Müşahidəçilərin sayı açıqlanıb
Milli Məclisə seçkilərlə əlaqədar 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi qeydə alınıb. Secki-2024.az saytı xəbər verir ki, bunu nəzərə çatdıran MSK-nın Məzahir Pənahov bildirib ki, seçkilərlə əlaqədar 38 min 744 yerli müşahidəçi qeydə alınıb: “Bu müşahidəçilərdən 5 min 621 nəfəri MSK-da, 33 min 123 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib”.
Ağsuda 280 nəfər ilk dəfə səs verəcək
“90 saylı Ağsu seçki dairəsi 62 seçki məntəqəsini özündə birləşdirir. Seçki məntəqələrinin hər biri lazımi avadanlıqlarla və maarifləndirici materiallarla təchiz olunub. Səsvermə gününə hazırıq”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 90 saylı Ağsu DSK-nın sədri Azad Dursunəliyev deyib. O bildirib ki, seçki dairəsi üzrə seçicilərin sayı 51 min 967 nəfər təşkil edir: “Bu seçicilərin 280 nəfəri ilk dəfə səs verəcək”.
Məntəqə seçkiyə tam hazırdır
“120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 80 saylı seçki məntəqəsi Cəbrayıl şəhərindəki “Azərişıq” ASC-nin inzibati binasında yerləşir. Məntəqə seçkiyə tam hazırdır”. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 120 Cəbrayıl-Qubadlı DSK 80 saylı seçki məntəqəsinin sədri Zaur Quliyev deyib.
Yaşı əsri adlamış 5 seçici var
88 saylı Şamaxı seçki dairəsi üzrə 51 min 114 seçici 60 seçki məntəqəsində səs verəcək. Bu seçicilərin 608 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı seçicilərin sayı 5 nəfərdir. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 88 saylı Şamaxı DSK-nın sədri Hüseyin Rəcəbov deyib.