7 ayda 70 milyard 544 milyon manatlıq ÜDM istehsal olunub
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilər əsasında apardığı araşdırmaya görə, son 5 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə ən yüksək artım 2022-ci ildə qeydə alınıb.
Həmin ilin yanvar–iyun aylarında ÜDM istehsalı 63,4 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58,7 faiz və ya 23,5 milyard manat çox olub. Belə yüksək göstəricini isə neft-qaz məhsulları üzrə qiymətlərin dünya bazarında artması şərtləndirib.
Qeyd edək ki, cari ilin birinci yarısında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 59,5 milyard manat təşkil edib. Sahələr üzrə ÜDM istehsalına diqqət yetirilsə, sənaye sektorunun (38,5 faiz) digərlərini dəfələrlə qabaqladığı aydın görünər. Belə ki, 2024-cü ilin I yarımilində sənaye sektoru üzrə ÜDM istehsalı 22,9 milyard manat təşkil edib.
MTM-də aparılan təhlil zamanı məlum olub ki, ÜDM istehsalında informasiya və rabitə sektoru (1,7 faiz) ən az paya sahib olsa da, 2024-cü ilin I yarımilində bu sektorun ÜDM istehsalında həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 83,9 milyon manat artaraq 1 milyard manatı ötüb.
Hesabat dövründə neft-qaz sektoru üzrə ÜDM istehsalı 20,7 milyard manat olub və bu, ümumi ÜDM istehsalının 34,8 faizini təşkil edib. Qeyri neft-qaz sektoru üzrə ÜDM istehsalı isə ötən ilin ilk 6 ayı ilə müqayisədə 7,3 faiz və ya 2,6 milyard manat artaraq 38,8 milyard manata çatıb. Keçən ilin I yarımilində qeyri-neft-qaz sektorunun ÜDM istehsalında payı 60 faiz idisə, cari ilin eyni dövründə bu rəqəm 65,18 faiz yüksəlib.
Son 5 ilin I yarımillərində adambaşına düşən ÜDM həcmi ilə bağlı göstəricilərə gəldikdə isə ən yüksək nəticənin 2022-ci ildə qeydə alındığını görərik. Həmin ilin ilk 6 ayında adambaşına düşən ÜDM həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 58,1 faiz və ya 2317,3 manat artaraq 6304,9 manata çatıb. Cari ilin ilk 6 ayına olan göstəricilərə görə, adambaşına düşən ÜDM həcmi 5840,7 manat təşkil edib.
ÜDM-lə bağlı proqnozlar da diqqət çəkir. Belə ki, 2024-cü ildə ölkəmizdə ÜDM istehsalının real artımı 3,8 faiz olmaqla nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir. Bu, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çoxdur.
Maliyyə Nazirliyinin cari ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında daha sonra deyilir: “Qeyri-neft ÜDM-i 84,7 milyard manat (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) səviyyəsində gözlənilir. Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 faizdən 5,5 faizə qaldırılıb”.
Arayışda, həmçinin qeyd edilir ki, 2023-cü ilin oktyabr ayında cari ilin dövlət büdcəsi layihəsinə baxılarkən İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan proqnozlara əsasən, ÜDM 118,4 milyard manat, qeyri-neft-qaz ÜDM-I 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 faiz və 4,6 faiz səviyyəsində idi. Lakin 2023-cü ildə istehsal olunan ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınan makro-fiskal nəticələr, eləcə də qlobal miqyasda iqtisadi artımla, eyni zamanda, enerji daşıyıcılarının qiymətləri ilə bağlı bu ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.
Maliyyə Nazirliyindən bildirildiyinə görə, 2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz aprel ayına nəzərən dəyişməz saxlanılıb (3,2 faiz), Dünya Bankı isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilən proqnozla müqayisədə 0,2 faiz artıraraq 2,6 faiz səviyyəsində müəyyənləşdirib.
Bu ilin ilk yarısında geosiyasi-geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, nəhayət, disinflyasiya meyillərinin zəifləməsi qlobal iqtisadi gözləntilərlə bağlı qeyri-müəyyənliyə təsir edən amillər olub.
Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 75-85 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin hesablamaları üçün 60 ABŞ dolları səviyyəsində qəbul edilmiş xam neftin bir barelinin orta illik ixrac qiyməti dövlət büdcəsinə yenidən baxılma ilə 75 ABŞ dolları səviyyəsinə artırılıb.
Cari ilin ilk 6 ayında ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyər 59 milyard 520,4 milyon manat olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,3 faiz artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə qeyri-neft-qaz sektorunda ÜDM-in həcmi 6,9 faiz artaraq 38 milyard 798 milyon manata bərabər olub. İqtisadiyyatın neft-qaz sektorunda isə real artım 0,6 faiz olub. İlin ilk yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəəlik qaz hasilatı 5,3 faiz artsa da, əmtəəlik neft hasilatında 4,9 faizlik azalma qeydə alınıb. Qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıma nail olunub.
Xatırladaq ki, hesabat dövründə ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 5840,7 manata bərabər olub.
Cari ilin yanvar-iyul aylarında isə ölkədə 70 milyard 544 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ÜDM istehsal olunub. Dövlət Statistika Komitəsinin məiumatında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artdığı bildirilib. Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.
Yeri gəlmişkən, ÜDM-in artımını qeyri-neft-qaz sektorunun inkişafı şərtləndirib. Başqa sözlə, respublikada artımın əsas mənbəyini qeyri- neft-qaz sektoru və qeyri-neft-qaz idxalı təşkil edib. Şübhəsiz ki, bu məsələdə xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.
XQ