(əvvəli https://xalqqazeti.az/az/siyaset/189742-ermeni-milletciliyinin-temel-prinsipleri)
Erməni millətçiliyi şovinizm və irqçiliyə söykənir. Erməni ideoloqlarının həmin illərdəki nəşrlərində yaşadığı ölkəyə qarşı xaricdən dəstək almaq, fanatik və təcavüzkar düşüncələr təbliğ olunurdu. Bu mənada erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olan Griqori Yeremeyeviç Artsruninin fikirləri mövzunun aydınlaşdırılmasında böyük əhəmiyyət kəsb edir.
Artsruni Tiflisdə nəşr etdirdiyi “Mşak” (Rəncbər) adlı qəzetində Osmanlı rəhbərliyindəki erməniləri üsyana səsləyirdi. Yazdığı məqalə və kitablarında Artsruni türkləri, kürdləri və müsəlmanları alçaldıb, ələ salırdı .
O, 1879-cu il mayın 11-də Tiflisdə iş adamları klubunda çıxışında “Bu qədər geniş mədəni qabiliyyətləri olan ermənilər nə üçün özündən min qat geri barbar boylar üzərində hakimiyyətə nail olmayıb?" sualı ilə başlayır və sonra deyirdi ki, ermənilər, qonşu millətlərin hamısından, hətta xristian olan millətlərdən tamamilə fərqlidir və mədəni qabiliyyətləri ilə seçilməkdədir: “Digər millətlər sonda o qənaətə gələrək erməniləri özlərinə rəhbər seçəcəklər. Çünki erməni ağlı və qabiliyyəti ilə onların hamısından üstündür”.
Türklər və kürdlərdən bəhs edərkən Artsruni yazır: “Nə türklərin, nə də vəhşi kürdlərin keçmişi, tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti vardır. Təbiət, bütün xalqlara eyni cür qabiliyyətlərə sahib beyin verməmişdir. Türklərin və kürdlərin mədəniyyətə və sənətə meyilləri yoxdur. Dilləri vardır, ancaq çox geri qalmış və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili verilə bilər”.
Artsruniyə görə, mədəni "ari və semit irqləri" sırasında olan ermənilər Kiçik Asiyada bu xüsusiyyətlərinə görə qəsdən barbarların idarəsi altına verilmişdir. Avropa səhvini düzəltməlidir.
Erməni millətçiliyinin ideoloji təməllərini qoyduğu kitablarında Artsruni kürdlərin ən əhəmiyyətli məşğuliyyətlərinin oğurluq, talançılıq olduğunu ifadə edir. Ermənilərlə birlikdə yaşayan kürdlər hər zaman onların xidmətində çalışmış, hətta müsəlman olsalar da, erməni kilsəsinə gəlib ermənilərlə “anlamazlıqdan” peşman olduqlarını ifadə edən dualar etmişlər.
Artsruniyə görə, kürdlər üçün din anlayışı yoxdur. Kürdlər ermənilərin ən etibarlı əlaltısı olmuşlar, ancaq əllərinə fürsət düşən kimi xidmət elədiyi ağasının, sahibinin evini yağmalamış, onu öldürmüş, həyat yoldaşına, qızlarına təcavüz etmiş, mallarını oğurlamışlar.
Türklərə gəlincə, Artsruniyə görə, onlar tənbəl, kütbeyindirlər, ermənilərin hesabına yaşayırlar. Kasıb və ya varlı, fərqi yoxdur, türk qadını kişilərinin ehtiraslarını təmin etmək və hərəmlərini bəzəmək üçün doğulmuşlar. Müsəlmanlar arasında nə bir usta var, nə də qabiliyyətli fəhlə. Ermənilər çalışqan bir xalqdır, müsəlmanlar isə bunun tam tərsidir. Göründüyü kimi, ermənilər, bir tərəfdən quldur kürdlərlə, digər tərəfdən ağılsız, tənbəl, rüşvətxor türklərlə əhatə olunmuşlar.
Artsruninin “Ekonomiçeskoe polojenie Turetskix armyan” (“Türkiyə ermənilərinin iqtisadi vəziyyəti”) kitabının yazılmasının səbəbi dünyanın, xüsusən Rusiyanın diqqətini Türkiyə ermənilərinin yaşadığı bölgənin təbii zənginliklərinə və böyük iqtisadi potensialına çəkmək olub. Bu kitabla Artsruni ermənilərin özünü də bu sərvətlərə sahib olmaq üçün üsyana çağırır. Kitabda “zalım müsəlmanlara qarşı qisas duyğularını oyandırmaq məqsədi” açıq bildirilir.
Griqori Artsruni “Mşak” qəzetindən də bu ideologiyanın yayılmasında əhəmiyyətli bir vasitə kimi istifadə etmişdir. O bu qəzetə öz həmfikirləri olan Raffini, Arpiar Arpiaryanı, Leonu, Mkrtıç Portukalyanı, Mikael Varandyanı cəlb edərək bu irqçi ideologiyanı yaymaq üçün onların da yazılarından faydalanmışdır. 1880-ci illərdə erməni ideoloji hərəkatındakı önəmli şəxslər bu qəzetə yazılar göndərirdilər. Dönəmin erməni milli ideologiyası da bu qəzet ətrafında formalaşmışdı. Bu ideologiya anti-türk ovqatını dərinləşdirən düşmənçilik ideologiyası idi.
1885-ci ildə Fransada yaradılan "Armenakan", 1887-ci ildə Cenevrədə təşkil olunan "Hnçak" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarının ideya istiqaməti Artsruni və onun ardıcıllarının nəzəriyyəsindən qaynaqlanırdı. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. “Mşak”da gedən yazılarda bu üsyana bütün ermənilər təşviq olunurdu. "Hnçak" partiyasının proqramı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq".
Artsruninin irəli sürdüyü ideyalar daşnakizmin də əsasını təşkil etmişdir. Daşnakizmin "Əsas İncili" (Karinyan) olaraq xarakterizə etdiyi “Türkiyə ermənilərinin iqtisadi vəziyyəti” kitabında təcavüzkar erməni millətçiliyinin ortaya çıxdığının şahidi oluruq. "Daşnaksütyun" da "Hnçak" partiyasından fərqli deyildi. O da nasist tipli partiya idi. Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan hələ 30 il əvvəl formalaşdırmışdı. Hədəfə çatmaq proqramları bundan ibarət idi:
1) Silahlı qiyam;
2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək;
3) ermənilərin silahlanması və təşkilatlanması;
4) hökumət adamlarının fiziki cəhətdən aradan götürülməsi ...
“Daşnaksütyun”un fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə dərin ağrı hissilə yazırdı: "Daşnaklar gələrkən özləri ilə milli nifrət toxumu gətirdilər. Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərində erməni – müsəlman qan davası və erməni- gürcü müharibəsindən başqa bir şey bitə bilməzdi". Başqalarına nifrət hissi, özlərini bütün xalqlardan ağıllı görmək xəstəliyinə tutulmuş Ermənistanda bu gün də eyni tendensiya davam edir.
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri