Reallıq nədir, qeyri-reallıq nə?
“Rusiya Federasiyası Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlarda öz platformasını təqdim etməyə və onlar üçün ən rahat şərait yaratmağa hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqində Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılışında Ermənistanla sülh müqaviləsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, ölkəmizin lideri həmin forumda sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin indi bununla bağlı daha az nikbin olduğunu vurğulamış və diqqəti Ermənistan baş naziri Nikol Paşinyanın Britaniyada görüşməkdən imtina etməsinə yönəltmişdi. Prezident İlham Əliyev görüş təklifinin Britaniya hökumətinin təşəbbüsü olduğunu da bildirmişdi: “Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik".
Dövlətimizin başçısı 4 ay əvvəl Almaniya Kansleri Olaf Şoltsun Münxendə belə görüş təşkil etdiyini yada salmışdı: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.
Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla sülh sazişinə dair fikirlərini də açıqlamış və müqavilə mətninin 80-90 faizinin razılaşdırıldığını dilə gətirmişdi. Ölkəmizin lideri bildirmişdi ki, Ermənistan Qarabağla bağlı müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir. Amma sülh gündəliyi ilə bağlı hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlətimizin başçısı bu fikirləri səsləndirmişdi: “Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Onu da bildirək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bir neçə gün əvvəlki açıqlamasında Ermənistanla sülh prosesi baxımından 2 məqamın üzərində dayanmışdı. Bunlardan birincisi Ermənistan konstitusiyası idi: “Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var”.
H.Hacıyev Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının vacibliyindən danışarkən bildirmişdi ki, rəsmi Bakı sülh sazişi ilə bağlı vaxt çərçivəsi qoymur və Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoymasını gözləyir: “Biz başa düşürük ki, konstitusiya hər bir ölkənin daxili işidir. Amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Konstitusiyada digər dövlətin ərazisinə qarşı iddialar varsa, bunlara son qoyulmalıdır və hüquqi çərçivə tam şəkildə ərazi iddialarına son qoyacaq formada olmalıdır ki, bunun əsasında biz irəli gedək”.
Göründüyü kimi, Azərbaycanın sülhlə bağlı mövqeyi, kifayət qədər, konkret və sabitdir. Bu sabitlik fonunda müxtəlif Qərb dairələrinin oynadıqları oyunlar göz qabağındadır. Onlar reallıqları dəyişməyə çalışırlar. Məqsədləri Ermənistan üçün sərfəli sülh gündəmi formalaşdırmaqdır. Buna nail olmaq üçün təzyiq vasitəsi kimi qiymətləndirilə biləcək hərəkətlərə də yol verirlər. Məsələn, Ermənistanın silahlandırılması. Aydındır ki, proses Bakı ilə İrəvan arasındakı qüvvələr nisbətində balans yaratmağa hesablanıb. Qərb ikincini silah-sursatla təmin edib müharibəyə dair subliminal mesaj verməklə, Azərbaycanı tutduğu yoldan çəkindirmək niyyəti güdür. Mövcud durum, istər-istəməz, barış mühitinə mənfi təsir göstərir ki, əslində, N.Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən boyun qaçırması da bu baxımdan dəyərləndirilə bilər. Deməli, dövlətimizin başçısının “biz baxacağıq” fikrində vəziyyətin perspektivi ilə bağlı qeyri-müəyyənlik motivi var. Bu motiv isə özlüyündə Qərb vasitəçiliyinin səmərəliliyini şübhə altına alır.
Vasitəçilikdən söz düşmüşkən, məlumdur ki, 44 günlük müharibədən sonra mövcud platformada üstünlük Rusiyaya məxsus idi. Lakin sonradan, loru dildə desək, Kremlin başının Ukraynaya qarışması fonunda Qərbin təşəbbüsə yiyələndiyinin şahidi olduq. Bu yiyələnmədə Ermənistanın Rusiyadan uzaq durmaqla bağlı strateji xətti də öz sözünü dedi. Lakin Qərb vasitəçiliyi effektiv nəticə vəd etmədi və bunu Rusiyada çox yaxşı görürlər. Elə ona görə də M.Zaxarova ölkəsinin rolunu qabardır. Doğrudur, bu qabartma sırf vasitəçilik xüsusunda olmasa da, hər halda Moskvanın durumdan yararlanıb təşəbbüsü ələ almaq istəkləri duyulur.
Bəli, M.Zaxarovanın brifinqdə açıqladığı fikirlər, müəyyən mənada, sülh naminə Qərb təşəbbüslərinin iflasa uğramasından doğan təbii fürsətcillikdir. Bu, anlaşılan gedişdir. Bir halda ki, Qərb yekun nəticəyə gələ bilmir, Rusiya niyə kənarda qalsın ki? O da məlumdur ki, birinci vasitəçiliyə ikincini Cənubi Qafqazdan sıxışdırmaq aləti qismində yanaşır. Mövcud durumda Kreml ona görə məsələni süngü ilə qarşılamır ki, Azərbaycanın balanslı yanaşacağına inanır.
Zaxarova da bunu bilir. Ona görə də ehtiyatlıdır və fikirlərini Rusiyanın vasitəçiliyi kimi yox, danışıqlar üçün platforma vermək istəyi formasında ortaya qoyur. Yəni, prinsip etibarilə tərəflərin bir-biri ilə qarşılıqlı əsasda danışıq aparmasının zəruriliyi amilinə söykənir. Bununla belə, Zaxarova ölkəsini üstün tutan məqamları da açıqlayır. Məsələn, onun sözlərinə görə, Rusiya hələ 2022-ci ildə (Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 31 oktyabr tarixli bəyanatında qeyd olunub) regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün ölkələr arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıb, mövcud xüsusda tərəflərə yardım göstərməyə davam edəcəyinə söz verib. “Yəni bizim yanaşmamız nəinki sabitdir, həm də ölkəmizin imzaladığı sənəddə qeyd olunub ki, bu cür yardımın həcmi və forması danışıqlar aparan tərəflərin hər biri üçün məqbul olmalıdır”, – deyən Rusiya XİN-in sözçüsü ölkəsinin sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan–Ermənistan danışıqlarının raundlarına evsahibliyini gerçəkləşdirdiyini də xatırladıb. O, mövcud təcrübəyə istinadən qeyd edib ki, Mos-kva hər iki nümayəndə heyətinin ikitərəfli formatda işləməsi üçün ən rahat şəraitin yaradılmasına zəmanət verir. “Biz müttəfiqlərimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını regionda bölünməz təhlükəsizlik və davamlı iqtisadi inkişaf arxitekturasının qurulması üçün ilkin şərt hesab edirik”, – deyən Zaxarova, həmçinin Bakı və İrəvan arasındakı fikir ayrılıqlarının tezliklə həllinə və ən yüksək səviyyədə ikitərəfli razılaşmalara uyğun olaraq, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasının digər sahələrində də uğurlu irəliləyişin olacağına ümid bəslədiyini bildirib.
Xanım sözçünün yekundakı optimizmi düşünməyə vadar edir. Əlbəttə, onun pozitivliyi 44 günlük müharibədən sonrakı bəzi məqamları yada salmağa əsas verir. Bir qədər əvvəl Rusiyanın vaxtilə malik olduğu təşəbbüsü əldən verdiyini və buna səbəb kimi Ukrayna müharibəsini göstərdik. Amma başqa səbəblər də var idi. Məsələ ondadır ki, Kreml İkinci Qarabağ müharibəsindən sonra daha çox Ermənistanı öz orbitinə qaytarmağı düşündü. Bu baxımdan hətta sırf Qarabağ məsələsinin müzakirəsi mümkünlüyünü də qabardıb İrəvanı, necə deyərlər, şirnikləndirməyə çalışdı. Belə yanaşma Azərbaycan tərəfindən məqbul qarşılanmadı.
Yaxın keçmişin hadisələrinin bütün detallarının üzərində dayanmağa lüzum görmürük. Ümumən, Rusiyanın sülh axtarışlarındakı ayrı-ayrı məqamlarda ermənipərəstlik meyilləri özünü göstərmişdi və belə bir durumda Moskvanın danışıqlar prosesindəki öncüllüyünü itirməsi heç də onun qeyri-obyektiv mövqe tutması yox, erməni iqtidarının Rusiyanın köməyindən imtinası ilə bağlı idi. İndi vəziyyət dəyişibmi? Xeyr! Əksinə, Ermənistanda anti-Rusiya ritorikası və Qərbyönümlü xətt bir qədər də güclənib. Deməli, Zaxarovanın haqqında söz açdığı məsələnin də praktik əhəmiyyəti qalmayıb. Hər halda, görünən mənzərə budur.
Ə.CAHANGİROĞLU
XQ