Dövlət idarəetməsində sinerji və innovativlik

post-img

II MƏQALƏ

Resentiment identiklik

Filosoflar (əsasən, F.Fukuyama) müasir cəmiyyətlər və dövlətlər üçün resentimenti təhlükəli fenomen hesab edirlər. Resentimentlik cəmiyyətin bütövlüyünü, tamlığını siyasi şüur səviyyəsində poza bilir. O, dövlət identikliyinə mədəni və siyasi identiklik sferasından nüfuz edir. Dövlətçilik baxımından resentiment həmin andan təhlükəyə çevrilir. F.Fukuyama yazır ki, XXI əsr cəmiyyətlərində etnik, dini, traybolistik, iqtisadi (proteksionizm aspektində), milliyyətçiliyin müxtəlif radikal formaları (məsələn, özünü müstəsna irq hesab etmək psixoloji xəstəliyi), ksenofobiyalar və s. getdikcə güclənir. F.Fukuyama bunun kökündə “özünü etirafetdirmə” hissinin dayandığını vurğulayır. Deməli, hər hansı cəmiyyətin daxilində özünü etiraf etdirmək hissinə ifrat qapılmış kəsimlər mövcuddursa, onda dövlət idarəçiliyi üçün ciddi risklər meydana çıxa bilir. Yekunda bu fraqmentləşdirici tendensiya toplumun birliyini pozmağa təkan verə bilir.

Düşündürücüdür ki, ilk baxışdan resentimentliyin inkişaf edən və birliyi demək olar ki, təmin edilmiş cəmiyyətlər üçün elə bir risk yarada bilməsi əsaslı görünmür. Ancaq XXI əsrin təcrübəsi bunun belə olmadığını təsdiq edir. Müəyyən müddətdə normal inkişaf edən cəmiyyətlərdə özünü etirafetdirmək “eşqinə” düşən qruplar vəziyyəti kəskin dəyişə bilər. Məsələn, dünyanın inkişaf etmiş ölkələrində ifrat səviyyədə alturist düşüncəli insanların sayı artır. Onlara “Dünya oğlanları” deyirlər. İndi onların yaşı 40-50 arasındadır. Həmin kəsim üçün milli dövlət anlayışı arxa plandadır. Hazırda həmin kəsimin sosial çəkisi artır və bu, cəmiyyətin rəyinə təsir edir. Qərb tədqiqatçıları bu faktı ciddi qəbul edirlər. Bu tendensiyanın cəmiyyəti parçalaya biləcəyini istisna etmirlər.

Yaxın Şərq cəmiyyətlərinin problemləri başqadır. Həmin regionun əksər dövlətlərində resentimentliyin müxtəlif təzahürlərini indi də müşahidə edirik. Deyək ki, İraqda, Suriyada, Yəməndə, Livanda və başqa region ölkələrində bu proses özünü göstərir.

Qərbdə son illər “ağ radikalizm” anlayşına tez-tez rast gəlinir. Ermənistanda revanşizmin kökündə “erməni müstəsnalığı” psixoloji xəstəliyi dayanır.

Kənarda özünü göstərən bu kimi fraqmentləşmə tendensiyaları qloballaşma dövründə geniş yayıla bilər. Ona görə də dövlət idarəçiliyinin sinerjisi ön plana çıxmalıdır. Dövlət xidməti institutunun transformasiyalarında fraqmentləşməyə yol vermək olmaz. Dövlət xidməti institutunun transformasiyalarında fraqmentləşmə hansı istiqamətlər üzrə ola bilər? Bu suala cavabın bir tərəfi idarəetmənin texnoloji xüsusiyyətlərinə bağlıdırsa, digər aspekti kadr yetişdirilməsi məsələsinə söykənir. Kadrların milli-mənəvi dəyərlərə sadiq peşəkarlar kimi yetişdirilməsinin strateji əhəmiyyəti buradan qaynaqlanır. Onlar bütöv Azərbaycan miqyasında düşünən, özünün məmur olaraq yararlığını Azərbaycan dövlətinə xidmətdə görən Vətənsevər insanlar olmalıdırlar! Prezident İlham Əliyevin yeni tarixi mərhələdə dövlət idarəçiliyi sahəsində çalışan kadrlar qarşısında qoyduğu başlıca vəzifə bundan ibarətdir!

Bu tələbin ideoloji bünövrəsi də mükəmməl müəyyən olunmuşdur. Bununla bağlı Prezident İlham Əliyevin aşağıdakı fikirlərini vurğulamaq zəruridir. Dövlət başçısı demişdir: “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk”.

Uğurlu vətəndaşlar cəmiyyəti

Resentimentin sosial münasibətlər baxımından əsas əlamətlərini filosoflar belə qruplaşdırırlar:

– Uğurlu və varlı insanlara qarşı düşmənçilik hissi - qibtə və onları aşağılamaq istəyi yaradır;

– Cəmiyyətdə daha yüksək məqamda olanlara qarşı qəzəb. Adam hesab edə bilər ki, kimsə yüksək məqama layiq olmadan çatmışdır;

– Başqa sosial qrupların, irqlərin, dinlərin təmsilçilərinə neqativ münasibət aludəçisi. Bu, özünü müstəsnalıq hissini yaradır və fərqli olanlara nifrət əmələ gətirir.

Tədqiqatlar göstərir ki, bu cür hisslərin və münasibətlərin yaranmasında müxtəlif faktorlar – ailədaxili münasibətlər, məktəbdə təhsillə tərbiyənin nisbəti, insanın şəxsi həyatı, onu əhatə edən ən yaxın ətraf, informasiya qaynaqları və digərləri rol oynayırlar. Bunlarla yanaşı, məsələyə vətəndaş-məmur münasibətləri prizmasında baxanda dövlətçilik aspektində ciddi məsələlər meydana çıxır.

Alimlər vurğulayırlar ki, resentiment əsasən insan arzu etdiyinə çata bilməyəndə, müxtəlif yerlərdə aşağılananda, özünü kənarlaşdırılan kimi hiss edəndə, məmur laqeydliyini görəndə, bir sözlə, özünü uğursuz hiss edəndə meydana gəlir. Buna görə də varlı, zəngin insanlara obyektiv münasibət göstərə bilmir, məmur təbəqəsinə qarşı radikal mövqe tutur və s.

Belə alınır ki, resentiment müasir cəmiyyətdə əsasən uğursuz vətəndaşlar mühitində formalaşır. Bu da avtomatik olaraq məmur təbəqəsinin dövlətçilik və birlik yaratmaq üçün vacib olan keyfiyyətlər qazanması məsələsini aktuallaşdırır.

Beləliklə, müstəqil dövlətçilikdə uğurlu vətəndaşlar cəmiyyətinin (vətəndaş cəmiyyətinin) formalaşdırılması strateji anlam kəsb edir. Prezident İlham Əliyevin Andiçmə mərasimində ifadə etdiyi aşağıdakı müdrik fikirlər bu baxımdan son dərəcə əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq...Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.

Ölkə rəhbərinin vurğuladığımız tezisləri yalnız məzmun baxımından əhəmiyyətli deyildir, onlar həm də uğurlu liderin cəmiyyətə səslənişləridir. O cümlədən. məmur təbəqəsi qarşısında duran çoxsaylı vəzifələrin bir qisminin ön plana çıxarılmasıdır.

Azərbaycan təcrübəsinə görə, Azərbaycanda uğurlu vətəndaşlar cəmiyyətinin formalaşması üçün məmur təbəqəsi hansı keyfiyyətlərə malik olmalıdır? Onları Prezident İlham Əliyev müxtəlif kontekstlərdə dəqiq ifadə etmişdir. Biz, sadəcə, bir sıra məqamlar üzərində dayanmağa çalışacağıq.

İşgüzar, vətənsevər və milli təəssübkeşli məmur təbəqəsi

Öncədən vurğulayaq ki, bu məsələ idarəetmə baxımından olduqca prinsipial və dərin dövləti mövqe tələb edir. Söhbət, qətiyyən hansısa şəxsləşdirmədən getmir. Azərbaycan dövlət məmurları ümumilikdə kifayət qədər vətənsevər, çalışqandırlar və milli təəsübkeşliyə malikdirlər. Burada məsələ yeni tarixi mərhələnin tələblərinə uyğun məmur təbəqəsinin vətənsevərlik və milli təəssübkeşlik istiqamətlərində daha yüksək kollektivçilik ruhunda inkişafı imkanlarından gedir. Və bu prosesdə idarə edənlərlə yanaşı, alimlərin, nazirliklərin və müxtəlif digər dövlət orqanlarının üzərinə düşən funksiyalarını yerinə yetirmələri zərurəti önə çəkilir. Uğurlu həll yolu vurğulanan dairələrin fəaliyyətinin sinerji və innovativlik yaratması ilə bağlıdır. Bütün dünya üçün bu məsələ aktualdır. Bu bağlılıqda F.Fukuyama və C. Fridmanın fikirlərinə baxmaq faydalı olardı.

Frensis Fukuyama 2014-cü ildə yazırdı ki, Amerikanın dövlət institutları tənəzzüldədirlər. Bunun səbəbi dövlətin tədricən nüfuzlu kəsimlərin maraqlarının təsiri altına düşməsi ilə bağlıdır. 2016-cı il seçkilərində hakimiyyətə gələnlərin iqtisadi milliyyətçilikləri və avtoritar tendensiyalarının beynəlxalq düzəni sabitlikdən çıxarma təhlükəsi yaratdığını vurğulayırlar. Cəmiyyətdən müəyyən qrupun üstün identikliyə malik olduğunu qəbul eləməyi tələb etmək resentiment hissləri gücləndirmişdir.

Corc Fridmanın da fikirləri maraqlıdır. O yazır ki, müasir dövlətlərdə orta sahibkarlar təbəqəsinin fəaliyyətinin dövləti əhəmiyyəti böyükdür. İşgüzar kəsim toplumun xeyrinə və maraqlarına uyğun fəaliyyət göstərirsə, həmin cəmiyyətin dayanıqlığı yüksək olur. Əks halda fraqmentləşmə cəmiyyəti çox laxlada bilər. Bu qismdə dövlətin orta məmur təbəqəsinin fəaliyyəti də prinsipial əhəmiyyət daşıyır. Apardığı təhlillər əsasında C.Fridman belə qənaətə gəlir ki, Qərb cəmiyyətlərinin başlıca problemləri orta sahibkarlar və məmurlar təbəqəsinin ümumi milli maraqlardan uzaqlaşmağa başlaması ilə əlaqəlidir. Bu istiamətdə dəyişikliklər gənc nəslin cəmiyyət maraqlarına xidmət ruhunda tərbiyəsi ilə bağlıdır. C.Fridman R.T.Ərdoğanın cəmiyyətin faydası üçün çalışan gənc və dinamik orta sahibkarlar və məmur təbəqəsi yetişdirə bilməsini nümunə olaraq göstərir.

Buradan belə bir qənaət əldə etmək olar: müasir mərhələdə resentiment həm qlobal miqyasda özünəməxsus təzahürlərə malikdir, həm də konkret cəmiyyətlər üçün aktualdır. Bu iki səviyyədə resentimentlə mübarizə fərqlidir. Konkret cəmiyyətlərdə onun zəifləməsi milli ruhlu orta sahibkar və məmur təbəqəsinin formalaşdırılması sayəsində mümkün ola bilər. Prezident İlham Əliyevin davamlı olaraq milli-mənəvi dəyərlərə bağlı gənc nəslin tərbiyəsi məsələsini aktuallaşdırması bütün bunlara görə strateji mahiyyəti böyük olan addımdır. Dövlət başçısı vurğulayır ki, “Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”.

Belə alınır ki, dövlətin idarə edilməsində dayanıqlı və davamlı sinerji effekti almaq özlüyündə çoxaspektli və müxtəlif parametrləri birləşdirən mürəkkəb prosesdir. Burada idarəetmə texnologiyaları ilə yanaşı, dərin sosial-mədəni və iqtisadi mahiyyəti olan faktorlara da diqqət etmək gərəkdir. Daha doğrusu, onların bir-biri ilə qarşılıqlı münasibətlərində sistemlilik təmin edilməlidir. Bunun reallaşmasında orta sahibkar və məmur təbəqəsinin rolu prinsipial əhəmiyyət daşıyır.

Bu tezis kontekstində öncəki məqalədə vurğuladığımız nazirliklərin fəaliyyətlərini qarşılıqlı surətdə əlaqələndirməsi məsələsinin də müəyyən ayrıntılarını təsəvvür edə bilərik. O cümlədən, təhlildən və müqayisələrdən görünür ki, səhiyyə, elm, təhsil və maliyyə sferalarının fəaliyyətlərinin sinxronlaşması nəticəsində sinerji effekti kimi cəmiyyətdə xəstəliklərin səmərəli profilaktikası mühitinin yaradılması və vətəndaşların sağlam həyat tərzinin inkişafı ilə yanaşı, çox aktual olan gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi diqqətə alınmalıdır. Və məsələ yalnız vurğulanan üç faktorla qətiyyən məhdudlaşmır. Burada hər bir faktorun təsnifini aparmağa ehtiyac yoxdur. Ümumi mənzərə elədir ki, yuxarıda qeyd edilən nazirliklərlə yanaşı, dövlətin bütün qurumları sinxron fəaliyyət göstərməli və birlikdə nəzərdə tutulan sinerji effektini yaratmalıdırlar.

Bəs bu çox ümumi və demək olar ki, hər kəs tərəfindən qəbul edilən məqsədə praktiki müstəvidə necə çatmaq olar? Konkret olaraq, müxtəlif nazirliklər və bütövlükdə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin optimal modelini necə yaratmaq olar? Yeni tarixi mərhələdə uğurlu olmaq üçün hansı məsələləri önə çəkmək gərəkdir? Bir sözlə, dövlət təşkilatlarının ortaq sinerjisi hansı şərtlər daxilində mümkündür?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət