İrəvan bütün oyunlarda “piyada” qalacaq

post-img

Onun “yeni dostlar”ına bağladığı ümidləri illüziyadan başqa bir şey deyil

Sözdə özünü Ermənistanla Azərbay­can arasında sülh sazişinin tezliklə imzalanmasına tərəfdar olduğunu söyləyən, əməldə isə danışıqlar pro­sesini ən müxtəlif vasitələrlə ləngit­məyə çalışan Qərbun “qovluğunda nə gizlətdiyi” tapmaca deyil. Burada Qərb deyəndə, aydın məsələdir ki, ABŞ və Fransanı nəzərdə tuturuq. Va­şinqton və Paris (bundan sonra “Vaş­par” – red.) Cənubi Qafqazın onların orbitindən birdəfəlik çıxacağı faktı ilə heç cür razılaşmaq istəmirlər. 

Bəs, onları narahat edən nədir? Əl­bəttə, Ermənistanın taleyi deyil. Axı, Şərq məhsullarının dünya bazarına çıxı­şını təmin edəcək ən vacib nəqliyyat qovşağı sayılan Orta dəhlizin Zəngəzur qolu daha çox Türkiyə və Azərbaycanın nəzarəti altında, eləcə də Rusiya və Çi­nin yaxından iştirakı ilə reallaşacaq. İndi Qərb texnoloqları bu “risk”in qarşısının alınmasının ən effektiv yolu, transmilli layihənin reallaşmasına əsas əngəl kimi məhz Ermənistanla Azərbaycan arasın­da sülh sazişinin imzalanmamasını gö­rürlər. Bundan ötrü Vaşpar İrəvanı Bakı ilə sülhə gəlməkdən çəkindirmək üçün ona hərbi-siyasi dəstəyini artırıb. Oyunun ssenarisinə görə, Ermənistan ona verilən silahlardan özünün revanşist planlarını reallaşdırmaq üçün istifadə etməyə ça­lışacaq. Bu isə hayların təkcə Rusiya­dan deyil, həm də sülhdən uzaqlaşma­sı demək olacaq. Nəticədə Orta dəhliz layihəsi qeyri-müəyən müddətə təxirə düşəcək və Vaşpar Cənubi Qafqazla bağlı planlarını həyata keçirməkdən ötrü vaxt qazanacaq.

* * * 

ABŞ Dövlət katibinin müavini Uzra Zeya İrəvana səfərində açıqladığı kimi, bundan sonra Pentaqonun nümayəndəsi Ermənistan müdafiə nazirliyində çalışa­caq. Yəni, bu, o deməkdir ki, Vaşinqton Ermənistanın, sadəcə, hərbi sahəsini de­yil, bütövlükdə, onun siyasi fəaliyyətini də öz nəzarəti altına alır. Moskvanın İrəva­nın bu addımına kəskin reaksiyasını eşit­dik. Bəs, indiki durumda Ermənistanın Rusiya və KTMT, eləcədə Avrasiya İqti­sadi İttifaqı ilə müttəfiqlik əlaqələrinin da­vam etdiyi vəziyyətdə bu ölkənin müdafiə nazirliyində amerikalı hərbi kəşfiyyatçının yerləşməsi onun üçün hansı nəticələrə gətirib çıxara bilər? Biz hələ Bakının ABŞ Dövlət katibi Antoni Blinkenə verəcəyi tam məntiqi sualını demirik. Yəni, onun “Azərbaycanla Ermənistan sülh sazişini imzalamağa həmişəkindən daha yaxın­dırlar” sözlərinin səmimiyyətinə necə inanaq? Məsələyə yerli və xarici ekspert­lərin münasibətini öyrəndik. Onların birin­ci suala verdikləri cavablarını oxuculara təqdim edirik. 

Qırğızıstanlı siyasi ekspert, tarix elmləri doktoru, professor Əsgər Ca­kişev belə hesab edir ki, Paşinyan hö­kumətinin son siyasi addımlarına diqqət yetirsək, bu, onun KTMT üzvlüyündən və Rusiya ilə strateji tərəfdaşlıqdan uzaq­laşması, ABŞ-yə, kollektiv Qərbə doğru hərəkət etməsi mənasına gəlir: “Qeyd et­mək lazımdır ki, “yeni dostları” ilə əmək­daşlıqdan Ermənistanın gözləntiləri, sadəcə, illüziyadır. İrəvanın bu təhlükəli oyuna baş vurması KTMT-yə üzv ölkələr və regiondakı qonşularla, xüsusilə, Er­mənistanla bütün əməkdaşlıq sazişlərinə yenidən baxmağa məcbur olacaq İran­la münasibətlərinə heç də pozitiv təsir göstərməyəcək”.

Kollektiv Qərbin bu kimi məsələlərdə işlətdiyi taktikaya toxunan ekspertə görə, amerikalılar keçmişdə sınaqdan çıxar­dıqları “Anakonda” adlı doktrinanı yeni­dən həyata keçirməyə çalışırlar: “Yəni, ABŞ özünə dost saymadığı ölkələrin ət­rafında ona düşmən ölkələrin qurşağını yaratmaqla sərhədlərinin perimetri boyu təzyiq göstərir. Bu yolla qlobal rəqibi mü­hasirəyə alıb boğur. Qlobal güclərin böl­gədə müşahidə olunan güzəştsiz toqquş­masında İrəvan şahmat taxtasındakı piyada rolunu oynayır. Bu isə Ermənis­tanın öz tarixindən ibrət dərsi almadığını və növbəti dəfə erməni xalqını fəlakətə sürüklədiyini göstərir. Rəsmi İrəvanın bu cür siyasi avantüralara getməsi nəinki er­məni xalqını böyük problemlərlə üz-üzə qoyacaq, üstəlik, o, oyunun sonunda öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşə bilər”.

Qonşu ölkədə baş verənlər kənar mü­şahidəçidə daxildən və xaricdən çeşidli təzyiqlərlə üzləşən Paşinyan iqtidarının başını itirməsi qənaətini yaradır. Bu za­man məhz xalqın və dövlətin mənafeyinə xidmət edəcək sülh sazişini imzalamaq əvəzinə, kənardan, həm də Vaşpar kimi şübhəli niyyətli aktorlardan yardım göz­ləməsi onun növbəti avantüranın qurbanı olacağını tezləşdirəcək. 

* * * 

“Amerikanın Cənubi Qafqazda məqsədi aydın və şəffafdır: Ermənistanı özünün xarici siyasət orbitinə cəlb etmək və onu Rusiyadan tamamilə qopartmaq. Bunun Moskvada qıcıq yaratmasının və reaksiyaların şahidiyik”. Bu fikirləri səs­ləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov “XQ”-yə açıqlamasında onu da xüsusi olaraq qeyd etdi ki, Ermənistan Rusi­ya ilə münasibətləri birdəfəlik qırmağa hələ tələsmir: “Amma indi söhbət başqa məsələdən gedir. Yəni, ABŞ Ermənista­nın müdafiə nazirliyinə xüsusi nümayən­də göndərməklə, yaxud birgə təlimlər keçirməklə məqsədinə çata biləcəkmi? Ermənistanda hansısa fors-major hal yaranacağı təqdirdə, okeanın o tayın­dan gəlib onun arxasında duracaqmı? Şəxsən mənim buna böyük şübhələrim var. Çünki postsovet məkanında baş verən proseslər bu ehtimalın əksini nü­mayiş etdirir. Gürcüstanın timsalında bunu gördük. Onlar 2008-ci ildə, faktiki olaraq, iki müxtar vilayətlərini itirdilər. O zaman Qərb, ABŞ ona kömək edə bil­mədilər. Yaxud Ukraynanı götürək. Va­şinqton Kiyevə həm silah verir, həm də maliyyə yardımı göstərir. Eyni zamanda, xəbərdarlıq edir ki, onun raketləri ilə Ru­siya ərazisinə zərbə endirməsin. Buna nə ad vermək olar? Bəs, Qərbin Ermənista­na hərbi yardımının arxasında nə gizlə­nir? Hər şey ortalıqdadır. Onların Ermə­nistanı özlərinin maraq dairəsinə salmaq, ondan maşa kimi istifadə etmək niyyətləri göz qabağındadır. Gürcüstan kimi, sabah Ermənistanda da vəziyyət qəlizləşsə, ABŞ-nin onun arxasında dayanacağına inanmıram. Sadəcə olaraq, məlumdur ki, Vaşinqton və Parisin oyunları müəyyən xəttə qədərdir. O xətti keçənə dərhal arxa çevirirlər. ABŞ-nin Ermənistanı müdafiə etmək naminə ora qoşun yeridəcəyi və ya hərtərəfli müdafiə edəcəyi ağlabatan məsələ deyil. Yuxarıda sadaladığım nü­munələr vaxtilə bunun tam əksini sübuta yetirib”. 

Doğrudan da, son nəticədə ABŞ böl­gədə nəyə nail olmağa çalışır? Azərbay­canın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda çox­dan qurulmuş hərbi-siyasi konfiqurasi­yasını dəyişdi. Bakı dost və qardaş Tür­kiyənin, eləcə də etibarlı portnyorlarının dəstəyi ilə Vaşpar kimi bölgəyə bayraqla­rını sancmaq istəyən kənar güclərin ma­raqlarına ciddi zərbə endirdi. Azərbaycan hakimiyyəti regionda maraqları toqquşan həmin güclərə onun iradəsindən kənar hərəkət troyektoriyası tanımadığını sübut elədi. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda ABŞ-nin de­mokratik administrasiyası ilə münasibət­lərlə bağlı çıxışında bölücü xətlərin yol­verilməz olduğunu xüsusi vurğulaması təsadüfi deyildi. Yəqin Ağ ev bu tezisin altında nəyin nəzərdə tutulduğunu anla­mamış deyil. 

* * * 

Ankara Universitetinin professo­ru, politoloq Toğrul İsmayıl da hazırda bölgədə geosiyasi oyunların getməsi ver­siyası ilə razılaşdığını bildirdi: “Amerika­lılar həmişə Qafqaz regionunda maraqlı olublar. Hazırda ABŞ-nin bölgədə ən bö­yük səfirliyi İrəvandadır. Bu, onu deməyə əsas verir ki, amerikalılar Ermənistanın ondan özünün geosiyasi maraqları üçün istifadə etmək istəyini çoxdan görüblər. Ermənistan həmişə bu cür manevrlər edir, böyük dövlətlərlə oynamağa çalı­şır və sonda öz siyasətçilərinin ağılsız hərəkətləri ucbatından erməni xalqının başı ağrıyır. Bu səbəbdən onlar bütün dünyaya səpələniblər. Reallıq ondan ibarətdir ki, Ermənistan həm Rusiya, həm də KTMT ilə razılaşmaları pozur. Bu da Ermənistanın özünə problemlər yaradır. Amma təəssüf ki, onlar öz hərəkətləri ilə bütün Cənubi Qafqazı böyük dövlətlərin oyunları üçün platsdarma çevirirlər”. 

İrəvanın Moskva və KTMT ilə gələ­cək münasibətlərinin onun öz ixtiyarında olduğunu deyən politoloq bundan Azər­baycanın və Türkiyənin narahat olmadı­ğına diqqəti çəkdi: “Çünki Bakının artıq həm Rusiya, həm də ABŞ ilə normal mü­nasibətləri var. Qoy Ermənistanın baş­bilənləri, erməni xalqı bunlarla necə dav­ranacağını düşünsün. Bəli, onun üçün heç də hər şey asan deyil. Düşünürəm ki, bu proseslər erməni cəmiyyətində daha böyük stressə səbəb olacaq və ciddi fəsadların yaranması mümkündür. Axı, Ermənistan ərazisində Rusiyanın hərbi bazası, əsgərləri, texnikası var və zəif İrəvan üçün bu keçmiş “varidat”dan qurtulmaq asan olmayacaq. Vaşinqton isə Ermənistandan bölgədə öz məqsəd­lərinə çatmaq üçün istifadə edə, sonra da onu tam unuda bilər. Deməli, ermənilərin öz başları ilə düşünməyə başlamasının vaxtı çatıb”. 

Bundan ötrü Bakı İrəvana kifayət qə­dər vaxt və imkan verdi. İndi böynuna götürdüyü öhdəliyin yerinə yetirməyin, verdiyi vədə əməl etməyin məqamıdır. Ermənistan konstitusiyasında qonşuları­na torpaq iddialarını təmizləməli, Minsk qrupunun “de-yure” buraxılması üçünə ATƏT-ə müraciət etməli, Zəngəzur dəhli­zin ilə bağlı mövqeyini dəqiqləşdirməlidir. Bunlar Bakının sülh sazişinin mətninə onuncu əlavə və təklifləri deyil, dəyiş­məz şərtləridir. Əks-təqdirdə İrəvan nəin­ki sülh müqaviləsini unutmalı, üstəlik, 1987-1988-ci illərdə doğma yurdlarından qovduğu azərbaycanlıların Ermənista­na qayıtmasını təmin etməli, onların bu hüququna hörmətlə yanaşmalı və təbii istəklərini yerinə yetirməlidir. Məgər bey­nəlxalq hüquq, həmçinin dəstəyinə arxa­landığı Vaşparın insan hüquqları ilə bağlı müəllifi olduqları konvensiyalar bunu tələb etmir? 

İmran BƏDİRXANLI
XQ







Siyasət