Ermənistan sülh istəyirsə

post-img

Konstitusiyasını dəyişməli, Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etməlidir

Bir tərəfdən sülh sazişini im­zalamağa hazır olduğunu bildirən rəsmi İrəvan, digər tərəfdən son razılaşmaya aparan yola müxtəlif xarakterli “kötüklər” itələməklə məşğuldur. Aydın şəkildə görünür ki, Paşinyan iqtidarı sözdə vəd etdiyini sənədlə təsdiqləməkdə çətinlik çəkir. Bu çətinliyi şərtlən­dirən əsas amillər isə daxildə hö­kumətə qarşı davam edən “kilsə üsyanı” və xaricdəki lobbi-diaspor “çete”sinin rəsmi İrəvana çeşid­li təzyiqləridir. Bəli, sülh sazişinə imza atmağa meyilli görünən Nikol Paşinyanın “qələmini sındırmağa” girişənlərin düşərgəsi dinc dayan­mır. 

Ərazi iddiası intihar deməkdir 

Cənubi Qafqazda yaranmış fərqli tarixi şəraiti, bölgədəki yeni reallığı gör­məmək, hiss etməmək mümkün deyil. Bunu qəbul etmək, Bakı ilə sülhə gəlmək İrəvana yalnız dividentlər gətirəcəyinin sübuta ehtiyacı yoxdur. Bəs, əks–təqdir­də nələr baş verəcək? Güman edirik ki, Ermənistan hakimiyyəti bunun da fərqin­dədir.

“2020-ci və 2023-cü illərin hadisələ­rindən sonra Azərbaycana qarşı ərazi id­diaları irəli sürmək, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologi­yalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər”. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşdə söyləyib. Ermənistan rəhbərliyini Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoymağa çağıran cənab Prezident vurğulayıb ki, iki ölkənin hərbi, demoqra­fik, iqtisadi potensialını müqayisə edən­dən sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. 

Çıxışında daha sonra Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də hakimiyyətə can atan digər qüvvələrin revanşizm his­si ilə yaşadıqlarına diqqəti çəkən İlham Əliyev həmin qüvvələrin niyyətlərinin ye­nidən müharibəyə başlamaq olduğunu qeyd etdi: “Onlar planlar qururlar. Buna görə də Azərbaycan həmişə hazır olmalı, təhlükəsizlik tədbirləri davam etdirilməli­dir. Ermənistan heç bir halda Azərbayca­na qarşı həmlələrlə uğur əldə edə blməz. Belə bir cəhd olarsa, bu, Ermənistan döv­lətinin sonu olacaq”. 

Ermənistan və Azərbaycan arasında sülh prosesini əngəlləyən səbəblərdən danışan dövlətimizn başçısı əsas səbəb­lərdən biri kimi Ermənistanın Konstitusi­yasını, orada Azərbaycana qarşı ərazi iddialarının yer aldığını göstərdi. 

Bunu rəsmi İrəvandan təkcə Bakı de­yil, beynəlxalq hüquq və ədalət tələb edir. 

ATƏT-in Minsk qrupu “de-fakto” yoxdur

Otuz ilin tarixi ədalətsizliyi Azərbay­cana sübut etdi ki, işğalçı ilə təcavüzə məruz qalanı eyniləşdirmək mümkün imiş. Fəqət otuz il tarix üçün o qədər də uzun müddət deyil və heç nə yerində saymır. Biz həm də ona əmin olduq ki, beynəlxalq hüquq yalnız silahın gücü ilə dəstəklənəndə tarixi ədaləti bərpa etmək mümkündür. Ermənistan silahlı qüvvələ­rinin Azərbaycanın işğal etdiyi rayonla­rından qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin 4 qətnaməsi necə oldu? Bəs, beynəlxalq hüququn “təminatçısı” kimi yaradılan ATƏT-in Minsk qrupu iyirmi səkkiz il nəyi gözlədi? Həmsədrlər üç on illik dövrdə atəşkəsi saxlayıb, sülh danı­şıqlarını imitasiya etdilər. Amma vədə ta­mam olanda “dəmir yumruq” bütün qərar və qətnamələrin görə bilmədiyi işi reallaş­dırmaqla, həmsədrlərin münaqişəni uzun müddətə “konservləşdirmək” cəhdlərini pozmaqla beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdi. Yəni, ədalət, gec də olsa, zəfər çaldı. Bakı münaqişə­nin hərbi yolla həllinin olmadığını bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə Karl Marksın “Əməl ədalətin əsas meyarıdır” postulatını məhz praktikada, həm də cəmi 44 gündə sübuta yetirdi. 

İlham Əliyev İrəvana bu mesajı məhz Azərbaycanın keçdiyi acı təcrübəyə isti­nadla verdi: “Biz Ermənistan tərəfinə tək­lif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə “de-fak­to” imkan verməyəcəyik. Qaldı “de-yure” – hüquqi cəhətdən, bu, ləğv edilsin. Bu, Ermənistanın nə qədər səmimi olma­sından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi id­diaları davam edir”. 

Bu zaman dövlətimizin başçısı Bakı­nın sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamə­tində konstruktiv işə sadiq qaldığını deməyi də unutmadı.

Sülh sazişi bir ayadək imzalana bilərmi?

Güman etmək olar ki, Ermənistan XİN-in dünənki açıqlaması Azərbaycan Prezidentinin bir gün əvvəl İrəvanın ün­vanına göndərdiyi həmin konkret mesajın əks-sədasıdır. 

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı ye­tişib. Ermənistan tərəfi sazişin yaxın bir ay ərzində başa çatdırılması və imzalan­ması istiqamətində konstruktiv və inten­siv işləməyə hazır olduğunu ifadə edir”. Ermənistanın baş diplomatiya idarəsinin yaydığı məlumatda qeyd olunur ki, Er­mənistanla Azərbaycan arasında müza­kirə olunan sülh sazişində tərəflərin ərazi bütövlüyünü tanıdığı və bir-birinə qarşı heç bir ərazi iddiası olmadığı açıq şəkil­də qeyd olunub: “Sülh sazişi layihəsində, həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün daxili qanunlarına müraciət edə bilməz”. 

Ermənistan XİN-in açıqlamasında deyilir ki, sülh sazişinin imzalanması və onun daxili prosedurlar vasitəsilə ratifi­kasiyası suverenlik və ərazi bütövlüyü prinsiplərini möhkəmləndirəcək. “Müva­fiq olaraq, hesab edirik ki, tərəflərin bütün narahatlıqlarının aradan qaldırılmasının ən aydın və birbaşa yolu Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişin imzalanması­dır”, – deyə Ermənistan XİN-in bəyana­tında bildirilib. 

Məgər Bakı son üç ildə İrəvana bunu demirdimi? Oxuculara xatırladaq ki, bir müddət əvvəl media Ermənistanın Azər­baycanın sülh sazişinin layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi barədə xə­bər yaymışdı. Deyəsən, iyunun qızmar Günəşi sülhün buzunu, doğrudan da, əritməyə başlayıb. 

Ağ evdən müjdəli dəstək

Son vaxtlar okeanın o tayından rəsmi Bakının poçtuna nikbin notlara köklənmiş məktub və müraciətlər daxil olmaqdadır. Üç gün bundan əvvəl ABŞ Prezidenti Co Bayden tərəfindən Bakı Enerji Həftəsi­nin iştirakçılarına ünvanlanan, Ermənis­tan və Azərbaycan arasında sülhə apa­ran vasitəçisiz təmasların alqışlandığı, COP29-un enerji tədarükçüsü və ixra­catçısı kimi Bakının imkanlarını daha da genişləndirəcəyinə inandığı vurğulanan məktubunun ardınca yenisi gəldi. 

“Birləşmiş Ştatlar sülh sazişi bağla­maq üçün çalışan Ermənistan və Azər­baycanı dəstəkləməyə sadiqdir. Ermə­nistan və Azərbaycan arasında indiyədək əldə edilmiş irəliləyişdən ruhlanırıq və regionun rifahı üçün iki ölkənin müm­kün qədər tez sülh sazişi bağlamasını dəstəkləyirik”. 

ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi istiqamətində səyləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamen­tinin rəsmi nümayəndəsi belə deyib. Ar­dınca rəsmi nümayəndə onu da vurğula­yıb ki, ABŞ Dövlət katibi Antoni Blinken, eləcə də ölkənin bir sıra digər rəsmiləri həm Ermənistan, həm də Azərbaycan hökumətlərində yüksək vəzifəli rəsmilərlə daim təmasdadırlar.

Doğrudan da, maraqlı məqamdır. Va­şinqton və İrəvan, sanki, sözləşiblərmiş kimi, eyni vaxtda Bakıya sülh müjdəli açıqlamalar göndərir. Təki bu məktub, müraciət və açıqlamalar sonda təkcə iki tərəfin deyil, bölgənin çoxdan gözlədiyi sülhə açar rolunu oynasın. Bir ay çox de­yil ki, onu da gözləyərik. 

Arzu ABDULLAYEV, 
Naxçıvan Dövlət Universitetinin prorektoru

– Prezident İlham Əliyev TÜRK­PA-ya üzv dövlətlərin parlament rəh­bərləri ilə görüşdə ölkəmizin sülh sazişinin bütün bəndlərinin BMT Ni­zamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması is­tiqamətində konstruktiv işə sadiqliyini bir daha bəyan etdi. Cənab Prezident, eyni zamanda, Ermənistanın Tür­kiyəyə qarşı ərazi iddiası irəli sürməsi­ni intihar etməyə bənzətməklə İrəvana ciddi xəbərdarlıq göndərdi. 

Əslində, Ermənistanın son beş-altı illik dövrünə nəzər salsaq, onun təx­ribatçı əməllərinin acı təsirindən hələ də çıxa bilmədiyinin şahidi oluruq. Er­mənistan qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təminatını ləngitməklə yanaşı, özünün gələcək inkişafına nə qədər əngəl olduğunun fərqində deyil. Onsuz da 30 illik işğal dövründə Ermənistan həm iqtisadi, həm də siyasi müstəvidə çox şey iti­rib. Ən əsası, bu dövlət müstəqillik şansından məhrum olub. İrəvan yeni­dən eyni üsullarla sülhə mane olmağa çalışacaqsa, əvvəlkindən daha böyük zərbə alacağı qeyd-şərtsizdir. Yəqin, indi, o, 2020-ci il 10 noyabr Bəyanatı ilə boynuna götürdüyü öhdəlikləri ye­rinə yetirməməklə, verdiyi vədlərdən boyun qaçırmaqla özü-özünü dalana dirədiyinin fərqindədir. 

İstər delmitasiya, istərsə də dörd qeyri-anklav kəndin Azərbaycana qaytarılması zamanı rəsmi İrəvan şahid oldu ki, sülhün əldə olunması­nın, davamlı inkişafın, Ermənistanın çətinliklərdən və xaosdan çıxmasının bir yolu var: Azərbaycanın haqlı tələb və şərtlərini qəbul etmək, onunla bir masa arxasında oturub sülh müqavilə­sini imzalamaq. 

Bir sözlə, Ermənistan özünün qa­nunsuz və əsassız iddialarından əl çəkməli, beynəlxalq hüquqa söykənən sülhə razılaşmalıdır. Əks halda, Er­mənistan bütün regional layihələr­dən kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçi­rilən həmin layihələr Cənubi Qafqaza inkişafın yeni mərhələsini qazandır­dığı halda, Ermənistan yenə də təh­lükəsizliyə təhdid yaratmaqda davam edəcəksə, bu, onun üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq.

Hesab edirik ki, Ermənistan keç­miş proseslərdən nəticə çıxaracaq, o acı aqibəti bir daha yaşamamaq üçün Azərbaycanın haqlı şərtləri müqabilin­də sülh sazişinin tezliklə imzalanması­na çalışacaq.

Fərhad MƏMMƏDOV, 
siyasi icmalçı

– Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından danışan cənab Prezident, ilk növbədə onun konstitusiyasını nəzərdə tuturdu. Əgər Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə həmin ərazi iddialarını əsas qanunvericilik aktlarından təmizləməlidir. Yəni, bu iddialar heç bir formada olmamalıdır. İlham Əliyevin məqsədi bu ismarıcı İrəvanın diqqətinə təkrar çatdırmaq­la yanaşı, eyni zamanda, beynəlxalq ictimaiyyəti məsələnin vacibliyi barə­də məlumatlandırmaqdır. 

Ermənistan tərəfi bəzən bu məsələni sadələşdirməyə cəhd edir. Guya, sülh sazişini imzalamağa ha­zır olduğunu deyir, konstruktiv gö­rünməyə çalışır. Fəqət, dünən də, bu gün də Ermənistanın işğalçılıq siyasətinin zəminində qonşularına qarşı hüquqi iddiaları durur. Azər­baycan davamlı və uzunmüddətli sülhün əldə olunması üçün məhz bu şərti bütün kəskinliyi ilə irəli sürür: konstitusiya dəyişməlidir. 

ATƏT-in Minsk qrupu ilə bağ­lı məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, onun fəaliyyəti ilə bağ­lı Azərbaycan Prezidenti bir neçə dəfə fikrini bildirib. İrəvana Bakı ilə bir yerdə ATƏT-ə müraciət etmək təklifi özündə iki maraqlı məqamı ehtiva edir. Birincisi, 44 günlük mü­haribədən sonra Azərbaycan özü­nün ənənəvi yanaşmasını davam etdirir. Yəni, Bakının Qarabağ ermə­niləri, Xankəndidəki keçmiş silahlı dəstələr, Laçın şəhəri, yeni yolun istifadəyə verilməsi ilə bağlı mövqe­yi dəyişməyib. Əvvəlcə Ermənista­na faydalı təkliflər göndərilirdi ki, o da səmimiyyətini nümayiş etdirsin. Amma İrəvan bu təkliflərə rədd ca­vabı verəndə, Azərbaycan birtərəfli qaydada hərəkət etməyə məcbur olurdu. İndi Minsk qrupu məsələsini qaldırmaq, eləcə də onun birtərəfli qaydada həlli üçün Bakının əlində kifayət qədər əsas və sübutlar var. Bu isə gərginliyə səbəb ola bilər. Azərbaycan Minsk qrupunun fəaliy­yətinə xitam verilənə qədər ATƏT-in büdcəsini bloklaya bilər. Amma Bakı hazırda yenə İrəvanın səmi­miyyətini yoxlayır. Əgər Azərbaycan bu məsələni bitmiş hesab edirsə və Ermənistan Qarabağ erməniləri ilə bağlı məsələni qaldırmırsa, deməli, Bakının Minsk qrupu təklifinə dəstək verməlidir. 

İkinci məqam ikitərəfli format­da qəbul edilmiş qərarlardır. Bunlar 2023-cü il dekabr bəyanatı, dörd kəndin Azərbaycana qaytarılması, hər iki tərəfin sərhədindən rus hərb­çilərinin çıxarılmasıdır. Əslində, Ba­kının təklifi məhz ikitərəfli formatın möhkəmlənməsinə xidmət edəcək.

İmran BƏDİRXANLI
XQ





Siyasət