Postmüharibə dövründə liderlik

post-img

VII MƏQALƏ

Siyasi liderlikdə zəka amili

Bizim Heydər Əliyevin kəlamları əsa­sında siyasi liderlikdə mənəviyyat faktoru üzərində geniş dayanmağımız səbəbsiz deyildir. Ulu öndərin fikirlərinin işığında aydın görünür ki, uğurlu liderliyin Azər­baycan nümunusində zəka aparıcı yer tutur. Zəkanın siyasi təcəssümü kimi isə məntiqi-rasional aspektlə intellektual fə­zilətliliyin vəhdəti çıxış edir. Yəni zəka siyasi-diplomatik fəaliyyət praktikasında rasional olanla mənəviyyatın vəhdəti kimi əyaniləşir (predmetləşir, reaktualla­şır). 

Fikrimizcə, “niyə Azərbaycanda XXI əsrdə uğurlu liderlik nümunəsi formala­şa bilmişdir?” sualına cavab bu tezisdən başlamalıdır. Bu prizmada da Prezident İlham Əliyevin siyasi kursunun “Intel­ligent Foreign Policy” adlandırılması­nın politoloji əsaslarını müəyyən etmək mümkündür.

İlk olaraq Azərbaycanda müasir li­derlikdə zəka anlayışı konkret məzmun­da dərk edilmişdir. Zəka siyasi liderliyin nəzəri və feili mövcudluğunun müəy­yənedici fenomeni kimi yüksək ağıl, intellekt, müdriklik, təmkin, məntiq və mənəviyyatı immanent (daxili, “iç atri­but”) olaraq özündə ehtiva edir. Burada zəka siyasi aspektdə məntiqi-rasional­lıqla mənəvi-əxlaqi və etik komponent­lərin sintezi olaraq məzmun alır. Bəlkə də “zəka”nın azərbaycancadan ingilisə tərcüməsində məhz vurğulanan mənada onu “intelligent” termini ilə ifadə etmək düzgündür. O mənada ki, “intellegent policy” özündə “zəka” anlamını rasional məntiqiliklə mənəvi-əxlaqiliyi immanent olaraq ifadə edir. Bu yanaşmanı qəbul etsək, sonrakı addımda “Intelligent Fo­reign Policy”nin postmüharibə dövründə başlıca siyasi tərkib faktorlarını aydınlaş­dıra bilərik. 

Rasionallıq və məntiqilik

Prezident İlham Əliyev hər bir siyasi qərarda siyasi diaqnostikanın dəqiqliyinə ciddi fikir verir. Mövcud siyasi situasiyanı adekvat qiymətləndirmək düzgün proq­nozun bilik və konseptual bazasını təşkil edir. Faktlara baxaq.

2008-ci ildə Cənubi Qafqazda Gür­cüstanla bağlı məlum böhran meydana çıxdı. Onunla paralel olaraq qlobal ma­liyyə böhranı özünü göstərdi. Yəni bizim region üçün ikiqat geosiyasi və maliyyə təzyiqi yaranmışdı. Bu vəziyyətdə Cə­nubi Qafqaz dövlətləri hansı siyasi diaq­noza görə hərəkət etdilər? Gürcüstanın qlobal maliyyə böhranı şəraitində atdığı addım tələskənlik və adekvat qiymətlən­dirmənin olmaması ilə bağlı idi. Çünki Qərb üçün maliyyə böhranının yaşandığı bir dönəmdə Tbilisini sona qədər müda­fiə edəcəyinə ümid etməyi düşünmək si­yasi peşəkarlıqdan xəbər vermir. Əksinə, gözləmək lazım idi ki, Gürcüstanı güclü bir dövlətlə üz-üzə qoymağın arxasında hansısa başqa süni məqsədlər ola bilər. Rəsmi Tbilisi bunu qiymətləndirə bilmə­di. 

Ermənistan isə ümumiyyətlə, nəticə çıxarmadı. Ona elə gəldi ki, Avropa İtti­faqına assosiativ üzvlüyə ümid etməklə Rusiyanın forpostu olmağı sonsuza qə­dər uzada biləcək, müəyyən mənada tarazlıqda saxlayacaq. Yəni Gürcüstanın hərəkətindən zərrə qədər də sanballı qə­naət əldə edə bilmədi. 2016-cı il və 2020-ci il hadisələri bunu tam sübut etdi –Ermənistan forpostluqdan və Qərbin oyuncaqlığından zərrə qədər də boy ata bilmədi!

Bəs Azərbaycan hansı addımları atdı? Prezident İlham Əliyevin həmin mərhələdə siyasi-diplomatik fəallığı ta­rixi faktdır. 2008-ci ildə Prezident İlham Əliyev mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Bakı prosesi və ya Bakı Ümumdünya Mədəniyyətləra­rası Dialoq Forumu platformasını irəli sürdü. Bu əsasda “Bakı Bəyannaməsi” qəbul edildi. 2010-cu ildə isə Bakı pro­sesi beynəlxalq hərəkata çevrildi. Həmin il sentyabrın 23-də Prezident İlham Əli­yev Bakıda Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumunun keçiriləcəyini BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında elan etdi. Yəni Prezident İlham Əliyev çox mürəkkəb 2008-ci ildə irəli sürdüyü təşəbbüsü inkişaf etdirərək, cəmi 2 ilə onu ciddi beynəlxalq hərəkata çevirdi. Bu, liderin birbaşa obyektiv siya­si diaqnoz əsasında düzgün proqnozlar verməsinin əlamətidir. 

Buna paralel olaraq İlham Əliyev enerji strategiyasını davamlı olaraq in­kişaf etdirdi. Nəzərdə tutulan layihələri rellaşdırmaqla yanaşı, yeni təşəbbüs­lər irəli sürdü. Siyasi-diplomatik fəallığı enerji siyasəti istiqamətində yeni səviy­yəyə yüksəltdi. Bu siyasətin nəticəsi isə Avropanın Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul etməsi oldu. Bundan başqa, Azərbaycan bərpa-olunan və “yaşıl enerji” sferalarında da geniş geosiyasi məkanda ciddi rol oyna­mağa başladı. Zəkaya söykənən siyasə­tin verdiyi töhfələrin bir qismi bunlardan ibarətdir. 

İkinci bir fakt kimi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsin­də Aİ–Azərbaycan münasibətlərinin milli maraqlara uyğun inkişafının diaqnozu və bu əsasda münasibətlərin proqno­zunun verilməsini göstərə bilərik. Yenə də İlham Əliyev regionun digər ölkələri­nin başçılarından fərqli olaraq, müstəqil dövlətçilik üçün faydalı olan seçimi edə bildi. Əslində, həmin dövrdə region döv­lətlərinin seçimi ciddi yolayrıcı idi. Çünki sonrakı təcrübə göstərdi ki, o zaman se­çilən kurs Ermənistanı da, Gürcüstanı da böhrana aparmışdır. Hazırda onların hər ikisi dövlət olaraq özlərinə xas böhran yaşayırlar. Azərbaycan isə düzgün ana­liz və proqnoz sayəsində tamamilə fərqli inkişaf yolundadır. Qələbə, geosiyasi nüfuz, “yaşıl inkşaf”, regional liderlik və multiregional miqyasda ciddi geosiyasi oyunçu kimi. XXI əsrdə Cənubi Qafqaz­da “Intelligent Foreign Policy”nin başlıca əlamətlərindən biri bundan ibarətdir. 

Yeri gəlmişkən, müasir mərhələ­də hər hansı siyasi liderliyi xarakterizə edərkən pafoslu siyasi ibarələr keçər­li deyil, bu, real vəziyyəti əks etdirmir. Məsələn, Qərbdə və ya Qafqazın özün­də kimsə Gürcüstan və ya Ermənistan haqqında pafosla liberallıq, demokra­tiya, azadlıq və s. barədə bəzəkli cüm­lələr qura bilər. Ancaq onlar hər iki ölkə­də insanların gözlərinə baxsalar, orada həmin bəzəkli sözləri deyil, əzab-əziy­yəti, bu cür yaşantıdan, çəkişmələrdən bezməyi görəcəklər. Təsəvvür edin ki, N.Paşinyan belə açıq deyir ki, erməni xalqı artıq intriqalardan, bər-bəzəkli vəd­lərdən doymuşdur – o, normal yaşamaq istəyir! Çəkişmək, başqaları ilə didişmək istəmir! Bəs, cəmi bir neçə il öncə Qər­bin “tanınmış və demokratik araşdırma mərkəzləri” Ermənistanı “demokratiya­nın Qafqazda yaşıl adası” elan etmiş­dilər? Gürcüstanı nümunə göstərirdilər? İndi isə gah hədələyir, gah da “pulunuzu kəsəcəyik” – deyə qorxudurlar! 

Azərbaycanla isə kimsə bu ritorika ilə danışa bilməz. Səbəbi Azərbaycan Prezidentinin silsilə formasında regiona “axan” geosiyasi risklər, təhdidlər və təh­lükələr şəraitində düzgün siyasi diaqnoz qoyaraq doğru proqnozlar verməsidir! Reallıq budur! Onun üçün isə yüksək rasionallıqla məntiqilik zəkada vəhdətdə olmalıdır. 

Fəlsəfi düşüncə üçün maraqlıdır: zəkada yüksək rasionallıqla məntiqiliyin vəhdəti hansı şərtlər daxilində ola bilir? Biz bu məqamda intellektual fəzilətliliyi başlıca sintez edən faktor kimi görürük. Lakin bu tezis liderin tərbiyəsi, təhsili və bütövlükdə, siyasi hazırlığı ilə birgə özü­nü doğrulda bilər. 

İntellektual fəzilət

İntellektual fəzilətliliyə (konkret mə­nada: şüuri xoşniyyətliliyə) dayanmayan “Intelligent Foreign Policy” davamlı və uzunmüddətli ola bilməz. Bəlkə də bu şərti sərt və çox qəti qoyuruq. Lakin XXI əsrin siyasi təcrübəsi göstərir ki, ən güc­lü rasional və məntiqi olan xarici siyasət kursu belə şüuri, intellektual, təfəkkür “xoşniyyətliliyi, fəziləti, xeyirxahlığı” ol­mayanda mütləq iflasa uğrayır. Bunun nümunəsi olaraq ABŞ kimi qüdrətli bir dövlətin bütün müasir, dərin və məntiqi baxımdan hiyləgər siyasi-diplomatik fəa­liyyətinə baxmayaraq, liderliyini bərpa edə bilməməsini göstərə bilərik. Siyasi texnologiya kimi mükəmməl olan hər bir siyasi və geosiyasi kombinasiyası Va­şinqton üçün fiasko ilə nəticələnir. İndi onun təsiri ilə müxtəlif regionlarda intriqa­lar vüsət alır. Rusiya və İran haqqında da eyni fikri söyləmək olar. Ermənistan kimi ənənəvi zəif və mürtəce təfəkkürlü döv­lətlər isə “olum-ölüm” savaşı içindədirlər. Bunların heç birinin siyasi kursunun fə­ziləti yoxdur, varsa da çox cüzidir. Bəs hansı əlamətlərdən siyasi kursun fəzilətli olub-olmamasını anlamaq olar? 

Amerika Asiya – Sakit okean regio­nuna nüfuz etmək üçün arqument kimi “milli maraqlarıma təhlükə var” tezisi ilə eyni məntiq çərçivəsində “Çin təhlükə mənbəyidir” tezisini ifadə edir. Bu iki tezis birgə siyasi şüurda “öz maraqlarım hər şeydən üstündür” niyyətinin olduğunu ifadə edir. Bu o deməkdir ki, ən uzaq bir dövlətin sürətli inkişafını Amerika siyasi şüuru avtomatik olaraq düşmən kateqo­riyasına aid etməyə meyillidir. Yəni onun üçün “milli maraqlar” anlayışı “məndən yüksəkdə olma, məndən çox inkişaf etmə” terminlərində ifadə olunmuşdur. Bu isə fəzilət deyil, bədniyyətlilikdir, özü­nün üstünlüyünü əbədiləşdrimək xisləti­dir və s. 

Rusiya və İranın davranışları da eyni niyyəti ifadə edir. Ukraynadakı savaş bunun əyani təsdiqidir. Qonşu İran Zən­gəzur dəhlizinə qarşı ona görə çıxır ki, əsrlərdir regionda mövcud olan ədalət­sizliyi Azərbaycan aradan qaldıra bilər. Həmin ədalətsizliyi əbədiləşdirmək niy­yəti fəzilət deyildir. O ədalətsiliyin ən azı iki əlamətini göstərə bilərik. 

Birincisi, Azərbaycan xalqı 300 ildir ki, bölünmüş haldadır! Azərbaycanlıların digər xalqlar kimi bütövləşmək haqqı-hüququ təbiidir. Buna qarşı çıxmaq tə­bii və tarixi ədalətsizliyi müdafiə etmək deməkdir! 

İkincisi, geniş bir geosiyasi məkan­da ancaq türk xalqları bir-biri ilə birbaşa quru əlaqələrinə malik deyillər. Keçən əsrin əvvəllərində bir neçə dövlətin süni maraqları sayəsində Ermənistan yarat­dılar və onu xənçər kimi türk xalqlarının “arasına sapladılar”. İndi türklərin birba­şa əlaqə yaratmaq təbii haqqı və hüququ deyildirmi? Özü də bunu kiminsə siyasi coğrafiyasına daxil edilmiş Azərbaycan torpaqlarını hüquqi olaraq geri almaq­la deyil, beynəlxalq hüquq normaları çərçivəsində dəhliz statusunda istifadə etməklə reallaşdırmaq istəyirik. Burada qərəz və ya kiməsə pislik əlaməti ha­radadır? Bir erməni və ya iranlı sərbəst quru yolla əlaqə saxlaya bilirsə, iki qar­daş türk niyə bu hüquqa malik olmasın? 

Deməli, bizi əhatə edən dövlətlərin bir qismi də daxil olmaqla xarici siyasət­də intellektual fəziləti gözləyən çox az­dır. Maraqlıdır ki, fəzilət yoxsulluğu döv­lətin güclü və ya zəif, böyük və ya kiçik olmasından elə də asılı deyil. Burada, görünür, həlledici məqam, ümumiyyətlə, dövlətçilik ənənəsinin xüsusiyyətlərin­dən ibarətdir. Yəni fəzilətliik bütövlükdə dövlətçilik şüurunun kökündə və mahiy­yətində yoxdursa, onu sonradan hansı­sa şəraitdə yaratmaq müşkül məsələdir. Bəlkə də “Qozbeli qəbir düzəldər” məsə­linin hikməti burada keçərlidir. 

Buna görə də biz ulu öndər Heydər Əliyevin mənəviyyatı birbaşa insanlıq, liderlik və dövlətçiliklə bağlamasının fəlsəfi və politoloji anlamının çox dərin olduğu fikrini irəli sürürük. Kökdən türk dövlətçilik şüurunda fəzilət kimi ədalət­lilik, mərdlik, nizam-intizamı cahana yaymaq və hüquqilik əsas yeri tutmuş­lar. Azərbaycan dövlətçilik şüuru mahiy­yətində fəzilətlidir! Bu özəllik məfkurə səviyyəsində siyasi şüurun kanonuna çevrilir. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət