“İrəvan Moskva ilə münasibətlərinə yenidən baxmalıdır”

post-img

Erməni politoloqun formulu nədən ibarətdir?

Ermənistan–Rusiya münasibətlərinin kəskinləşməsi fonunda istər Moskvada, istərsə də İrəvanda mövzuya yer verənlərin sayı çoxdur. Yanaşmaların əksəriy­yətində isə konkret tərəfkeşlik motivləri özünü göstərməkdədir. Yəni, orta xətt, rasional münasibət ya nəzərə çarpmır, ya da çox az görünür. Ancaq fikirlərini təqdim edəcəyimiz erməni politoloq, İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyanı bu mənada istisna saymaq mümkündür. 

Haşiyə çıxaq ki, B.Navasardyan istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Ermənistan – Azərbaycan münasibətlərinə yanaşma baxımından tək-tük praqmatik düşüncə irəli sürənlər­dən idi. Zaman onun söylədiklərinin nə qədər doğru olduğunu göstərdi. Elə isə diqqət yetirək və görək politoloq Ermə­nistan – Rusiya münasibətləri baxımın­dan nələri açıqlayır. 

Beləliklə, B.Navasardyan yerli “FactorTV”nin efirində deyib ki, Ermənis­tan tərəfi Rusiya ilə dialoqu Qərblə oldu­ğu kimi intensivliklə aparmalıdır. Onun sözlərinə görə, bununla bağlı məntiq sadədir – Qərblə əlaqələrin dərinləşməsi Rusiya ilə münasibətlərə yenidən baxıl­masını nəzərdə tutur. Çünki bu, təhlükə­sizlik, enerji və iqtisadiyyat kimi mühüm sahələrə təsir göstərir: “Rusiya kimi mü­hüm regional ölkə ilə münasibətlərdə qeyri-müəyyənlik son dərəcə arzuolun­mazdır. Üstəlik, obyektiv reallıq bu müna­sibətlərə yenidən baxmaq və müəyyənlik gətirmək zərurətini diktə edir”.

Politoloq əmindir ki, Ermənistanla Rusiya arasında təmasların səviyyəsi reallıqlar nəzərə alınmaqla müəyyənləş­məli, yalnız birgə sazişlərdə, o cümlədən, çoxtərəfli sazişlərdə əksini tapmamalıdır. Yəni, münasibətlər yeni situasiyaya uy­ğunlaşdırılmalıdır. Bu zaman xüsusən də Moskva ilə Bakı arasında əməkdaşlığın güclənməsi amili nəzərə alınmalıdır. O da nəzərə alınmalıdır ki, bu format İrəva­nı yeni situasiya ilə üzləşdirə bilər. “Əgər biz Qərblə münasibətləri dərinləşdirmək yolu ilə getsək, münasibətlərə əminlik gətirərək, Rusiya ilə dialoqu intensivləş­dirməyə borcluyuq. Və Rusiya Federa­siyasında, bizdən bir qədər fərqli nə isə gözləsələr də, dialoqu dərinləşdirmək və münasibətlərə əminlik gətirmək çağırış­ları tam haqlıdır”, – deyə Navasardyan fikrinə aydınlıq gətirib.

Ekspert, eyni zamanda, hesab edir ki, Rusiyaya qarşı ictimai qaydada ittiham­lar səsləndirən Ermənistan hakimiyyəti­nin hərəkətləri yanlışdır. “Təkcə ictimai ittihamlarla kifayətlənmək yolverilməz­dir. Narazılıq yaranan bütün məsələlər üzrə dialoq aparmaq, birgə və qarşılıqlı məqbul həll yollarına nail olmaq lazım­dır. Mən başa düşürəm ki, bu, çətin pro­sesdir. Rusiya danışıqların asan olduğu ölkələrdən deyil. Lakin bundan qaçmaq olmaz. Üstəlik, mümkün deyil. Yekunda biz münasibətlərimizin gələcəyini necə gördüyümüz, onların hansı səviyyədə olması, hansı sahələrdə əməkdaşlığın mümkün və hətta dərinləşdirilə biləcəyi, bir-birimizdən gözləntilərimizin olmadığı barədə mövqeyimizi aydın şəkildə təq­dim etməyə borcluyuq”.

B.Navasardyan fikirlərinə aydınlıq gətirmək üçün bir misal da çəkib. O, Azərbaycan, Rusiya və Ermənistan lider­lərinin 10 noyabr 2020-ci il tarixli üçtərəf­li bəyanatı üzərində dayanıb. Politoloq həmin sənəddə Sünikdən keçən yolun təhlükəsizliyinin Rusiya tərəfindən tə­min ediləcəyinin əksini tapdığını diqqətə çatdırıb. Söhbət Naxçıvana yol məsələ­sindən gedir ki, bu barədə qeyd üçtərəfli bəyanatın 9-cu bəndində yer alıb. “Bu, sənəddə açıq şəkildə göstərilib. Ermə­nistan tərəfi müddəa ilə razılaşmırsa, o zaman sənədə yenidən baxılmalıdır”, – deyən Navasardyan məsələnin həllinin danışıqlardan və dialoqdan başqa yolu­nun olmadığını vurğulayıb. O, eyni za­manda, Ermənistan iqtidarının mövcud istiqamətdəki hərəkətlərinin yoxluğunu da bildirib və bunu mənfi hal hesab edib.

R.ƏVƏZ
XQ

Siyasət