“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə parlament seçkilərinə gedir. Məhz buna görə bu seçkilər bütün dünya azərbaycanlılarının diqqət mərkəzindədir”. Bunu “XQ”-yə açıqlamasında Türkiyənin Qars Qafqaz Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin müdiri, professor Elnur Həsən Mikayıl deyib.
Onun fikrincə, Milli Məclisə növbədənkənar seçkilərin həm Azərbaycan, həm də region üçün böyük əhəmiyyəti var və bunu bir neçə aspektdən qiymətləndirmək lazımdır: “Daxili siyasət baxımından seçkilər dövlət idarəetmə sistemində islahatlar və modernləşdirmə prosesinin davamını simvolizə edir. Yeni qanunverici orqanın formalaşması cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmaq, siyasi və iqtisadi islahatları həyata keçirmək üçün platforma yaradır.
Seçkilər demokratik proseslərin güclənməsinin göstəricisidir və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu, həm də siyasi qüvvələr arasında dialoqun və əməkdaşlığın gücləndirilməsinə şərait yaradır, yeni liderlər nəslinin yetişməsinə, gənc və enerjili siyasətçilərin ortaya çıxmasına səbəb olur. Həm də ölkədə siyasi rəqabət mühitini, idarəetmə strukturunu daha səmərəli edir”.
Azərbaycanın regionda üstün strateji mövqeyinin bölgə ölkələrinə, eləcə də beynəlxalq oyunçulara təsir edə biləcəyini söyləyən professor hesab edir ki, yeni seçilən parlamentin xarici siyasət xətti və qərarları regionda reallığı dəyişə bilər: “Beynəlxalq münasibətlər baxımından, seçkilərin nəticələri Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək. Demokratik proseslərin uğurla həyata keçirilməsi, siyasi iradə nümayiş etdirilməsi beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirəcək. Düşünürəm ki, seçkilərin nəticələri iqtisadi əməkdaşlığa da müsbət təsir göstərə bilər. Bölgədə həyata keçirilən transmilli layihələr, xüsusilə enerji sektoruna bağlı təşəbbüslər yeni parlamentin qərarlarından asılı olacaq”.
Qarşıdan gələn parlament seçkilərini milli qürurun və birliyin nümayişi kimi xarakterizə edən alim bunların suverenlik hissini gücləndirdiyini, dövlətin legitimliyini möhkəmləndirdiyini dedi: “Bu seçkilər müstəqil Azərbaycanın tarixində yeni səhifədir, münaqişə dövründən sülh və sabitlik dövrünə keçidin təməlidir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçiriləcək parlament seçkiləri bütün ölkə üzrə idarəetmənin, qanunun və asayişin vahid şəkildə təmini baxımından çox önəmlidir. Milli Məclisə seçkilərin strateji və diplomatik yöndən də xüsusi əhəmiyyəti var. Onun nəticələri Azərbaycanın regional strategiyasına, eləcə də xarici partnyorlarla münasibətlərinə təsir göstərəcək. Bu, Azərbaycana beynəlxalq platformalarda üstün mövqedən çıxış etməyə imkan verəcək”.
Yeni parlamentə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ilə bağlı məsələlərin qanunvericilik bazasında həllinin həvalə olunacağına diqqət çəkən E.Mikayıl ölkənin gələcəyi üçün əsas prioritetlərin infrastruktur, iqtisadi inkişaf və köçkünlərin geri qayıtması sahələrini əhatə edəcəyini dedi: “Bir məsələni də qeyd etməyi vacib sayıram ki, bu seçkilər konkret kiminsə deputatlığa namizədliyini təsdiqləmək yox, ölkə üçün yeni dövrün başlanğıcı olacaq. Əslində, bu dövr millətin sabitlik, inkişaf və inteqrasiyalı gələcəyə ümid bəslədiyi andır. Bu mərhələ, eyni zamanda, milli kimliyi gücləndirmək, uzunmüddətli sülhü təmin etmək üçün bir fürsətdir”.
Namiq Qədimoğlu
XQ