I məqalə
Risk nə etdiyinizi bilməməkdən qaynaqlanır.
Uorren Baffet
Tarixə ekskurs
Ermənistanın siyasi kursu Cənubi Qafqazda ümumi vəziyyəti o dərəcədə qarışdırmağa yönəlmişdir ki, geosiyasi dinamikanın ümumi mənzərəsini anlamaq üçün yeni terminlərə baş vurmaq lazım gəlir. Cənubi Qafqazda qondarma “Ermənistan” yaradılandan başlayan bu tendensiya indi siyasi və geosiyasi trend kimi baş ağrısına çevrilmişdir. Son 100 ildən çox müddətdə bu regionda baş verən siyasi və geosiyasi hadisələrin ümumi məzmununa baxsaq, hər addımda “erməni etirazı”, “erməni iddiası”, “erməni tələbi” və “erməni soyqırımı” kimi neqativ enerjili anlayışlar qarşımıza çıxacaqdır. Erməni tarixçiləri və siyasi dairələrinin tarixi faktlara münasibəti də qeyri-müəyyən olmuşdur.
Özü də onlar üçün elə bir sabit kriteriya yoxdur ki, həmişə əməl etsinlər. Vəziyyətdən asılı olaraq siyasi sərsərilər kimi tarixi, siyasi, diplomatik sahələrdə “sərgərdan gəzintilər” etmişlər. Dünən həqiqət kimi car çəkdiklərini bu gün tamamilə fərqli anlamda “əsl həqiqət” olaraq təqdim etməyə çalışırlar.
Hər kəs üçün aydındır ki, bu erməni siyasi sərgərdanlığı (və ya veyillənməyi) əsasən türklərə və müsəlmanlara qarşı özünü göstərmişdir. Dövlət səviyyəsində isə başlıca hədəfləri (havadarlarının göstərişi ilə) Azərbaycan və Türkiyədir.
II Qarabağ savaşından sonra ermənilərin həm siyasi şüurunda, həm də rəsmi siyasi kursunda “tektonik silkələnmələr” daha da gücləndi. Nəzəriyyə üçün maraqlı idi ki, bu neqativ dəyişiklik, ümumilikdə, erməni siyasətində hansı yeniliklər edəcəkdir? Çünki Ermənistan başqaları tərəfindən öz maraqlarına uyğun yaradılmışdı. Dərhal da Rusiyanın tam nəzarətində olan geosiyasi və siyasi-ideoloji mühitin – sovetlərin təsiri altına düşmüşdülər. Yəni faktiki olaraq, erməni dövlətçilik şüuru radikal, ultra, şovinist anti–türk mühitindən anidən güclü rus dövlətçilik şüuru və ideoloji konyukturasının təsiri altına düşdü.
Bu zaman anti–türk nifrəti şüurlarda və əməldə saxlanıldı, lakin Rusiyanın maraqlarından kənara çıxmağa imkan verilmədi. Buna baxmayaraq, erməni siyasi sərgərdan şüuru 70 il özünü gizli qorumuşdu və hətta türklərə (azərbaycanlılar da daxil olmaqla) şovinizmi və nifrəti saxlamışdı. Bunun bariz nümunələrini sovet dövründə belə ermənilərin azərbaycanlılara qarşı “soyqırımı” bəhanəsi ilə qəddarlıqlarında görmək olurdu. Türkiyə sərhədin o tayında olsa da, diaspor vasitəsilə ora da öz yaramaz əməllərini daşımağa çalışırdılar.
Nəhayət, erməni siyasi şüurunun əsl mahiyyəti sovetlərin dağılması ilə maskasından çıxdı. Aydın oldu ki, ermənilər daimi və stabil siyasi xətt tuta bilmirlər. Onlar siyasi meydanda sərsəri kimi sərkərdanlıq edir və hər hansı siyasi mövqe seçmələri “randomik” (“random” – prosesin gedişinin daxili məntiqi ilə bağlantısı olmayan və kənar təsirlərdən meydana gələn təsadüfi seçimdir) xarakter daşıyır. Buna uyğun olaraq, keçən əsrin 90-cı illərində erməni siyasəti regionda dağıdıcılığın rəmzinə çevrildi. Bunda heç bir əsas və diplomatik məntiq yox idi. Ermənistan mövcud reallıqlar sahəsində təsadüfi sərgərdanlıqla məşğul oldu. Bu fəaliyyət Cənubi Qafqaz üçün həmin dövrdə və indi də ciddi narahatlıq doğuran geosiyasi mənzərə yaratdı. Onu aydın təsəvvür etmək üçün yuxarıda işlətdiyimiz anlayışları izah edək.
Siyasi sərgərdanlıq və realpolitika
“Siyasi sərgərdanlığ”ın mənası, ümumiyyətlə, “təsadüfi sərgərdanlıq” anlayışından qaynaqlanır. “Təsadüfi sərgərdanlıq” ilk dəfə Karl Pirs tərəfindən riyaziyyat üçün daxil edilmişdir. Bu, hər hansı riyazi məkanda təsadüfi addımların yaratdığı təsadüfi prosesdir. Yəni həm atılan addımlar təsadüfidir, daxili məntiqə əsaslanmır, həm də bütövlükdə, proses daxili məntiqi olmayan təsadüfi xarakterlidir. Siyasi nəzəriyyədə buna bənzər yanaşma mövcuddur.
Hər hansı siyasi-diplomatik addım daxili məntiqi reallıqdan deyil, kənar təsirlərlə təsadüfi atılırsa, siyaətçinin fəaliyyəti mənsub olduğu dövlətin sərhədləri ilə məhudlaşmır – o, daha geniş mənada siyasi və geosiyasi dinamikanın məsuliyyəti sahəsinə təsir edir. Yəni Ermənistanda siyasi rəhbərlik təsadüfi addım atırsa, onun təsiri regional səviyyədə hiss oluna bilər. Bu da siyasi sərgərdanlığın regional miqyasda neqativ rol oynaması anlamına gəlir.
Aydındır ki, bu, realpolitikaya tamamilə təsiri olan bir hadisədir. Realpolitika daim mövcud şərtlər daxilində siyasi-diplomatik fəaliyyəti tələb edir. Özü də xilasedicilik, quruculuq, konstruktivlik mənasında işlədilir. Deməli, siyasi təsadüfi addımlar (sərgərdanlıq və ya randoma) faktiki olaraq milli və regional miqyasda risk yarada bilər.
Nəzəriyyəçilər doğrudan da onun siyasi risk yaratdığından bəhs edirlər. Bu, ölkənin və regionun iqtisadi-siyasi stabilliyinin və inkişafının qarşısına çıxan əngəllərdə əksini tapa bilər. Tədqiqatçılar eyni zamanda, onu da vurğulayırlar ki, hər bir variantda siyasi risk geosiyasi kontekstli olur. Yəni o, özündə həm də geosiyasi riski daşıyır. Məsələnin bu tərəfi Cənubi Qafqazın bugünkü geosiyasi mənzərəsi üçün aktualdır. Deməli, siyasi-diplomatik sərgərdanlıq real surətdə geosiyasi risklər əmələ gətirir. Məsələnin bu aspekti üzərində regiondakı indiki vəziyyət prizmasında geniş dayanaq. Öncə, siyasi-diplomatik sərgərdanlığın meydana gəlməsinin bir elmi incəliyinə baxaq.
Təfəkkürün sərgərdanlığı
Elmdə belə bir anlayış vardır. İngiliscə, “mind wandering” kimi ifadə edilir. Bu beynin elə bir vəziyyətidir ki, o, əsas məsələdən avtomatik olaraq ikinci dərəcəli məsələlərə keçid edir. Bununla ani olaraq real situasiyanı itirir, onu “tuta bilmr”. Nümunə kimi göstərə bilərik ki, qarşısına konkret məqsəd qoyan insan özündən asılı olmayaraq, ondan yayınır və həmin situasiyada ikinci dərəcəli olan işlərlə məşğul olur. Siyasətdə də əgər qarşıya, məsələn, ölkənin böhrandan xilas olması məqsədi qoyulmuşsa, siyasətçinin ondan yayınıb, hansısa ikinci dərəcəli məsələlərlə məşğul olması (məsələn, kənar təsirlə başqa dövlətin maraqların cavab verən addımlar atması) siyasi şüurun sərgərdanlığı əlamətidir. Maraqlıdır ki, bu cür halların səbəbləri içərisində tarixi ənənəni, siyasi mentaliteti və ideoloji sərgərdanlığı göstərirlər.
Belə çıxır ki, indi müşahidə edilən “erməni siyasi sərgərdanlığının onların mentaliteti, dünya duyumu, siyasi düşünmə ənənəsi və psixoloji özəllikləri ilə bağlılığı vardır. Bu sindrom zaman-zaman erməni siyasətçilərin şüurlarını reallıqdan ayırır və onların təsadüfi, məntiqsiz addımlar atmasına səbəb olur. Ancaq belə “şüuri apatiyalar” bütöv regionda risklərin yaranmasını motivə edir. Yəni erməni siyasi və geosiyasi sərgərdanlığını neytrallaşdırmaq elə də asan məsələ deyildir.
Erməni siyasi-diplomatik sərgərdanlığı
Yəqin hər kəs II Qarabağ savaşından sonra Ermənistan siyasi dairələrinin tez-tez heç bir məntiq olmadan mövqelərini dəyişdiklərini və tamamailə fərqli fikirlər ifadə etdiklərini müşahidə etmişdir. Bunlar təsadüfi və yalnız Ermənistanın daxili vəziyyəti ilə izah olunan hallar deyildir. Birmənalı deyə bilərik ki, müharibədən aldığı çox ağır (və haqlı) zərbədən sonra erməni siyasi şüuru tamamilə darmadağın olmuşdu. Biz burada yuxarıda qoyduğumuz suala qayıtmalı olacağıq. Yəni, müstəqilliyin erməni siyasi şüurunda hansı dəyişikliyi etdiyini aydınlaşdırmalıyıq.
Proseslər onu göstərdi ki, II Qarabağ savaşına qədər erməni siyasi şüurunda ciddi heş bir dəyişiklik olmamışdır. Sovet dövründə gizli qalan radikal, neqativ siyasi-psixoloji və ideoloji məqamlar daha açıq və sərhədsiz formada inkişaf etdirilmişdir. Ermənilər daha təmtəraqlı formada “soyqırımı” qeyd edirdilər, dünyanın müxtəlif yerlərindən siyasətçiləri dəvət edib, şou göstərirdilər.
Bunlara Qərbin təhriki ilə demokratiya və liberalizm şouları da əlavə olunmağa başladı. Havadarlarının birbaşa yardımı ilə işğal etdikləri Azərbaycan torpaqlarını öz gücləri ilə zəbt etdiklərinə özlərini inandırdılar. Hesab edirlər ki, doğrudan da, onlar güclüdürlər. Və bu yanlış düşüncə erməni siyasi şüurunda nəinki müstəqil düşünməyə meyli sıfıra endirdi, hətta daha çox onlardan asılı vəziyyətə saldı.
İndiki proseslər göstərir ki, hələ də erməni siyasi şüuru həmin bəladan yaxa qurtara bilməmişdir. Buna görədir ki, biz eyni məsələ haqqında erməni siyasətçilərin fikirlərini çox sürətlə dəyişdiyini müşahidə edirik. Məsələn, bu gün deyirlər ki, sülh müqaviləsini imzalamaqda maraqlıyıq. Sabah isə bunun əksini söyləyirlər: “yox, gərək filan şərt ödənsin!” Deyək ki, Azərbaycan erməni konstitusiyasından təcavüzkarlığı ifadə edən maddələrin çıxarılması şərtini qoymuşdur. Öncələr, bunu yerinə yetirməyə meylli görünürdülər. Sonra isə başqa mövqe ortaya qoydular.
Eynilə, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olduqca məntiqsiz izahlar verməyə çalışırlar. Onlar deyirlər ki, bu qrup yeganə legitim vasitəçidir. Ağ yalandır! Münaqişə həll edilmişdir və Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmişdir. Ermənistan rəhbərliyi bununla bağlı həm sənəd imzalamışdır, həm də rəsmi etiraf etmişdir. N.Paşinyan bəyan etmişdir ki, Qarabağ məsələsi həll olunmuşdur. Qalır iki ölkə arasında sülhə nail olmaq.
İndi isə heç zaman real vasitəçilik funksiyasını yerinə yetirməyən ATƏT-in Minsk qrupunu “legitim” kimi təqdim etməyə çalışır və sülh müqaviləsinin imzalanmasını bu qondarma və saxta qurumun fəaliyyəti çərçivəsində görürlər.
Bu kontekstdə ABŞ hərbi kontingentinin Zəngəzura yerləşdirilməsi yeni risklər əmələ gətirir. Bu proses fonunda Azərbaycanın ağıllı və təmkinli siyasi mövqeyi regionu sabitlikdən çıxmağa qoymadı. Lakin məsələnin bu aspekti yalnız bizim regionla məhdudlaşmır. Çünki beynəlxalq miqyasda Zəngəzur məsələsi qlobal “Yeni İpək Yolu” layihəsi çərçivəsində Orta dəhlizin tərkib hissəsi kimi qəbul edilir. Belə alınır ki, erməni siyasəti faktiki olaraq Çinin irəli sürdüyü layihənin önünə əngəllər çıxarır.
Təbii ki, bunu özünün daxili məntiqi ilə etmir. Belə gedişat Qərbə sərfəlidir. Qərb son zamanlar Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində fəallıqlarını bir tələbləri fonunda artırmışlar: enerji resurslarının daşınması marşrutları Çin və Rusiyadan yan keçməlidir. Zəngəzurda Amerika hərbi kontingentinin mövcudluğu həmin ərazinin onların ixtiyarına verilməsi istiqamətində atılmış ilk addımdır.
Buradan çox təhlükəli nəticələr çıxır. Aydın görünür ki, erməni siyasətçilər regionun geosiyasi məntiqinin tamamilə ziddinə olaraq, “təsadüfən kənar sifarişlə siyasi addım atmışlar”. Bu addımın regionda vəziyyəti Ermənistanın xeyrinə dəyişəcəyinə ümid edirlər. Lakin təcrübə göstərir ki, bu cür ümidlər çox yanlış nəticələrə aparıb çıxarır. Çünki “siyasi-diplomatik veyillənmək”, bir qayda olaraq, geosiyasi risklər əmələ gətirir. Bu məqamın üzərində dayanmaq lazım gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru