Prezident İlham Əliyev: Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.

Məktubunda Prezident Deni Sassu Nqessonu və onun simasında Konqo xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən, ən xoş arzularını çatdıran dövlətimizin başçısı bildirib: “Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda, bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.

İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Azərbaycan Prezidenti belə bir əlamətdar gündə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Konqo xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Siyasət