Mübariz futbolçu Mübariz Zeynalov

post-img

Həmin axşam Respublika Stadionunun diktoru 29-cu SSRİ çempionatının növbəti görüşündə Leninqradın (indi Sankt-Peterburq) “Zenit” komandasını qəbul edən “Neftçi”nin heyətini elan edərkən 25 min azarkeş bakılıların digər oyunçuları kimi, meydana 11 nömrəli köynəkdə çıxan Mübariz Zeynalovu da ürəkdən alqışladı. O da hamının rəğbətinə minnətdarlığını iki qolla bildirdi. Moskvalı hakim V. Baraşkovun final işarəsi eşidiləndə hesab “Neftçi”nin xeyrinə 3:0 idi. Böyük üstünlüklü qələbədə Zeynalov mühüm rol oynamış, görüşün qəhrəmanına çevrilmişdi. 

1967-ci ilin 8 noyabr axşamında qonaqların qapısına vurulan üçüncü qolun müəllifi isə 11 metrlik cərimə zərbəsini ustalıqla yerinə yetirən Valeri Hacıyev oldu. Hər iki yarımmüdafiəçi orta xətdə yaradıcı oyun nümayiş etdirməklə yanaşı, komandanın hücum əməliyyatlarında da fəal iştirak edirdi. Hacıyev də, Zeynalov kimi, bir il əvvəl “Neftçi” – 66-nın heyətində bürünc medal sevinci yaşamışdı. 

Statistikaya görə, 1966–1972-ci illərdə SSRİ çempionatlarının güclülər dəstəsində 114 oyun keçirib, 6 qol vurmuş Gəncə futbolunun yetirməsi Mübariz xatirələrdə həm də əzmkar, möhkəm iradəli futbolçu kimi yaşayır. Belə olmasaydı, o, respublikanın 1 nömrəli komandasında özünə möhkəm yer edib, yüksək nüfuz qazana bilməzdi. 

“Zenit” üzərində layiqli qələbə ilə başa çatan görüşdə “Neftçi” belə heyətdə oynamışdır: Sergey Kramarenko, Adil Babayev, Vladimir Bruxti, Nikolay Boqdanov, Aleksandr Trofimov, Vyaçeslav Semiqlazov, Kazbek Tuayev, Valeri Hacıyev, Anatoli Banişevski, Eduard Markarov (Aleksandr Syomin, 40) və Mübariz Zeynalov.

Maraqlıdır ki, bu rəqiblərin iyulun 13-də Neva sahillərində keçirilmiş birinci dövrə görüşündə də meydanı qələbə ilə Azərbaycan paytaxtı futbolçuları tərk etmişlər (1:0). Bu oyunda da tribunalardan mübarizənin gedişini, Bakıdakı kimi, 25 min tamaşaçı izləmişdir. Komandamıza 2 xalı isə 43-cü dəqiqədə Kazbek Tuayevin dəqiq zərbəsi qazandırmışdır. Mübariz bu dəfə qol vura bilməsə də, bütün 90 dəqiqə ərzində meydanda olmuşdur. 

Onu da qeyd edək ki, həmin çempionatda 19 komanda çıxış etmişdir. “Neftçi” (36 oyun, 42 xal) yalnız dörd “Dinamo”nu– Kiyev (54 xal), Moskva (49), Tbilisi (45) və Minsk (43) kollektivlərini özündən irəli buraxmışdır. Əlbəttə ki, bürünc mövsümdən sonra növbəti ildə 5-ci yer də pis nəticə deyildi. Turnur cədvəlində 14 komanda bakılılardan geri qalmışdı. 

Ötən əsrin 60-cı illərində əfsanəvi “Neftçi” nəslinin ən parlaq simalarından biri Mübariz Zeynalov 2015-ci il avqustun 8-də 70 yaşında həyatla vidalaşıb. Futbol ictimaiyyətimizi sarsıdan həmin kədərli gündən artıq 10 il ötür. 

Amma “Neftçi”nin bürünc mükafatçısının Azərbaycan idmanında xidmətləri unudulmur. Yeri gəldikcə azarkeşlər M. Zeynalovun futbolumuzda uğurlarını yada salmağı, ona minnətdarlıqlarını ifadə etməyi özlərinə borc bilirlər.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

 

İdman