Türk Dövlətləri Təşkilatı konteksti
III məqalə
Türk dünyası elmi məkanına doğru
Bu mövzuda II məqalənin son tezisini bir daha xatırlatmaq istərdim: “...Avropa faktiki olaraq özünün tarixi, elmi, sosial, iqtisadi, mədəni, mənəvi və başqa istiqamətlərdə region kimi elmi tədqiqinə ciddi önəm verir. Eyni təcrübənin Türk Dövlətləri Təşkilatına da aid edilməsi tamamilə təbii və vacib görünür”.
Etiraf edək ki, “eyni təcrübənin türk dövlətləri və xalqlarına aid edilməsi” cümləsi bir sıra hallarda asan görünür, lakin təcrübədə fərqli münasibətlə üzləşməli oluruq. Bunu “psixoloji darlıq” və ya məqsədli inkarçılıqla qəbul edənlərin səsləri gəlir. Başqa tərəfdən, bir cümlədə asan ifadə edilə bilən məqsədin reallaşması sadə deyildir. Lakin bu istiqamətdə artıq davamlı və sistemli çalışanlar meydandadırlar. Onların önündə AMEA-nın rəhbərliyi, yaradıcı insanları, alimləri gedirlər. Məqsədi və vəzifəni isə Azərbaycan Prezidenti müəyyən etmişdir! Bu prosesin əhəmiyyətini daha dərindən anlamaq üçün faktlara təhlili yanaşmaq olar.
Məsələ ondan ibarətdir ki, yalnız Avropada elmi nailiyyətlərdən regionun (Avropa İttifaqının) tərəqqisi üçün yararlanmaq məqsədini qarşıya qoymamışlar. 2012-ci ildən Asiyada Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası (AASSA) fəaliyyət göstərir. AASSA-nın fəaliyyəti elm, innovasiyalar və texnologiyalar üzrə əməkdaşlığı əhatə edir. O, 2000-ci ildə yaradılmış Asiya Elmlər Akademiyası Asossiasiyası (AASSA) ilə 1984-cü ildə əsası qoyulmuş Asiya Elmi Cəmiyyətləri və Elmlər Akademiyaları Federasiyasının (FASAS) birləşməsindən yaranmışdır. AASSA bu keyfiyyətdə Asiya və Okeaniyanın (Avstraliya) elmi cəmiyyətləri və elmlər akademiyalarını birləşdirir.
AASSA-nın məqsədi üzv dövlətlərdə milli inkişafa dəstək verən elmi-texnoloji və innovativ layihələri həyata keçirməkdən ibarətdir. Bütün Türk dövlətləri bu elmi təşkilata üzvdürlər.
Belə çıxır ki, Türk dövlətləri Avropa, Avrasiya (Avrasiya Akademiyaları Birliyi də vardır) və Asiya üzrə yaradılmış elmi təşkilatlar çərçivəsində əməkdaşlıq təcrübəsinə (az və ya çox) malikdirlər. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan müxtəlif regionlara aid elmi təşkilatlarda əməkdaşlıq edə bilərlər. Təbii bir sual meydana çıxır: Türk dövlətləri özlərinin yaratdıqları təşkilat çərçivəsində sistemli və planlı elmi əməkdaşlıq edə bilməzlər?
Cavab aydındır və məhz buna görədir ki, AMEA dövlət başçısının müəyyən etdiyi kurs üzrə TDT daxilində elmi əməkdaşlıq təcrübəsi yaratmaqdadır. Bu, öncə də vurğuladığımız kimi, bir yenilikdir və əhəmiyyətli gəlişmədir. Eyni zamanda, məsuliyyətdir, çünki qarşıya praktiki vəzifə çıxır – real olaraq TDT daxilində səmərəli elmi əməkdaşlığı necə təşkil etmək olar? Yəni Türk Dövlətləri Elmi Məkanını nəzəri obrazdan real feili təşkilatlanmaya transfer etmək necə mümkündür? AMEA-nın yeniləşməsinin türk dünyası miyqasında olduqca böyük əhəmiyyətlərindən biri bu suala cavab axtarışları ilə bağlıdır.
Bu istiqamətdə davamlı olaraq uğurlu olmaq üçün sözün həqiqi sivil mənasında savaşmaq, mübarizə aparmaq lazımdır. Çünki əsrlərdir ki, məhz bu istiqamətdə bir-birindən təcrid olunmuş və faktiki olaraq türk birliyi xaricində əməkdaşlıqlara cəlb edilmiş, hər hansı türk birliyi ideyasını “pantürkizm” kimi qələmə verib, ayrımçılıqla məşğul olan dairələr indi də sakit dayanmamışlar.
Bundan başqa, türk dövlətlərinin elmi qurumlarının əməkdaşlıq üçün stimullaşdırılması da ayrıca aktual məsələdir. Əlbəttə, aydındır ki, bu kimi məsələləri reallaşdırmaq üçün konkret nümunə və nümunəvi davranış lazımdır. Bunu AMEA rəhbərliyində görürük.
Türk elmi məkanının təşkilati aspekti
Sözsüz ki, XXI əsrdə ciddi struktur-funksional keyfiyyətə malik təşkilat olmasa, beynəlxalq miqyasda elmi əməkdaşlıq səmərə verməz. Türk Dövlətləri Təşkilatı üzvlərinin də bu baxımdan üzərində işləmək üçün xeyli vəzifələri vardır. AMEA bunu nəzərə alaraq, aktiv şəkildə ilk olaraq TDT üzvləri ölkələrinin Elmlər akademiyaları və elmi təşkilatları ilə praktiki əlaqələr qurur. AMEA prezidentinin fəal şəkildə Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistana səfərləri bunu təsdiq edir. Həmin səfərlər zamanı əldə edilən razılaşmalara vahid bucaq altında baxsaq, maraqlı mənzərə görərik. Çünki onların hər birində əməkdaşlığın üç aspekti mütləq özünü göstərir.
Birincisi, qarşılıqlı faydalı istiqamətlər üzrə müasir tələbləri nəzərə alaraq əməkdaşlıq sferaları müəyyənləşir. Nümunə kimi Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyə ilə ən yeni elmi istiqamətlər (süni intellekt, yüksək kommunikasiya-informasiya texnologiyaları, cəmiyyətin müasir sosioloji texnologiya ilə tədqiqi, elektron kommunikasiya üsullarından geniş istifadə və s.) üzrə razılaşmaların əldə olunduğunu göstərə bilərik.
İkincisi, türk xalqlarının elmi-mədəni kimliyi ilə sıx bağlı olan mövzular üzrə əməkdaşlığa üstünlük verilir. Həmin kontekstdə Azərbaycanın görkəmli elm, mədəniyyət. incəsənət və s. görkəmli xadimlərinin türk dövlətlərinin elmi qurumlarında müzakirələrinin aparılması, həmin elmi təşkilatlarda müxtəlif guşələrin yaradılması (məsələn, Azərbaycan mədəniyyəti guşəsi və ya Heydər Əliyev guşəsi, Nizami guşəsi və s.) və eyni zamanda, AMEA-da digər türk dövlətlərinin görkəmli şəxsiyyətləri ilə bağlı müzakirələrin keçirilməsi və uyğun guşələrin yaradılması (məsələn, Məhtumqulu Fəraqi guşəsi, Türk dövlətlərinin mədəniyyət guşəsi, Əlişir Nəvai guşəsi və s.) artıq faktlardır.
Üçüncü aspekt də çox əhəmiyyəlidir. AMEA vurğulanan istiqamətlərdə konkret yaradıcılığın təşkil edilməsi və həyata keçməsi üçün yeni struktur vahidləri yaradır. Məsələn, bir neçə elmi tədqiqat institutlarında türkologiya şöbələri yaradılıb. Yarandığı tarixdən ilk dəfə olaraq, AMEA prezidentinin təşəbbüsü ilə Fəlsəfə və Sosiolgiya İnstitutunda türk xalqlarının fəlsəfəsini müasirlik kontekstində sistemli araşdıracaq şöbə təsis edilib. Təşkilati və kadr işlərindən sonra şöbə konkret fəaliyyətə başlayacaqdır.
AMEA-nın bu təşəbbüsləri digər türk dövlətlərinin analoji araşdırma strukturlarının yaradılmasını stimullaşdırır. Həmin prosesin sistemli və davamlı aparılması ilə tarixdə ilk dəfə olaraq müstəqil dövlətlər kimi türk ölkələri ortaq real mövcud olan elmi əməkdaşlıq məkanına sahib olurlar! Təbii ki, biz hər bir türk dövlətinin uğuruna sevinirik, lakin həmin tarixi hadisənin təşəbbüskarı və aparıcı gücü Azərbaycanın olması ayrıca qürur verir! AMEA bu sferada bütövlükdə türk dövlətçiliyinə və sosial-mədəni tərəqqisinə strateji əhəmiyyətli töhfə verməkdədir!
Türk elmi məkanı yaradıcılıq sahəsi kimi
Yaradıcılıq olmadan elmdən danışmaq absurd məşğuliyyətdir. Türk dövlətlərinin elmi məkanı da öz yaradıcılıq potensialı ilə fərqlənməlidir. Kimlərdənsə üstün görünmək və ya başqalarına acıq vermək anlamında deyil, müasir dünyada türk sivilizasiyasının (bu ayrı mövzudur və onu fəlsəfi aspektdə tədqiq etmək lazımdır) əsl yeri və rolunu müəyyən etməklə bağlıdır. Bundan daha fundamental olan məqsəd isə türk dövlətlərinin elmi əsasda inkişafını ortaq relsə çıxarmaqdan ibarədir. Həmin dəyərin təməlində isə türk dövlətlərinin hər bir vətəndaşının rifahı, intellektual inkişafı və sağlam həyat sürməsi dayanır.
