Bu avantürist “ideya”nın müəllifi və ev sahibi Fransa olub
Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak etdiyi hökumətin son iclaslarından birində ölkənin təhsil müəssisələrində tədris olunan dərs vəsaitlərində dəyişikliklərin edilməsi məsələsi müzakirəyə çıxarılıb. Artıq hökumət təhsil nazirliyinin belə bir qərarını təsdiq edib ki, məktəblərdə tədris olunan “Erməni tarixi” əvəzinə “Ermənistan tarixi” fənni öyrədilsin. Yəni, kitabın adı dəyişdiriləcək. Bundan əvvəlki dərsliklərdə “Qərbi Ermənistan” ərazilərindən danışılır, “Böyük Ermənistan” xəyalı edilir və bunlar erməni gəncliyinin irqçi, şovinist ruhda böyüməsinə, əsl erməni dövləti düşüncəsinin isə gerçəklikdən uzaq salınmasına, qonşularla problemlərin yaranmasına səbəb olurdu.
Uzun illər “Qərbi Ermənistan” təxribatı Ermənistan dövlətinin rəsmi siyasəti halına gətirilmişdi ki, bu da erməni fəlsəfi fikrinə süni surətdə, məkrli məqsədlərlə daxil edilmiş “nəzəriyyə” idi. Elan olunmuş qondarma “Qərbi Ermənistan Respublikası”nın Türkiyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh əldə edilməsi ilə bağlı danışıqlarının getdiyi bir zamanda maneələrdən biridir. Ötən il Türkiyəyə qondarma “Qərbi Ermənistan Respublikası” “rəhbərlərinin” səfərləri olmuşdu və onlar erməni hesab etdikləri adamlara pasportlar paylamışdılar. Türkiyə dövləti bu təxribatın qarşısını almışdı. Əslində, bu Türkiyə– Ermənistan münasibətlərinin normallaşması işinə qarşı diaspor erməniliyinin və onları qızışdırıb ortaya atanların təxribatı idi və bu “fəaliyyət“, təbii ki, Ermənistan hakimiyyətini düşünməyə vadar edir. İndi Paşinyan bu təxribatı önləmək tədbiri kimi dərs vəsaitlərində “Qərbi Ermənistan” anlayışının ortadan qaldırılmasını istəyir, ardınca isə başqa addımların da atılacağını vəd edir, yəni erməni cəmiyyətində ötən illərdə Türkiyənin Şərqi Anadolu vilayətlərində “Qərbi Ermənistan vətəndaşı” pasportlarının paylanması və digər təxribatçı hərəkətlər danışıqlar prosesinə təsir etmək deyil, onu pozmaq cəhdi kimi qiymətləndirilməlidir. Əslində, erməni diasporu bununla Türkiyə ilə Ermənistanın münasibətlərinin düzəlməsini istəmədiyini açıq şəkildə ortaya qoyur. Nəzərə alsaq ki, bu üzdən-iraq qurumun özü və onun mətbuat və TV-ləri erməni diasporunun nəzarətindədir, belə nəticə hasil olur: Bəzi ölkələr də bu təxribatın iştirakçılarıdır, çünki erməni diasporu özü həmin ölkələrin siyasi alətinə çevrilmişdir.
Mərkəzi ofisi Fransanın Sevr şəhərində olan “Qərbi Ermənistan Respublikası” necə meydana gəlib? Onun hədəfləri nədir? Bu, nə kimi zərərli nəticələr verə bilər?
Ermənilərin fərziyyəsinə görə, keçmiş Osmanlı imperiyasının, Qars da daxil olmaqla, Van, Ərzurum, Elazığ, Bitlis, Van, Diyarbəkir, Sivas, Trabzon və b. vilayətləri “Qərbi Ermənistan”dır. O siyahıya Ahıskanı, Naxçıvanı və Qarabağı da daxil edirlər. “Altı erməni vilayəti” ifadəsi ilk dəfə 1878-ci ildə Berlin konqresində siyasi termin kimi işlədilsə də, bu ərazilərin ermənilərə aid olduğu anlamına gəlmir, ermənilərin toplu halında yaşadıqları ərazi kimi anlaşılırdı. Amma bu da faktdır ki, həmin vilayətlərin heç birində erməni əhali çoxluq təşkil etməyib. Erməni düşüncə sistemində bu, “Böyük Ermənistan” ideyasını yaradıb ki, sonralar bu xəyali dövlətin bir hissəsini ayıraraq “Qərbi Ermənistan” konsepsiyası irəli sürülüb. Əslində, ermənilərin dövlət yaratmaq ideologiyasında həmişə “üç Ermənistan”dan danışılıb:
a) Şərqi Ermənistan (Qafqaz Ermənistanı);
b) Qərbi Ermənistan (yuxarıda göstərilən 6 vilayət);
c) “Kilikiya Ermənistanı” (Çukurova, Kozan və s. ərazilər).
Bu torpaqlar bəhs etdiyimiz “dənizdən –dənizə böyük Ermənistan” adlı xəyali “dövlətin” sərhədləri hesab edilib və çoxsaylı saxta xəritələr uydurulub. Yüz ildən artıqdır ki, bu ideya erməni milli- şovinist ideologiyasında mərkəzi yer tutur. XX əsrin ilk illərindən erməni siyasi-ictimai fikrində “bu dövlətin” qurulacağına inananlar da olmuşdu, inanmayanlar da. Bölgədəki erməni üsyanlarının, qətliamlarının və soyqırımlarının səbəbi bu xəstə təxəyyül olmuşdur. Tarixə nəzər saldıqda bu ideyanın yeni olmadığının şahidiyik. “Qərbi Ermənistan” adlı “dövlət” qurmaq ideyası 1917-ci ildə Rusiyadakı inqilablar dövründə də süni şəkildə gündəmə gətirilmişdi. O zaman “Mühacirətdə Qərbi Ermənistan hökuməti” adlandırılan bu üzdəniraq qurumun 1919-cu ildə İrəvanda Ermənistan Respublikası hökümətinin himayəsində ikinci qurultayı keçirmişdi. Həmin qurultay əsas məsələ kimi “Qərb ermənilərinıin” problemlərini həll etmək məqsədi ilə çağırılmışdı. Bu tədbirdə baş cəllad general Andranik Ozanyan və Paris Sülh Konfransında Ermənistan nümayəndə heyətinin rəhbəri Boğos Nubar paşa da iştirak və çıxış ediblər.
Ermənilər üçün bu qurultayın mühüm nəticəsi ondan ibarət idi ki, ilk Ermənistan Respublikası Azərbaycan torpaqlarında elan edilmişdi. Onlar üçün müəyyən dayaq nöqtəsi artıq var idi, 1920-ci il avqustun 10-da Osmanlı dövlətini pay-püş edilməsini nəzərdə tutan bədnam Sevr müqaviləsi imzalanmışdı. Ermənilər əməlli-başlı ümidlənmişdilər. O zaman bəzi erməni siyasi xadimlər hesab edirdilər ki, “Böyük Ermənistan” ideyasını həyata keçirməyə yaxındırlar. Amma “Sevr anlaşması” adlı bu kağız parçasını böyük öndər Mustafa Kamal Atatürk cırıb atdı. O, Türkiyə torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanı ta Gümrüyə qədər qovub çıxardı. 1920-ci ilin noyabrında Gümrü anlaşması ilə ermənilər təslim aktı imzaladılar ki, bu da erməni təxribatının qarşısını aldı.
Fəqət ermənilər bundan da nəticə çıxarmadılar. “Qərbi Ermənistan” təxribatı ideoloji olaraq yenə davam etdirilirdi. SSRİ zamanı Sovet Ermənistanı və xaricdəki erməni diaspor təşkilatları “Qərbi Ermənistan” məsələsini gündəmdə saxlamaq üçün hər cür üsula əl atırdılar. Bu məqsədlə 70-80-ci illərdə ASALA-nın gerçəkləşdirdiyi erməni terror fəaliyyətlərində məqsəd “Qərbi Ermənistan” adlı təxribatı dünyaya bəyan etmək, diqqəti bu məsələyə yönəltmək idi.
Ermənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra “Qərbi Ermənistan” məsələsi gündəmdən çıxarılmadı, bu mövzu həm diaspor erməniləri, həm də Ermənistan dövləti tərəfindən birinci yerə qoyuldu. Ermənistanın müstəqillik haqqında bəyannaməsində həm Türkiyənin məlum vilayətlərinə, həm də Azərbaycana ərazi iddiaları irəli sürüldü. “Erməni məsələsi”nin həll olunmadığını və ya “ədalətli” həllinə nail olunmadığını iddia edən erməni ideoloqlar Qarabağda Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin “yaradılması” fəaliyyətləri ilə kifayətlənmədilər. Yeni torpaqların işğalı rəsmi dövlət ideologiyasına çevrildi.
1990-cı illərin əvvəllərində könüllü olaraq Qarabağda Azərbaycana qarşı döyüşməyə gələn terroristlər “Qərbi Ermənistan” ideyasını yenidən gündəmə gətirdilər. Vaxtilə ASALA-nın üzvü olmuş Leonid Azgeldyan adlı terrorçu “Qərbi Ermənistan” ideyasının yeni nəzəriyyəçisi oldu. Ermənilərin Qarabağda müvəqqəti üstünlüyü erməni milli qurumları və siyasi partiyalarının “Qərbi Ermənistan” iddialarını aktuallaşdırdı.
2004-cü il dekabrın 17-də Ermənistanın işğalı altında olan Şuşa şəhərində yeni dövrdə birinci “Qərbi Ermənistan” qurultayı keçirildi. Məsələnin gündəmə gətirilməsinin məqsədlərindən biri də qondarma “erməni soyqırımı”nın qəbul edilməsinə dəstək vermək idi. Buna Türkiyəyə qarşı aparılan siyasətdə mühüm amil kimi baxılırdı. Ən əsası isə tarixdəki hadisələr yenidən gündəmə gətiriləcək, Şərqi Anadoludakı vilayətlərin ermənilərə “məxsus olmasına” diqqət çəkiləcəkdi. Ona görə də Türkiyəyə qarşı ərazi iddialarını daha sistemli və institusional müstəviyə qaldırmaq məqsədi aydın görünürdü. Qurultayda deyildiyi kimi, “o, öz ata-baba yurdlarına qayıtmaq üçün təşkilatlanmağa və Qərbi Ermənistan əhalisinin erməni olduğunu, vaxtilə bu bölgədən köçmüşlərin nəslinin mövcudluğunu və onların bu bölgədən işğala məruz qalma əzmini nümayiş etdirməyə səy göstərəcəkdi.”
Yeni dövrdə “Qərbi Ermənistan” təxribatını davam etdirmək üçün başqa bir qurultay da olmuşdu. 2009-cu il noyabrın 21-22-də məkan olaraq Paris yaxınlığındakı Sevr (Fransa) şəhəri seçilmişdi (Konqresin Sevrdə düzənlənməsi də xüsusi məna kəsb edirdi). Militaristlərə məxsus “Samvel Murad” məktəbində təşkil olunan qurultayda Amerika Erməni Milli Komitəsinin (ANC) “Qərbi Ermənistan”dan və müxtəlif ölkələrdən nümayəndələri iki gün ərzində müzakirələrdə iştirak etdilər. Qurultayda çıxış edənlər arasında Erməni Milli Şurasının yaradıcılarından biri, BMT-də yaradılmış Yerli Xalqlar Forumunda “Qərbi Ermənistan”ın üzdəniraq nümayəndəsi, Qarabağda döyüşən erməni könüllülərinin təmsilçisi Armenak Abramyan da var idi. “Monte Melkonyan” Fondundan keçmiş terrorçu Alek Yenikomşyan, “İrs” partiyasından erməni parlamentari Zaruhi Postancyan, ANC üzvü, keçmiş terrorçu Jirayr Sefilyan, “Sərdarapat” hərəkatının lideri, tarixçi, “Qərbi Ermənistan”ın “Erməni Memarlıq Əsərlərinin Öyrənilməsi İnstitutu”nun direktoru Samvel Karapetyan, Dağlıq Qarabağ tarix-diyarşünaslıq muzeyinin direktoru Melan Balayan, Cavaxetiya (Gürcüstan – Ahıska) Erməniləri Assambleyasının prezidenti, birinci Qarabağ müharibəsində cinayətlər törətmiş Lüdviq Petrosyan, ultra-millətçi ASALA-nın törəmə şirkətlərindən olan “Uxt Ararati” təşkilatının koordinatoru Tiqran Paşabezyan iştirak ediblər. Bunların hamısı terrora bulaşmış adamlar idi. Onların bəzilləri bu təxribatçı qurumun başına gətirildilər. Maraqlıdır ki, konqresin qonaqları arasında “Kürdüstan hökuməti”nin (İraq) nümayəndəsi, eyni zamanda Paris Kürd İnstitutunun, müxtəlif milli cəmiyyətlərdə fəaliyyət göstərən gənclər və tələbə təşkilatlarının təmsilçiləri də vardı. Bu təxribat sonrakı illərdə də davam etdirildi. “Qərbi Ermənistan”ın növbəti III Konqresi 2010-cu il noyabın 27-28-də Marseldə (Fransa) keçirilib və “Mühacirətdə Qərbi Ermənistan hökuməti”nin yaradılması haqqında bəyannamə elan edilib.
(ardı var)
Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri