“Boksçu beşlik” Parisə inamla gedəcək

post-img

Paris Olimpiadasında mübarizə aparacaq boksçuların siyahısı hazırdır. Tailandın paytaxtı Banqkokda keçiril­miş II Dünya Olimpiya Təsnifat Turni­rində daha 2 boksçumuz uğurla çıxış edərək Olimpiadada təmsil olunmaq hüququ qazandı. Bununla da, dördilli­yin ən mötəbər idman yarışında iştirak edəcək boksçularımızın sayı 5-ə çatdı. 

Xatırladaq ki, dünyanın yalnız 3 ölkəsi lisenziya sayında Azərbaycandan irəlilədir. Özbəkistan və Qazaxıstan yarışda maksi­mal – 7, Avstraliya 6 çəkidə iştirak edəcək. Lisenziya sayı baxımında ilk 5-likdə yer alan ölkəmiz, Kuba kimi boks lideri ilə eyni göstəriciyə nail olub. Olimpiadalarda lider mövqeyi ilə seçilən ABŞ-ın isə cəmi 4 li­senziyası var. 

Düzdür, yarışda boksçularımızın ye­kun göstəriciləri daha önəmlidir. 

Olimpiadaya vəsiqəni son yarışda qazanan Alfonso Dominqes (92 kq) “To­kio-2020”nin bürünc medalçısı olmuş­du. O, Yaponiya bürüncünü Fransada qızılla əvəzləmək istəyir: 

–Tokio Oyunlarındakı 3-cü yeri, Pa­risdə 1-ci mükafata çevirmək istəyirəm. Fransanın paytaxtından yaxşı nəticələrlə dönəcəyimizə inanıram. Həm özümə, həm komandama inanıram. 

Vəsiqəni son yarışda qazanan digər boksçumuz Malik Həsənov (63,5 kq) da Olimpiadada yüksək mükafata iddialıdır. Lisenziya mübarizəsinin olduqca yüksək rəqabət şəraitində keçdiyini deyən rinq us­tası Paris Oyunlarında ən yüksək pilləyə qalxmaq arzusunda olduğunu dedi: 

–“Olimpiya Təsnifat Turnirində mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mü­barizə aparırdı. Onlardan yalnız 5-i Olimpi­adaya vəsiqə qazandı. 4 döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıda­kı hədəf Olimpiya çempionluğudur. “Pa­ris-2024”də idman tariximizə yeni qələbə səhifəsi yazmaq istəyirəm. 

Millimizin üzvlərindən Nicat Hüseynov (51 kq) I Dünya Olimpiya Təsnifat Turni­rində Parisə vəsiqə qazanıb. İkiqat Avro­pa çempionu da açıqlamasında Fransa­nın paytaxtındakı mötəbər yarışda yalnız çempionluq barədə düşünəcəyini dedi. Polşada keçirilmiş III Avropa Oyunların­da Olimpiadada iştirak hüququ qazanmış Dünya çempionatının ikiqat bürünc mü­kafatçısı Məhəmməd Abdullayev (+92 kq) və Avropa Oyunlarının mükafatçısı Murad Allahverdiyev (81 kq) də Parisdən müka­fatsız qayıtmayacaqlarını iddia edirlər. 

Beləliklə, millimizin hər bir üzvü ən mö­təbər multiidman yarışından Vətənə yük­sək mükafatla qayıtmaq arzusundadır. 

Yığmamızın baş məşqçisi Pedro Roke nəticənin yaxşı olması üçün əllərindən gələni edəcəklərini dedi. Qeyd edək ki, 2016-cı ildə Lorenzo Sotomayor məhz onun rəhbərliyi ilə Olimpiadada Azərbay­can yığmasına gümüş medal qazandır­mışdı. Bu, rekord nəticə idi. Bəs Parisdə necə? Ən yüksək göstərici qazana bilərik­mi? 

Pedro Roke jurnalistlərə açıqlama­sında əsas hədəfin qızıl medal olduğu­nu dedi: 

–2016-cı ildə mənim rəhbərliyim ilə Azərbaycan yığması Olimpadada gümüş medal qazandı. Əsas hədəf həmin medal əyarını yüksəltməkdir. Bunun üçün po­tensialımızdan tam istifadə etməliyik. Ko­mandamızın uğur qazanması üçün hər cür şərait yaradılıb. Biz də üzərimizə düşən vəzifənin öhdəsindən gəlmək üçün bütün gücümüzü toplayacağıq. 

Onu da qeyd edək ki, Parisdə, dünya­nın 48 ölkəsindən, ümumilikdə, 121 kişi boksçu mübarizə aparacaq. Onlardan yal­nız 48 boksçu Avropanı təmsil edir. “Köh­nə qitə”nin cəmi 20 ölkəsi Olimpiya lisen­ziyası qazana bilib. Avropa rinqinin lideri olduğunu sübut edən millimiz qitədə 1-ci yerə şərikdir. Ölkələrdən, yalnız İspaniya­nın Azərbaycan qədər – 5 vəsiqəsi var. 

Ümid edirik ki, boksçularımız Paris Olimpiadasında da yüksək nəticə qazanıb, Vətənə lider komanda kimi qayıdacaq. 

Leyla QURBANOVA
XQ

İdman