Sənayedə qeyri-neft sektorunun payı artır

post-img

Cari ilin 6 ayında bu sahədə 8,8 milyard manatlıq məhsul istehsal edilib

Ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu da sənaye sahəsin­də ümumi istehsalın artmasına səbəb olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2024-cü ilin yanvar–iyun aylarında Azərbaycanın sənaye müəs­sisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31 milyard 483,5 milyon manatlıq sənaye məhsu­lu istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Sənaye məhsulunun 65 faizi mə­dənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təc-hizatı sektorunda, 0,9 faizi isə su təchi­zatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyya­tın şaxələndirilməsi məqsədilə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, eləcə də bu sahədə ixrac potensialının artırılma­sı istiqamətində həyata keçirilən tədbir­lər isə sözügedən sektorda mühüm növ malların istehsalının getdikcə artmasına səbəb olur. Qeyri-neft sənayesində məh­sul istehsalının artması isə ölkənin ixrac potensialının genişləndirilməsinə mühüm töhfələr verir. Komitənin məlumatına əsasən, 2024-cü ilin ilk yarısında iqtisa­diyyatın qeyri-neft-qaz sektorunda məh­sul istehsalı 8 milyard 794 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artıqdır. Yanvar–iyun aylarında sənayedə qeyri-dövlət sektoru­nun payı 81,6 faiz təşkil edib. Ümumi bu­raxılışın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yara­dılıb.

Yanvar–iyun aylarında sənayenin mə­dənçıxarma sektorunda 20 milyard 468,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 14,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 19,1 milyard kubmetr təşkil edib. Ötən ilin müfafiq döv­rü ilə müqayisədə əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. 

Göründüyü kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri get­dikcə artır. Elə cari ilin ilk 6 ayında ölkənin qeyri-neft sektorunda baş vermiş 7,4 faiz­lik artım da bunu təsdiqləyir. Yanvar-iyun aylarında ölkəmizin emal sənayesində 9 milyard 181,6 milyon manatlıq məh­sul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Bəhs olunan sektor üzrə ən yüksək artım kompüter, elektron və optik məhsulların istehsalı sahəsində qeydə alınıb. Belə ki, ilin 6 ayında sözü­gedən sahədə 17,5 milyon manatlıq məh­sul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövründəkindən 74,4 faiz artıqdır. Bununla yanaşı, ilin ilk yarısında metallur­giya, kimya və əczaçılıq sənayesi sahələ­rində, tikinti materiallarının, mebellərin, elektrik avadanlıqlarının, hazır metal, rezin və plastik kütlə məmulatlarının, av­tomobil, qoşqu və yarımqoşquların, kağız və karton, tütün məmulatlarının, eləcə də içki və qida məhsullarının istehsalın­da əhəmiyyətli artım baş verib. Sahənin digər məhsulları olan toxuculuq sənaye­sində, maşın və avadanlıqların istehsalı, quraşdırılması və təmiri, zərgərlik məmu­latları, musiqi alətləri, idman mallarının və tibbi avadanlıqların, həmçinin poliqrafiya məhsullarının buraxılışında azalma qey­də alınıb. 

Bu ilin 6 ayında neft məhsullarının is­tehsalının ümumi dəyəri 2 milyard 459,4 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrünün göstəricisini 1,9 faiz üstələyib. Mühüm növ neft məhsulların­dan olan ağ neft istehsalı 10,2 faiz, neft bitumu istehsalı 3,3 faiz, avtomobil benzi­ninin istehsalı 2,1 faiz artıb, mazut isteh­salı isə 75 faiz azalıb. 

Ümumilikdə, 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədə aralıq istehlak məh­sullarının istehsalı 12,7 faiz, qısamüd­dətli istifadədə olan malların istehsalı 8,8 faiz, enerji məhsullarının istehsalı 0,1 faiz artıb. İstehsal vasitələrinin buraxılışı və uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə əksinə, azalıb. 

Cari ilin birinci yarısında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 551,6 milyon manat dəyərin­də məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların tə­mizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 283,5 mil­yon manat təşkil edib. Bəhs olunan dövr­də elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz azalıb, su təc­hizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 faiz artıb.

2024-cü ilin yanvar-iyun aylarında ölkə üzrə istehsal edilmiş sənaye məh­sulunun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla iyulun 1-nə sənaye müəssisələrinin anbarların­da 917,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Ehtiyatların 55,8 faizi Bakı, 12,5 faizi Sumqayıt, 3 faizi Gəncə, 2,3 fa­izi Şirvan şəhərlərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəs­sisələrinin anbarlarında qalıb. Bundan əlavə, sənaye müəssisələrinin anbarla­rında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 94,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub. 

Azərbaycanda qeyri-neft sənayesi müəssisələrinin yaradılması dövlət baş­çısının həyata keçirdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi aktuallıq kəsb edir. Yerli xammal hesabı­na ölkənin qeyri-neft sənayesində rəqa­bətqabiliyyətli, ixrac yönümlü məhsulların istehsalı üçün isə imkanlar olduqca ge­nişdir. Bu baxımdan son illər yaradılmış sənaye parkları və məhəllələri müstəsna rol oynayır. Təsadüfi deyil ki, sözügedən zonalarda yüksək texnologiyalar əsasın­da fəaliyyət göstərən müəssisələr ölkənin sənaye potensialının artmasında, ixrac yönümlü məhsulların istehsalında mü­hüm yer tutur. 

Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqa­bul, Masallı, Neftçala, Sabirabad və Şə­rur) fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agent­liyinin məlumatına görə, bu il iyulun 1-nə qədər Azərbaycanın sənaye zonaların­dan 13,5 milyard manatlıq məhsul satılıb ki, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib. Satışın 1,4 milyard manatlıq, ixracın isə 0,45 milyard manatlıq hissəsi cari ilin ilk yarısının payına düşüb. Səna­ye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.

Agentliyin məlumatına əsasən, ölkə­nin sənaye zonalarında indiyədək ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statu­su verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növ­bəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 min 100-dən çox yeni iş yerinin yaradıl­ması nəzərdə tutulur.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat