İlk “döyüşdə” kim uddu, kim uduzdu?

post-img

Bayden–Tramp dueli ikincinin xeyrinə başa çatdı

Beləliklə, dünyanın səbirsizliklə gözlədiyi debat baş tutdu. ABŞ prezidentliyinə iki namizədin- demokrat Co Bayden və respublikaçı Donald Tramp arasında ilk debat iyunun 28-də səhər saatlarında keçirildi. ABŞ KİV-i yazır ki, ilk “döyüşdə” qalib gələn tərəf sabiq prezident Donald Tramp oldu. CNN-in sorğusuna əsasən, tamaşaçıların 67 faizi respublikaçının hazırkı prezidentdən üstün olduğuna ina­nır. İzləyicilərin yalnız 33 faizi Co Baydenin rəqibindən daha yaxşı çıxış etdiyini düşünür. “Newsweek” jurnalı da yazır ki, bəzi demokratlar sabiq prezidentin fəaliyyətinin daha güclü olduğunu etiraf edirlər.

ABŞ-nin siyasi isteblişmenti sabiq prezident Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden arasında cümə ax­şamına planlaşdırılan debatı səbirsizliklə gözləyirdi. Söhbət təkcə onların iki barış­maz rəqib arasında seçki mübarizəsinin gedişatına göstərəcəyi təsirdən getmirdi. Mediada dərc olunan analitik yazılarda id­dia olunurdu ki, debatdakı uğursuzluq cə­nab Baydenin prezidentlik yarışından çıx­masına təkan verə bilər. Belə bir iddia da irəli sürülürdü ki, əgər Ağ evin indiki sahibi debatlarda partiya yoldaşlarını çox məyus edərsə, onlar daha gənc namizədin seçki yarışına qoşulmasına razılaşdıracaqlar. Jurnalist Seymur Herş öz bloqunda belə bir ssenarinin başvermə ehtimalı barə­də xəbərdarlıq etmişdi. Cənab Herş öz mənbələrinə istinadən bildirmişdi ki, de­mokratlar Co Baydendən öz namizədliyini Kaliforniya qubernatoru Qevin Nyusomun və ya İllinoys ştatının qubernatoru Cey Pritzkerin xeyrinə imtina etməsini xahiş edə bilərlər. Lakin Cənab Baydenin qərar­gahı onun yarışdan çıxması ilə bağlı hər hansı fərziyyəni rədd edir. 

Eyni iddialarla ABŞ KİV-ləri də çıxış edirlər. Məsələn, bu ayın əvvəlində “Busi­ness Insider” nəşri yenidən seçilmək tək­lifindən imtina edərsə, Baydeni əvəz edə biləcək “7 demokrat”ın siyahısını açıqla­mışdı. Sonra “Fox və Dostlar” siyasi şou­sunda aparıcı Merilend ştatının quber­natoru, demokrat Ues Muru Co Baydeni əvəz etmək perspektivi ilə bağlı sorğu-su­al etmişdi. Qubernator bu ideyanı rədd et­miş və cənab Baydenin “prezidentliyə ən yaxşı namizəd” olduğunu bildirmişdi. “The Boston Herald” qəzeti də yazmışdı ki, bir sıra demokrat-məsləhətçilər, yüksək par­tiya rəsmiləri qurultaydan əvvəl Co Bay­deni seçki marafonundan uzaqlaşdırma­ğa və sabiq prezident Barak Obamanın həyat yoldaşı Mişel Obama kimi daha gənc, daha dinamik lider tapmağa çalışa­caqlar. Bununla belə, prezidentin qərar­gahı “B planı”nın mümkünlüyünü rəsmən rədd edirlər.

Yeri gəlmişkən, Co Bayden üçün ya­rışı tərk etmək perspektivi uzun illər onu təqib edən kabusdur. Hələ 1988-ci ildə o zaman gənc senator olan cənab Bayden üç aylıq prezident kampaniyasında işti­rakdan sonra plagiat ittihamı ilə yarışdan çəkilmək məcburiyyətində qalmışdı. O zaman seçkilərdə qalib gələcəyi proqnoz­laşdırılan Co Bayden başqalarının fikir və çıxışlarını mənimsəməkdə təqsirli bilin­mişdi. İndi eyni ssenari, başqa səbəblər də olsa, “Demokl qılıncı” kimi yenidən de­mokrat prezidentin başı üzərində asılmış kimi görünür.

Sağ baxışlı “New York Post” qəzeti də Co Bayden üçün risklərin indi son dərəcə böyük olduğunu iddia edir. Qəzetin anali­tik materialında yazılır ki, indiki prezident artıq dörd il əvvəl Donald Trampı məğlub edə bilən adam deyil, “faktların və təz­yiqlərin öhdəsindən gələ bilməyən” yaşlı namizəddir. Qəzet iddia edir ki, debat zamanı cənab Tramp rəqibini hiddətlən­dirməyə çalışacaq və onun özünü idarə etməsi son dərəcə çətin olacaq. Axı, mə­lumdur ki, həssas mövzulara gəlincə, Co Baydenə zərbə vurmaq və sakit qalmaq asan deyil.

Belə də oldu. Teledebat zamanı pre­zident Co Bayden çıxışına olduqca zəif başladı. Çox sakit, bir növ xırıltılı dillə da­nışır, bəzən lazımi söz tapa bilmir və çox tələsir, nəticədə cümlənin sonuna doğru fikrini itirirdi. Bəzən cənab Bayden ciddi səhvlərə yol verirdi. Xüsusilə, o, administ­rasiyasının “Medicare” (milyonlarla ame­rikalı üçün sağlamlıq sığortası proqramı) proqramını məğlub etdiyini söylədi. Çox güman ki, prezident burada “gücləndirdi” demək istəyirdi. 

D.Tramp da rəqibinin zehni sağlamlığı mövzusuna müraciət eyməyə bilməzdi. ABŞ–Meksika sərhədindəki miqrasiya böhranına gəldikdə, sabiq prezident cə­nab Baydenin şərhi ilə bağlı belə dedi: “Cümlənin sonunda nə demək istədiyini heç başa düşmədim. Düşünmürəm ki, dediklərini özü də başa düşsün”.

Debatdan sonra “The New York Ti­mes” yazdı ki, Co Baydenin çıxışı onun fəal və rəqabətli kampaniya aparmaq bacarığına şübhə yaratdı. Yaşı ilə bağlı narahatlıqları aradan qaldırmaq əvəzinə, 81 yaşlı Bayden onu əsas mövzuya çevir­di: “Prezidenti aylarla şübhələnənlərdən qoruyan demokratlar debat başlayandan bir neçə dəqiqə sonra qəzəblə telefon danışıqları və mətn mesajları mübadiləsi apardılar. Demək olar ki, çarəsizlik içində bəziləri şoku ifadə etmək üçün sosial me­diaya baş vurdu, bəziləri isə öz araların­da prezidentin daha gənc bir namizədin lehinə istefa etməsini istəməyin çox gec olub-olmadığını xüsusi olaraq müzakirə etdilər”. 

Demokratlardan birinin qəzetə dedi­yinə görə, cənab Bayden indi istefa ça­ğırışları ilə üzləşməli olacaq: “Partiyalar qalib gəlmək üçün mövcuddur. Trampla səhnədə olan şəxs qalib gələ bilməz. Trampın qorxusu Baydenin tənqidini ya­tırtdı, indi də eyni qorxu onun istefası ça­ğırışlarını artıracaq”. Keçmiş senator Kler Makkaskill debatı “böhran” adlandırır. “Co Bayden bu gecə bir şey etməli idi və bunu etmədi. Onun bir vəzifəsi var idi, o da Amerikanı inandırmalı idi ki, bu yaşında bu işi görə biləcək. Ancaq bu gün bunu etmədi”. 

“Bayden getməlidir. Buna heç bir şüb-hə yoxdur”, - partiyanın donorlarından birinin dediyi iddia olunur. Co Baydenin çıxışını tarixin ən pisi adlandıran adı açıq­lanmayan şəxsin buna görə də “heç kim Trampın yalanlarına fikir verməyəcək” deməsi də vurğulanır. "Tramp saatda 60 mil sürətlə yalan danışsa da, ağlabatan görünür. Bayden anlaşılmazdır”,- CNN demokratlardan birinin sözlərini sitat gə­tirir. Co Baydenin partiya üzvlərindən bi­rinin teledebatın nəticələrini qısa şəkildə belə yekunlaşdırdığı bildirilir: “Biz batdıq”.

Bununla belə, “The New York Times” yazır ki, prezidentlər ilk debatda tez-tez büdrəsələr də, bir çox hallarda bunu son­rakı “döyüşlərdə” daha güclü çıxışlarla ta­mamlayırlar. Ancaq cənab Bayden üçün problem ondandır ki, sentyabrın 10-na qədər debat planlaşdırılmır, yəni Ağ evin indiki sahibinin bir neçə ay reytinqini bər­pa etmək şansı olmayacaq. 

S.ELAY
XQ

Siyasət