Azərbaycan təbabətinin dünya şöhrətli cərrahı

post-img

Mustafa Topçubaşov – 130

Xəbər verildiyi kimi, bu il iyunun 10-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaradan Mustafa Topçubaşov Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyev Mustafa bəyin haqqında: “Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır” – deyib. Həqiqətən də, o, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması unudulmaz akademikin adı ilə sıx bağlıdır. 

Mustafa Topçubaşov 5 (17) avqust 1895-ci ildə Qərbi Azərbaycanda – Zəngibasarın Göykümbət kəndində dünyaya göz açıb. Bu kənd elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və 3 qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa 200 illik yubileyini qeyd etdiyimiz tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə, ardınca isə gimnaziyada oxuyub. Sonra valideynlərinin etirazına baxmayaraq, Mustafa Kiyevə gedib və oradakı darülfünunda ali tibb təhsili alıb. Universitetin 3-cü kursda oxuyanda ­Oktyabr inqilabı baş versə də, Kiyevdə qalaraq tələbəliyini başa vurub. 

Gənc həkim 1 il Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib. 1920–1923-cü illərdə ovaxtkı ADU-nun tibb fakültəsinin klinik ordinator, sonra da 7 il assistent işləyib. 1930-cu ildə ilk azərbaycanlı kadr kimi “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilib və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilib.

Dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu – injeksion efir-yağ narkozu – analgeziya Mustafa Topçubaşovun kəşfi sayılır. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında bu yağ qarışığının “Analgezin” adı altında istehsalına icazə verilib. İkinci Dünya müharibəsi illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışan alim keçmiş SSRİ-də bir ilk kimi təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. 

Müharibədən sonra Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilən professor Topçubaşov Səhiyyə Nazirliyinin baş cərrahı olub. Bir neçə il akademiyanın Eksperimental Tibb İnstitutunda direktorluq edib. Müxtəlif dövrlərdə iki dəfə respublika Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyıb. Akademiyanın nəşriyyatı və mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1956-cı ildə M.Topçubaşov Berlində Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil edən görkəmli alim, novator-cərrah kimi çıxış edib. Onun “Öddaşı xəstəliyinin efir-yağ keyitməsi ilə müalicəsi” mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Görkəmli təbib Stalin mükafatı laureatı olub və Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülüb.

Tanınmış alim geniş dünyagörüşü, ünsiyyət bacarığı və yüksək musiqi zövqü olan bir şəxs idi. Dahi Üzeyir Hacıbəyli istedadlı həkim dostunu “təbabətin filosofu və bəstəkarı” adlandırırdı. Məclislərin birində Üzeyir bəy onun haqqında demişdi: “Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsa idi, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı”. Onun Xalq şairləri Səməd Vurğun və Süleyman Rüstəmlə, həmçinin görkəmli incəsənət xadimləri Müslüm Maqomayev və Bülbüllə də sıx dostluq edib. 

Elə ata Topçubaşovun ibrətamiz həyatı da bitməyən bir mahnı təsiri bağışlayır. Bakı, Gəncə, Tobvuz, Şirvan və Mingəçevirdə adına küçələr var. Paytaxtdakı Elmi Cərrahiyyə mərhum akademikin adını daşıyır. ATU-nun III Cərrahi xəstəliklər kafedrasında – 51 il çalışdığı iş otağında (Əfəndiyev adına 2 saylı şəhər xəstəxanası) Xatirə Muzeyi fəaliyyət göstərir.

Ə.DOSTƏLİ 
XQ 

 

Mədəniyyət