Qafqazda yeni diplomatiya dönəmi

post-img

Postmünaqişə dövründə Cənubi Qafqaz regionu beynəlxalq sistemin çevik və çoxqütblü transformasiyasının bir parçası olaraq yenidən formalaşır. Məhz bu çərçivədə Azərbaycan–Gürcüstan–Türkiyə üçtərəfli əməkdaşlıq platforması təhlükəsizlik arxitekturasının qurulmasında, enerji və nəqliyyat dəhlizlərinin təşkili və normativ siyasi mədəniyyətin formalaşmasında həlledici rol oynamaqdadır. Üçtərəfli format yalnız regiondaxili deyil, həm də Avrasiya miqyasında strateji inteqrasiyanı təmin edən mühüm dayaq nöqtələrindən birinə çevrilir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan üçtərəfli əməkdaşlıq geosiyasi maraqların kəsişməsi kimi dəyərləndirilməlidir. Bu ölkələr yerləşdikləri unikal coğrafi mövqeyə görə Avropa ilə Asiyanın qovuşduğu strateji enerji və nəqliyyat dəhlizlərinin mərkəzində qərarlaşıb. Birincisi, bu region “qitələrarası körpü” kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan Avropa bazarlarına Xəzərin enerji ehtiyatlarının nəqlini təmin edir, Bakı–Tbilisi–Ərzurum qaz kəməri isə enerji təhlükəsizliyində əvəzsiz rol oynayır. Eyni zamanda, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Avropa ilə Asiya arasında yeni nəqliyyat dəhlizləri yaradaraq, regional ticarət əlaqələrinin güclənməsinə təkan verir. 

İkincisi, üç ölkənin xarici siyasət oriyentasiyaları fərqli olsa da, əsas strateji məqsədlər və prioritetlər bir-birini tamamlayır və uzlaşdırılır. Azərbaycan çoxvektorlu diplomatiya strategiyası ilə həm Qərb, həm Rusiya, həm də regional güclərlə balanslı və çevik münasibətlər qurmağa çalışır. Gürcüstan Avroatlantik inteqrasiya yolunu prioritet kimi müəyyənləşdirərək NATO və Avropa İttifaqı ilə sıx əlaqələr qurur. Türkiyə isə NATO üzvü kimi həm regional, həm də qlobal səviyyədə təhlükəsizlik təminatçısı funksiyasını icra edir və eyni zamanda Cənubi Qafqazda siyasi və iqtisadi maraqlarını gücləndirir.

Üçtərəfli əməkdaşlıq modelinin möhkəm təməlini həm də qarşılıqlı etimad və siyasi koordinasiya təşkil edir. İqtisadi layihələr üzərindən qurulan əlaqələr paralel olaraq siyasi dialoqu və təhlükəsizlik mexanizmlərini gücləndirir. Tərəflər arasında yüksək səviyyəli dialoqlar, qarşılıqlı səfərlər və parlamentlərarası əməkdaşlıq prosesləri regionda sülhün və davamlı inkişafın əsas garantlarıdır.

***

Son illər Azərbaycan–Gürcüstan–­Türkiyə əməkdaşlıq formatının institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə, qanunverici orqanlar səviyyəsində dialoqun dərinləşdirilməsi təşəbbüsləri regionun siyasi proseslərinə yeni nəfəs gətirir və qarşılıqlı anlaşma mühitini möhkəmləndirir. Məhz bu baxımdan, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Türkiyəyə rəsmi səfəri və burada verdiyi açıqlamalar xüsusi əhəmiyyət kəsb edir. O, parlamentlərarası əməkdaşlığın formal prosedurdan daha artıq bir siyasi və diplomatik mexanizm olduğunu vurğulayaraq, regionda yeni inteqrasiya mərhələsinin başlanğıcını simvolizə edir. 

2023-cü ildə planlaşdırılan, lakin Türkiyədə baş vermiş zəlzələ səbəbindən təxirə salınan parlament sədrlərinin üçtərəfli görüşünün yaxın gələcəkdə bərpası isə regionda siyasi iradənin yenilənməsi və praktik əməkdaşlıq üçün geniş perspektivlər açan strateji platformadır. Üç dövlətin qanunverici orqanları arasında qarşılıqlı fikir mübadiləsi, təşəbbüslərinin koordinasiyası və ortaq regional layihələrin siyasi dəstəyi daha sistemli şəkildə təmin olunacaq. Parlament diplomatiyası, həmçinin dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin legitim və şəffaf əsaslara söykənməsinə xidmət edir. Bu mexanizm ictimaiyyətin siyasi proseslərdə iştirakı və dəstəyi üçün imkanlar yaradır, ictimai rəyin formalaşmasında aktiv rol oynayır və eyni zamanda, siyasi dialoqun qeyri-formal, daha çevik səviyyədə davam etdirilməsinə şərait yaradır. Xüsusilə, postmünaqişə regionlarında, sülhün və əməkdaşlığın davamlılığının təmin olunması baxımından parlament diplomatiyasının rolu əvəzsizdir.

Azərbaycan və Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri Cənubi Qafqazda formalaşan üçtərəfli əməkdaşlıq modelinə çoxşaxəli geosiyasi çalarlar əlavə edir. Gürcüstan Aİ ilə assosiasiya sazişi imzalamış və vətəndaşlarının vizasız rejim çərçivəsində Avropa ölkələrinə səfərini təmin etmişdir. Saziş onun Aİ-nin normativ bazası və iqtisadi məkanına inteqrasiya prosesini sürətləndirir və regionda Avroatlantik dəyərlərin yayılmasına mühüm töhfə verir. Gürcüstanın bu yoldakı addımları onun Avropa strukturuna daha sıx inteqrasiyasını təmin etməklə yanaşı, həm də üçtərəfli əməkdaşlıq formatında normativ və institusional əlaqələrin dərinləşməsinə şərait yaradır.

