Beynəlxalq elmi əməkdaşlıq

post-img

Türk Dövlətləri Təşkilatı kontekstində

II  məqalə

Yeni əməkdaşlıq fəlsəfəsi

Türk dövlətləri arasında əməkdaşlığın yeni fəlsəfəsi gəlişigözəl söz deyil. Eyni zamanda, söhbət geniş anlamda hansısa yeni fəlsəfi sistem yaratmaqdan da getmir. Burada əsas fikir müasir mərhələdə türk dövlətləri arasında elm sahəsində elə əməkdaşlıq modeli hazırlamaqdan gedir ki, onun nəticəsi üç miqyasda faydalı olsun: birinci, hər bir türk dövləti miqyasında fayda versin; ikinci, Türk Dövlətləri Təşkilatı (TDT) özünüinkişaf etdirən açıq sistem kimi fayda götürsün; üçüncü, bütövlükdə dünya miqyasında elmə fayda verilsin. 

Əlbəttə, nəzəri olaraq bu cür fikir konstruksiyasını qura bilərik. Lakin onun praktiki tətbiqi də ayrıca bir məsələdir. Çünki tətbiqi aspektdə fayda verə biləcək münasibətlər mexanizmini müəyyənləşdirmək lazım gəlir.  

Digər tərəfdən, türk dövlətləri indiyə qədər TDT formasında təşkilata malik olmamışlar. Yəni bu istiqamətdə təcrübə yoxdur. Onda həmin təcrübə canlı, eksklüziv olaraq fəaliyyətin gedişində formalaşmalıdır. Bu da ayrıca bir problemdir. 

Nəhayət, TDT daxilində elmi əməkdaşlığın inklüzivliyi təmin edilməlidir. Bu, elmi fəaliyyətin hüquqi tərəfini aktuallaşdırır. Məsələ onunla bağlıdır ki, TDT daxilində elmi fəaliyyət kollektiv formada mümkündür. Bir neçə ölkənin alimlərinin ortaq fəaliyyəti üzv ölkələrin hər birinin cəmiyyətinin hüquqi legitimliyini almalıdır. Toplumlar bu cür elmi əməkdaşlığı qəbul etməli və onun perspektivinə inanmalıdırlar. 

Məsələnin bu tərəfi müasir cəmiyyətlərin qarşılıqlı əlaqəsində ortaq kriteriyaların hazırlanmasını və onların hər bir üzv dövlət tərəfindən qəbul edilməsini nəzərdə tutur. 

Bütün bunlar cəm halında regional və multiregional mahiyyətli təşkilatlarda elmi əməkdaşlığın yeni fəlsəfəsini yaratmağı zəruri edir. 

İlk təşəbbüsün subyekti

I məqalədə “türk dövlətləri elmi məkanı” anlayışının məzmunu və yuxarıda vurğuladığımız bir sıra fəlsəfi məqamlar meydana bir sual da çıxarır: TDT-də əməkdaşlıq nümunəsini yaratmaq istiqamətində proses gedirmi? Yaxud, hələ də türk dövlətləri sovet dönəmində mövcud olan təcrübə əsasında elmi əməkdaşlıq edirlər? 

Artıq ilk təşəbbüs vardır və o, Azərbaycan tərəfdən olmuşdur. Konkret olaraq, AMEA sistemli və davamlı şəkildə türk elmi məkanının inkişafını təmin etməyə əsas verən fəaliyyət proqramları həyata keçirməkdədir. Bu tezisin məzmununu açmaq vacibdir. 

TDT-də elmi əməkdaşlığın öz spesifikası mövcuddur. Birincisi, Türkiyənin elmi təcrübəsi digər üzv dövlətlərin elmi təcrübəsindən fərqlənir. Türkiyə əsas olaraq Qərbin elmi fəaliyyət nümunəsinə istiqamətlənmiş və onun elmi strukturlarına inteqrasiya olunmuşdur. Bura elmi fəaliyyətin təşkilati özəlliklərindən tutmuş, alınan nəzəri nəticələrin praktiki tətbiqi mexanimzləri və beynəlxalq elmi qiymətləndirmə sistemlərində iştiraka qədər geniş parametrlər çeşidi vardır. Türkiyə, məsələn, TDT-nin digər üzvlərindən fərqli olaraq uzun illərdir ki, indeksli jurnallar bazalarında oturuşmuşdur. Hətta Türkiyənin özünün beynəlxalq indeksli elmi bazası mövcuddur – ULAKBİM. Bundan başqa, Türkiyədə impaktfaktorlu (yüksək beynəlxalq elmi indeksli) jurnallar mövcuddur. TDT-nin digər üzvləri həmin sahəyə hələ yeni daxil olurlar. 

Bunlarla yanaşı, Türkiyədə elmi nəticələrin prtaktikaya tətbiqi təşkilatın digər üzvləri ilə müqayisədə daha çevik və nəticəverici mexanizm üzrə həyata keçirilir. Son illər qardaş ölkənin xüsusilə yüksək texnologiyalar və hərbi sistemdə süni intellektin istifadəsi sferasında əldə etdiyi uğurlar dünya miqyasında maraqla qarşılanmışdır.

Belə çıxır ki, elmi əməkdaşlıq sistem və fəlsəfə olaraq TDT daxilində bircins (oxşar element və mexanizmlər toplusu) deyildir – Türkiyə digərlərindən fərqlənir. Bununla yanaşı, TDT-nin digər üzvləri – Azərbaycan, Qazaxstan, Özbəkistan və Qırğızıstan elmi mentalitet baxımından oxşardırlar. Biz müşahidəçi statusunda olan Türkmənistan və Macarıstanı hələlik bura aid edə bilmirik, baxmayaraq ki, Türkmənistanla da eyni elmi mentalitetə malikik. Lakin onu da qeyd edək ki, Türkmənistan Elmlər Akademiyası müəyyən məsələlərdə TDT üzvlərinin elmi qurumları ilə yeni əsasda əməkdaşlıq edir.

Məsələn, 2024-cü ildə Türkmənistan Elmlər Akademiyasının prezidenti AMEA-da olmuşdur və Məhtimqulu Fəraqiyə həsr edilmiş konfransda iştirak etmişdir. Bundan sonra AMEA prezidentinin də Türkmənistana səfəri olmuşdur.

Bunlardan təbii olaraq yeni bir sual yaranır: TDT daxilində olan iki elmi əməkdaşlıq nümunəsini sintez etmək mümkündürmü?

2 nümunənin sintezi 

Həmin sintezin fəlsəfəsi AMEA-da hazırlanmışdır. Azərbaycan tərəfinin başladığı bu prosesin bir-birini tamamlayan üç miqyası mövcuddur. 

Birincisi, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının müddəalarında ifadə edilən türk dövlətləri ilə elmi əməkdaşlığı inkişaf etdirmək fikri ilə əlaqəlidir. 2024-cü ildə Azərbaycan Prezidenti konseptual olaraq “TDT-ni yeni tarixi mərhələdə daha da gücləndirmək” müddəasını strateji inkişafın tərkibinə daxil etmişdir. 

İkincisi, dövlət başçısının müəyyən etdiyi strateji inkişaf kursunun şərtlərinə və eyni zamanda, Prezident İlham Əliyevin verdiyi müxtəlif sərəncamlar və imzaladığı fərmanlara əsaslanaraq, AMEA rəhbərliyi yeni tarixi mərhələdə Türk dünyası ilə elmi əlaqələri və həm də AMEA-da “Türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsini, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsini” prioritet vəzifə kimi qarşıya qoymuşdur. 

Bu vəzifə AMEA Rəyasət Heyətinin 29 fevral 2024-cü il ümumi yığıncağının qərarlarında daha konkret ifadəsini 5.2.1.2. bənddə tapmışdır. Orada vurğulanmışdır: “Beynəlxalq əlaqələrin inkişafı istiqamətində islahatlar çərçivəsində AMEA-nın elmi müəssisələri ilə Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TUBİTAK və Orta Asiya Respublikalarının Elmlər Akademiyaları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi davam etdirilsin”. 

Belə görünür ki, Azərbaycan geniş anlamda Türkiyənin elmi qurumları ilə Mərkəzi Asiya türk dövlətlərinin elmi qurumlarının eyni standarta malik olmaları istiqamətində addımlar atır. Bu, faktiki olaraq eyni təşkilat daxilində mövcud olan iki fərqli elmi fəaliyyət və əməkdaşlıq nümunələrini “bir araya gətirmək” deməkdir. 

Burada seçilən bir maraqlı xüsusiyyəti görmək olar. AMEA TDT-də vahid elmi məkanı formalaşdırmaq üçün ilk nöbədə təşkilati səviyyədə əlaqələrin inkişafına üstünlük verir. Strateji baxımdan çox əhəmiyyətli və maraqlı yanaşmadır və olduqca aktualdır. Bu yanaşmanın əməkdaşlıq fəlsəfəsinin mərkəzi müddəası olduğunu düşünürük. Çünki elmi təşkilatların ortaq fəaliyyət mexanizmlərinə malik olması ilk şərtdir. Bunun üçün avtomatik olaraq, elmi yaradıcılığın, fəaliyyətin, alınan nəticələrin tətbiqinin ortaq standartları yaradılmalıdır. Həm də özlüyündə koordinasiyalı fəaliyyət təmin edilməlidir. Ortaq standartlar əsasında koordinasiyalı fəaliyyətin təmini faktiki olaraq yekunda vahid elmi məkan yaradacaqdır. Avropa təcrübəsi bu tezisin doğruluğunu təsdiq edir!

Bununla yanaşı, AMEA-nın vahid türk elmi məkanı yaratmaq məsələsində təşkilati əməkdaşlıq səviyyəsinə üstünlük verməsi üçüncü miqyasda əməkdaşlığa ­konkret məzmun verir.

Üçüncüsü, AMEA konret fəaliyyət proqramları ilə TDT üzvləri ilə əlaqələri qurur və inkişaf etdirir. “Konkret proqramlar” ifadəsi özündə elmi yaradıcılığı, elmi fəaliyyətin təşkilini, alınan nəticələrin ortaq standartlarla praktiki tətbiqini (ortaq innovasiya mühitinin yaradılması) və Türk dünyasına aid olan görkəmli tarixi şəxsiyyətlərin, elm, mədəniyyət, təhsil üzrə görkəmli alimlərin, şair və yazıçıların yaradıcılıqlarına yenidən türk mənəvi-mədəni-tarixi bütövlüyü kontekstində baxmağı nəzərdə tutur. Bu istiqamətdə konkret işlər görülməkdədir. Həmin prosesdə TDT çərçivəsində vahid yaradıcı komandanın formalaşması prinsipial əhəmiyyət daşıyır.

Vahid yaradıcı komanda uğrunda   

Avropa təcrübəsində, I məqalədə vurğuladığımız kimi, “Horizon 2020” timsalında vahid yaradıcı komanda yaratmaq təcrübəsi mövcuddur. Eyni zamanda, Avropada daha uzunmüddətli fəaliyyət tarixçəsi olan başqa bir nümunə də vardır. Biz, 1954-cü ildə yaradılmış və 20(!) Avropa ölkəsinin maliyyələşdirdiyi “Nüvə Tədqiqatlarının Avropa Mərkəzi” (CERN) adlı təşkilatı nəzərdə tuturuq. Bundan başqa, CERN-də İsrail, Hindistan, Rusiya, ABŞ, Türkiyə, Yaponiya, Avropa Komissiyası və UNESCO müşahidəçi statusundadırlar. Ümumiləşdirsək, məlum olar ki, CERN faktiki surətdə Avropaya aid elmi təşkilatdır, lakin onun fəaliyyət əhatəsində dünyanın 29 (!) ölkəsi vardır. 

CERN-in əldə etdiyi elmi nəticələr heyrətamizdir. Sadəcə, 2012, 2014 və 2015-ci illərdə bu təşkilat yüksək qiymətləndirilən 3 kəşfə imza atmışdır. 2012-ci ildə Hiqqsin bozon elementar hissəciyini, 2014-cü ildə “tetrakvark”i, 2015-ci ildə isə “pentakvark” adlı elementar hissəciyi kəşf etmişlər. 

Həmin təşkilatın fəaliyyət təcrübəsi göstərir ki, uyğun şərait, maliyyələşmə və yaradıcılıq mühiti olanda hətta çox sayda üzvü olan böyük kollektiv vahid yaradıcı sistem (şəbəkə) kimi səmərəli fəaliyyət göstərə bilər.  

Eyni zamanda, CERN-in tarixi göstərir ki, uğurlu regional elmi təşkilat yüksək cəlbedicilik imkanlarına malikdir və dünyanın hər yerindən alimləri öz “yaradıcılıq orbiti”nə cəlb edə bilir. 

Təbii ki, Avropanın bu elmi təcrübəsi başqa təşkilatlara bir nümunədir. Eyni fikri biz digər Avropa təcrübəsi olan “Horizon”a da aid edə bilərik. “Horizon” daha geniş araşdırma sahəsinə malikdir.  Onun 3 əsas prioritet istiqaməti mövcuddur. Birinci, aparıcı elm (Excellent Science), ikinci, industrial liderlik (Industrial Leadership), üçüncü, sosial çağırışlar (Societal Challenges).

“Aparıcı elm” istiqamətinin prioritetləri sırasında elmin təşviqi, tanınmış alimlərə və onların yaradıcı qruplarına dəstək, birgə araşdırmaların maliyyələşməsi və s. daxildir. Göründüyü kimi, 3 istiqamətdə Avropa alimlərinə həm komanda halında fəaliyyətdə, həm maliyyələşmədə ciddi dəstək vardır. Bunun üçün Aİ 24,5 milyard avro vəsait ayırmışdır. 

“İndustrial liderlik”də ən yeni texnologiyalar üzrə sərmayələrin cəlb edilməsi kimi proqramlar yer almışdır. 

“Sosial çağırışlar”da isə cəmiyyətin öyrənilməsində mövcud bilik resurslarını birləşdirmək və onu konkret sosial araşdırmaya fokuslandırmaq nəzərdə tutulmuşdur.              

Deməli, Avropa faktiki olaraq özünün tarixi, elmi, sosial, iqtisadi, mədəni, mənəvi və başqa istiqamətlərdə region kimi elmi tədqiqinə ciddi önəm verir.

Eyni təcrübənin Türk Dövlətləri Təşkilatına da aid edilməsi tamamilə təbii və vacib görünür.

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Siyasət