Deməli, bünövrəsi türk dövlətləri vətəndaşlarının ləyaqətli, sivil, intellektual dəyərlərə malik, yaradıcı şəxslər kimi formalaşması əsasında kreativ cəmiyyət (toplum və ya millət) formalaşdırmaq AMEA-nın türk elmi məkanı anlayışının mərkəzində dayanır. Bunun nəzəri elmi obraz və konseptual məqsəddən sosial-praktiki-tətbiqi gerçəkliyə çevrilməsi isə ancaq elmi yaradıcılıq vasitəsilə mümkündür.
Elmi yaradıcılığın vurğulanan məqsədə nail olmaq aspektində motivə edilməsi prosesi müxtəlif elmlər üzrə və fənlərarası tədqiqat sahələrində konkret elmi proqramların, layihələrin, simpoziumların, konfransların, seminarların, “dəyirmi masa”ların və yubileylərin keçirilməsi formatlarından aktiv istifadəsi ilə əlaqəli ola bilər.
Türk dövlətlərinin elmi qurumlarının həm ortaq kommunikasiya mühitindən yararlanmaları, həm dünya miqyasında elmi reytinqlərə çıxmaq üçün ortaq kommunikativ kanaldan istifadə etmələr, həm də çoxlu sayda birgə layihə-proqramlar reallaşdırmağa başlamaları bu səbəbdən çox vacibdir.
Yaradıcılığı kollektiv vahid komanda aspektinə transformasiya etməklə vurğulanan elmi məqsədlərlə yanaşı, alimlərin psixoloji, sosial, mənəvi-etik, kommunikativ ünsiyyətdə ortaq prinsiplərdən istifadə etmək kimi əhəmiyyətli keyfiyyətlərə sahiblənmələri vəzifəsi də yerinə yetirilmiş olur. Vahid yaradıcı komandada səmərəli yaradıcılıq fəaliyyətinə nail olmağın gözəl nümunəsini Avropadakı regional elmi təşkilatların qazandığı uğurlar aydın göstərir. Onlar müasir elmin ən yeni sahələri üzrə kəşfləri ilə yaxşı mənada təəccübləndirirlər. Bizcə, məhz bu kimi təcrübəni türk elmi təşkilatları və alimləri sürətlə əxz etməlidirlər. Eyni zamanda, hər bir türk dövləti elm və təhsilə Avropa qədər diqqət ayırmağı, maliyyə sərf etməyin təcrübəsini də götürməlidir. Çünki yerlərdə ciddi yaradıcılığa imkan verən yeni tipli fəaliyyət olmasa, davamlı və sistemli elmi inkişaf mümkün deyildir. Azərbaycanda çox düşündürücü bir atalar sözü vardır: “Quyunun dibinə su tökməklə dolmaz – su gərək özündə ola”.
Türk dövlətlərinin ortaq elmi məkanının yaradıcılıq aspektində formalaşması ancaq türk coğrafiyası ilə məhdudlaşmayacaq təsir gücü yaradacaqdır. Çünki coğrafi olaraq türk məkanı çox sayda ölkələr və cəmiyyətlərlə həmsərhəddir və qarşılıqlı elmi-mədəni, informasiya mübadiləsi tarixən mövcud olmuşdur. İndiyə qədər hər hansı türk dövlətinin özünütəcrid siyasəti yeritdiyi nümunəsi yoxdur. Yəni təbiətən və mahiyyətcə yerli ilə beynəlmiləlin sintezini özündə ehtiva edən türk cəmiyyətləri mütləq digər xalqların, cəmiyyətlərin elmi məkanları üçün açıq olacaqdır.
O halda TDT davamlı inkişaf edən elmi məkan yaratdıqda, geniş geosiyasi və coğrafi məkanda elmin inkişafı üçün yeni stimul qaynağı əldə etmiş olacaqdır. Təşkilat bununla geosiyasi, iqtisadi, informasiya mərkəzi olmaqla yanaşı, elm və mədəniyyət mərkəzi kimi də özünü təsdiq edəcəkdir. Şübhə yoxdur ki, müasir sivilizasiya üçün bu, yeni sivil töhfədir. Dünyanın daha humanitar və elmi mənzərə alması yolunda atılmış mühüm addımdır. Bu mənada türk sivilizasiyasının öz ədaləti, elmi, mədəniyyəti, sülhü və barışçıllığı ilə dünya sivilizasiya arenasına yeni qayıdışıdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru