövlət” mahiyyəti daşıyır. Bu fikri bölüşməmək mümkün deyil. Çünki kilsə kifayət qədər ciddi dayaqlara malikdir. Erməni Apostol Kilsəsi ilə bağlı Paşinyanın ifadə etdiyi fikirlər, xüsusilə, katolikos II Qareginə qarşı müqavimət həm də bu cür siyasi prosesləri formalaşdırır. Hesab edirəm ki, proseslər qarşıdakı dövrdə daha gərgin şəkil alacaq.

Səxavət HƏMİD 
XQ

 



Siyasət