Digər tərəfdən, Azərbaycan Aİ ilə enerji sahəsində strateji tərəfdaşlıq müqavilələri imzalamaqla Avropanın enerji təhlükəsizliyində həlledici rol oynamağa davam edir. Xüsusilə, yaşıl enerji əməkdaşlığı istiqamətində atılan addımlar, həm Azərbaycanın enerji siyasətində diversifikasiya və modernləşməni təmin edir, həm də Avropa üçün etibarlı və davamlı enerji təchizatının təminatçısı kimi mövqeyini gücləndirir. Mövcud əməkdaşlıq modeli Cənubi Qafqazda iqtisadi inteqrasiyanın yeni mərhələsini təmsil etməklə yanaşı, enerji diplomatiyasının əhəmiyyətini artırır və regionda təhlükəsizliyin daha geniş spektrdə möhkəmlənməsinə səbəb olur.

Türkiyə isə Aİ-nin qonşuluq və təhlükəsizlik siyasətində əsas aktor kimi çıxış edir. NATO üzvü və strateji coğrafi mövqeyə malik olan Türkiyə həm Qərb bloku ilə, həm də regional tərəfdaşlarla əlaqələrində körpü funksiyasını yerinə yetirir. Onun Avropa ilə iqtisadi, siyasi və təhlükəsizlik sahəsində çoxşaxəli əməkdaşlığı, üçtərəfli modeldə Türkiyənin həm regional stabilliyin təminatçısı, həm də normativ təsir faktoruna çevrilməsini təmin edir. Məhz bu amillər nəticəsində, Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli regionda Avropa normativlərinin və siyasi idarəetmə modellərinin tədricən kök salmasına və Qərblə Şərq arasında normativ uyğunluğun dərinləşməsinə önəmli töhfə verir. 

Azərbaycan–Gürcüstan–Türkiyə ­üçtərəfli əməkdaşlıq modeli yalnız spesifik coğrafi konfiqurasiya deyil, həm də daha geniş regional arxitekturanın təşəkkül tapmasına təkan verən strateji çərçivədir. Üçlüyün uğurla işləyən praktik təcrübəsi, qarşılıqlı etimad, koordinasiya və ortaq maraqlar əsasında qurulan əməkdaşlıq nümunəsi kimi Cənubi Qafqazın sabitlik və inteqrasiya potensialının reallaşdırılmasında mühüm rol oynayır. 

Mövcud kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Qafqaz Evi” konsepti xüsusi qeyd olunmalıdır. İdeya region ölkələri arasında qarşılıqlı etimada əsaslanan, sülh və inkişafın təşviqinə yönəlmiş inklüziv platforma kimi nəzərdə tutulur. “Qafqaz Evi” modeli siyasi sərhədlərin arxasında yerləşən tarixi, mədəni və iqtisadi bağları yenidən hərəkətə gətirərək, regional kimlik və həmrəylik üçün intellektual zəmin formalaşdırmağı qarşısına məqsəd qoyur. 

Bununla yanaşı, regionda formalaşmaqda olan “3+3” əməkdaşlıq platforması (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, Türkiyə, İran) daha geniş, çoxtərəfli dialoq məkanının təsisi məqsədi daşıyır. Bu format region ölkələri ilə yanaşı, onun qonşularını da prosesə cəlb edərək dialoq, əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında davamlı sabitlik modeli yaratmağı hədəfləyir.

Bu mənada, üçtərəfli əməkdaşlıq formatı “3+3” təşəbbüsünün nəzəri və institusional əsaslarının praktik müstəvidə necə işləyə biləcəyini göstərən funksional laboratoriya rolunu oynayır. Regional sabitliyin təşviqi, enerji təhlükəsizliyi, kommunikasiya layihələrinin reallaşdırılması, həmçinin konfliktlərin idarəedilməsi sahəsində qazanılan nəticələr “3+3” formatının uğurla tətbiqi üçün nümunəvi model sayılır.

Beləliklə, Azərbaycan–Gürcüstan–Türkiyə üçlüyü yalnız öz daxilində deyil, həm də Cənubi Qafqazın daha geniş təhlükəsizlik və əməkdaşlıq sisteminə inteqrasiyası baxımından strateji açar rolu oynayır. Əgər “Qafqaz Evi” ideyası sülh və inklüziv əməkdaşlığın vizionunu təqdim edirsə, “3+3” platforması bu vizionun reallaşması üçün mümkün institusional çərçivəni təşkil edə bilər. 

Nəticə etibarilə, siyasi və diplomatik təhlil kontekstində Azərbaycan–Gürcüstan–Türkiyə üçbucağı həm regional sabitlik, həm də qlobal əməkdaşlıq baxımından dayanıqlı və strateji əhəmiyyət daşıyan modelə çevrilməkdədir. Üctərəfli təşəbbüslər “Qafqaz Evi” ideyasını praktik reallığa çevirə, “3+3” formatının isə sabit və inklüziv əsasda inkişaf etməsinə zəmin yarada bilər. Geosiyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə bu cür diplomatik təşəbbüslər regionun gələcəyini sabitlik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində inşa etməyə yönəlmiş strateji iradənin təzahürüdür.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,  siyasi elmlər üzrə fəlsəfə doktoru

 



Siyasət