Biz qlobal Cənubla qlobal Şimal arasında körpülər qururuq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
IV MƏQALƏ
Dezinformasiyanın multiregional miqyası
Dövlət elə bir dinamik qurumdur ki, sabit qala bilməz, yerində sayması belə deqradasiyaya aparıb çıxarar. Dövlət daim inkişaf etməli, yeni addımlar atmalı və bu mənada irəli getməlidir. Azərbaycan Respublikasının müstəqil dövlət kimi təşəkkül tapması məhz bu prinsip üzərində müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu fəlsəfəsində daim inkişaf və tərəqqi ana xətti təşkil edir. Buna görədir ki, tarixi baxımdan qısa bir müddətdə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, dəqiq müəyyənləşmiş inkişaf xəttinə çıxdı. Cəmiyyət qələbənin nə olduğunu milli ləyaqəti təmin etməklə daxilən yaşadı. Bu, topluma güc verir və onu həmişə dinamik dəyişikliyə səsləyir.
Şuşa Forumunun ruhundan bunları görə bilirdik. Eyni zamanda, Prezidentin irəli sürdüyü bir sıra tezislərdə Azərbaycan üçün faktiki olaraq yeni bir mərhələnin başlandığının konkret əlamətləri aydın duyulurdu. Onların sırasında multiregional miqyasda dövlətin fəaliyyəti və qlobal əhəmiyyətli mötəbər tədbirlərin Azərbaycanda təşkil olunması xüsusi məna daşımaqdadır. Məsələ, doğrudan çox, dərinlərdə olan geosiyasi və siyasi faktorlara bağlıdır.
İlk dəfədir ki, müstəqil dövlət kimi Azərbaycan Respublikası regional miqyası aşaraq çox ciddi kontekstlərdə multiregional miqyasda əhəmiyyətli proseslərdə iştirakını keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Bu proses məqsədyönlü və sistemli aparılır. Buna qarşılıq Azərbaycana qarşı dezinformasiya fəaliyyəti də multiregional faktorlar miqyasında həyata keçirilir.
Burada hansı istiqamətlərdən və hansı məsələlər üzrə informasiya müharibəsinin aparıla biləcəyini proqnozlaşdırmaq mümkündür. Bütövlükdə, multiregional miqyasda dezinformasiya aparılması bizim üçün yenidir. Təbii ki, buna qarşılıq da fərqli üsullar tapılmalıdır. Məsələn, Afrikada, Pakistanda, Balkanlarda, Şərqi Avropada, Sakit okean hövzəsində və ya Çində Azərbaycana qarşı aparıla biləcək dezinformasiyalarla necə səmərəli mübarizə etmək olar?
Vəzifə asan deyil. Çox geniş geosiyasi və coğrafi məkanın əhatə olunduğu yerdə səmərəli informasiya mübarizəsi aparmaq kifayət qədər mürəkkəb işdir. Bəziləri düşünə bilər ki, bu, Azərbaycanın nəyinə lazımdır? Ancaq müasir dünya elədir ki, coğrafi uzaqlıq şərti məna daşıyır. Dünyanın bütün regionları bir-biri ilə çox sayda sahələr üzrə qarşılıqlı əlaqədədirlər. Azərbaycan da indi iki istiqamət üzrə qlobal miqyasda fəaliyyət göstərir. Onların bir istiqamətini regional və beynəlxalq təşkilatlar təşkil edirlər, digərini isə qlobal miqyasda problem olan bir sıra proseslərə təsir etmək zərurəti ilə bağlıdır.
İnformasiya savaşı və beynəlxalq təşkilatlar
Prezident İlham Əliyev Şuşada bəyan etmişdir: “Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib”. Etiraf edək ki, cəmi 5 il bundan öncə Azərbaycanın Afrika qitəsindəki ölkələrlə hansısa məsələ ilə bağlı əməkdaşlıq edəcəyini təsəvvürə gətirmək çətin idi. Ancaq II Qarabağ savaşı və 23 saat 41 dəqiqəlik xüsusi antiterror tədbirləri regionla bağlı situasiyanı elə dəyişdi ki, hətta uzaq Afrika bizə çox yaxın oldu.
Məsələ onunla bağlıdır ki, Fransa Avropada və Cənubi Qafqazda Azərbaycana qarşı əsl dezinformasiya yaymaq hərəkatına başladı. Rəsmi Paris Bakıya inanılmaz böhtanlar atdı, müxtəlif uydurma məlumatlar yaydı. Azərbaycanın haqq işini terror kimi qələmə verməyə çalışdı. Azərbaycan Ordusuna şər-böhtan ataraq, yalan informasiyalarla manipulyasiyalar edərək, yanlış təsəvvürlər formalaşdırmağa çalışdı. Bunun fonunda ermənilər haqqında şişirdilmiş məlumatlar yayaraq, onların haqq etmədikləri müsbət obrazını formalaşdırmağa cəhdlər göstərdilər. Bu da dezinformasiyadır, Azərbaycanın ziyanına, ermənilərin xeyrinə olan dezinformasiya.
Azərbaycan mütləq bu dezinformasiya hərəkatına cavab verməli idi. Həmin cavab Fransanın oynadığı kimi multiregional miqyasda aparılmalı idi. Yəni Fransanı yerində oturtmaq üçün informasiya savaşının ağırlıq mərkəzini Cənubi Qafqazdan başqa geosiyasi məkana atmaq gərək idi. Elə bir məkana ki, Fransanın həssas yeri olsun! Bu, tapıldı – Sakit Okean hövzəsindəki və Afrikadakı fransız müstəmləkələri! Əks-arqumentlər də real və kifayət qədərdir. Azərbaycan Fransa kimi nəyisə uydurmamalı idi.
Konkret faktlar göstərir ki, fransızlar bir neçə müstəmləkə ölkəsinə qarşı çox insafsız, antidemokratik və istismarçı münasibət göstərmişlər. Burada ən yaxşı mübarizə kanalı Qoşulmama Hərəkatı idi. Çünki Azərbaycan həm bu təşkilatda çox fəaldır. Həm onun sədri idi, həm də orada 120 ölkə üzvdür. Buna görə də Azərbaycan Cənubi Qafqazda ədaləti bərpa etmək üçün bu geosiyasi məkandan uzaqlarda olan multiregional miqyasda mübarizə aparmağa məcbur olmuşdur. Proses göstərdi ki, Azərbaycan fransız dezinformasiyası ilə uğurla mübarizə apara bilir və rəsmi Paris Cənubi Qafqazda bir qədər geri çəkilməli oldu.
Burada informasiya savaşının faktiki nəticəsi göz qabağındadır: Azərbaycan yerləşdiyi regionda aparılan dezinformasiya kampaniyasını uğurla rəqib üçün həssas olan geosiyasi məkana transformasiya edə bildi və indi bu məsələdə üstündür!
Deməli, Azərbaycanın multiregional miqyasda informasiya savaşı abstrakt məsələ deyildir, artıq konkret nəticələri olan real prosesdir.
Digər nümunə Azərbaycanın Türk Dövlətləri Təşkilatının (TDT) üzvü kimi apardığı informasiya savaşı ilə bağlıdır. Azərbaycan Prezidenti bu təşkilatda dünyanın hər bir yerində azərbaycanlıların hüquqlarının qorunması, milli mədəniyyətin saxlanması kimi məsələlərdə fəallığı artırmanın zəruriliyini sübut etmişdir. Azərbaycanın maraqları multiregional miqyasda bu aspektdə artıq təmin edilir. İnformasiya istiqamətində də dünyanın hər bir yerində azərbaycanlının hüququnun qorunması lazımlığını artıq qəbul edirlər. Buna görədir ki, Amerikada, Afrikada, Asiyada və başqa yerlərdə azərbaycanlılar Azərbaycana dayaq yeri, hüquqlarını qoruyan güc kimi baxırlar.
Qlobal tədbirlər və dezinformasiya ilə mübarizə
Azərbaycan artıq neçə illərdir ki, əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edir. Onlar müxtəlif xarakterli olurlar və mövzular fərqlənir. Lakin hər bir belə tədbirdən sonra minlərlə insanın Azərbaycan haqqında təsəvvürləri müsbətə doğru dəyişir. İndi Azərbaycanın əsas məsələsi özünə loyal sosial kəsim yaratmaqdan ibarət deyildir – o mərhələ keçilmişdir. İndi başlıca iş mövcud müsbət münasibətli qüvvələri strukturlaşdırıb, sistemli olaraq informasiya sahəsində fəallığı artırmaqdan ibarətdir. Bu da geniş bir coğrafiyanı – Çindən və Pakistandan tutmuş Afrikaya, Latın Amerikasına, Şimali Amerikaya və Avropaya qədər geniş bir ərazini əhatə edir. Bu coğrafiyalarda Azərbaycana münasibəti müsbət olan kifayət qədər sosial güclər mövcuddur. Deməli, yeni tarixi mərhələdə onları təşkilatlandırmaq və fəaliyyətlərini sistemləşdirmək olduqca vacibdir. Bu baxımdan COP tədbirinin əhəmiyyəti son dərəcə böyükdür!
Azərbaycan Prezidentinin bununla bağlı Şuşada söylədiyi fikirlər çox vacib məqamları aydınlaşdırır. İlham Əliyev demişdir ki¸ “COP qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır”!
Əlbəttə, bu məsələdə iqlim faktoru mərkəzi yer tutur. Lakin iqlim də ölkələrarası informasiya mübadiləsi və fikir birliyinin təmin olunması ilə sıx bağlıdır. Eyni zamanda, nə qədər çox sayda ölkə müəyyən məsələlərdə əməkdaşlıq etsələr və onlar arasında həmrəylik yaransa, bir o qədər dezinformasiyaların təsir gücü azalar. Buna görədir ki, Prezident İlham Əliyevin “Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun” tezisinin mənası çox dərin və genişdir.
Sözün həqiqi mənasında, COP Azərbaycanın qlobal miqyasda imicinə yeni çalarlar əlavə edəcəkdir. On minlərlə insan Azərbaycan reallıqlarını görəcək, iqlim dəyişikliyi ilə mübarizədə Bakının töhfələrini biləcək. Bu da geniş bir geosiyasi məkanda Azərbaycana informasiya üstünlüyü qazandıracaqdır.
Əsas məqsədlər
Azərbaycanın informasiya sahəsində multiregional miqyasda fəaliyyətə başlaması ciddi keyfiyyət dəyişikliyidir. Bu proses özlüyündə dövlətçiliyi daha da möhkəmləndirməni tələb edir. Azərbaycan dövlət kimi geniş bir geosiyasi məkanda fəal olmaq üçün yeni güc səviyyəsinə yüksəlməlidir. Bu, ölkənin multiregional gücə çevrilməsi deməkdir. Şübhə yoxdur ki, vurğulanan məqsədə çatmaq üçün informasiya müharibəsi cəbhəsində ciddi uğurlar əldə etmək şərtdir. Bu da, hər şeydən öncə, Prezident–xalq birliyini daha da möhkəmləndirməyi tələb edir. Bir tərəfdən, dövlətin informasiya sahəsində daha çevik davranması lazım gəlirsə, digər tərəfdən, cəmiyyətin təxribatçı informasiyalara immunitetinin yeni səviyyəyə yüksəldilməsi zəruridir. İnformasiya savaşının Azərbaycanda sonucu bu iki xəttin qarşılıqlı münasibətləri sahəsində müəyyən olunacaqdır.
Həmin şərtin təmini işində Azərbaycan mediasının rolu əvəzedilməzdir. Məhz KİV iki xəttin qarşılıqlı münasibətlərinin dövlətçilik aspektində formalaşması üçün etibarlı kommunikasiya kanalı rolunu oynamalıdır. Deməli, Azərbaycan jurnalistikası üzərinə yeni tarixi mərhələdə daha məsuliyyətli, daha yüksək şərəfli vəzifə götürür. Azərbaycan Prezidentinin Şuşadakı çıxışı da bu zərurəti təsdiq edir. Müasir dövrdə çox sınaqlardan üzüağ çıxan Azərbaycan KİV mühiti öndəki mərhələnin də qalibi olacaqdır!
Şuşa Forumu qeyd etdiyimiz prosesin bazası rolunu oynamalıdır. Çünki ilk dəfə olaraq yeni tarixi dövrdə Azərbaycan Prezidenti həmin təbdirdə informasiya savaşının və dezinformasiya hərəkatının mühüm məqamlarına aydınlıq gətirmişdir. Azərbaycan müxtəlif səviyyələrdə və məkanlarda informasiya müharibəsi aparmalı olacaqdır. Cəmiyyət və hakimiyyət yeni səfərbərlik səviyyəsinə yüksəlməlidir.
Onu da vurğulayaq ki, indi informasiya sferasında məmur məsuliyyəti ilə vətəndaş məsuliyyətinin vəhdətdə olması çox vacibdir. Burada dövlətçiliyə çalışmaq və həqiqi vətəndaş olmaq mühüm şərtlərdir. Multiregional mühitdə dövlətin uğur qazanması avtomatik olaraq iqtidar–cəmiyyət birliyini, onların ahəngdar fəaliyyətlərini tələb edir. Vətəndaşı bilikli, yeni texnologiyalara yiyələnmiş, yaradıcı və vətənpərvər olan dövlətin qələbəsi mütləqdir. Bu anlamda yeni tarixi mərhələdə informasiya savaşı, həm də vətəndaş uğrunda aparılan savaşdır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru