Əsgərinin çəkməsini qana batıran ölkə Ukraynanın təhlükəsizliyinə necə təminat verir?
Bu mövzuya toxunmağımızın əsas səbəbi onun Azərbaycan üçün də aktuallıq kəsb etməsidir. Söhbət postsovet məkanındakı müstəqil respublikaların üzləşdiyi, yaxud sabah üzləşə biləcəyi real təhlükədən gedir. Müharibə hələ bitməmiş ABŞ və Avropa rəsmiləri Ukrayna üçün təhlükəsizlik təminatları hazırlamağa başlayıblar.
“Bloomberg”in özəl mənbələrinə istinadən yaydığı məlumata görə, bu tədbirlər Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşə münbit şərait yaratmaq məqsədini güdür. Yeri gəlmişkən, 15 avqust Alyaska görüşündə Rusiyanın dövlət başçısı qarşıdakı Moskva–Kiyev danışıqlarında Ukraynanın təhlükəsizliyinə təminatın verilməsi məsələsini də xatırlatmışdı. Fəqət, o, bunu bəyan etdiyi dəqiqələrdə Odessa şəhəri və SOCAR-ın qaz terminalı bombalandı...
İndi Vaşinqtondan oxşar çağırışlar səslənməkdədir. Mənbələrin bildirdiyinə görə, zəmanət paketi Ukrayna Silahlı Qüvvələrinin və onun imkanlarının heç bir məhdudiyyət olmadan gücləndirilməsinə yönələcək. Ehtimal olunur ki, bu, Avropada “istəklilərin koalisiyası” prinsiplərinə əsaslanacaq. Yəni, formatı hələ müəyyən edilməmiş beynəlxalq kontingentin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri, eləcə də Avropa liderləri arasında görüş keçirilib. Onlar Ukraynada müharibəyə son qoymağın mümkün yollarını müzakirə ediblər. Əsas məsələ Ukraynanın təhlükəsizliyinin təmini olub. Bu barədə fikirlərini bizimlə bölüşən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, NATO nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, vaxtilə Ukraynanın təhlükəsizliyinə verilən təminat kağız üzərində qaldı: “Axı, Rusiya Ukraynanın ərazi bütövlüyünü, sərhədlərini tanımışdı. Bəs, sonra necə oldu? Hamısı pozuldu. Sabah Moskvanın bir bəhanə tapıb Ukraynanın üzərinə yeriməyəcəyinə kim təminat verir? Bu halda ABŞ, Avropa ölkələri öz ordularını qabağa verəcəklərmi? Buna əminlik yoxdur. Ağ Ev indidən bəyan edir ki, NATO çərçivəsində aldığım öhdəliklər, misal üçün, Baltik respublikalarına hansısa hücum ediləcəyi təqdirdə alyans üzvlərinin müdaxiləsi yolverilməzdir. Siz Moskvanın və Vaşinqtonun Kiyevə verəcəyi təminatların icra ediləcəyinə inanırsınız? Tutaq ki, Ukrayna müəyyən dəyişiklik və düzəlişlərlə sülh şərtlərini qəbul etdi. Bunun ardınca ordunun xeyli hissəsinin evə buraxılması prosesi gəlir. Kim təminat verə bilər ki, Moskva yenə hansısa təxribatı törədib, bir bəhanə tapıb Ukrayna üzərinə hücum etməyəcək? Əminsinizmi ki, tutaq ki, atəşkəsdən sonra ora Fransanın, Almaniyanın, yaxud İngiltərənin sülhməramlıları gəlib düzülüblər və onlar sinələrini rus tanklarının qabağına verəcəklər? Yəni, belə bir ideya var, amma fransızlar və ingilislər ön xətdə deyil, arxada duracaqlarını bildirirlər”.
***
Yüz minlərlə insanın həlak olduğu Rusiya və Ukrayna arasındakı cəbhə xətti Avropa İttifaqının monitorinq missiyasından ötrü Ermənistan–Azərbaycan şərti sərhədində binoklla aşağı-yuxarı gəzmək demək deyil. Orada ölüm heç nədən baş verə bilər. Ukraynaya yardım etməkdən ötrü Avropada “dəstək qrupu”nun yaradılması mövzusuna toxunan politoloq Kiyevə real yardımın hansı formada ediləcəyindən də danışdı: “Avropa Ukraynaya yardım edəcək. Söhbət ondan gedir ki, Avropa bu gün təhlükəsizliyinin qarantını vuruşan Ukraynanın timsalında görür. Yəni, Kiyev müqavimət göstərməkdə davam etdikcə “Qoca qitə” hansısa bir formada özünün vahid ordusunu möhkəmləndirmək, hərbi sənayesini bərpa etmək üçün vaxt qazanır. Amma Avropanın Ukraynaya yardımının nə dərəcədə geriçəkilmənin qarşısını almağa qadirdir, bunu söyləmək çətindir. Belə düşünürlər ki, edilən hərbi yardımlarla Ukraynanın müqavimət gücünü saxlamaq mümkündür. Əlbəttə, bu məsələ həm də danışıqlardan asılıdır. Hər halda Donald Trampı inandırmağa çalışacaqlar ki, Ukraynaya dəstək vermək hamı üçün vacib məsələdir. Bir paralel aparaq. İkinci Dünya müharibəsi ərəfəsində Çexiyanın güclü hərbi sənayesi, müdafiə sistemi vardı. Sonralar hərbi mütəxəssislər deyirdilər ki, əgər Çexiyaya cüzi kömək edilsəydi, onun ordusu Almaniya qoşunlarını hətta geriyə ata bilərdi. Hitler Çexiyadan sonra Polşanın üstünə yeridi. Onda Fransa və İngiltərə Polşaya təhlükəsizlik təminatı verdilər. Bəs son nəticədə nə oldu? Faşist Almaniyası Polşaya hücum etdi, Fransa və İngiltərə isə müdafiə xəttinin arxasında dayandılar və heç tərpənmədilər də. Onlar, sadəcə, Hitlerin Stalinlə birgə Polşanı necə parçaladıqlarını kənardan seyr etdilər. Bunu ona görə misal çəkirəm ki, o təminat sözü çox şübhəlidir. Sözdə, kağız üzərində təminata bel bağlamaq sadəlövhlükdür”.
Hazırda Ukrayna lideri Volodimir Zelenskinin “pis və daha pis” arasında qərar vermək məcburiyyətində qaldığına diqqət çəkən millət vəkili bu seçimin altında çox böyük məsuliyyət yükünün gizləndiyini xüsusi olaraq vurğuladı: “Bəli, Zelenski üçün olduqca çətin bir mərhələ başlayıb. Taleyüklü qərar qəbul etmək cürəti tələb olunur. Məgər Azərbaycan Prezidenti üçün 44 günlük müharibəyə başlamaq barədə qərarı vermək asan olub? Nə qədər riskli addım olsa da, bütün məsuliyyəti öz boynuna götürdü və bu qərarı verdi. Bəs 2023-cü ilin sentyabrında Ermənistan ordusunun qalıqlarının, Xankəndidəki separatçıların torpaqlarımızdan çıxarılması ilə bağlı qərarı qəbul etmək necə, sizcə, asan idi? Özünə, xalqına inanan cürətli dövlət başçısı belə tarixi məqamlarda siyasi qətiyyət göstərməyi bacarmalıdır. İndi Zelenskidən də bu tələb olunur: ağır qərar vermək və onun məsuliyyət yükünü çəkmək”.
***
Kuluarlarda Ukrayna müharibəsindən əl-qolu açılan kimi Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağı ətrafında diskussiya getməkdədir. Bu zaman təhlükə mənbəyi kimi daha çox postsovet respublikaları göstərilir. Politoloqun bu məsələ ilə bağlı şərhi kifayət qədər maraqlı oldu: “Ordudan tərxislər, onun yeni canlı qüvvə və müasir avadanlıqla təchizatı üçün təxminən 3 il vaxt lazımdır. Böyük hərbi əməliyyatlar üçün bu prosesi aparmaq vacibdir. Amma lokal miqyaslı hərbi təsir üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Bəzi ekspertlər Rusiyanın potensial təzyiq obyektləri kimi Qazaxıstan və Gürcüstanı göstərirlər. Qazaxıstanın təhlükəsizliyinə Çin kimi “Asiya nəhəngi” təminat verib. Doğrudur, Azərbaycanla bağlı da bəzi söz-söhbətləri eşidirik. Amma bunu real təhlükə kimi görmürəm, çünki Azərbaycana “soxulmaq” çox çətindir. Samur çayının dar bir hissəsindəki keçiddə müdafiəni təşkil etmək o qədər də çətin deyil. Dənizdən müdaxilə də faydasız cəhddir. Havadan müdafiə sistemimiz isə ən müasir standartlara cavab verir. Güclü strateji müttəfiqlərə malik Azərbaycana qarşı belə bir ssenarinin işə salınacağını düşünmürəm. Amma müəyyən təzyiqlər-filan ola billər”.
***
Bütün gizlinlərin aşkara çıxdığı məqamdır. Təəssüf ki, Kreml isteblişmenti hələ də keçmişə boylanmaqda, SSRİ adlı “qırmızı imperiyanın” bərpasını arzulamaqdadır. Yazımıza bu düşüncənin daşıyıcılarından biri olan “müasir rus alim-ziyalısının” sosial şəbəkədə paylaşdığı fikirlərlə nöqtə qoyuruq.
“Rusiyaya heç kimin açıq şəkildə “təpik atmağa” cəsarət etmədiyi, özünü təmin edən və formal baxımından SSRİ-yə bənzər siyasi subyektiv sivilizasiyaya çevrilmək üçün keyfiyyətcə fərqli siyasət lazımdır. Onda insanlar xoşbəxt idilər, maddi vəziyyətləri kifayət qədər yüksək olmasa da, iş, pulsuz dərman, təhsil, etibarlı hüquq-mühafizə orqanları, keyfiyyətli yemək və geyim, “qəpiklik” kommunal xidmətlər, sosial liftlər və dünyada hörmət edilən ittifaq vardı”.
SSRİ üçün nostaljinin tüğyan etdiyi bu avantürist açıqlamanın müəllifi Rusiya Beynəlxalq Peşəkar İnnovasiyalar Universitetinin professoru, siyasi elmlər doktoru İqor Skurlatovdur. O, “Telegram” kanalında keçmiş sovet, indiki müstəqil respublikaların, xalqların ünvanına çəkinmədən aşağılayıcı ifadələr işlədir, paylaşımında şovinist arzularını aşkar şəkildə bəyan edir: “Yolun sahibi onu idarə edəcək! Amma potensial yol subyektlərində qorxaqlıq varsa, o zaman biz Qafqazda yeni qəhrəmanlar – Yermolovlar və Rusiyanın mərkəzi hissəsində Stolıpinlər rollarına layiqli namizədlər təqdim etməyə hazırıq. Dəyişikliklər ləngimədən, elə bu gündən etibarən başlamalıdır. Onlara cəmiyyətdə və dövlətdə xüsusilə vacib və təhlükəli “bifurkasiya nöqtələri” həvalə edilməlidir. Biz Rusiyanın mənafeyi naminə və onun rəhbərinin xeyrinə işləməkdən qorxmuruq. Biz “piyada” deyilik, xoşbəxt həyatın zəmanətçisinin “qvardiyası”yıq!”.
Nə yazıq ki, ötən əsrin 30-cu illərinin nasist Almaniyasının qoxusu gələn bu zehniyyətin hökm sürdüyü bir dövlətlə qonşuyuq. Amma vaxt və tarixi şərait çox şeyi dəyişməyə qadirdir. Ümid edək ki, keçmişin xəyalları ilə yaşayanlar hərdən irəliyə – gələcəyə də boylanacaq, XXI əsrin reallığını qəbul etməyə məcbur olacaqlar...
İ.HƏSƏNQALA
XQ