Erməni siyasi industriyası və O'Braynın Bakı səfəri
Ermənistanın siyasi industriyasında ABŞ Dövlət katibinin müavini Ceyms O'Braynın ölkəmizə səfəri məsələsində xüsusi ajiotaj yaranıb. Erməni politoloqlar və ekspertlər səfərin əhəmiyyətini Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Prezident İlham Əliyevə bir müddət əvvəlki zəngi ilə əsaslandırmağa çalışıb, müəyyən paralellər aparsalar da, çıxardıqları bir başlıca nəticə var: Guya, Bakı sülh istəmir, Vaşinqton onu razı salmağa çalışır. Daha bir nəticə barədə isə yazımızın sonunda söz açacağıq.
Qeyd edək ki, O'Braynın Bakı səfəri müstəvisində erməni siyasilərin ortaya atdıqları bir sıra başqa məqamlar da var. Onlardan söz açmazdan əvvəl xatırladaq ki, Blinkenin köməkçisi iyunun 11-13-də İrəvanda səfərdə olmuşdu. Həmin vaxt belə təsəvvür formalaşmışdı ki, Birləşmiş Ştatlar Ermənistanın tərəfindədir. Hər halda, ortaya atılmış mülahizələr bunu deməyə əsas verirdi. Digər yandan, cənab O'Braynın özü də ayrı-ayrı açıqlamaları ilə buna dair oturuşmuş qənaət yaratmışdı.
Bəli, hazırda erməni politoloq və analitiklər belə rəyə gəlirlər ki, guya, Vaşinqton Bakının tərəfindədir. Daha doğrusu, onlar bunu söyləmək üçün müəyyən tezislər qondarırlar. Mövcud fonda ABŞ-nin regiondakı əsl müttəfiqinin Ermənistan deyil, məhz Azərbaycan olduğuna dair görüntü var. Belə bir görüntü iki cəhətdən “faydalı” ola bilər. Birincisi, Rusiyanı qıcıqlandırmaq, onu Azərbaycana qarşı qoymaq. İkincisi isə Ağ Evin sülh missiyası kimi təsir bağışlayan təşəbbüsünü heçə endirmək, onun tərəfsizliyini şüb-hələndirmək.
Haqqında söz açdığımız ikinci məqam xüsusunda bir məsələyə diqqət yetirək. Məlum olduğu kimi, ABŞ-nin Avropa Komandanlığı Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanı təbrik edib. Təbrikdə bildirilib: “Silahlı Qüvvələr Gününüz mübarək, Azərbaycan. Biz regional sabitliyə və güclü tərəfdaşlığımıza verdiyiniz hərbi töhfələri alqışlayırıq”.
Erməni siyasilər C.O'Braynın Bakı səfəri ərəfəsində belə bir mesajın səslənməsini ABŞ-nin Azərbaycana yönələn təəssübkeşliyi kimi qiymətləndirirlər. Onlar, hətta, bildirirlər ki, erməniləri məhv edən, Qarabağı ermənisizləşdirən Azərbaycan Ordusuna təbrik jesti Vaşinqtonun regiondakı müttəfiqinin, əslində, kim olduğunun aşkar sübutudur.
Bir sözlə, erməni siyasi industriyasında isterik durum yaşanır və bu durum, bir qayda olaraq, rəsmi İrəvan tərəfindən dəstəklənir, ya da onun gələcək siyasətinə təsir göstərir. Prinsip etibarilə isə Ermənistan rəhbərliyinin konstruktivlikdən uzaq mövqe tutması reallığını doğurur. Ötən illərin təcrübəsi də bunu söyləməyə əsas verir.
Ermənistanın politoloq-ekspert cameəsində revanşist-şovinistlər də var ki, onlar C.O'Braynın Bakı səfəri məsələsində ayrıca ajiotaj qaldırırlar. Əlbəttə, dövlət katibi köməkçisinin açıqlamaları da bu durumun formalaşmasına az təsir göstərmir. Çünki, o, Azərbaycan – Ermənistan sülhünün anti-Rusiya təmayülünü qabardır. Rəsminin sözlərindən gəlinən qənaət budur ki, barış sazişinin imzalanması və bundan sonra yaranacaq durum Kremlin Cənubi Qafqazdan sıxışdırılmasına xidmət etməlidir, onun nüfuzunu sarsıtmalıdır.
Göründüyü kimi, Birləşmiş Ştatlar Bakı – İrəvan anlaşmasını geosiyasi rəqabət fonunda görür, ya da, necə deyərlər, C.O'Brayn barıtı çox edir. Nəzərə alaq ki, bu şəxs ABŞ-ın xarici siyasətinin son dövrlərdəki maksimalist obrazının təmsilçisi qismində davranmağı xoşlayır. O obraz ki, heç də həmişə sabit qalmır, vəziyyətə görə dəyişir. Deməli, hər şey Azərbaycanın prinsiplərinə sadiqliyindən asılıdır. Ölkəmizin isə mövqeyi dönməzdir.
ABŞ Dövlət katibinin müavini bildirir ki, sülh müqaviləsinin olmaması Mərkəzi Asiyadan Avropaya ticarət yolunun tikintisi layihəsinə maneçilik yaradır. Bu marşrut isə Rusiyadan yan keçərək alternativ plana çevrilməlidir. Mövcud məqamı daha çox rəsmi İrəvana yaxın siyasilər qabardırlar. Onların fikrincə, Azərbaycan Ermənistanla müqavilə imzalamamaqla mühüm əhəmiyyət kəsb edən geosiyasi layihəni pozur. Bu cür mövqe tutanlar məsələni Bakının İrəvan tərəfindən irəli sürülmüş şərtlərə razı salınması məntiqini əsas götürürlər. Ümidləri də odur ki, C.O'Brayn, necə deyərlər, Azərbaycan rəhbərliyini, bir növ, yola gətirmək missiyasını gerçəkləşdirməyi bacaracaq...
Diqqət yetirsək, Ermənistan rəsmiləri son günlər ölkələrinin Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu daha tez-tez vurğulamağa başlayıblar. Şübhəsiz ki, belə deyimlər C.O'Braynın Bakı səfərinə hesablanmış siyasi gedişlərdir. Təxminən belə: baxın, biz konstruktivik, sülhpərvərik. Belə ritorikanın seçilməsi, üstəlik, departament rəsmisinin yeni dəhliz açıqlamaları fonunda, istər-istəməz, diqqəti əsas məsələdən yayındırır. Əsas məsələ isə budur: Naxçıvana yol necə olacaq? Mövzu sülh prosesinin ən başlıca seqmentidir. Amma Ermənistan rəhbərliyi də, elə C.O'Braynın özü də bu siyasi preambulanın üzərindən tam sükutla keçir.
Hazırkı durum belədir ki, Azərbaycan Naxçıvana yolun “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslanmasını vacib sayır. Yəni, yolda heç bir gömrük və sərhəd nəzarəti olmasın. Bu status, faktiki olaraq, “Zəngəzur dəhlizi” təşəbbüsünün reallaşmasıdır. O dəhlizin ki, Orta dəhliz ideyasının ayrılmaz tərkib hissəsidir. Ancaq Ermənistan rəhbərliyi fərqli mövqedədir. Baş nazir Nikol Paşinyan və tərəfdarları “Dünyanın kəsişməsi” avantürasına söykənirlər. Onlar qlobal nəqliyyat habında Ermənistanı mərkəzi qüvvə olaraq təqdim edirlər. Belə təqdimat ona görə yolverilməzdir ki, onun həyata keçməsi İrəvanı nəhəng kommunikasiya qovşağının aparıcı fiquruna çevirəcək. Elə bir fiqura ki, hər zaman yeni iddialar irəli sürməyə girişməyəcəyinə dair heç bir təminat yoxdur. Təminatın olmaması isə risk yaradır. Hazırda barəsində söz açılan sülh mühitini də şübhə altına alır.
Deməli, Ermənistan daha çox səmimiyyət göstərməlidir. Otuz il ərzində etdiyi vandallıqların təkrarlanmayacağına dair mövqe ortaya qoymalıdır. Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev heç də əbəs yerə bildirmir ki, Ermənistanın konstitusiyası dəyişilməlidir. Bir halda ki, ölkənin ana qanununda Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var, o zaman İrəvanın gələcəkdə üstün mövqe tutacağı qlobal nəqliyyat habı ilə qonşularını şantaja məruz qoyması, hansısa tələblər irəli sürməsi, o cümlədən ərazilər istəməsi mümkündür. Yaxud da, sadəcə olaraq, həmin yolu iflic hala sala bilər. Uzaq olmayan tarixdə belə acı yaşantılar olub. Yada salaq ki, bir vaxtlar erməni millətçiləri Bakı – Naxçıvan qatarını daşa basırdılar...
Deməli, Naxçıvana yol, böyük anlamda götürsək, Orta dəhlizin tərkib hissəsi sayılan “Zəngəzur dəhlizi” tam təhlükəsiz şəraitdə, yəni erməni amilinin təsiri olmadan çalışmalıdır. Hərçənd, Ermənistan layihədən fayda götürə bilər ki, bununla bağlı ölkəmizin rəhbərliyinin qəti mövqeyi var. Eyni zamanda, sadaladıqlarımız məqamlar fonunda onu da bildirməliyik ki, Ermənistan rəhbərliyi ölkənin ərazi bütövlüyü və suverenliyi məntiqinə söykənir, spekulyasiyaya yol verir. İrəvan bununla sülhdən yayınmaq, qeyri-müəyyənliyi davam etdirmək yolunu tutur. Paşinyan administrasiyasının təmsilçiləri, eləcə də onlara yaxın siyasi çevrələr elə düşünürlər ki, ABŞ onlar üçün sərfəli vəziyyət yaradacaq.
Bu yerdə haqqında yazımızın sonunda söz açacağımız məqama keçid alaq. C.O'Braynın Bakı səfəri fonunda Ermənistan cəmiyyətindəki ajiotajın motivlərinin təhlili göstərir ki, rəsmi İrəvan, ümumiyyətlə, sülhdə maraqlı deyil. Paşinyan və komandası sülhün imitasiyası ilə məşğuldur. Erməni iqtidarı imitativ davranışla, əslində, Vaşinqtonu şantaj edir. Nikol və tərəfdarları yaxşı anlayırlar ki, Birləşmiş Ştatlar anti-Rusiya ritorikasına köklənib və Kremlin Cənubi Qafqazdakı maraqlarını sarsıtmaq niyyətindədir. Buna görə də ölkələrini mövcud platformadakı mühüm aktor kimi göstərirlər. Məqsədləri budur ki, Azərbaycan mövqeyindən geri çəkilsin. Daha doğrusu, sülh müqaviləsi ölkəmizin prinsiplərindən daşınması fonunda ərsəyə gəlsin. Əlbəttə, Bakının nədəsə geri çəkilməsi İrəvanın başqa iddialara düşməsinə şərait yaradacaq. Ona görə də Azərbaycan rəhbərliyi öz mövqeyində qalacaq. Yəni, sülh müqaviləsi imzalanacaqsa, bu, ölkəmizin diktə etdiyi şərtlərlə olacaq. Vəssalam!
Ə.CAHANGİROĞLU
XQ