Erməni millətçiliyinin təməl prinsipləri

post-img

Millətçilik şəxsiyyət azadlığının əldə edilməsinə və bunların davam etdirilməsinə istiqamətli  bir anlayışdır. Əslində, buna hər bir millətin müstəqil olma mübarizəsi kimi baxılır, onun birlikdə yaşama və var olması üçün atdığı ideoloji bir hərəkətdir.  Ümumən,  hər bir millətə “modernist” bucaqdan baxılarsa, açıq görünər ki, milli şəxsiyyəti yaradan elə  milliyyətçiliyin özüdür. Bir zamanlar Monqolustanda etnik baxımdan monqol olub-olmama əhəmiyyətli deyildi, vacib olan monqol qanununu qəbul etmək və monqollar kimi yaşamaq idi. Bu yanaşma bir çox ölkələr üçün uzun zaman yaşam və fəaliyyət göstərmə prinsipi olub.

Amma erməni kimi tanıdığımız haylara bu prinsip aid oluna bilməz, çünki onların dövləti olmamış və içərilərində etnik baxımdan onlara yaxın millətlər də olmayıb. Bu mənada, erməni millətçiliyinin  çatışmayan cəhətləri özünü qabarıq göstərir. Erməni milliyyətçiliyi, əvvəla, heç zaman  modernist olmayıb, ikincisi isə  özü bir şey ifadə etməsə də onun millətçiliyi  başqa xalqlara “yuxarıdan aşağı” baxması kimi eqoist yönü ilə seçilməyib. Erməni millətçiliyi içi boşluq olan nəsnəni doldurmaq eqosu ilə ortaya çıxıb. 

Hay millətçiliyinin antibəşəri xarakterini açmaq üçün biz öncə  millətçilik anlayışının erməni toplumunda necə qavranıldığına diqqət etməliyik. Ermənicə millət –ազգ (azq) sanki yalnız onlara aid olan bir qavramdır, digər xalqlar ազգ (millət) ola bilməzlər. Ermənilərin bu anlayışa “fərqli yanaşmaları” onların millətçilik xəstəliyinə tutulmaları ilə bağlıdır.  Millətçiliyə ideologiya kimi də, siyasi doktrina kimi də, yaşamaq, varolmaq üçün mübarizə üsulu kimi də baxmaq mümkündür. Qərbdə millətçilik öncə siyasi məqsədə çatmaq vasitəsi olub fərdi azadlıq əldə etmək düşüncəsi ilə sıx bağlı bir konsepsiya kimi götürülüb. 

Müasir millətçiliyin Avropada əsasını fransızlar qoymuşlar. Bu, sadəcə olaraq, bir siyasi və ideoloji layihə kimi ortaya çıxıb. Millətçiliyin klassik növü İngiltərədə bərqərar olub. Buna siyasətdən və ideologiyadan kənarda baxılmayıb. Bu modellər, yəni “Qərb modeli” qorunub saxlanılıbmı? XVIII əsrdən üzü bu yana ona yön verən isə almanlar olub. Fransada yaranan millətçilik sosial və siyasi layihə idi, bu, digər ölkə və xalqlarda da özünü məhz həmin formada səciyyələndirirdi. Fransız milli ideologiyası alman mifləri ilə əvəzlənərkən özündə süni çalarları əks etdirməyə başladı.

Millətçiliyin “Şərq modeli” isə daha fərqli formada özünü göstərirdi. Biz bu mənada, “millətçilik layihələrinə” erməni millətçiliyi nümunələrində təhlil etməyə çalışsaq həmin fərqi aşkar görərik. Adam Smit tərəfindən əsaslandırılan modeli çox asanlıqla erməni millətçiliyinə aid etmək olar. Burada ümumi əcdad–Hayka bağlılıq var, burada erməni “qızıl əsrinə” həsrət özünü göstərir ( guya ki, 1,5 min illik enmədən sonra yüksəliş gələcək), “Vətənin itirilməsi”nə yanğı və acıma var. Bu “millətçi mif” XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bir qrup ziyalının ortaya çıxmasını şərtləndirmişdi. Onların arasında yazıçılar, publisistər, din adamları və s. vardı. Raffi, Leo,  Artsruni, Mıkrtiç Xrimyan… Bu ideologiyanı yayanlar mətbuat orqanlarına da malik idilər. “Mşak” qəzeti,  daha sonra “Hnçak”, “Droşaq” və digər yayın orqanları bura aiddir. Onların içərisinə erməni əsilli Rusiya vətəndaşları daxil olmuş və rus xalqçıları kimi onlar da xalqın içərilərinə, kəndlərə üz tutmuşdular.  

İlk erməni millətçiləri  sayılan mxitaristlər erməni milli hissini oyatmaq məqsədilə Venetsiyada maarifçilər kimi yetişdirilib Şərqi Anadoluya göndərilirdilər.  Buralarda erməni millətçiliyini yaymaq çətin deyildi, bunun üçün daha öncələrdə mxitaristlərin təsiri ilə silahlanmış qüvvələr ayaqda idilər.  Bu işdə onlara tarixi “qəhrəmanlıq mifləri” də köməyə gəlirdi. Məsələn, Sasunlu David mifi…Erməni tarixini şişirdilmiş formada təqdim edən yazar Leo, daha sonra xalqın yadellilərə–xüsusən də müsəlmanlara (türklərə!) qarşı mübarizəsindən bəhs edən romanlar müəllifi Raffi… Türkləri öldürməyi səsləyən Artsruni…“Türk görüb öldürməmisənsə, sən erməni deyilsən” deyən Garegin Njde…  Keçdiyi hər yerdə qan izi buraxmış Andranik,  “Nemesis” terror təşkilatını qurmuş Şahan Natali və yüzlərlə başqaları... Hamısının  içərisində mərkəzi rolda bir erməni separatizmi yatırdı. Başqalarının torpaqlarına iddialardan doğan erməni şovinizmi…

Tarixə nəzər salsaq yenə də görərik ki, erməni kilsəsinin, sonra isə erməni dövlətinin də istiqamətləndirdiyi hay ideologiyasının püxtələşməsinə millətçi cərəyanların hər biri təsir göstərib. Fərqli zamanlarda və fərqli şəraitdə ortaya çıxmalarından asılı olmayaraq, bu ideologiya bir mərkəzə tabe olub. Mərkəz rolunu isə din–erməni kilsəsi oynayıb. Erməni kilsəsi tarix boyunca heç vaxt malik olmadığı dövləti əvəz edib.

Ermənilər arasında qərbliləşmə və islahat hərəkatlarının başlanğıcı XVIII əsrin ilk illərinə söykənir. 1701-ci ildə Sivaslı Mxitar Vartabed liderliyində başlayan islahat hərəkatı da bu millətçiliyin irqçiliyə dönüşünün qarşısını ala bilməmişdir. Katolik ermənilərin İstanbul erməni patriarxı ilə bir sıra problemlərinin olmasına baxmayaraq, öz aralarında da tam bir birlik var idi. Bütün təzyiqlərə baxmayaraq, erməni patriarxı ilə əlaqələrin tamamilə kəsilməsini istəyənlər də vardı. Bunun tam əksini ifadə edən qruplar isə mxitaristlər, antonyan təriqəti mənsubları və İstanbuldakı keşiş sinfindən olan ermənilər idi. Buna görə yuxarıda bəhs etdiyimiz katolik erməni qrupları aralarındakı dini anlayış fərqliliklərinə baxmayaraq, təbliğatda ortaq hərəkət etdilər. Təbliğat isə Osmanlı dövlətinə qarşı üsyanlar təşkil etməkdən ibarət idi. 

Vaxtaşırı sərt mübarizələrə səhnə olan mxitaristlərin islahat hərəkatı 1860-dan Sultan Abdülməcid tərəfindən erməni milləti nizamnaməsi ilə yeni şəkil aldı. Bu nizamnamə ilə qurulan erməni millət məclisi Osmanlı dövlətindəki ilk təmsili parlament orqanı səlahiyyətində olub, 1876 Qanun-u Esasisi ilə qurulan Osmanlı Mebusan Məclisinə də nümunə təşkil edib. Beləcə, erməni millətçiliyinin əsası qoyulub. Daha sonralar bu millətçilik ayrı-ayrı erməni cərəyanları tərəfindən inkişaf etdirilib. Bir nəzəriyyə olaraq bu millətçilik erməni xalqının “mübarizələrində” ana xətt olaraq götürülüb. Osmanlıda və onun xaricində nəşr olunan qəzetlərində fərqli cərəyanlar və onların fərqli baxışları görülsə də, burada da kilsənin mərkəzi rolu və təlimatı hiss edilib. 

Ermənilərdə “irqi saflıq” anlayışı

Nasistlər ötən əsrin 30-cu illərində  Almaniyada “irqi saflıq qanunu”nu yaydılar. “İrqi saflıq” üçün insanların törəməsində, dövlət tənzimləməsində lazımlı olduğuna inanan Adolf Hitler “İrsi xəstəliyə sahib uşaqların əngəllənməsi Aktı”nı imzaladı. Digər hökmlərin yanında alınan bu tədbir “istənməyənlərin” uşaq sahibi olmasına maneə törədir və bəzi fiziki ya da zehni əlillərin məcburi olaraq qısırlaşdırılmasını nəzərdə tuturdu. Qanunun verildiyi tarixdən  sonrakı 18 ay ərzində 400 min insana təsir edəcəkdi. Bunun adı, başqa sözlə, “yeni nizam” idi. Faşist “yeni nizam” anlayışı ilə Njdenin “Tsexakron”u arasında bənzərliklər  vardır. Hitlerin “yeni nizam”ından qaynaqlanan  “İrq dövləti” anlayışı  Ermənistanda da eyni anlama gəlir. Bu gün Ermənistanda bir nəfər də olsun başqa qövmdən millət yoxdur. Faşizm odur ki, içindən bütün sevmədiklərinin ya fiziki məhvinə nail olursan, ya da onları köləyə çevirirsən. Vaxtilə  Ermənistan deyilən bu ölkədə yaşayanlar–Azərbaycan türklərinin heç bir haqq və hüququ yox idi və indi özləri yoxdur. Bu gün bir nəfər də olsun azərbaycanlının bu ölkədə yaşamaması dediyimizin sübutudur. Azsaylı xalq kareqoriyasına girən yezidilər isə erməni cəmiyyətinin əsiri durumundadır.  Onlar döyülür, söyülür, malları, qoyunları əllərindən alınır… Amma gedəcəkləri ölkə yoxdur.  Yezidilər ermənilərə ona görə lazımdır ki, yezidi kürdlərin lideri Aziz Tamoyana aid dəstənin vasitəsilə hərdən küçəyə çıxarılıb Türkiyənin əleyhinə nümayiş keçirsinlər, “Öcalana azadlıq!”  deyə bağırsınlar və yaxud Azərbaycana düşmən olduqlarını ifadə etsinlər. Son 44 günlük müharibədə də belə oldu. Onlar cəbhəyə göndərildi, öldüklərində onların meyitlərinə belə sahib çıxılmadı.   

Kütləvi köçürmə siyasəti, cinayətlər, müharibə məhbuslarının topluca öldürülməsi, onların zəhərli mədənlərdə işlədilməsi, işgəncələr, əsir və girovların orqanlarının alveri...  Bu, ermənilərin  Hitlerin irqçilik fəlsəfəsini əməlli-başlı mənimsədiyinin göstəricisidir.  

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

 

Siyasət