Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası

post-img

İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirilib. 

Milli Məclisin sədri, QDİƏT PA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova assambleyada çıxış edib. O deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.

Sahibə Qafarova Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. O, xüsusilə qeyd edib ki, Azərbaycanın bu mühüm beynəlxalq forumu uğurla təşkili Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və strateji cəhətdən uğurlu siyasi kurs sayəsində mümkün olub. Vurğulanıb ki, məhz dövlət başçısının rəhbərliyi sayəsində Azərbaycan daxili sabitliyi qoruyub saxlaya bilib, ədaləti bərpa edib, davamlı inkişafı təmin edib, dinamik, özünəinamlı və nüfuzlu ölkəyə çevrilib. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, QDİƏT-in regionumuzdakı rolu həqiqətən unikaldır.  S.Qafarova parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin, davamlı inkişafa töhfə verəcək qanunvericilik aktlarının uyğunlaşdırılmasının təşviqinin və qanunun aliliyinin gücləndirilməsinin vacibliyini ifadə edib. 

Sonra iclasda Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselova çıxış edib. O, Bakıda təşkil olunmuş bu tədbirin QDİƏT PA-nın regionda iqtisadi əməkdaşlığın gücləndirilməsinə, parlamentlərarası dialoqun təşviqinə yönəldiyini söyləyib. Üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin Qara Dəniz regionunda davamlı inkişafın və rifahın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. 

Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi isə çıxışında bildirib ki, firavan gələcəyin, sabitlik və  təhlükəsizliyin təmin edilməsində, iqtisadi inkişafın sürətləndirilməsində, iqlim dəyişiklikləri ilə mübarizədə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, demokratik dəyərlərin qorunması, qanunun aliliyinin təmin edilməsi, xalqlar arasında dialoqun təşviqi, parlament diplomatiyasının rolunun gücləndirilməsi önəmli amillər hesab olunur.

Tədbirdə çıxış edən QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev Qara Dəniz bölgəsində müxtəlif mədəniyyətlərə, dinlərə, adət-ənənələrə mənsub millətlərin birgəyaşayışı üçün sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq mühitinin formalaşmasının vacibliyindən bəhs edib. 

Sonra Milli Məclisin sədri Sahibə Qafarova iki il əvvəl QDİƏT PA-nın 30 illik yubileyinin qeyd edildiyini bildirib. O, QDİƏT PA-nın səmərəli fəaliyyətində əməyi olan şəxslərin təşkilatın medalı ilə təltif olunduğunu vurğulayıb. 

Tədbirdə Sahibə Qafarova Sofiya Vultepsiyə (Yunanıstan), Blagika Lasovskaya (Şimali Makedoniya), Fatih Dönməzə (Türkiyə), Eldar İbrahimova (Azərbaycan) və Peter Kanevə (Bolqarıstan) medalları təqdim edib. 

Sonra S.Qafarova QDİƏT Parlament Assambleyasına növbəti müddət üçün sədrliyin Bolqarıstan Respublikasının Milli Assambleyasına təhvil verildiyini bildirib.

Fasilədən sonra QDİƏT PA-nın Baş Assambleyası işini sessiyalarda davam etdirib.

XQ

 



Son xəbərlər