AHİK də IT sistemlərini “Hökumət buludu”na köçürüb

post-img

Ölkə Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli fərmanının icrası davam etdirilir. Bu mühüm  dövlət əhəmiyyətli sənədin icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) olub.

Qurum informasiya sistemlərini və ehtiyatlarını tam şəkildə AZCON Holding şirkətlərindən olan “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” AHİK-ə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

“Hökumət buludu” layihəsinin icrası çərçivəsində dövlət qurumlarının IT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari IT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Qeyd edək ki, “AzInTelecom” “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

İqtisadiyyat