Dünya praktikasında torpaqların birləşdirilməsi (konsolidasiyası) torpaq islahatının həyata keçirildiyi ölkələrdə torpaq sahələrinin parçalanmasının aradan qaldırılmasına xidmət edən tədbir kimi qəbul olunur. Torpaqların konsolidasiyası vasitəsilə xırda təsərrüfatçılıqla mübarizə aparmaq, bu sahədə nisbətən iri və daha iri qurumların yaradılması məsələləri tək Azərbaycanda aktual məsələ deyil. Ölkəmiz bu istiqamətdə hələ ilk addımlarını atır. Bu proses hazırda bütün dünyada gedir. Bu sahədə 200 ildən artıq təcrübəsi olan Avropa və digər dünya ölkələrində bu məsələ indi də diqqətdə saxlanılır.
Bu problemin dünyada aktuallığı ilə bağlı onu da demək istərdim ki, “Torpaqların konsolidasiyası” prinsipi BMT-nin “2030: Dayanıqlı İnkişaf Məqsədləri”nin əsas hədəfləri sırasındadır. Bununla əlaqədar hər bir ölkənin konsolidasiya sahəsində milli strategiya hazırlaması və qanunvericiliyi təkmilləşdirməsi zəruridir.
Fikrimcə, Azərbaycanda tətbiq olunması nəzərdə tutulan torpaqların konsolidasiyası konsepsiyası özündə islahat nəticəsində parçalanmaya məruz qalmış torpaq parsellərinin birləşməsinə nail olunması, ümumdaxili məhsul və ixrac potensialının artırılmasına əsaslı təsir göstərilməsi, infrastrukturun qurulmaması səbəbindən əkin dövriyyəsindən kənarda qalan torpaqların dövriyyəyə qaytarılması, iri fermerlər və icarədarların formalaşmasına şərait yaradılması, suvarma sistemlərinin yenilənməsi kimi məsələləri əhatə etməlidir.
Bütün sadalanan bu məqamlarla yanaşı, torpaqların konsolidasiyası konsepsiyasında kadastr işlərinin yenilənməsi, texnikadan istifadənin səmərəliliyinin artırılması, torpaqların alqı-satqısı, torpaq bazarının düzgün idarə olunması, konsolidasiya layihələrinə həvəsləndirmə və proseslərin sadələşdirilməsi məqsədilə vahid Torpaq Bankının yaradılması öz ifadəsini tapmalı, kənd təsərrüfatına sərmayələrin cəlb edilməsi, məhsulun maya dəyərinin aşağı salınması və gəlirliliyin artırılması da diqqətdə saxlanılmalıdır.
Bütün bunlara nail olmaqdan ötrü kiçik pay torpaqları əsasında birgə təsərrüfat yaradılmalıdır. Ona görə də kəndlilər birləşməli və becərmə zamanı problem yaranmaması üçün eyni məhsulu yetişdirməlidirlər. Hazırda xırda torpaq mülkiyyətçiləri, fermerlər istəklərinə uyğun olaraq müxtəlif çeşiddə bitki becərir, hər biri onun yetişdirilməsində əziyyət çəkir. Çünki kiçik torpaq sahələrinin əkilib-becərilməsi çox zaman rentabelli olmur. Nümunə kimi Beyləqan-İmişli zonasında iri fermer təsərrüfatlarını göstərə bilərik. Konsolidasiyadan əvvəlki dövrdə fermerlərin hər hektardan 20-22 sentner taxıl alınırdısa, indi bu rəqəm 55-56 sentnerə çatıb.
Belə bir səhv təsəvvür var ki, Azərbaycan fermeri fərdiyyətçidir, öz torpağını yalnız özü becərməyə meyillidir və torpaqların birləşməsində maraqlı deyil. Bu səbəbdən də torpaq sahələrinin könüllü birləşdirilməsinə elə də ciddi maraq göstərilmir. Belə olan təqdirdə bu birləşmənin inzibati, yoxsa könüllü yolla aparılması sualı ilə üzləşilir.
Xırda torpaq mülkiyyətçilərinin məhsul istehsalında marağını artırmaqdan ötrü dövlət tərəfindən müəyyən addımlar atılmaqdadır. Bu, özünü texniki yardımlarda güzəştlərin edilməsində, aqrolizinq yaradılmasında və s. məsələlərdə göstərir. Bununla belə, xırda torpaq mülkiyyətçiləri də bilməlidirlər ki, yüksək məhsuldarlıq əldə etməkdən ötrü torpağın becərilməsində texniki yardımlar kifayət deyildir. Becərilən torpaq sahələrinin rentabelliyi onların ölçülərindən də asılıdır. Sahə kiçildikcə istifadəçiliyin rentabelliyi azalır, məsrəflər isə artır. İndiki halda əsas məsələ torpaqların iri təsərrüfat formalarında birləşdirilməsidir. Əlbəttə, heç bir məcburi birləşmədən söhbət getmir. Bu, könüllü olmalıdır. Bəzən elə başa düşülür ki, birləşmə deyəndə kolxoz- sovxoz nəzərdə tutulur. Amma qətiyyən ondan söhbət getmir. Məsələ insanların öz aralarında könüllü birləşib, yaxşı məhsuldarlıq əldə etmələri üçün birgə işləmələri ilə bağlıdır.
Hər bir Azərbaycan vətəndaşı, şübhəsiz ki, torpağı üzərində sahibkarlıq hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük maneələrdən biri çox kiçik torpaq sahələrinin, ailə təsərrüfatlarının əkilib-becərilməsi nəticəsində az gəlir əldə olunmasıdır. Məlumdur ki, kəndlinin maliyyə imkanları məhduddur, torpaq sahələri kiçikdir, eyni zamanda, bazara çıxış imkanı yoxdur. Bu isə gəlirliliyi kifayət qədər aşağı salır və nəticədə bir çox hallarda bu torpaqlar istifadəsiz qalır, alternativ gəlir mənbələrinə müraciət edilir.
Beynəlxaq praktikada kənd təsərrüfatı istehsalının təxminən 90 faizi kooperativ fermer təsərrüfatları tərəfindən həyata keçirilir. Amma Azərbaycanda kənd təsərrüfatı istehsalının 80 faizdən çoxu ailə təsərrüfatlarının payına düşür. Kiçik ailə təsərrüfatlarının məhsuldarlığı, innovasiyaların tətbiq etmək imkanları, maliyyə əlçatanlığı aşağıdır. Bu isə kənd təsərrüfatının gəlirsizliyinə gətirib çıxarır. Təsadüfi deyil ki, ölkə əhalisinin məşğul əhalisinin 37-38 faizinin fəaliyyət göstərdiyi sferanın ölkə iqtisadiyyatında payı 6 faizdən aşağıdır. Gəlir baxımından da kənd təsərrüfatında çalışanlar ən az gəlirli kateqoriyaya malikdir.
Xırda torpaq sahələrinin konsolidasiyası prosesində fermerlərin maddi və fiziki imkanları birləşər və nəticədə onların təsərrüfat imkanları daha da çoxalar. Belə halda fermerlərin hansısa formada kənd təsərrüfatı təyinatlı sənaye məhsulu istehsal etmək, bazara çıxmaq, özlərinin nəqliyyatı, daha aşağı faizli kreditlərə müraciət imkanları artmış olar. Bu da öz növbəsində, kənd təsərrüfatının ekstensiv inkişaf modelindən intensiv inkişaf modelinə keçidə təkan verməklə yanaşı, daxili bazarda daha çox yerli məhsulun satılmasına yollar açar.
Son illər bu istiqamətdə müəyyən qədər işlər görülüb. İri fermer təsərrüfatlarında istehsalatda innovasiyanın imkanlarından istifadə edilərək müasir istehsal prosesi qurulub. Bu da məhsuldarlıq, gəlirlilik baxımından yüksək nəticə verməsi ilə müşahidə olunub. Amma kiçik təsərrüfatların bu imkanları olmadığı üçün onlar üçün yalnız birləşmə vacibdir.
Fikrimcə, birləşmə ilə bağlı əhalinin maarifləndirilməsinə böyük ehtiyac var. Fermerlər əslində bu birləşmənin hansı anlam daşıdığını, hansı üstünlükləri olduğunu bilməlidirlər. Düşünürəm ki, müəyyən zaman çərçivəsində artıq Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiya olunması bir dönüş nöqtəsi olacaq, kənd təsərrüfatının daha gəlirli sferaya çevrilməsi şəraiti yaradacaq.
Teymur NİZAMZADƏ,
Bakı Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru