Ermənistan üçün alternativ yol qalmayıb

post-img

İyulun 30-da Türkiyə–Ermənistan sərhədində iki ölkənin münasi­bətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndələri – Sər­dar Kılıç və Ruben Rubinyan arasında keçirilən danışıqların be­şinci raundu siyasi gündəmin əsas məsələlərindən birinə çevrilib. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Rubinyan və Kılıç əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. “Xüsusi nümayəndələr, həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq is­tifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiy­mətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Onlar son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olma­dan davam etdirməyə razı olduqlarını bəyan ediblər” – deyə qardaş ölkənin XİN-i bəyan edib.

Ermənistan xarici siyasət idarəsi də gö­rüşün nəticələri ilə bağlı oxşar məzmunda açıqlama yayıb. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar xüsusi nümayən­dələrin görüşünü vacib adlandırıb. Klaar bu barədə “X” hesabında paylaşım edib. “İyu­lun 30-da Sərdar Kılıç və Ruben Rubinyan arasında Ermənistan–Türkiyə sərhədində mühüm görüş oldu. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların yenidən açılması Cə­nubi Qafqazın daha sabit və firavan olma­sı üçün vacib elementlərdir” – deyə Klaar vurğulayıb.

Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman, o cümlədən Azərbaycan torpaqla­rının hələ işğal altında olduğu dövrlərdə sırf öz maraqlarını düşünərək, Türkiyə ilə əlaqələri qaydaya salmağa hazır olduğunu bildirib. İşğal dövründə Ermənistanın Qərb­dəki havadarları tərəfindən sərhədi açmaq üçün Ankaraya xeyli təzyiqlər də edilib. On­ların məqsədi bir tərəfdən sərhədin açılması vasitəsilə Ermənistanın iqtisadi inkişafını təmin etmək idisə, digər məqsəd Azərbay­canı ən yaxın təbii müttəfiqinin dəstəyindən məhrum etmək idi. Ancaq tarixin bütün sı­naqlarından üzüağ çıxan Türkiyə–Azərbay­can dostluğu-qardaşlığı hər dəfə bu oyunları poza biləcək qədər dəyanət nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsindən sonra Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına ölkəmizin münasibəti də, təbii ki, ayrı məzmun kəsb etməyə başladı. Yeri gəlmişkən, qeyd edək ki, rəsmi Ankara­nın yenə də prosesi ölkəmizin maraqlarını nəzərə almaqla apardığı şəksizdir. Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla mü­nasibətlərinin normallaşdırılması prosesi Azərbaycanla koordinasiya olunmuş şəkil­də aparılacaq və İrəvanla Bakı arasında sül­hün əldə olunmasından asılı olacaq.

Bu çərçivədə 2021-ci ilin sonlarında Türkiyə tərəfdən peşəkar diplomat Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan münasibət­lərin normallaşması üzrə xüsusi nümayəndə təyin olundular. Onların ilk görüşü 2022-ci ilin yanvarın 14-də Moskvada keçirildi. Bundan sonra xüsusi nümayəndələrin gö­rüşləri mütəmadi xarakter aldı. Sonuncu dəfə xüsusi nümayəndələr 2024-cü il martın 1-3-də keçirilən Antalya Diplomatiya Foru­mu çərçivəsində görüşmüşdülər.

İyulun 30-da baş tutan görüşün ye­kunlarına dair fikirlərini “XQ” ilə bö­lüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev bildirdi ki, Türkiyə–Ermənistan sərhədi 1993-cü ildə Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra bağlanmışdı. Diplomatik münasibətlərin qurulmaması isə daha əvvələ – 1991-ci ilə gedib çıxır. Bunun səbəbi Türkiyənin ərazi bütövlüyünün Ermənistan tərəfindən tanın­maması ilə bağlıdır. O dövrdə mətbuatda yayılan məlumatlara görə, Türkiyə Ermə­nistana ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına dair bir protokol imzalamağı təklif edib. İrəvan isə bundan imtina edib. Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana qarşı olduğu kimi, Türkiyəyə qarşı da ərazi iddiası var. 2020-ci ildə Azər­baycan torpaqları işğaldan azad edildikdən sonra Türkiyə ilə Ermənistan arasında sər­hədlərin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində görüşlərin keçiril­məsinə başlanıldı. Hər iki tərəfdən xüsusi nümayəndələr təyin edildi. Türkiyə tərəfi ölkənin 2014-2021-ci illərdə ABŞ-də səfiri olmuş Sərdar Kılıçı, Ermənistan hökuməti isə parlament sədrinin müavini Ruben Ru­binyanı xüsusi nümayəndə təyin etdi. Xüsu­si nümayəndələr arasında 2024-cü il iyulun 30-dək 4 görüş keçirilmişdi. Bunlardan ən vacibi 2022-ci il iyulun 1-də keçirilən görüş idi. Çünki həmin görüşdə xüsusi nümayən­dələr Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa müd­dətdə Ermənistan–Türkiyə quru sərhədini keçmək imkanı yaratmaq barədə razılığa gəlmişdilər. Həmin razılaşmadan sonra Sər­dar Kılıç Ermənistanla sərhədə getdi. Orada texniki baxış keçirdi. Politoloq düşünür ki, baxışın məqsədi sərhədlərin açılacağı təq­dirdə texniki imkanların bunun üçün yetərli olub-olmamasını öyrənmək idi. Çünki sər­həd uzun onilliklər ərzində bağlı qalmışdır, keçid, texniki imkanları yoxdur və onun bərpa edilməsinə ehtiyac var idi.

C.Vəliyev qeyd etdi ki, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən sonra sərhəd açıldı. Ermənistandan Tür­kiyəyə zəlzələdən zərər çəkənlərə humani­tar yardım aparıldı: “Ötən müddət ərzində xüsusi nümayəndələrin görüşləri olmasa belə, qarşılıqlı olaraq media müstəvisində prosesin müzakirəsi gedirdi. Yəni, Tür­kiyə–Ermənistan diplomatik əlaqələrinin qurulması, sərhədlərin açılması üçün mü­zakirələr aparılırdı. Amma, əlbəttə ki, bu­rada Azərbaycanın mövqeyi vacibdir. Əsas məsələlərdən biri ötən ay Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığının həyata keçirilməsindən ibarət oldu. Telefon danışığı zamanı Türkiyə tərəf­dən diplomatik əlaqələrin qurulmasının və sərhədlərin açılmasının heç bir ilkin şərt olmadan həyata keçirilməsi istiqamətində açıqlama verildi. Son iki aydır ki, Türkiyə və Ermənistan arasında münasibətlərin nor­mallaşması istiqamətində proses davam edir. İyulun ortalarında Ermənistan tərəfdən bu istiqamətdə bir açıqlama verildi. İyulun 26-da Paşinyan Armavir vilayətinə səfəri zamanı “Marqara” sərhəd-keçid məntəqə­sinə gəldi və orada aparılan modernləşdir­mə işləri ilə tanış oldu. İyulun 30-da isə xü­susi nümayəndələrin görüşü keçirildi”.

Müsahibimiz bildirdi ki, görüşdən sonra mediaya verilən açıqlamada olduqca vacib məsələlər öz əksini tapdı. Görüşdə yeni ra­zılaşmanın əldə edildiyi açıqlandı. Burada da xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqla­rını təsdiqlədilər. Digər tərəfdən diplomatik pasport sahibləri üçün viza prosedurunun asanlaşdırılması, eyni zamanda, ehtiyac yarandığı təqdirdə dəmir yolu sərhəd qapı­sının texniki imkanlarının yaxşılaşdırılması qərara alındı. Yəni, sərhəd açılmadı, amma sərhədin bir gün açılması üçün bütün texni­ki və siyasi imkanlar hazırlanır.

Politoloqun sözlərinə görə, vacib nüans odur ki, proses Bakı və İrəvan arasında apa­rılan sülh danışıqlarına paralel olaraq ge­dir: “İndiki mərhələdə belə görünür. Çünki Azərbaycanla Ermənsitan arasında müəyyən razılaşmalar əldə olunub. Bura Qazax rayo­nunun 4 kəndinin qaytarılmasını, COP29-la bağlı əldə edilən razılaşmanı aid etmək olar. Daha sonra Azərbaycanın COP29-a Ermə­nistanı dəvət etdiyi açıqlandı. Məncə, An­kara İrəvanla bu prosesi Ermənistanla Azər­baycan arasında gedən danışıqlara paralel olaraq aparır. Azərbaycanla Ermənistan ara­sında çərçivə sazişinin imzalanması Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması prosesinə də əlavə təkan verə bilər”.

Onu da bildirək ki, Ermənistanda radi­kal düşərgəni təmsil edən bir sıra şəxslər görüşlə bağlı ənənəvi mövqelərini ortaya qoyublar. Türkoloq Ruben Safrastyan bildi­rib ki, Türkiyə ilə Ermənistan arasında mü­nasibətlərin normallaşması prosesində ciddi irəliləyişlərə ümid etmək olmaz. Onun söz­lərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamayana qədər bu baş verməyəcək. Buradan belə nəticə çıxır ki, indiki mərhələ­də Ermənistan–Türkiyə sərhədinin açılma­sını gözləmək lazım deyil: “Türkiyə başqa varianta getməyəcək, çünki artıq müvafiq qərarı açıqlayıb”.

Politoloq Yervand Bozoyan isə bildirib ki, Rubinyan–Kılıç görüşü Ermənistana yaxşı heç nə verə bilməz və bunu ciddi qə­bul etmək olmaz. “Hraparak” qəzetinə açıq­lama verən Bozoyan sərsəmləməsini belə davam etdirib: “Türkiyə Ermənistan–Azər­baycan münasibətləri tam nizamlanandan, yəni sülh müqaviləsi imzalanandan sonra İrəvanla münasibətləri normallaşdıracağını deyir. Amma problem bunda deyil, prob­lem Türkiyə və Azərbaycanın Ermənista­na münasibətdə yürütdükləri siyasətdədir. Ankara və Bakı Ermənistanın heç bir ciddi müttəfiqinin olmadığını, Nikol Paşinyanın könüllü olaraq potensial müttəfiqlərini tərk etdiyini, onlarla təkbətək qaldığını başa dü­şürlər. Buna görə də onlar tələblərini artır­maqda davam edirlər. Təbii ki, onlar İrəvanı dərhal deyil, tədricən istəyəcəklər”.

Ermənistanda bu cür düşünən “eks­pert”lərin mövcudluğuna baxmayaraq, ölkə hakimiyyəti və cəmiyyətin böyük əksəriyyəti Hayastanın Türkiyə və Azərbaycanla müna­sibətləri normallaşdırmaqdan başqa yolunun olmadığını başa düşürlər. Onlar anlayırlar ki, Ermənistan yalnız Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından imtina etməklə, aq­ressiv ritorikadan əl çəkməklə, sülh, sabitlik və qonşularla əməkdaşlıq şəraitində inkişaf edə bilər. Elə Paşinyan hökumətinin Rubin­yanı görüş üçün sərhədə göndərməsi də bun­dan xəbər verir...

Səxavət HƏMİD
XQ



Siyasət