(əvvəli https://xalqqazeti.az/az/siyaset/187743-ermenilerin-qerbi-ermenistan-texribati)
Bu avantürist “ideya”nın müəllifi və ev sahibi Fransa olub
Daha sonra “Qərbi Ermənistan” ermənilərinin IV Konqresi 2011-ci il dekabrın 10-11-də Parisdə keçirildi. Konqresdə “Qərbi Ermənistan Milli Assambleyası”nın yaradılması qərara alındı. Beləliklə, “Mühacirətdə olan Qərbi Ermənistan hökuməti” də öz parlamentini yaratdı.
Qərbi Ermənistan Milli Assambleyası 2014-cü il yanvarın 17-21-də Parisdə keçirdiyi ilk iclasında parlamentin sədri və “Qərbi Ermənistan”ın baş naziri, “Qərbi Ermənistan hökuməti”nin üzvlərini elan etdi. “Milli Məclisə” 64 deputatın seçilməsi ilə bağlı Qərbi Ermənistan Milli Assambleyasının mərkəzi seçki komissiyası qərar çıxardı. Birinci sessiyada məclisin icra orqanları və daimi komissiyası yaradıldı. “Qərbi Ermənistan parlamenti”nin sədri Armen Ter-Sarkisyan (Rusiya) oldu. Bu şəxs kriminal aləmdə yaxşı tanınırdı. Sonra “Qərbi Ermənistan” prezident respublikası elan edilərək, onun “prezidenti” vəzifəsinə Armenak Abramyan (Fransa), “Mühacirətdə olan Qərbi Ermənistan”ın “baş naziri” Tiqran Paşabezyan (Ermənistan) seçildilər. Bu adamlar qatı erməni şovinistləri, Türkiyə və Azərbaycanda cinayətlər törətmiş şəxslərdir.
Qurultaylarda “Qərbi Ermənistan”a daxil ediləcək rayonların siyahısı da verilmişdi: 1. Van; 2. Bitlis; 3. Ərzurum (Karin); 4. Trabzon (Həmşin də daxil olmaqla); 5. Sivas (Sebastya); 6. Diyarbəkir (Tiqranakert) ); 7. Harput (Xarberd); Kayseri, Maraş, Adana, (o cümlədən Zeytun, Antep, Antiok) 8. Kilikiya; 9. Qars (və Sürmeli); 10. Cavahk; 11. Naxçıvan. Göründüyü kimi, Dağlıq Qarabağ buraya daxil deyildi. Çünki işğal edilmiş bu əraziləri ermənilər həll edilmiş məsələ sayırdılar.
“Qərbi Ermənistan” avanturası aşağıdakı məkrli məqsədləri qarşıya qoyurdu:
Süni şəkildə tarix səhnəsinə çıxarılan “erməni məsələsi”nin daim gündəmdə saxlamaq;
“Qərbi Ermənistan” (Türkiyənin Şərqi Anadolu vilayətləri) ifadəsini ictimai rəyə yerləşdirməklə bu torpaqlara iddiaları genişləndirmək;
Türkiyənin bu vilayətlərinə qayıtmaq üçün təbliğat aparmaq;
“Qərbi Ermənistan parlamenti” və “Qərbi Ermənistan hökuməti”nin “sürgündəki” fəaliyyətini genişləndirmək;
məhkəmələrə müraciət edərək bu torpaqların ermənilərə məxsus olduğunu “sübut etmək”;
vaxtilə burada yaşayan insanların nəsillərinə Türkiyə vətəndaşlığı verilməsinə nail olmaq;
bu bölgələrdə mümkün qədər çox məskunlaşmaq.
İndi bu təxribatın müəllifləri yenə üzdəniraq Sevr anlaşmasını “rəhbər” tuturlar. Halbuki bu anlaşmanın artıq heç bir hüquqi kəsəri yoxdur. Sevr müqaviləsi Lozanna anlaşması qəbul ediləndən sonra tarixə gömüldü. Heç bir ölkədə tarixçilər ondan bəhs etmirlər. Sultan hökuməti tərəfindən imzalanan Sevr müqaviləsi nə Osmanlı Məclisi, nə də sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib. Hətta ABŞ Senatı da bu anlaşmanı tanımadı. Sevr müqaviləsindən dərhal sonra, 1920-ci ilin sentyabrında artıq Ermənistan–Türkiyə savaşı başladı. Ermənistan Gümrü sazişi ilə bitən müharibədə kapitulyasiya sənədinə imza atdı. 1921-ci ildə Moskva, ardınca Qars müqavilələri Sevrin üstündən xətt çəkdi. İndi ondan bəhs etmək absurd və mənasızdır. Amma ermənilər bu perspektivsiz ideologiyanı yenə davam etdirməkdədirlər.
Sovet Ermənistanının ilk baş naziri olmuş Hovhannes Kaçaznuni 1923-cü ildə Buxarestdə keçirilən Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyasının qurultayındakı məruzəsində “Sevr gözümüzü kor eləmişdi”– demişdi. Həmin korluq indi də davam edir. Onun bu fikri də maraqlıdır: “Axı biz müstəqil olaraq türklərlə ortaq dil tapmaq üçün daha çox səy göstərməliydik. Amma bunu etmədik, müharibə istədik. Türklər sülh təklif edəndə sərhəddə hərbi əməliyyatlar başladı. Biz onların təklifini rədd etdik. Bu, böyük cinayət idi... Bu gün başa düşürük ki, Sevr müqaviləsi əvəzinə türklərlə birbaşa razılaşmaya getsəydik çox şey qazanardıq”.
Bu gün Ermənistanda “Qərbi Ermənistan” ideyasını zərərli hesab edənlər az da olsa var. Tanınmış erməni yazıçısı Hrant Matevosyan vaxtilə yazdığı “Ermənilər və imperiyalar” adlı məqaləsində soydaşlarının müstəqil dövlətdə yaşaya bilməyəcəyini bildirir və belə bir qənaətə gəlir ki, ermənilər imperiyaların tərkibində özlərini daha azad, daha müstəqil hiss edirlər. Ermənilərə dövlət lazım deyil, yaranan Ermənistan Respublikasının isə perspektivi yoxdur. Matevosyan və başqalarının çoxu bu fikirlərə görə təqib olunurdular. “Qarabağ və Zəngəzur Azərbaycanın tərkibində olmalıdır” – deyən, bu barədə Leninə raport yazan Mikoyana İrəvanda heykəl qoymaq qərarı ləğv edilmiş, büstü dəfələrlə murdarlanmışdı. Elə Matevosyanın büstü də murdarlanmışdı. İndinin özündə də xəyali dövlətin Ermənistanın gələcəyi üçün təhlükəli olduğunu söyləyənlər var. Onlardan biri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. O, son müsahibələrinin birində bu ideologiyadan imtina etməyə, reallıqla barışmağa çağırmışdı.
Amma Ermənistanda xəstə düşüncənin daşıyıcıları hələ də dururlar. Paşinyanın bəzi addımları cəmiyyətin müəyyən kəsimi tərəfindən kəskin tənqid olunur. Həm də bu dəyişikliklər yalnız dərs kitablarının adının dəyişdirilməsi ilə bitməyəcək. Növbədə konstitusiya dəyişikliyi ilə qonşularına qarşı ərazi iddialarının ortadan qaldırılması prosesi, Ermənistanın gerbindən Ağrı dağının təsvirinin dəyişdirilməsi var.
Ümumiyyətlə, ermənilərin uzun müddət gündəmdə saxladıqları “erməni soyqırımı”, “Qərbi Ermənistan” təbliğatlarının artıq iflası başlanır. Çünki yalan və saxtakarlıq üzərində formalaşdırılmış siyasət uzun müddət davam gətirə bilməz. Əgər Ermənistan bir dövlət kimi bölgədə mövcudluğunu davam etdirmək istəyirsə reallıqla hesablaşmalı, şovinist-faşist düşüncəsindən uzaqlaşmalıdır.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri