Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
III MƏQALƏ
İnformasiya savaşının yeni mərhələsi
Azərbaycan Prezidentinin Şuşadan yeni səslənişləri dövlətin regionda geosiyasi duruşunu, multiregional miqyasda isə əsas məqsəd və niyyətlərini yaxşı ifadə edir. Bu baxımdan İlham Əliyevin KİV-i regionda və Azərbaycanda baş verən hadisələrə obyektiv yanaşmağa dəvət etməsi informasiya savaşında yeni mərhələnin başlanğıcıdır. Bu mərhələ öncəki dövrlərdən asan deyildir. Əksinə, daha məsuliyyətli və fəal olmağın zamanıdır. Dövlət başçısı bu məqamı müxtəlif kontekstlərdə dəfələrlə təkrar edir. Çünki yeni mərhələnin özəlliyini, əhəmiyyətini və Azərbaycan dövlətinin qarşısına qoyduğu məqsədlər baxımından onun strateji dəyərini izah edir.
Bəs yeni mərhələnin hansı özəllikləri var? Azərbaycan cəmiyyətindəki informasiya prosesləri göstərir ki, kənar təsirlər özünün fərqli tərzinə qədəm qoymuşdur. İndi informasiya müharibəsi aparanlar həm təsir üsullarını, həm də onun dərəcəsini yeniləşdirmişlər. Təsir üsullarında, əsasən, cəmiyyətin daxilindəki əhval-ruhiyyəni dövlətçilik əleyhinə dəyişməyə yönəldilmişdir. Onlar dolayısı ilə dövlətin başçısına və xalqın liderinə inamsızlıq yaratmağa istiqamətlənmişdir. Lakin bunu sosial məsələlər kontekstində reallaşdırmağa çalışırlar ki, bu da əsl niyyəti maskalamağa xidmət edir.
Preventiv informasiyalar və təxribatlar
“Preventiv” termininin latın və fransızcada mənası “xəbərdaredici”, “önləyici”dir. Hər hansı bir prosesi ya önləməyə cəhd etmək, ya da onu başqa istiqamətə yönəltmək məqsədi ilə informasiya müharibəsində də istifadə olunur. Adətən, preventiv informasiyalar birbaşa hədəfə yönəldilmir – ona ən yaxın olan məqamlara istiqamətlənir ki, bu da seçilən hədəfin ətrafında nəzərdə tutduğu informasiya mühitini korlamaq məqsədini daşıyır.
Burada təhlükəli cəhət informasiya mühitini təhrif etmək və ya reallığa uyğun olmayan kontekstdə süniləşdirməklə, zəncirvari olaraq cəmiyyətdə rəyi dəyişə bilmələri ilə bağlıdır. Azərbaycan Prezidenti Şuşadakı tədbirdə bu cür informasiyaların mümkün nəticələrini dəqiq ifadə etmişdir. İlham Əliyev demişdir ki, natamam, qeyri-dəqiq informasiyalar elə olur ki, “gündəlik həyatımıza çevrilir”. Onun nəticələrindən biri də belə növ situasiyalarla mübarizə aparmağın çətinliyi ilə əlaqəlidir. Onda belə təxribatçı informasiyalara qarşı həqiqi informasiyalardan preventiv yararlanmaq səmərəli ola bilər. Bunun üçün isə dəqiq önləyici tədbirlər və informasiyaları təbliğ etmək mexanizmləri işlənməlidir.
İndi Azərbaycan cəmiyyətində preventiv informasiya savaşının əlamətləri vardırmı? Bizcə, onu bir neçə istiqamətdə müşahidə etmək olar. Son zamanlar cəmiyyətdə sosial-psixoloji problemlərin artdığı təəssüratı yaratmaq üçün müəyyən qaydada seçilmiş informasiyaları yaymağa çalışırlar. Ayrı-ayrı adamların şəxsi həyatından yalnız neqativ xarakterli informasiyanı seçir və özlərinə sərf edən məzmunda yayırlar. Adətən, bu kimi cəhətlər Azərbaycan ailəsində ona xas olmayan halların xüsusi kəskinliklə tədqimatında özünü göstərir. Bir neçə milyonluq ailələrdən müsbət əhval-ruhiyyə yaradan faktları deyil, mənbəyi bəlli olmayan neqativliyi təqdim edirlər.
Məsələn, azərbaycanlı gənc oğlan və ya qızın cəmiyyətdə kifayət qədər müsbət hərəkətləri olur. Onlardan ötəri yazırlar. Azərbaycan ailəsinin başçısının öz həyat yoldaşı və övladları üçün fədakarlıq nümunələrinin sayı-hesabı yoxdur. Bu informasiya nümunələrinə də nadir hallarda rast gəlinir. Əvəzində isə “şok” adı ilə valideynin öz övladlarına əl qaldırmasından, ailə xəyanətlərindən, bəzi məşhurların həyatının neqativ tərəflərindən bol-bol yazırlar.
Başqa bir istiqaməti xüsusi olaraq dövlətin polisinə qarşı təxribatçı informasiyaların yayılması təşkil edir. Çox müxtəlif qondarma situasiyalar təsvir edirlər və polisi günahkar çıxarmağa çalışırlar. Araşdırmalar isə tamam başqa reallığı ortaya qoyur.
Son zamanlar Azərbaycanın bölgələri arasında intriqa yaratmağa belə yönəlmiş qondarma informasiyalara yer verilir. Həmin növdən yaxın keçmişdə 6-7 ay bundan öncə ABŞ-də baş vermiş bir cinayət hadisəsini anti–Azərbaycan ruhda yenidən informasiya məkanına çıxarmışlar. Orada yazırlar ki, bir regiondan olan filankəs başqa regiondan olan iki soydaşımıza zərər yetirmişdir. Belə çıxır ki, zərər görənlər soydaşımızdır, o birisi deyil. Bu kimi primitiv üsul bəzən insanların şüuruna pis təsir edir.
İndi Azərbaycanda tanınmış mədəniyyət (əsasən musiqi) adamlarının şəxsi həyatı haqqında cəmiyyətin ruhuna uyğun olmayan tərzdə informasiyalar verirlər. Yenə də həmin “şok” və ailə ənənələrinə uyğun olmayan məlumat. Filan müğənni və ya aktyor ailə qurmur, lakin sevgili olmaqdan şaddır. Və yaxud bir uşaq dünyaya gətirir, lakin atası...bilinmir.
Sözün həqiqi mənasında, bunları yazmaq bir azərbaycanlı üçün çox ağırdır. Lakin buna bənzər informasiyaları son zamanlar çox hallandırırlar və bu da zəncirvari olaraq insanların psixologiyasına təsir edə bilər.
Hətta dilimizə böhtan atırlar. Onu təhrif edirlər. Danışıqda və yazıda xarici ifadələrdən elə istifadə edirlər ki, elə bil təmiz Azərbaycan dili elə belə olmalıdır. Bir zamanlar Anadolu kəlmələrinə üsyan edənlər indi lal-kardırlar. Adət-ənələrimizə dil uzadanların qınağına az rast gəlinir. Məqsəd nədir? Son məqsəd cəmiyyətdə insanların bir-birinə inamsızlığını yaratmaqdır. Bu proses genişlənəndə insanlar bir-birinə qarşı aqressiv olurlar, çünki KİV-dən aldığı məlumatlara görə, vətəndaş qarşısına çıxanı ləyaqətsiz, fırıldaqçı, topluma, millətə, doğru insanlara düşmən olan birisi kimi görürlər. Buna görə də hər sözə aqressiv reaksiya verə bililər ki, bu da intriqalara, ixtilaflara səbəb olur. Hətta, bütöv cəmiyyətdə belə bir əhval-ruhiyyəni yaratmaq üçün ən yeni elmi istiqamətlərdən də (məsələn, nanopsixologiyadan) istifadə edə bilirlər. Həmin elmdə qondarma “informasiya memləri” (xüsusi psixoloji kodlar) yaradırlar və incə üsullarla insanların beyinlərinə yeridirlər. Bu, uğurlu olsa, cəmiyyətin psixoloji durumu təhrif olur ki, onda da artıq gecdir.
Beləliklə, preventiv təxribatçı informasiyaların təsiri cəmiyyətin bütövlüyü baxımından faciəvi ola bilər. İlk baxışdan lokal məişət hadisəsi kimi görünən hadisə qəfil bütün cəmiyyətim problemi səviyyəsinə yüksələ bilər.
Regional miqyasda dezinformasiya ilə mübarizə
İndi Cənubi Qafqazda konkret bir cəmiyyətdə parçalanma və başqa dağıdıcı tendensiyalar yaratmaqla kifayətlənmirlər. Çünki İlham Əliyev faktiki olaraq region miqyasında bir geosiyasi düzən, qayda və əməkdaşlıq mühiti yarada bilmişdir. Şuşada məsələnin bu tərəfinə işarə edən Azərbaycan Prezidenti demişdir: “Region ölkələri ilə sıx əlaqələr bizə iqtisadi problemlərin böyük əksəriyyətini həll etməyə imkan verdi”. Bunun da kökündə Azərbaycan Prezidentinin yeritdiyi regional siyasət dayanır. Çünki Azərbaycan “qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırır”.
Əlbəttə, bunları bizə dost olmaq istəməyən dairələr də görür və mənasını anlayırlar. Onlar başa düşürlər ki, Cənubi Qafqaz yalnız geosiyasi deyil, həm də müxtəlif xalqların birgə yaşadığı məkan kimi dəyişir. Cənubi Qafqazın lideri dövlətləri, xalqları birləşdirir və faktiki olaraq burada yeni tarix başlayır. Deməli, bu prosesin qarşısını almaq üçün Lideri gözdən salmaq, ona qarşı inamsızlıq yaratmaq lazımdır. Həmin məqsəd daxilində də yerli xalqlar arasında yeni intriqalar meydana gətirmək, tarixi təhrif etmək, birinin digərlərindən daha üstün olduğu qənaətini yaratmaq, əməkdaşlığın xalqa xeyri olmadığı təəssüratı formalaşdırmaq və digər məkrli niyyətlər yer almaqdadır.
Buna bir neçə dəfə cəhdlər oldu. Məsələn, Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsində (sərhəddəki kilsə məsələsi), məişət səviyyəsində (Dmanisidə svanlarla azərbaycanlıların savaşını təşkil edib, onu internetdə yaymaq) və digər cəhdləri xatırlamaq olar.
Azərbaycanla Ermənistan arasında qarşılıqlı etibarsızlıq və inamsızlığı alovlandırmağa yönəlmiş saysız-hesabsız addımları hər kəs görür. Kənardan çalışırlar ki, bu iki xalq bir-biri ilə heç vaxt anlaşmasın, daim düşmən kimi qalsın. Onlar bilirlər ki, bu yolda ən böyük əngəl İlham Əliyevin liderlik məharətidir.
İndi regional miqyasda vəziyyəti məcrasından çıxarmaq üçün Gürcüstanda, Rusiyada və İranda azərbaycanlılara qarşı təxribat törədə bilərlər. Xüsusilə, Rusiya və Gürcüstan bu aspektdə daha həssas bir nöqtəyə gəlmişlər. Rusiyada dini radikalizmdən istifadə edə bilərlər. Gürcüstanda isə avropapərəstlərlə rusiyapərəstlərin savaşında azərbaycanlılardan müəyyən məqsədlə vasitə kimi istifadə etməyə cəhdlərin edilməsi istisna deyildir.
Bunların fonunda Ermənistanı müəyyən hərbi-ideoloji təxribata sövq edib, regional etibarsızlıq mühiti yarada bilərlər. İnformasiya savaşının başqa növlərindən də istifadə istisna deyildir.
Bütün bunlar Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqların nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. İlham Əliyev üçün informasiya müharibəsinin yeni mərhələsi regional və multiregional miqyasda həyata keçirdiyi inteqrasiya, əməkdaşlıq, sülh, barış və təhlükəsizlik proqramlarının qarşısına çıxarılan əngəlləri aşmağı ifadə edir.
Yenə də ön cəbhədə
Şuşadakı dialoq yeni mərhələnin ön cəbhəsində KİV nümayəndələri ilə Prezidentin ilk ünsiyyəti oldu. Azərbaycan Prezidenti yeni tarixi mərhələdə informasiya sferasında qarşıda duran aktual məsələləri aydınlaşdırdı. Bu prosesdə Azərbaycanın rolunu ifadə etdi. Qərbin də siyasi dairələrində Azərbaycanı anlamağa çalışan qüvvələrin artdığına işarə verdi. İlham Əliyev dedi: “Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”. Bu o deməkdir ki, informasiya müharibəsində keyfiyyətcə yeni dinamika meydana gələ bilər. Artıq Azərbaycanın dünyada dostları kifayət qədərdir və onlar yeni informasiya savaşı mərhələsində İlham Əliyevə dəstək verə bilərlər. Bu da KİV üçün yeni nikbinlik mənbəyi ola bilər ki, prosesləri daha obyektiv işıqlandırmaqdan çəkinməsinlər.
Bunun fonunda İlham Əliyev qonşu böyük dövlətlərin də Azərbaycana münasibətinin müsbət mənada ciddi dəyişdiyini jurnalistlərə çatdırdı. Dövlət başçısı ifadə etdi ki, “Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyildir”. Türkiyə ilə strateji müttəfiqliyin səviyyəsi məlumdur, təkrara ehtiyac yoxdur. İranın yeni hakimiyyətinin isə Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyinə inananlar az deyildir.
Deməli, dövlət başçımızın regional və multiregional miqyasda dezinformsiya halları ilə uğurlu mübarizə aparması üçün lazım olan siyasi-informativ kontent artıq formalaşmaqdadır.
Bu fonda Prezident İlham Əliyevin yeni mərhələ üçün əsas faktorları xüsusi qeyd etməsi çox əhəmiyyətlidir. Həmin faktorlar ksenofobiya, islamofobiya və yeni müstəmləkiçiliklə mübarizənin davam etməsi və COP29-la bağlı ifadə etdiyi tezislərlə əlaqəlidir. Vurğulanan bu məqamlar Azərbaycan liderinin yeni mərhələdə multiregional miqyasda dezinformasiya ilə mübarizəsinin əhəmiyyətli özəlliklərini əks etdirir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru