Bakının “Vardanyan problemi” yoxdur

post-img

Xaricdəki bəzi mərkəzlər isə onun “əzabkeş” obrazını yaratmaq üçün dəridən-qabıqdan çıxırlar

Ötən ilin sentyabrında Qarabağ iqtisadi rayonumuzun hayların separatçı rejimi­nin nəzarətində olan hissəsində Azərbaycanın həyata keçirmək məcburiyyətin­də qaldığı lokal xarakterli antiterror tədbirlərindən sonra xunta rejiminin təhriki ilə mülki əhali bölgədən çıxdı. Köçdən öncə isə Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya planı açıqlanmışdı. Proses bütün dünya­nın, necə deyərlər, gözləri önündə oldu. Hamı gördü ki, Azərbaycan yerli əhalini zorla çıxmağa məcbur etmir, əksinə onların qalmasında maraqlıdır və bununla bağlı çağırışlar da edir. Baxmayaraq ki, onların arasında həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə qarşı döyüşmüş şəxslər yetərincə idi. Ancaq müharibə zamanı yalnız hərbi cinayət törətmiş şəxslər və separatçı rejimin “qlavar”ları saxlanıldılar.

1991-ci il dekabrın 22-də Xocalı rayo­nunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, onları depor­tasiya etməkdə ittiham olunan və 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmlə 15 il müddətinə azadlıq­dan məhrum edilmiş Vaqif Xaçatryanı da nəzərə alsaq, hazırda Azərbaycanda belə əməllər törətməkdə təqsirli bilinən 9 nəfər həbsdədir. Bunlar 2023-cü il sentyabrın 27-də saxlanılmış Ruben Vardanyan və Davit Manukyan, sentyabrın 29-da saxla­nılmış Davit Babayan və Lyova Mnatsa­kanyan, həmçinin oktyabrın 3-də saxla­nılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyandır.

İyunun 24-də Xankəndidə keçirilən elmi-praktiki konfransdan sonra jurnalist­lərə açıqlama verən baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barə­sində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai is­tintaq başa çatıb: “Ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, onların bütün hüquqları təmin edilib, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxs­lər, vəkillər və zərərçəkmişlər cinayət işi­nin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.

Ermənistanda siyasi gündəmi fəal şəkildə izləyən şəxs kimi deyə bilərik ki, həbs edilmiş separatçılar Nikol Paşinyan hökumətinin heç yadına da düşmür. “At­las” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu fikir­dədir ki, Ermənistan hökumətini və baş nazir Nikol Paşinyanı ölkəmizdə həbsdə olan separatçıların taleyi zərrə qədər də maraqlandırmır. İrəvanda onların adları çəkilmir, əksinə Ermənistan paytaxtına qaçan separatçıların həbsləri davam edir. Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasında keçmiş illərdə də ix­tilaflar olub. Paşinyan son çıxışlarından birində Qarabağdakı separatçıları “kleri­kal feodal tör-töküntülər” adlandırmışdı. Radikal müxalifətin nümayəndələri isə hesab edirlər ki, Paşinyan qəsdən ölkədə Qarabağ ermənilərinə qarşı nifrətin art­masında maraqlıdır. Bu da səbəbsiz deyil. Çünki radikal müxalifətin mitinqlərinə və küçə yürüşlərinə qatılanların əksəriyyəti Qarabağdan gəlmələrdir. Məsələn, tarixin arxivinə atılmış separatçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan hansısa yolla Ermənistana keçə bilsəydi, o da bu gün Bakı əvəzinə İrəvandakı həbsxanada saxlanılacaqdı. Çünki İrəvanda Paşinya­na qarşı hərəkata keşiş deyil, böyük eh­timalla R.Vardanyan başçılıq edəcəkdi. Görəsən, bu halda xaricdəki mərkəzlər Vardanyanı azad etmək üçün qərbpərəst Paşinyana təzyiq edəcəkdilərmi?

E.Şahinoğlu bu fikirdədir ki, xaricdəki bir qrup mərkəz R.Vardanyandan “siyasi məhbus” obrazı yaratmaq istəyir. İndi də dezinformasiya yayıblar ki, guya, Vardan­yan istintaq təcridxanasında “işgəncəyə və pis rəftara” məruz qalıb. Rubenin ailə üzvləri, o cümlədən müxtəlif ölkələrdəki dostları açıqlamalar yayır, jurnalistlərə mütəmadi müsahibələr verirlər. Bu yolla Azərbaycana beynəlxalq təzyiqin artırıl­masına çalışırlar.

Maraqlıdır ki, Vardanyandan başqa heç bir separatçının adı xaricdəki erməni diasporu və lobbisinin yadına düşmür. Bu da səbəbsiz deyil. Çünki Vardanyan di­gərlərindən fərqli olaraq, zəngin şəxsdir. O, əyri yollarla böyük sərvət, var-dövlət toplayıb. İndi isə ailəsi onun pullarının bir qismini Rubenin azadlığa buraxılması yolunda xərcləyir. Bu istiqamətdə növbəti məqalə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən “Politico” nəşrində yayımlanıb. “Həftənin qəribə lobbiçilik kampaniyası” adlı məqalədə Vardanyan “xeyriyyəçi” kimi qələmə verilir. Eyni zamanda, Azər­baycanın, guya, ona qarşı məqsədyönlü təbliğat apardığı iddia olunub. Ancaq bu­nunla bağlı ortaya heç bir fakt qoyulmayıb. “Politico” yazır: “Ötən həftə redaksiyamı­za və digər media orqanlarının redaksiya­larına Avropada Rusiya təsir agentlərinin əməliyyatları ilə məşğul olan piar şirkə­tindən elektron məktub daxil olanda biz çox təəccübləndik. Həmkarımız Qabriel Qevin diqqət mərkəzində yalnız bir nəfə­rin – erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın olduğunu qeyd etdi”.

Bildirilib ki, Vardanyan hazırda Azər­baycanda dəmir barmaqlıqlar arxasında­dır. 56 yaşlı sahibkar pullarını Moskvada qazansa və Rusiyayönlü infrastruktur biz­nesində iştirakına görə Ukrayna tərəfindən sanksiyaya məruz qalsa da, siyasətə qa­tılmaq və Qarabağda “dövlət naziri” olmaq üçün Rusiya vətəndaşlığından imtina edib. Onun Kremllə əlaqə saxlaması barədə məlumatlar mövcud olsa da, rus sülhmə­ramlıları Vardanyanı “xilas etməyiblər”.

Qeyd edilib ki, Qərbdəki yüksək rütbəli dostları – hollandiyalı iş adamı və yazıçı, Böyük Britaniya–Hollandiya istehlak mal­ları şirkəti “Unilever”in keçmiş baş icraçı direktoru Pol Polman və “Moderna” əcza­çılıq şirkətinin həmtəsisçisi Nubar Afeyan Vardanyanın azad edilməsi üçün fəal şə­kildə kampaniya aparanlar arasındadır: “Vardanyanın ofisi də onun “Nobel” sülh mükafatına namizəd göstərildiyini təs­diqləyib. Lakin keçmişi nəzərə alınmaqla onun arzu edilən mükafatı almaq şansı, demək olar ki, sıfıra bərabərdir”.

İddia olunur ki, bir neçə yerli KİV-in yazdığına görə, Azərbaycan Vardanya­nın “Nobel” mükafatına namizəd göstə­rilməsindən hiddətlənib. Guya, piar kam­paniyası da buradan başlayır. Avropa Parlamentinin üzvləri Vardanyanı Rusiya agenti kimi tanımaq və onu potensial mü­kafatçılar siyahısından çıxarmaq tələbi ilə bağlı “Nobel” Komitəsinə təklifi dəstək­ləyiblər. Ukrayna Təhlil və Strategiyalar Mərkəzinin himayəsi altında piar şirkətinin göndərdiyi press-relizdə deyilir ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola fon Kramon-Taubadel və Danimar­kadan olan deputatı Karen Melxior Var­danyanın nüfuzlu mükafatın qara siyahı­sına salınması çağırışını dəstəkləyiblər.

Yada salmaq yerinə düşər ki, bir müd­dət bundan öncə Rubenin Rusiyadakı dostları onunla bağlı sənədli film çəkmiş­dilər. Bütün bunların hamısının onun çirkli pulları hesabına edildiyi heç kimə sirr de­yil. Vardanyanla bağlı, guya, Azərbayca­nın piar kampaniyası aparması iddiaları­nın isə heç bir əsası yoxdur. Azərbaycan onun 2022-ci ilin sentyabrında Qarabağa gəlişindən, bundan az sonra “dövlət na­ziri” təyin olunmasından, separatçılıq əməllərindən, terrorçuluğu maliyyələşdir­məsindən ciddi narazı idi. R.Vardanyan Qarabağ ermənilərinin reinteqrasiya pro­sesinə qarşı ən fəal çıxış edən şəxs kimi tanınırdı. Doğrudur, o, bu “postda” 4 ay işləyə bildi. Azərbaycanın təzyiqləri nəti­cəsində “vəzifəsini” başqasına təhvil ver­məli oldu. Ancaq Vardanyan vaxtında Qa­rabağdan çıxıb getmədi. Orada qalaraq “Artsaxın xilası cəbhəsi” yaradaraq, yenə də təxribatçı əməllərini davam etdirdi.

Xarici işlər naziri Ceyhun Bayramov ötən ilin yayında Qarabağa humanitar yüklərin Ağdam–Əsgəran–Xankəndi yolu ilə daşınması təklifi ilə çıxış edəndə buna qarşı ilk olaraq yenə də Vardanyan çıxış etdi. Dedi ki, Ağdam–Əsgəran–Xankən­di yolu “Sumqayıta aparır”. Bununla o, 1988-ci ilin fevralında Sumqayıt şəhərin­də ermənilər tərəfindən törədilmiş, ancaq azərbaycanlıların üzərinə atmağa cəhd edilən hadisələrlə işarə etmişdi. Rubenin BBC televiziyasının “HARDtalk” proqra­mına müsahibəsində səsləndirdiyi fikirlər də yaddan çıxmamalıdır.

Bir sözlə, Vardanyan elə əməllərə imza atdı ki, sonda onun həbsi qaçılmaz oldu. İndi isə o, istintaq təcridxanasında saxlanılır və girişdə qeyd etdiyimiz kimi, ibtidai istintaq artıq başa çatıb. Cinayət işinin materialları ilə tanışlıq başa çatan­dan sonra, ittiham aktı məhkəməyə gön­dəriləcək. Bu baxımdan, Vardanyanın xaricdəki dostları hay-küy salmaqdansa, sakitcə ədalət mühakiməsinin hökmü­nü gözləməlidirlər. Onların saldıqları çı­ğır-bağır Azərbaycan dövlətinin iradəsinə təsir göstərə bilməz. Bu gün ölkəmizin “Vardanyan problemi” yoxdur. Hazırda dövlətimizin qarşısında Qarabağın dirçəl­dilməsi kimi mühüm vəzifələr dayanır.

Vardanyan və onunla birgə məhkəmə­sinin vaxtını gözləyən separatçı “qlavar­lar” isə 2023-cü il mayın 28-də Prezident İlham Əliyevin Laçından verdiyi ismarıcı eşitsəydilər, yəqin ki, indi bu aqibətlə üz­ləşməzilər. Dövlət başçımızın həmin tarixi ismarıcını bir daha xatırladırıq: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından on­lara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, se­paratizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibə­si zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributlarını” zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya, ora­da prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əmə­liyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoy­malıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Politoloq İlqar Vəlizadə “XQ”-yə açıqlamasında bildirdi ki, Vardanyanı həbsdə saxlanılan digər separatçılardan fərqləndirən cəhət onun pulunun daha çox, əlaqələrinin daha geniş olmasıdır. Hazırda, o, pulundan, əlaqələrindən isti­fadə edərək, tərəfdaşlarının köməyi ilə bu cür kampaniya aparır: “Rubenin ailə üzv­ləri onun çirkin işlər üzrə şərikləri ilə bir­ləşərək xaricdə kampaniya aparırlar. Rəy formalaşdırırlar ki, guya, o, nahaq yerə həbs olunan, nahaq yerə əziyyət çəkən bir şəxsdir. Guya, Azərbaycan həbsdə onun hüquqlarını məhdudlaşdırır və sair. Nəzərə almaq lazımdır ki, milyarder oldu­ğuna görə, Vardanyanın istər Rusiyada, istərsə də başqa ölkələrdə çox nüfuzlu media rəhbərləri ilə isti münasibətləri var idi. Ruben onlardan istifadə edərək kam­paniya aparır”.

Müsahibimiz qeyd etdi ki, əslində, bu kampaniyanın heç bir əhəmiyyəti yoxdur və ola da bilməz. Vardanyanın özü də Qa­rabağda fəaliyyət göstərdiyi dövrdə ölkə­mizə qarşı məkrli kampaniyalar aparırdı. Ancaq onların da ölkəmizə heç bir təsiri olmadı.

Səxavət HƏMİD
XQ





Siyasət