Rusiyanın öz Davosu var, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu adlanır. İqtisadi mövzulara həsr olunan illik tədbirdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edir. Rusiya KİV-i yazır ki, tədbirə dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq qatılacaq. Onların arasında amerikalı mütəxəssislər də olmalıdır. Lakin dünən belə bir məlumat yayıldı ki, rusların şimal paytaxtda gözlədikləri hərbi mütəxəssis Skott Ritter tədbirə gələ bilməyəcək. Səbəb onun ABŞ hava limanında pasportunun əlindən alınması və təyyarəyə buraxılmamasıdır. S.Ritter ABŞ hökumətini onu Rusiyaya buraxmamaqda ittiham edir. Moskava da Ağ evi amerikalı mütəxəssisin pasportunu müsadirə etdiyinə görə qınadı.
Bəs Skott Ritter kimdir ki, pasportu əlindən alınır, ona Rusiyaya getmək qadağan olunur? 63 yaşlı amerikalı hərbi ekspert Skott Ritterin 1980-ci ildə ABŞ ordusunda xidmətə başladığı və Dəniz Piyadaları Korpusunda kəşfiyyat zabiti rütbəsinə qədər yüksəldiyi bildirilir. Daha sonra onun keçmiş SSRİ-nin Əfqanıstana müdaxiləsi və İran–İraq müharibəsi üzrə aparıcı analitik kimi çalışdığı da qeyd edilir. 1991-ci ildən 1998-ci ilə qədər S.Ritterin BMT-nin silah müfəttişi və İraqda kütləvi qırğın silahlarının və onların istehsal müəssisələrinin tapılması və məhv edilməsi ilə məşğul olan UNSCOM-un xüsusi komissiyasının üzvü olduğu məlumdur. UNSCOM-dan ayrıldıqdan sonra o, Amerika televiziyasında analitik proqramların və tok-şouların tez-tez qonağı olur və burada ABŞ rəhbərliyinin İraqla bağlı siyasətinin müdrikliyini və effektivliyini şübhə altına alırdı.
2000-ci illərin əvvəllərində S.Ritter Ağ evin Yaxın Şərq siyasətinin kəskin tənqidçilərindən birinə çevrilmişdi. İraqda növbəti hərbi kampaniyanın başlamasına qarşı çıxan sabiq kəşfiyyatçı “1998-ci ildən İraqın tərksilah olunduğunu iddia edirdi. O, kütləvi qırğın silahları ilə bağlı bəyanatların müharibəyə başlamaq üçün sadəcə, bəhanə olduğunu söyləməyə başlayan ilk natiqlərdən biri olmuşdu.
Uzun illərdir ki, S.Ritter ABŞ-ın xarici siyasətinin, ilk növbədə, Yaxın Şərqdəki siyasətinin qatı tənqidçisi olaraq qalır. Onun köşə yazıları “Əl-Cəzirə” kanalında yayımlanır və Rusiyanın dövlət kanalı RT ilə əməkdaşlıq edir. Ekspertin şərhləri tez-tez Rusiya mediasında yer alır, burada onun ifadələri YouTube-dakı videolarda da yayımlanır. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri o, mütəmadi olaraq Qərbin Ukraynaya silah tədarükünə şübhə ilə yanaşır.
S.Ritter “Twitch” striminq xidmətindəki podkastında Amerika sərhədçilərinin onu Rusiyaya uçan təyyarəyə buraxmamasının səbəbini belə açıqlayır: “Pasportumu müsadirə etdilər və bununla da məni getmək imkanından məhrum etdilər. Bu, kortəbii bir vəziyyət deyil, qəsdən qurulmuş pusqu idi. Bu, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün mənim təyyarəyə minməyimə mane olmaq üçün Birləşmiş Ştatlar hökuməti tərəfindən planlaşdırılan bir hərəkət idi”.
S.Ritterin sözlərinə görə, Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan daha əlamətdar hadisədir: “Bu, xüsusilə, BRİKS-in indiki çağında daha vacib insanlarla daha böyük görüşdür. Şübhə etmirəm ki, ABŞ hökuməti “Siz çıxış etməyəcəksiniz” dedi. Və onlar mənim pasportumu müsadirə etdilər”. S.Ritter onunla yanaşı, Rusıyadakı tədbirdə iştirak etməyi planlaşdıran Nyu-Cersi Ali Məhkəməsinin sabiq hakimi Endryu Napolitanonun da təyyarəyə buraxılmadığını iddia edir.
ABŞ Dövlət Departamenti isə S.Ritterlə bağlı vəziyyəti şərh etmir. Amerikanın xarici siyasət idarəsindən TASS-a bildiriblər ki, “Biz özəl vətəndaş olan ABŞ vətəndaşının pasportunun statusunu şərh edə bilmərik”. RİA Novosti də analoji xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalındakı paylaşımında S.Ritterin pasportunun əlindən alınmasını tənqid etdi. M.Zaxarova paylaşımında Skot Ritterin pasportunun müsadirə edilməsinin ABŞ Konstitusiyasına zidd olduğuna ehyam vurur.
Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 5-dən 8-dək keçiriləcək. Forumun əsas mövzusu “Çoxqütblü dünyanın əsası – yeni artım nöqtələrinin formalaşması” olacaq.
S.ELAY
XQ